• cümə axşamı, 18 aprel, 18:12
  • Baku Bakı 21°C

Öz ürəyindən başqa kimsənin ürəyini sındırmayan insan

19.06.19 11:30 7325
Öz ürəyindən başqa kimsənin ürəyini sındırmayan insan
Bu təbiri ilk dəfə Türkiyədə eşitdiyimdə, mənasının dərinliyinə görə o an ürəyimə yazıldı. Amma bilməzdim ki, bu təbiri 2 ay öncə haqq dünyasına qovuşmuş böyük elm adamı, professor Babək Qurbanovun həyatda olmadığı zaman 80 yaşının tamam olduğu gündən (iyunun 9-da) üç gün əvvəl xatirə başlığı olaraq seçəcəyəm. Babək müəllimsiz günlərdə yazacağım xatirə məqaləmə bir başlıq da tapmışdım: "Öz ürəyindən başqa kimsənin ürəyini sındırmayan insan”. Həqiqətən də Babək müəllimi tanıyan şəxslərdən bu alicənab insan barədə neqativ söz duymadım desəm, bəlkə də inanmazlar. Əslində Babək müəllim nəinki onu tanıyanlara, hətta tanımayanlara belə, "yox” sözü deyə bilmirdi. "Yox” kəlməsini şəxsiyyətinə belə sığışdırmazdı. Ona görə də, hər kəsin gerçək sevgisini, hörmətini, məhəbbətini yaşadığı sadə bir həyat tərzində, öz körpə qəlbli, duyğusal, həlim, xeyirxahlıq məramı ilə çırpınan ürəyində, Babək Qurbanov ömründə şərəflə qazana bilmişdir. Bu baxımdan da, hər kəs Babək müəllimdən olduqca məmnun idi. 18 il çalışdığımız dost ölkədə kimsə haqqında pis fikir demədiyi üçün, onun barədə də çox şəxslərdən xoş sözlərdən başqa heç nə duymadım desəm, buna inanın. Babək müəllim pis fikirdən, bəd sözlərdən çox-çox uzaq dayanan, türk təbiri ilə desək, əfəndi bir Bəy idi. Sözün əsl mənasında öz adına, Osman Sarılvəlli ocağına şərəf-şan qazandıran tərbiyəli, qanacaqlı, əxlaq qaydalarına riayət edən, bu insani dəyərləri ünsiyyət məqamında gözləyən, özünün, sözünün yerini bilən əsl vətənpərvər, xalq, millət təəssübü çəkən, 700-dən artıq elmi yazıları, müəllifi olduğu 48 kitabı ilə əsil ziyalı, elm xadimi idi. Çoxyönlü zəngin mütaliəsi ilə özünü o qədər inkişaf etdirmişdi ki, elmin və sənətin ayrı-ayrı sahələri üzrə elmi məqalə yazmaq onun qələmində çox asan bir iş idi. Nə yazacaqdısa, mütləq o barədə yazılan elmi mənbəni çox qısa vaxtda sürətlə mütaliə edib qeydlər apardıqdan sonra əlyazma halında vərəqələrə köçürərdi. Qeyd etməliyəm ki Babək müəllimin yüzlərlə məqaləsini kompüterdə yazdığıma görə, onun ilk oxucusu idim və bununla fəxr edirəm. Hər bir məqaləsində elmilik yüksək səviyyəliliyi ilə diqqətimi çəkərdi. Mövzu baxımından aktual olduğu üçün məqalələrinin biri digərinə bənzəməzdi. Babək müəllimi genişşaxəli dünyagörüşünün məhsulu olan bu əsərlər istər estetika, etika, istər fəlsəfi, ədəbi, rəssamlıq, heykəltəraşlıq, kinoşünaslıq, istər kulturoloji elm sahəsi olsun, istərsə də xalq yaradıcılığı, muğam və aşıq sənəti sahəsində olsun, hər biri mütəfəkkir düşüncələri ilə yoğurulmuş şahanə əsərlər idi. Qeyd etməliyəm ki, bu ayrı-ayrı elm sahələrindəki özünəməxsus terminologiyaları yalnız hədəfində olan sahə üzrə araşdırmalar edirdi. Allah Azərbaycan elminə başucalığı gətirməsi üçün bu lütfü ondan əsirgəməmişdi. Müdrik fikirlərlə cilalanmış danışığı məqalələrinin sanballılığında da özünü büruzə verirdi. Boş sözlərdən, saxta fikirlərdən uzaq olan alimimizin məqalələrinin hər biri dərin mənalı məzmunu və aktuallığı ilə elm sahəsinin diqqətini çəkərdi. Çünki zehni mükəmməl, düşüncəsi müdrik olanın qələmi də sanballı olar.
Babək müəllimin yoxluğu Azərbaycan xalqı üçün böyük itkidir. Sovetlər dönəmində rus elminin dünyada tüğyan etdiyi zaman, Babək müəllimin adı diqqətçəkici elmi yazıları ilə aydın duyulmaqda idi. O, Azərbaycan musiqişünaslıq - estetika elmini həqiqətən vicdanla, qeyrətlə, ləyaqətlə tərənnüm edirdi.
Nədənsə, Babək müəllimin adı gələndə öncə Xurrəmilər hərəkatının banisini və daha sonra Osmanoğlu Babəki anıram. Təbiidir ki, ilk Babək xalq qəhrəmanı, ikinci Babək isə elm fatehi olub, Azərbaycan musiqişünaslıq elminə keçən əsrin 70-ci illərindən qeyb etdiyimiz günə kimi sözün həqiqi anlamında əsil sərkərdəlik etmiş, statusu heyrətamiz düşüncələrini ifadə edən müdrik, qılınc kimi kəsərli qələmi ilə doğrultmuşdur.
Babək müəllim bir ömür yaşadı. Hətta sirdaşına açmadan, bir kimsəyə bildirmədən belə, dünyanın dərdi-sərini, problemlərini yalnız həssas ürəyində pünhan daşıdı. Üzündən nur yağsa da, gözlərinin dərinliklərində böyük ağrı-acıların, dərdi-qəmin lövbər saldığı hiss olunurdu. Hər gün bir otaqda çalışsaq da, nə qəm idi, nə dərd idi onun ürək məkanında yuvalanan, heç cür bilmədim. Bəlkə də, məni dərdə salmaması üçün bu haqda bir kəlmə də dilinə gətirmədi. Ondan 18 yaş kiçik olsam da, hər zaman mənə "dayı” deyərdi. Mən də eyni müraciətlə ona "dayı” deyərdim. Son illərə kimi bu müraciət beləcə davam etdi. Bir gün dedim ki ay dayı, bilmədik ki, kim-kimin bacısı oğludur. Amma yenə də buna bir aydınlıq gətirə bilmədik. Bu fikri bir neçə dəfə təkrar etsəm də, nədənsə, bu sualıma bir dəfə də olsun cavab vermədi.
Babək müəllimin, hər il 10-a yaxın elmi məqalələri Azərbaycanın jurnal və ya fərqli qəzetlərində dərc olunsa da, bu barədə məlumat verməyi heç sevməzdi. Təsadüfən ağzından qaçırdığı zaman bilirdim ki, dayımın məqaləsi çap olunub. Bu səbəbdən deyirdim ki, həmin məqaləni də "Tərcümeyi hal”ına əlavə edək. Türkiyədə "Özkeçmiş” deyirlər. Universitetin dairə başkanlığı hər il müəllimlərdən fəaliyyət raportu istədikləri üçün dərc olunan məqalə və ya kitabların adını məcburən siyahıya salırdıq. Bir neçə simpoziumlara Babək müəllimlə dəvət aldığımız (Nijdə,, Nevşəhər, İstanbul, Antalya, Osmaniyə, Diyarbəkir, Ankara, Trabzon və s.) zaman hörmətli alimimizin ətraflı, aktuallığı ilə seçilən maraqlı, təcrübəli və səriştəli çıxışının şahidi olduğum üçün qürur hissi keçirmişəm. Müxtəlif elm adamları bu çıxışdan sonra onunla tanış olmağa can atar, vizit kartlarını, telefon nömrələrini böyük həvəslə Babək müəllimə təqdim edərdilər.
Babək müəllim əsil pedaqoq idi. Tələbələrini elmə həvəsləndirməkdə Babək müəllimin tayı-bərabəri yox idi. Dərsdən çıxdıqları zaman Babək müəllimi təqib edər və müxtəlif suallara cavab almaq istəyərdilər. Bu hal Babək müəllimin pedaqoji fəaliyyət sahəsindəki uğuru idi. Ona görə də, hər bir tələbə Babək müəllimə hörmət və ehtiramla yanaşardı. Babək müəllimin çox böyük alim olmasını isbatlayan bir fakt, tələbələrin ona "Hocaların hocası” demələri idi. Doğurdan da, 33 aspirant Babək müəllimin xeyir duası ilə elmin zirvəsinə yüksələ bilmiş və öz sahələrində uğurlu fəaliyyətlər göstərməkdədirlər.
Keçən əsrin 60-cı illərin sonlarından başlamış günümüzədək fərqli mətbuat səhifələrində dərc olunan məqalələri köhnəlib saralmış qəzetlərdən xilas edib, kirildən təkrar latıncaya köçürməkdə əsas məqsədim, bu azman alimimizin külliyyatını bir araya gətirib özünün iştirakı ilə çap etdirmək idi. Bu məqsədlə də, bir neçə il bu işlə məşğul oldum və 9 cildlik kitabı ilkin halına gətirə bildim. Hər zaman deyirdim ki, ay dayı, bu külliyyatı çap etdirməyin vaxtı çoxdan çatıb. Gənc nəslin, Babək Qurbanovun zehnindən süzülən, qələmindən çıxanlarla tanış olmasına razılıq ver. Başqa işlərlə uğraşma. Daha yetər. Əsas işini bir kənara qoyub, başqa elm adamlarının məqalələrini dərc etdirib bizi bu xəzinədən məhrum etmə. Təəssüf ki, bu iradımı dinləmədi. Azərbaycana gedərkən bütün külliyyatını diskə qeyd edilmiş halda özünə təqdim edib dedim: "Dayı, bil ki, tək nüsxədir, o da səndədir. Məndə yoxdur”. Vətəndə olduğun zaman redaktə edib nəşriyyata ver, qoy işıq üzü görsün”. Lakin belə deyirlər. "Sən saydığını say, gör fələk nə sayır”.
Babək müəllimdəki bir dəyərli keyfiyyət o idi ki, heç bir yaxşılığı unutmazdı. Kimsədən bir xeyirxahlıq görsə, yəni bəstələrini bir musiqiçi (pianoçular Həqiqət Məhərrəmova, Əfqan Zəki Saleh, İlqar İmamverdiyev, Fərhad Ağamalızadə) konsertdə çalmış olurdusa və ya adını hər hansı bir elmi dərgidə anırdısa, nə vaxtsa bu əlamətdar hadisəni məqalələrinin bir yerində mütləq qeyd edər, həmin şəxsin qəlbini sevindirməkdən həzz alardı. Ağayana bir ömür yaşayan Babək müəllim bir kimsənin qarşısında günahkar olmadı. Çünki doğru-dürüst şəxs kimi yaşamağı özünə məram götürdü. Göründüyü kimi oldu, olduğu kimi göründü. Kimsəyə əziyyət verməyib, qəlbini sındırmadı. Edilən savab işin qarşılığını, əvəzini hər zaman verməyə çalışardı. Babək müəllim heç kəsin qarşısında boynubükük olaraq qalmadı. Ən sonda bir can borcu var idi, onu da 28 martda Allah əmanət verib, karvanını çəkib bu nahaq dünyadan haqq dünyasına, əbədi cənnətməkana qədəm qoydu, onu sevənləri tərk etdi. Allah Rəhmət etsin, ay dayı! 80 yaşın tamam olur. Bu münasibətlə səni sevənlərin, əzizlərin, səmimi dostların, etibarlı qardaşların kövrəlmiş qəlbdə nisgil dolu duyğularla təbrik edirlər.
İlqar İmamverdiyev,
professor, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası

Trabzon valisi Yecel Yavuz, Babək Qurbanov və İlqar İmamverdiyev


banner

Oxşar Xəbərlər