• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

Öz sözlərini səsi ilə deyənlər

17.08.13 08:49 1862
Öz sözlərini səsi ilə deyənlər
Muğam Azərbaycan xalqının tarixi sərvəti olaraq minilliklərin yadigarı kimi günümüzə gəlib çatıb. O elə bir aləmdir ki, sehrinə düşən dinləyici təsirindən çıxa bilmir. Musiqinin bu növü ortaq Şərq sənəti olsa da, Azərbaycanda daha çox inkişaf edib, təşəkkül tapıb. Dövlətimizin muğama, muğam sənətinin inkişafına göstərdiyi qayğı isə göz qabağındadır. Bu qayğı həm muğam ictimaiyyətinin, həm də ölkə ictimaiyyətinin diqqətini, rəğbətini qazanıb.
Muğamla bağlı dövlətin apardığı işlərin başında duran addımlardan biri də davamlı olaraq televiziya muğam müsabiqəsinin keçirilməsidir. Milli-mədəni dəyərlər sistemində özəl yeri olan muğam Heydər Əliyev Fondu tərəfindən diqqətdə saxlanır. Artıq 2005-ci ildən başlayaraq ənənəvi televiziya muğam müsabiqələri keçirilir. SMS müdaxiləsi olmadan keçirilən televiziya muğam müsabiqələri dövlətimizin xalq musiqi sənətinin təbliğində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq özünü təsdiqləyir. Çoxlu sayda istedadlı yeniyetmə və gənc bu müsabiqələrə qatılaraq özünü ifadə etməyə çalışır. Hazırda hər kəsin diqqəti paytaxtımızda keçirilən “IV Beynəlxalq Muğam müsabiqəsi”-nə yönəlib.
Müsabiqədə SMS-dən istifadə olunmur
İndi televiziyada tez-tez rastlaşdığımız və beynəlxalq muğam yarışmalarında ölkəmizi uğurla təmsil edən, professional sənətdə öz sözlərini səsi ilə deməyi bacaran xanəndələr məhz bu müsabiqənin tələbələridir. Muğam müsabiqəsində münsif qismində çıxış edən xalq artisti Mənsum İbrahimov bizimlə söhbətində müsabiqənin gənclərə olan təsirindən danışdı. Onun sözlərinə görə, hazırda gənclərimiz arasında muğama çox böyük maraq yaranıb: “Sevindirici haldır ki, keçirilmiş olan 3 muğam müsabiqəsinin nəticəsində neçə-neçə gənc xanəndələrimiz bu sənətlə professional şəkildə məşğul olmağa başlayıb. Artıq 4-cü muğam müsabiqəsində də yeni-yeni ifaçılar, səslər meydana çıxır. Sözügedən müsabiqə muğamımızın inkişafına çox müsbət təsir göstərir. Hər bir muğam müsabiqəsinə siması tanınmamış gənclər cəlb olunur. Ümumiyyətlə, mədəniyyətimizin və muğamımızın inkişafında bu müsabiqənin əvəzsiz rolu var. Müsabiqənin münsif üzvü və bir xanəndə kimi bu irəliləyişə çox sevinirəm”.
Xalq artisti muğam müsabiqəsinin seçim turlarından danışarkən, gözlənilməz hallarla qarşılaşdıqlarını söylədi. Onun sözlərinə görə, seçim turlarına müxtəlif yaş qruplarından ifaçılar gəlir: “Bu il seçim turlarına gənclər həddən artıq çox qatılmışdı. Belə ki, 540 nəfərin içindən biz çətinliklə də olsa 21 nəfəri seçə bildik. Seçim turlarına bölgələrdən başladıq. Müsabiqədə ən gənc ifaçı Mirpaşa Şükürovdur ki, onun 12 yaşı var. Yaşının az olmasına baxmayaraq, gözəl səs diapazonuna malikdir. Müsabiqənin canlı şəkildə keçirilməsinə baxmayaraq, tamaşaçıların əyləşdiyi zalda müsabiqəni canlı izləmək üçün də həddindən artıq tamaşaçı istəyi var. 21 iştirakçının hər birinin gələcəyin yaxşı bir xanəndəsi ola biləcəyini düşünürük. Kim daha çox öz zərində çalışırsa, ona yüksək qiymət verərək, əziyyətini qiymətləndiririk. Bizim müsabiqədə SMS-dən istifadə olunmur. Ballar sənətkarlar tərəfindən canlı şəkildə verilir. Bundan öncəki müsabiqələrdə iştirak edən iştirakçılarımız hazırda sənət meydanında kifayət qədər tanınıb və öz sözlərini gözəl şəkildə deməyi bacarırlar. Muğam müsabiqəsinin keçirilməsində əsas rolu oynayan Heydər Əliyev Fondunun prezidenti, respublikanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Çünki muğamımızın beynəlxalq arenada tanımasında onun müstəsna rolu var. Onun muğama qayğısı təkcə bu müsabiqə ilə kifayətlənmir. Belə ki, paytaxtımız beynəlxalq muğam festivallarına ev sahibliyi edir”.
3 yaşından səhnədə olan, iştirak etdiyi bir çox müsabiqələrdə Qran-Pri mükafatı qazanan istedadlı xanəndə Bəyimxanım Vəliyeva bizimlə söhbətində müsabiqədə iştirak edən ifaçılara uğurlar arzuladı və müsabiqəni həvəslə dinlədiyini söylədi: “Beynəlxalq Muğam Festivalını, bu müsabiqələri özümüzü görüb, tanıyıb, dərk etmək, bir sözlə, kökümüzə qayıdış istiqamətində çox əhəmiyyətli hadisə kimi qiymətləndirirəm. Muğam ifaçıları üçün belə müsabiqələrin keçirilməsi yaxşıdır ki, yeni nəsil muğam ifaçıları meydana çıxır. İllər ötdükcə gənclərin muğam sənətinə diqqəti daha da artır. Bu isə çox sevindirici haldır. Bu da bizim qədim musiqimiz olan muğamın unudulmamağına dəlalət edir. Artıq müsabiqənin iki sayına tamaşa etdik. Çox maraqlı səslər var burada. Hesab edirəm ki, bu müsabiqədə də çox istedadlı gənclər üzə çıxarılacaq və onlar da gələcəkdə bizim qədim muğam sənətimizi layiqli şəkildə təmsil edə biləcəklər”.
“Hər oxuyan da Molla Pənah Vaqif olmur”
“Muğam müsabiqəsi 2007”nin qalibi Güllü Muradova muğam müsabiqəsinin onun həyatında dönüş nöqtəsi olduğunu söylədi. Onun sözlərinə görə, muğam müsabiqəsinə gəlişi zamanı artıq seçim turları bitibmiş: “Müsabiqəyə gəlişim çox maraqlı hadisə ilə başladı. Belə ki, müsabiqə üçün sənəd verəndə artıq seçim turları bitmişdi. Mən də dedim ki, hər ehtimala qarşı siz bu sənədləri götürün. Daha sonra mənə zəng edib dedilər ki, artıq siz müsabiqədən keçmisiniz, seçim turlarına gələ bilərsiniz. Çox təəccübləndim. Ondan sonra seçim turlarına getdim. Bir də onda baxdım ki, müsabiqənin qalibiyəm”.
Xanəndə muğam müsabiqəsinin onun həyatında dönüş nöqtəsi olduğunu qeyd etdi: “Muğam müsabiqəsi həyatımda çox şeyi dəyişdi və mənim dönüş mərhələm oldu, həyatımda çox böyük rol oynadı. O müsabiqədən sonra məşhurlaşdım. O zamana qədər iştirak etdiyim müsabiqələrdə bu səviyyəyə gəlib çıxmamışdım. Ümumiyyətlə, yaxşı muğam ifaçısı olmaq üçün ilk növbədə xanəndənin gözəl səsi olmalıdır. Səs olmayandan sonra yaxşı ifaçı olmaq qeyri-mümkündür. Səsdən sonra qəzəli, əruzu və muğamlarımızı bilmək, eyni zamanda, onu mənimsəmək lazımdır. Təbii ki, bunları öyrənib dayanmaqla nəyəsə nail olmaq mümkün deyil. Bunları daim istifadə etmək və zümzümə etmək lazımdır. Bütün bunlarla yanaşı, yaxşı xanəndə olmaq üçün insanda həvəs də çox vacib məsələdir. Bu gün gənclərin muğama marağı çox böyükdür. Əgər fikir vermisinizsə, son beş ildə əksər ifaçılar muğam ifa etməyə çalışırlar. Yəqin bu, dövlətin muğama olan qayğısının nəticəsidir ki, hər kəs bu sənətə belə həvəslidir. Amma onu da deyim ki, “Hər oxuyan da Molla Pənah Vaqif olmur””.
Gənclərə verilən töhfə
Musiqişünas Aybəniz Məmmədlinin sözlərinə görə, televiziya muğam müsabiqələrinin keçirilməsi ictimaiyyətin həyatında yeni bir səhifə açıb. Musiqişünas bildirdi ki, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqəsinə hər dəfə yenidən start veriləndə ictimaiyyət arasında xoş bir canlanma yaşanır: “Televiziya muğam müsabiqəsi 2005-ci ildən başlayaraq keçirilir. Bu müsabiqə ekranlara çıxdığı gündən Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edib. Azərbaycan musiqisinin təbliği sahəsində həyata keçirilən dövlət siyasətinin əsaslarından birini təşkil edən televiziya muğam müsabiqəsinin keçirilməsi sayəsində çoxlu sayda istedad üzə çıxarıldı. Hazırda “Mədəniyyət” kanalı vasitəsilə nümayiş olunan bu müsabiqənin əvvəlki saylarında elə gənc xanəndələr, milli alət ifaçıları-müşayiətçilər xalqımıza təqdim edilib ki, onların istedadı çox böyükdür. Bilirik ki, televiziya muğam müsabiqəsinin münsiflər heyətinə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Nadir Axundov və Sərdar Fərəcov daxildir. Bu insanların hər biri Azərbaycan muğamını dərindən duyub, bilən sənət adamlarıdır. Onların bu müsabiqələrdə seçdiyi gənclər milli musiqimizin gələcək sənətkarlarıdır. Müsabiqənin münsiflər heyəti üzvləri seçim üçün bölgələrə gedir. Əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılan seçim sayəsində gənc istedadlar bəlli olur. Burada bir nüansa xüsusi diqqət yetirməyinizi istəyirəm. Bilirik ki, Azərbaycanda hələ XX əsrin əvvəllərindən başlayaraq böyük sənətkarlar bölgə-bölgə gəzərək istedadlı uşaqları axtarıb tapır, onları musiqi sənətinə cəlb edirdilər. Bu məsələyə sovet dövründə də xüsusi diqqət yetirilirdi”.
A.Məmmədli muğam müsabiqələrinin ənənəvi xarakter daşıdığını söylədi: “Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Bu aylar ərzində bütün Azərbaycan xalqı muğam sənətini daha da dərindən dərk edə bildi. Artıq bu müsabiqə ənənəvi xarakter daşıyır. Əminəm ki, bundan sonrakı illərdə də bu müsabiqə keçiriləcək və beləliklə, muğam yaşayacaq, inkişaf edəcək”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər