• cümə axşamı, 28 mart, 20:52
  • Baku Bakı 13°C

Öz övladını dünyaya gətizdirən ata... – Peşəkar

21.10.16 15:49 18203
Öz övladını dünyaya gətizdirən ata... – Peşəkar
Elə məsələlər var ki, qadınlar bir addım öndədir. Ya da bir addım daha xoşbəxtdir... Məsələn, ata və ananın 9 ay həsrətlə gözlədiyi, yenicə dünyaya gələn körpənin ilk qığıltısını, ilk səsini analar eşidir... Doğrudur atalar da "duyur”... Haradasa bir qədər uzaqlarda... Ən yaxşı halda, əksər atalar öz övladını ilk dəfə doğum otağının qapısından çıxanda görür. Amma istisnalar da var...
Həmsöhbətimiz nəinki uşağını ilk dəfə görüb, öz övladını ginekoloq-həkim kimi özü dünyaya gətizdirib. O, bəlkə də həkimliyin ən böyük sınağını məhz öz övladını dünyaya gətizdirərkən verib. Özünün də dediyi kimi, iş həyatında etdiyi əməliyyatın ən çətini, ən ağırı, ən qayğılısı və ən tərlədəni elə bu olub. Həm həyat yoldaşını qeysəriyyə əməliyyatında iti bıçaqla "kəsmək”, həm də körpəsinə qovuşmaq yəqin ki, adi hiss deyil...
Müsahibimiz ginekoloq-cərrah Kamran Nağıyevdir. Həmsöhbətimiz Bakı şəhərində 43 nömrəli liseyi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra 4 il Moskvada təhsilini davam etdirib. Öz sahəsi üzrə Fransada kurs keçdikdən sonra Nəsrəddin Tusi adına Klinikada və Mərkəzi Neftçilər Xəstəxanasında ginekoloq kimi fəaliyyət göstərib. Hazırda Baku Medikal Plazada fəaliyyətini davam etdirir. Deyir ki, həkim olmasa idi, pilot olardı.

- Kamran həkim, niyə məhz ginekoloq?

- Həmişə əməliyyat aparmaq istəyirdim, amma ümumi cərrah olmaq istəmirdim. Çünki ümumi cərrahiyyədə bağırsaqlarla işləmək mənə maraqlı deyildi. Həm də ginekologiya tək cərrahiyə deyil, burada həm də terapiya var. Bir uşağın dünyaya gəlməsinə dəstək olmaq maraqlı və şərəfli peşədir.

- Heç düşündünüzmü birdən kişi ginekoloqa müraciət edən xəstələr az olar, istədiyiniz uğuru əldə edə bilməzsiniz?
- Həmişə əmin idim ki, öz sahəmin peşəkarı olacağam. Bunun üçün də çalışırdım. Əgər həkim həqiqətən yaxşıdırsa, ona həmişə xəstələr müraciət edəcək. Həkimin kişisi, qadını olmaz. Əsas işini peşəkarcasına görməkdir.

- Ginekoloq xəstə ilə necə davranmalıdır?
- Soyuqqanlı olmalıdır. Ən ideal hamiləlikdə belə həmişə problem axtarmalıdır və o problemə özünü hazırlamalıdır. Çünki qeyd etdiyim kimi, ən ideal doğumda belə problem çıxa bilər. Bu səbəbdən tam soyuqqanlı və işinə hakim olmaq lazımdır. Xəstə ilə əlaqə elə qurulmalıdır ki, xəstə onu maraqlandıran sualları həkimdən soruşsun. Və həkim də xəstəyə elə cavab verməlidir ki, xəstə başa düşsün ki, sən onun problemini bilirsən və ona kömək edəcəksən. Xəstə öz həkiminə tam güvənməlidir.

- Həkim üçün xaricdə təhsil almağın üstünlükləri nələrdir?
- Real danışsaq Azərbaycanda təhsil almaqla, xüsusən də cərrahiyyədə, peşəkar olmaq mümkünsüzdür. Xaricdə xəstəxanalarda həkimlərin yetişdirilməsi üçün bir sistem var. Tək məqsəd iş prosesini canlı göstərmək və tələbələrə öyrətməkdir. Xəstə sayının çoxluğunun da rolu var təbii ki...

- Öz övladınızı özünüz əməliyyat edib götürərkən hansı hissləri keçirdiniz?
- O hissləri sizə sözlə izah edə bilmərəm. Cümlələr, sözlər acizdir keçirdiyim hisslərin yanında. Normalda yarım saata başa gələn əməliyyatı saat yarıma bitirdim. Həyəcanlı idim. Heç bir ata mənim keçirdiyim hissləri keçirə bilməz. Çünki uşaq dünyaya gələndə bilirdim ki, mənim uşağımdır. Adətən ata uşağı sonradan görür. Uşağın ilk tanışlığı ana ilə olur. Amma bizdə birinci mən görmüşəm. O hissi ginekoloq olmayan, özü doğuş aparmayan heç bir ata bilməz. Bu, nadir bir şeydir. Hamı ata olur. Amma anadan tez uşağını heç bir ata görməyib. Əməliyyatda hər zamankından çox tərlədim. Həm həyat yoldaşımı "kəsmiş”dim, həm də qızımı götürmüşdüm. İki hiss bir-birinə qarışmışdı. Altı ildir professional ginekoloq kimi işləyirəm. Bu vaxta kimi minlərlə əməliyyat etmişəm. Amma heç bir əməliyyatda bu hissləri keçiməmişdim. Öz həyat yoldaşını kəsmək hər halda başqa əməliyyatlardan fərqli olur. O hissləri ifadə etmək olmur. Həyat yoldaşımın əməliyyatında assistenti nəsə etməyə qoymurdum, hər şeyi özüm edirdim.

- Doğuşdan öncə tərəddüdləriniz var idimi ki, "mən yox, başqa həkim etsin”?
- Hamiləlik boyu bizim çox mübahisələrimiz olub. Fikirləşirdim ki, əməliyyatı başqası etsin, özüm bacarmayacam. Amma son anda düşündüm ki məndən yaxşı heç kim edə bilməz. Hamı standart işini görəcək, amma heç kim mənim kimi can yandıra bilməz. Ən yaxşısını özüm edəcəyimə əmin idim. Amma hər ehtimala əməliyyata başqa təcrübəli həkimlə girmişdim ki, həyəcanlansam, o davam etsin.

- Bu gün sizin sahənizdə ən çox problemlər nə ilə bağlı olur? Xanımlara nə demək istərdiniz?
- Nəzarətsiz abortlar ən böyük problemdir. Əsasən rayon yerlərində olur və savadı olmayan ailələrdə baş verir. Hamilə qalıb abort etməyi daha asan bilirlər, nəinki qorunmağı. Bu sonsuzluğun yaranmasının ən böyük səbəblərindəndir. Bundan əlavə, nəzarətsiz abortlar qadınlarda klimaks dövrünə yaxın qanaxmalar əmələ gətirir. Abort zamanı qanaxma xəstənin ölümünə səbəb ola bilər. Abortların əleyhinəyəm, amma vacib olduğu halda, tam steril xəstəxana şəraitində olmalıdır.

- Hamilə qadınların ən çox etdiyi səhvlər hansılardır?

- Hamilə qadınlar normal doğuşa üstünlük versinlər. Qeysəriyyə hər zaman yaxşı yol deyil. Ümumiyyətlə, ailə qurarkən hamilə olmağa tələsməsinlər. Ailə qururlar, bir il tamam olmamış həkim gəzirlər ki, uşağımız olmur. Bu zaman həkimlər tərəfindən lazımsız dərmanlarla yüklənirlər. Ən azı bir il gözləməlidirlər. Lazımsız müalicələr gələcəkdə ciddi fəsadlar yaradır.

- Xanımlarla işlədiyiniz üçün qısqanclıq baxımından ailədə probleminiz olmur ki?
- Qadınlar sadəcə bizim pasiyentlərimizdirlər. Heç bir peşəkar həkim, nəinki ginekoloq, öz pasiyentinə cinsi obyekt kimi yanaşa bilməz. Həyat yoldaşım özü də həkim olduğu üçün hər şeyi anlayır. Bizim elə problemlərimiz olmayıb. Hər ikimizin məqsədi işimizi peşəkarcasına görməkdir.

- Kamran həkim, iş saatını necə tənzimləyirsiniz? Çünki doğuşun saatı məlum olmur?
- Ginekoloqların konkret iş vaxtı olmur. Doğuşların əksəriyyəti gecədən sonra, səhərə yaxın olur. Telefonlarım 24 saat açıq olur. Bizim sənətdə istirahət anlayışı yoxdur. Həftənin 7 günü, 24 saatı xəstəxanaya gedə bilərsən. Bəzən olub ki, sutkalarla yatmamışam.

- Bu cür iş rejimində çalışmaq asan deyil. Stressinizi necə çıxarırsınız?
- Uşaq dünyaya gələrkən ailələrin üzündəki sevinc, xoşbəxtlik bütün yuxusuzluğa dəyər. Amma boş vaxtlarımı yaxşı dəyərləndirirəm. Ən böyük hobbim futbol oynamaqdır. Bundan əlavə, "Kim? Harada? Necə?” intellektual oyununda iştirak edir, balıq tutmağa gedirəm. Stress balansını belə tənzimləyirəm. Təki dünyaya sağlam uşaqlar gəlsin, xanımlar sağlam olsun. Biz yuxusuz da qalarıq...
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər