• çərşənbə, 24 Aprel, 02:52
  • Baku Bakı 14°C

Öz xəstəmiz, öz dərmanımız

27.04.16 12:16 2113
Öz xəstəmiz, öz dərmanımız
Bu günlərdə Bakıda "Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Azərsun Holdinq” MMC və İranın "Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni "Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Azərsun Holdinq” MMC və "Darou Pakhsh” şirkəti birgə maliyyələşdirəcək.
"Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal bildirib ki, yaradılacaq birgə müəssisənin 51%-i Azərbaycan, 49%-i İran tərəfinə məxsus olacaq: "İlkin mərhələdə geniş tələbat olan 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulub. Onların bəzilərinin İranda xammal bazası güclüdür. Biz istəyirik çox müasir bir zavod olsun. Beynəlxalq əczaçılıq şirkətləri də gəlib, o zavodda öz məhsullarını istehasal edə bilsinlər. Mən bu standartı şərt qoydum və razılaşmaya daxil edildi. Allaha şükür, İran ilə münasibətlər çox yaxşıdır. Bu layihə İranla Azərbaycan arasında işgüzar hərəkətin birinci mərhələsidir”.
A.Goozal layihənin ilkin dəyərini də açıqlayıb: "Layihənin ilkin dəyəri 35 milyon dollar civarındadır, amma bu məbləğ arta da bilər”. İş adamı həmçinin bildirib ki, istehsal olunacaq dərmanların qiymətləri xarici analoqları ilə müqayisədə xeyli münasib olacaq.
Bundan başqa, A.Goozal əlavə edib ki, zavodda istehsal olunan dərmanlar ixrac da olunacaq: "Ən yaxşı, ən yüksək standartda dərman istehsal olunacaq. Biz dərmanları dünyada Azərbaycan brendi kimi tanıtmağı qarşıya məqsəd qoymuşuq. Necə ki, "Azərçay”ı tanıtmışıq, dərmanlar da bir brend olaraq tanınmalıdır”. Qeyd edək ki, dərman istehsalı Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçiriləcək.
Bəs bu əməkdaşlıq ölkəmizə hansı faydaları verəcək? Öz istehsalımız olan dərmanlarla dərmana olan tələbatımızı ödəyə biləcəyikmi? Azərbaycanın dərmanın ixracatçısına çevrilməsi nə qədər real görünür? Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq.
Bu təşəbbüs alqışlanmalıdır

İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı verdiyi açıqlamada belə bir müəssisənin yaradılmasını müsbət hal kimi qeyd etdi: "Ölkədə son vaxtlar əczaçılıq sahəsində yaranmış vəziyyət qənaətbəxş deyil. O cümlədən qiymət bahalaşmasının qarşısının alınması üzrə görülən tədbirlər və atılan addımlar bizdə yerli istehsalın olmaması faktının ciddi şəkildə mənfi xarakter daşıdığını göstərdi. Bu gün daxili bazarda satışda olan bütün dərmanlar xarici istehsala məxsusdur. Ona görə də keyfiyyət aşağı, qiymətlər isə yuxarıdır. Odur ki, istənilən növ dərman ləvazimatının yerli istehsalının təşkili təşəbbüsü alqışlanmalıdır”.
Azərbaycanın dərman ixracatçısına çevrilməsi mümkündür
Ekspertin sözlərinə görə, bu sahədə görülən işlərə dövlət dəstəyi də olarsa, daha böyük uğurlara nail olmaq olar: "Bu məsələyə müvafiq dövlət dəstəyi də göstərilməlidir. Ümumiyyətlə, bu istiqamətdə konkret bir dövlət siyasəti işlənib hazırlanmalı və həyata keçirilməlidir. "Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Azərsun Holdinq” MMC və İranın "Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumu mühüm əhəmiyyət kəsb edir. Lakin çox istərdim ki, belə sənədlər Avropanın - Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrin şirkətləri ilə də imzalansın. Məsələn, Almaniyada elə növ dərman ləvazimatları istehsal edilir ki, onun həmin ölkədən satışdan alınıb kənara çıxarılmasına, ikinci bir ölkəyə daşınmasına icazə verilmir. Çünki keyfiyyəti yüksək olduğundan istehsal sirlərinin - tərkibinin geniş şəkildə öyrənilməsinə imkan verilmir. Yəni əslində demək istədiyim budur ki, ölkəmizdə dünyanın tanınmış əczaçılıq şirkətləri ilə əməkdaşlığa nail olunsa və bizdə yerli istehsalı təşkil etmək mümkün olsa, Azərbaycanın özünün gələcəkdə müxtəlif növ dərmanların ixracatçısına çevrilməsi də mümkündür. Bu isə xarici valyuta deməkdir”.
Gərək yüksək keyfiyyətli dərman istehsal olunsun

