“Öz yaşıma uyğun da görünürəm” - Fotolar
İrina Muravyovanın sevimli frazası var: «Öz yaşımı gizlətmirəm, ona
görə ki, tələbəyə ərə getməyə hazırlaşmıram». Məlahətli və cazibəli aktrisanın
70 yaşı tamam olur və bu, bir qədər qəribə görünür. Çünki Muravyova gənc
ampluadadır. 20 yaşında ikən Mərkəzi Uşaq Teatrında oğlan rollarında oynayırdı.
30 yaşında olanda «Karnaval»da 16 yaşlı Nina Salamatinanı canlandırırdı. O, heç
vaxt yaşından gənc və incə görünməmişdi. Gəncliyi onun xarakterindədir. İrina
emosiyalarını gizlədə bilməyən biridir. Uğurlu filmlərdən başqa «Mənzillə bağlı
sual» verilişində onun mətbəxini təmir etsələr də, o, işin mənasız alındığını
gizlədə bilmədi: «Bircə buynuzları çatışmır ki, meşəbəyinin evinə oxşasın» -
deyə az qala ağlayacaqdı. Çəkildiyi məşhur film qəhrəmanları ilə Muravyovanın
çox az oxşarlığı var. O, nə qəbiristanlıqda, nə də kitabxanada kişilərlə tanış
olmurdu. 40 il Leonid Eidlinlə bir yerdə yaşadı. Həyatında mühafizəkarlığı daha
üstün tutur. Gənc yaşlarından özünə yalnız bir obraz seçib: «Karnaval»
filmindəki Nina Salamatinanın obrazını ömürlük örnək götürərək hər şeyə rəğmən
"abadoku” saxlayıb. Tamaşaçılarla görüşlərindən birində ondan həyatının ən
parlaq epizodlarından birini söyləməsini xahiş edəndə bir qədər fikrə gedib:
"həyatın bir anın içində belə sürətlə keçdiyini gözləmirdim” deyib.
20 il əvvəl jurnalistlər ondan "20 ildən sonra nə işlə məşğul
olacaqsınız?” deyə soruşanda aktrisa "teatr mənim həyatımda önəmli deyil. Ona
görə də haradasa süpürgəçilik və keşikçilik də edə bilərəm” cavabını verib.
Amma xoşbəxtlikdən İrina Vadimovna Kiçik Teatrda işləməkdə davam edir.
«Nəyə görə belə az
çəkilmisiniz?»
«Moskva göz yaşlarına inanmır» filmi çəkiləndən sonra kino tənqidçilər
çılğınlıqla – "Bu qədər vaxtı bu gözəl aktrisa harada idi?” – deyə
təəccüblərini gizlətmədilər. «Doğrudanmı, bu qədər peşəkar və inamlı oyun
göstərən debütantdır?” O vaxta qədər aktrisanın 10 il iş təcrübəsi vardı.
"Kinematoqraf 10 ilini itirib» - deyə kinotənqidçi Tatyana Saviskaya yazırdı.
90-cı illərdən sonra isə kinematoqrafiya daha çox şey itirib.
Tamaşaçılar gözəl-göyçək, yaddaqalan aktrisanın kinodan belə tez ayrılmasına
təəssüflənirlər. Muravyova isə çəkilməyi xoşlamır, ona görə ki, özünü kinoda görmür.
Onu kinonun çox gözəl aktrisası hesab etsələr də, özü daim "mən teatr
aktrisasıyam”- deyir.
Ümumiyyətlə, elə bir rolu yoxdur ki, özünə xoş gəlsin. Onu məşhur
edən «Moskva göz yaşlarına inanmır» filmi haqqında isə belə deyib: «Nifrət
etdiyim hər şey ekrana çıxdı. Çəkildiyim qəhrəman çox qəribə alınıb…» Hamıya
məlumdur ki, o, «ən gözəl və cazibədar»lıqdan qətiyyətlə imtina edirdi.
Xoşbəxtlikdən xüsusilə qadınlardan etiraz qəbul etməyə alışmayan, yaxın şərqli
rejissor Gerald Bejanovun inadkarlığı Muravyovanı valeh etdi. Uzun illər kinonu
sevmədi, niyəsini soruşduqda qızarıb üzr istəyirdi. Və yalnız bu yaxınlarda
kinonun pis olmadığını etiraf edib.
Çəkildiyi filmlərin siyahısını tutsaq, yarım səhifə olar. Amma
«Moskva göz yaşlarına inanmır» filmi onun bioqrafiyasında əsas yeri tutur.
Aktrisa öz qəhrəmanını elə gözəl, parlaq, açıq-aydın oynamışdı ki, "o, öz-özünü
oynayır” deyə düşünürdülər. Bu, doğrudanmı belədir?
Yaxşı vaxtlar idi...
- İrina Vadimovna, «Moskva
göz yaşlarına inanmır» filmindəki Lyudmila rolu sizə böyük müvəffəqiyyət
qazandırıb. Bəs siz özünüz canlandırdığınız qəhrəmana bənzəyirsinizmi?
- Yox, mən fərqliyəm. Lap beş
pilləkəni birdən atlanmaq istəsəm də, başa düşürəm ki, onları bir-bir, inadla
keçmək lazımdır. Lazımdır və keçəcəyəm. Məndə dözüm, gözləməyi bacarmaq, öz
zəhmətimlə nəyəsə nail olmaq bacarığı var.
- Nəyə görə siz müsahibə
verməyi xoşlamırsınız və çox az müsahibə verirsiniz?
- Müsahibə verməyi xoşlamıram. Ən əsası isə onu sonradan oxuyuram və
öz sözlərimi tanımıram.Həmişə belə düşünürdüm ki, məşhur adamlar müsahibə verməkdən və öz
haqqlarında danışmaqdan həzz alırlar. Artistin bir vəzifəsi var – o,
oynamalıdır. Vəssalam.
- Artist olmaq - bu,
cəlbedicidir?
- Cəlbedicidir! Mənəsə o qədər də xoş gəlmir. Mən bunu dəlicəsinə
istəyirdim və «bazar biletini» çətinliklə, böyük zəhmət çəkərək qazanmışam.
Baxın, qrim otağımın pəncərəsindən Teatr meydanı və bağçası görünür. Qarşısında
isə Mərkəzi Uşaq Teatrı. Düzdür, indi o başqa cür adlanır. Orada mən yeddi il
sənət qazanıb bundan sonra artist kimi işləmişəm. Yaxşı vaxtlar idi. Çox
rollarda oynamışam və maraqlı alınıb. Orada mənim dostlarım, müəllimlərim
qalıb.
- Sevimli aktrisanız
kimdir?
- Sevimli aktrisamın kim olduğunu bilmirəm, əvəzində həqiqi ulduzları
tanıyıram – bunlar Anastasiya Vertinskaya, İnna Çurikova, Marina Neelova, Alisa
Freyndlixdir.
- Sizi addımbaşı Qərbə -
kinoya çəkilməyə dəvət edirlər?
- Bir dəfə dəvət almışam. Qorki adına kinostudiyaya gəlmişdim. Orda
hansısa amerikalı rejissoru gördüm. Qarşıda əyləşib ayaqlarını qarşımdakı stola
qoyub Böyük Pyotr haqqında nəsə deyirdi. Müxtəsəri, o, mənə mərhəmət göstərmək
istəyirdi, mən daha ora getmədim.
Əsas odur ki, özünü
itirməyəsən
- Bir çox artistlər üçün
böyüklərin rolunu oynamaq çətin olur – bu, ciddi problemdir. Sizə gəncləri
oynadıqdan sonra böyüklərə keçmək çətin olmadımı?
- Bəli, bu, çətindir. Amma özünə ciddi yanaşmaq lazım deyil –
vəssalam. Onda problemlər də olmayacaq. Ümumiyyətlə, özünü elə aparmalısan ki,
sanki yoxsan. Bilməlisən ki, sənin nömrən axırıncıdır. O zaman itirməyə də heç
nəyin olmayacaq, söykənməyə də yer axtarmayacaqsan. Bir dəfə dedim ki,
istəmirəm teatr mənim üçün həyatımın əsası olsun. Onda məni sənətimə xəyanətdə
günahlandırdılar. Dedilər: «Bu necə olur? Teatr – artistin həyatının ən vacib
hissəsidir. Bundan vacibi ola bilməz». Məncə isə əsas odur ki, özünü
itirməyəsən. Bu zaman heç nə qorxulu deyil.
- İrina Vadimovna mənə başa
salın – kinoda «qadın mövzusu» nə deməkdir?
- Məncə, bu, boş şeydir. Bu, hətta pis səslənir. Bəs kişilərdə necə,
«kişi mövzusu»dur? İnsanlar var – kişilər və qadınlar və ümumbəşəri mövzu. Amma
təkcə – qadının mövzusu yoxdur. Bütün bunlar tənha insanların uydurmasıdır.
- Siz tənha qadınların
siyahısında deyilsiniz ki, belə düşünürəm.
- Yox, bəxtim gətirib, mənimlə evləniblər (gülür). Mənim bir kişidən
2 uşağım var.
- Siz tələbkar anasınız?
- Tamamilə iradəsizəm. Məni
ciddi olmaq üçün tərbiyələndiriblər. Məktəbdə dərslər ikiyə qalmış qurtarırdı,
ikinin yarısında isə mən əllərimi yuyub stolun arxasında oturub nahar etməli
idim. Bir dəqiqə belə itirə bilməzdim. Heç vaxt! Məktəbdə zəng vuruldu, hamı
söhbətləşir, mənsə evə qaçırdım. Ancaq indi başa düşürəm ki, bu, necə də
gözəldir. Əvvəla, mən yaxşı oxuyurdum, boş söhbətlərə vaxt itirmirdim. Mən indi
də teatrda vaxt itirmirəm, vərdiş etmişəm. Tamaşa qurtaran kimi mən gedirəm…
«qara işləri» artıq yoldaşım görür – məni evə aparır.
- O, sizi
pərəstişkarlarınıza qısqanırmı?
- Yox, əvəzində mən çox qısqancam.
- Həyat yoldaşınızda
xoşunuza gələn nədir?
- O, məni əvvəlki kimi sevir və məni sevdiyi üçün mən belə babat
görünürəm.
- Ailənizdə həmişə hər şey
rəvandırmı, yoxsa ziddiyyətlər də olur?
- Əlbəttə olur... Bir tanışım mənə deyir ki, «Mən dörd kişi
dəyişmişəm və nəhayət ki, azad olmuşam. İndi istədiyimi edə bilirəm». Ona
deyirəm ki, «Mən də özümü azad hiss edirəm. Mənim uşaqlarım, yoldaşım, ailəm
var – bu, azadlığım yox, xoşbəxtliyimdir».
- Sizdə belə bir arzu
yaranmayıb ki, bunların hamısını atıb hansısa macəra ilə məşğul olasınız?
- Siz nə danışırsınız, mən risk etmərəm. Uşaqlarım körpə olan
zamanlarda mən ancaq Moskvada çəkilirdim. Və çox səfərlərdən imtina edirdim ki,
başqa yerə getməyim. Bu, mənə baha başa gələrdi. Bilirsiniz nə üçün? Mən uzun
müddətdir ki yoldaşımla yaşayıram. Mənə onunla çox maraqlıdır. O, çox gözəl
rejissordur və mən ondan çox şey öyrənmişəm. O, yeknəsək insan deyil. Biz
onunla məişət problemlərindən deyil, həyati məsələlərdən söhbət edirik. Biz
onunla teatra, muzeyə, konsertlərə, sərgilərə gedirik. Evlilikdən əvvəlki kimi,
normal həyatımızı yaşayırıq. Ailə həyatı bizi bir-birindən ayrı salmayıb,
normal həyatımızı yaşayırıq.
- Bəs siz necə tanış
olmusunuz?
- Məndə gecikmiş inkişaf gedib. İlk dəfə 22 yaşında öpüşmüşəm və ərə
getmişəm. Bilirdim ki, ərə getmək ömürlük olmalıdır. Mənim anam atamla belədir…
Ümumiyyətlə, ailəmizdə heç kim ayrılmayıb. Heç düşüncəmizdən belə keçirməzdik
ki, ərə gedib uşaq doğaq və sonra ayrılıb hamısını bədbəxt edək. Nəyin naminə?
Burada hər şey qadından asılıdır.
- Ailə mətinliyi hisslərin
mətinliyindən asılıdır, həm də xoş güzərandan…
- Biz uzun müddət çətinlik
içərisində, pis şəraitdə yaşadıq. Amma sevinclə yaşadıq. Və o zaman planlaşdırdıqlarımızın
çoxu həyata keçdi. Necə düşünürsünüz, «Moskva göz yaşlarına inanmır» filmi üçün
nə qədər qonorar aldım? 600 rubl. Teatrda maaşım 150 rubl idi və bunun yarıdan
çoxunu uşaqlarıma baxan dayəyə verirdim. Bizə qəpik-quruş qalırdı. Yoldaşım da
«sıfır»da idi.
- Siz gileylənmirdiniz ki,
işləyib ailəni saxlamaq lazımdır?
- Siz nə danışırsınız? O adamdan gileylənmək olar ki, divanda uzanıb,
sənin əzabınla maraqlanmır. Bax, beləsini divanla birgə mişarlayıb gecəylə
zibil yeşiyinə atmaq olar.
- Deyirlər ki, qadınlar
həyat qabiliyyətlidir, nəinki kişilər…
- Sadəcə, hər şeyi bacarmaq onların vəzifəsidir. Bir dəfə çəkilişlər
tez bitdi və biz evə getməli idik. Aktrisalardan biri mənə üzünü tutub: «İndi kişi həmkarlarımız
evə gedib necə yorulduqlarından danışacaqlar və divana əyləşib dincələcəklər.
Biz isə ev işlərini görməyə məcburuq. «Yorulmuşam» deməyə haqqımız yoxdur. Axı
biz də onlarla bərabər işləyirik. Mən düşündüm doğurdan da dəhşətdir. Axı biz
onlarla bərabər işləyirik, amma qadın bir az daha çox etməlidir. Kişilər deyir
ki, sən borclusan, bu, qadın işidir. Bunu onlar daş dövründən belə görüblər.
- İlin hansı fəslini
bəyənirsiniz?
- İlin bütün fəsillərini sevirəm. Ancaq yayda isti günəşin, qışda isə
qarın olmasını istəyirəm. Hazırda təbiətdə elə qarışıqlıqdır ki…
- Siz vaxtınızı stol
arxasında dostlarla keçirməyi xoşlayırsınız?
- Qətiyyən.
- Tənha olduğunuz vaxtlarda
nə haqqında düşünürsünüz?
- Vaxtaşırı qocalığımı düşünürəm. Maraqlıdır, qocalığım zamanı mən
istədiyim kimi qala biləcəyəmmi? Çox qocaları görürəm ki, onlara özləri ilə
baş-başa qalmaq necə də çətindir. Onlar özlərindən əziyyət çəkirlər, və
özlərinə çətinlik, problemlər yaradırlar. Qocalanda necə olacam? Bilmirəm. Amma
ləyaqətli olmaq istəyirəm. Uşaqlarım mənə deyir ki, ana, sənin qocalığın layiqli
olacaq. Deyirəm ki, bilmirəm, mənim balalarım. Ola bilər ki, hansısa əsəb, ya
da başqa bir xəstəlik məni tutar, bəlli deyil. Mən sizin hamınızı acılayaram.
Onların hamısına demişəm: "məni heç vaxt atmayın!” Ailəmlə bir yerdə olmaq
xətrinə az yeyib, sakitcə bir küncdə oturaram.
- Siz öz yaşınızı
gizlətmirsiniz. Niyə?
- Niyə də gizlədim… Ona görə ki, mənə desinlər: «Necə qocadır, amma
nə yaxşı baxımlı görünür? Düzdür, yerimək çətindir, amma üzümdə bir dənə də
olsun qırış yoxdur?» Xeyir! Mən öz yaşıma uyğun da görünürəm – nə az, nə də
çox, bu normaldır.
- İrina Vadimovna, həyatdan
nə istəyərdiniz?
- Mən yaxşı rollar arzulayıram, ona görə ki, hər zaman bir addım irəli atmaq istəmişəm. Elə bir
rolda oynamaq istəyirəm ki, hansı ki, hələ onu oynamamışam, onun
çətinliklərinin öhdəsindən gəlim, eyni zamanda nələrsə öyrənə bilim.
Təranə Məhərrəmova