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu məsələyə bir qədər fərqli aspektdən yanaşır. O deyir ki, əslində burada Azərbaycanın əsas məqsədi ilk növbədə öz daxili bazarını təmin etməkdir. Dərman ixracatçısına çevrilmək məsələsinə gəldikdə isə ekspert bildirdi ki, bu bir o qədər də real deyil: "Dərman ixracatçısına çevrilmək üçün gərək keyfiyyət parametrləri kifayət qədər yüksək olan dərmanlar istehsal olunsun. Yalnız bundan sonra yerli məhsullarımız dünya bazarına çıxarıla bilər. Əməkdaşlıq edəcəyimiz İranın əczaçılıq məhsulları İranın özündə və üçüncü ölkələrdə istifadə olunur. İran tibb məhsullarından Avropada və digər inkişaf etmiş ölkələrdə demək olar ki, istifadə olunmur. Dizayn və keyfiyyət parametrləri Avropa ilə ayaqlaşa bilməsə də, İranın farmakologiya sənayesi bizə nisbətən inkişaf etmiş sayılır. Hər halda İran oturuşmuş milli əczaçılıq sənayesinə malikdir və bu, İranın daxili bazarını tam təmin edir. Azərbaycanın bu əməkdaşlıqda məqsədi ilk növbədə öz daxili bazarını təmin etməkdir”.
Bütün tibbi detallar nəzərə alınmalıdır
Ekspertin sözlərinə görə, bu həm də vətəndaşları keyfiyyətli və ucuz, yəni daxili işçi qüvvəsi hesabına başa gələn dərmanlarla təmin etmək baxımından çox önəmlidir: "Amma Azərbaycanın İranla müştərək şəkildə dərman ixracatçısına çevrilməsi bir o qədər də real görünmür. Avropa ölkələri ilə müştərək dərman firmaları açılsaydı, bu, daha perspektivli olardı. Amerika dərmanlarını İran və digər ölkələrin dərmanları ilə müqayisə etdikdə görərik ki, xeyli keyfiyyət və dizayn fərqi var. Orada dərmanlar böyük testlərdən keçirilir. Ona görə də həmin dərmanların tərkibində olan hətta əlavə dad, rəng qatqıları belə tam təhlükəsizdir. Odur ki, bu layihə reallaşan zaman bütün bu kimi detalların hamısı gərək nəzərdən keçirilsin”.
Gələcəkdə bir çox perspektivlər ortaya çıxa bilər
A.Qeybulla sonda qeyd etdi ki, istənilən halda bu addım milli əczaçılığımızın inkişafına müəyyən qədər töhfə vermiş olacaq: "Hər halda İranla olsa belə, milli əczaçılıq sənayesinin qurulması ölkəmiz üçün çox mühümdür. Əlbəttə, yaxşı olardı ki, bu, tanınmış şirkətlərlə müştərək şəkildə qurulsun. Lakin qeyd edim ki, inkişafın gedişindən asılı olaraq gələcəkdə ölkəmiz üçün faydalı ola biləcək bir çox perspektivlər ortaya çıxa bilər. Hər hansısa brendin yaradılmasından söhbət gedirsə, bu, təbii ki, hər iki ölkənin öz səviyyəsinə uyğun olan brend olacaq. Brend təkcə yüksək səviyyəli məhsullara aid edilmir. Brend adi məhsulun da bir növü ola bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər