• cümə, 29 Mart, 10:30
  • Baku Bakı 5°C

Öz məşğulluğunu qur və ailə biznesinə yiyələn - Fotolar

14.06.17 12:00 4782
Öz məşğulluğunu qur və ailə biznesinə yiyələn - Fotolar
Ailə müqəddəsdir. Əsrlərdən gələn ənənələrə görə, ailədaxili münasibətlər inam və güclü əlaqələrlə fərqlənir.Sahibkarlıq subyektlərinin yaradılması zamanı bir çoxları məhz ailə üzvlərini biznesə cəlb etməyə çalışır. Bu baxımdan, ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Avropa ölkələrində təsərrüfatların 70 faizdən çoxunu, Böyük Britaniyada 75 faizini, ABŞ-da 90 faizini, Avropa İttifaqı ölkələrində 85 faizini ailə biznesi şirkətləri təşkil edir. Nisbətən zəif də olsa, Rusiyada da ailə biznesi inkişaf edir. İspaniyada bazardakı təsərrüfatların təqribən 75 faizi ailə təsərrüfatlarıdır və onların ümumi daxili məhsulda payı 65 faizə çatır. Latın Amerikası ölkələrində ailə təsərrüfatları büdcə daxilolmalarnın 50 faizini təmin edir. Ailə biznesinin inkişafı nəticəsində dünya iqtisadiyyatına təsir edən "Rokfeller”, "Ford”, "Siemens”, "Adidas”, "Samsung Electronics” kimi maqnatlar meydana gəlib. Almaniyadakı bütün müəssisələrin 85 faizi ailə şirkətləri və təşkilatlarıdır. Bu şirkətlərdən ən böyüyü qəhvə satışı ilə məşğul olan "Dalmayr” şirkətidir. Günümüzdə ailə biznesi ilə məşğul olan ən varlı ailə ABŞ-dan olan Uolton ailəsidir. Ailə «Wal-Mart Stores» supermarketlər şəbəkəsinə sahibdir ki, bu şəbəkənin də tərkibinə 4440 supermarket daxildir. Ailə biznesi 1962-ci ildə qurulub və bugünkü günümüzdə onlara 217,8 milyard dollar qazandırır.
Özünüməşğulluğun Azərbaycan modeli
Dünyada geniş yayılan ailə biznesinin inkişafı üçün Azərbaycanda potensial böyükdür. Bu, təkcə istehsal sahələrinin genişliyi və əlçatan olması ilə deyil, həm də psixoloji amillərlə bağlıdır. İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, dövlət də ailə biznesinin inkişafında maraqlıdır:"Bu səbəbdən onun inkişafı üçün müvafiq qanunvericilik aktlarının qəbulunu gecikdirmir. Çünki, biznesin bu qolunun genişlənməsi əlavə xərc çəkmədən, əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Bürokratik qapıları döymədən evində, yaxud şəxsi mülkiyyətində olan torpağında işləyib, yaşayış üçün vəsait əldə etmək isə hamıya xoşdur. İndi "ASAN xidmət" şəbəkəsi də ailə biznesinin inkişafına qoşulub və bütün rəsmi sənədlərin tərtibi bu qurumda həyata keçirilməklə, əhalinin işi asanlaşdırılır. Hazırda ölkədə ictimai-iaşə və ticarət, habelə yeyinti sənayesi sahəsində ailə biznesi geniş yayılıb. Lakin bu, hələ potensialın kiçik bir hissəsi deməkdir. Xüsusilə, kənd təsərrüfatı sahəsində ailə biznesinin genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Ölkənin qarşısında duran hazırkı iqtisadi vəzifələr bunu tələb edir”. Məhz bu səbəbdən də Prezident İlham Əliyev 7 aprel 2016-cı ildə "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb.

Vətəndaş sahibkar olaraq özünü təmin etməklə...

Özünüməşğulluq proqramının əsas tərkib hissələrindən biri ünvanlı sosial yardımın mərhələli şəkildə dəyişdirilməsi və birbaşa iş yerlərinin yaradılmasına hesablanıb. Bu, ünvanlı sosial yardımın dayandırılması anlamına gəlmir. Sadəcə, prosesin düzgün qurulmasına ehtiyac var ki, ünvanlı sosial yardım alan vətəndaşlarımız bu proqramdan faydalana bilsinlər. Proqram imkan verir ki, büdcədən asılılıq aradan qaldırılsın, vətəndaş büdcə vəsaiti hesabına özünə iş qura bilsin. Nəticədə həm sahibkarların sayı artır, həm də ünvanlı sosial yardım alan, yoxsulluq həddində yaşayan vətəndaşların sahibkara çevrilməsinə şərait yaranır. Vətəndaş sahibkar olaraq özünü təmin etməklə, həm də yeni iş yerlərinin yaradılmasına səbəb olur. Ona görə də özünüməşğulluq proqramı çərçivəsində yoxsulluq həddində yaşayan və ünvanlı sosial yardım alan vətəndaşların sahibkarlıq təsərrüfatlarının dəstəklənməsi olduqca vacibdir. Mütəxəssislər hesab edir ki, özünüməşğulluq proqramının işlək hala gəlməsi üçün ilkin mərhələdə bir vətəndaşa 5 min manat vəsaitin təqdim edilməsi nəzərdə tutulsa da, gələcəkdə məbləğin 10 min manatadək artırılması mümkündür. Daha çox sosial yardım alan vətəndaşımızın prosesə cəlb edilməsilə proqram daha səmərəli inkişaf edəcək.
"Ailə Biznesinə Abad Dəstək” mərkəzləri və yeni ideyalar
Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində formalaşdırılan "ABAD” ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaq üçün geniş imkanlar yaradır. Pilot layihə çərçivəsində "ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılıb. Azərbaycanda "ABAD” publik hüquqi şəxsin yaradılması ailə təsərrüfatlarının hərtərəfli dəstəklənməsi məqsədi daşıyır. Biznes planların tərtib olunmasından başlayaraq, son məhsulun satışınadək və eyni zamanda, maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı göstərəcəyini nümayiş etdirir.
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib: "İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, "ASAN xidmət"lə bərabər yerli icra orqanları o kiçik konteynerlərdə nəzərdə tutulan istehsalat sahələrini insanlar arasında bölsünlər ki, bizdə ailə biznesi inkişaf etsin. İnkişaf etmiş ölkələrdə, xüsusilə kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının əsas hissəsi kiçik fermer təsərrüfatlarında yaradılır və ailə biznesi orada çox inkişaf edir. Bu, bizdə də olmalıdır".

"ABAD”çılar öz brendlərini yaradırlar
Məhz dövlət qayğısı nəticəsində "ABAD”çı ailələrin istehsal etdiyi məhsulların "bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı təşkil olunur. "ABAD” publik hüquqi şəxs ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. "ABAD” üzvlərindən olan Masallı rayonu Sərçuvar kənd sakini Məhərrəmov Yolbəyi "Çiçəkli" bal brendini yaradıb. Cökə, yonca, akasiya, müxtəlif dağ çiçəklərindən çəkilən bu bal özünəməxsus dadı ilə fərqlənir. "Çiçəkli” balı artıq "ABAD” sənətkarlıq mərkəzində satışdadır. "ABAD” publik hüquqi şəxs tərəfindən dəstək göstərilən Gəncə şəhər sakini Nağı Nağıyev də artıq öz məhsullarını satışa çıxardıb. Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi Nizami Gəncəvinin ecazkar Xəmsəsində istifadə etdiyi miniatürlər Nağı Nağıyevin hazırladığı keramika məhsulları üzərində canlandırılır. Nağıyevlər ailəsi Ailə Biznesinə Asan Dəstək konsepsiyası çərçivəsində məhsulların satışı və daşınması xidmətlərindən yararlanırlar. Bu məhsullar İçərişəhərdə yerləşən "ABAD” sənətkarlıq mərkəzində satışdadır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə "ABAD”ın Masallı və Balakən rayonlarında fəaliyyət göstərən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Bu monoblok-konteynerlərdə pendir, cem və mürəbbə məhsullarının istehsalı üçün bütöv istehsal xətti yaradılıb. Avadanlıqlar əvvəllər kustar üsulla ərsəyə gələn məhsulların, bütün standartlara cavab verən şəraitdə hazırlanmasına imkan verir. Bundan başqa, "ABAD”çı ailələrin istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işləri də həyata keçirilir.

"ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.

İndiyədək "ABAD” tərəfindən Masallı və Balakən rayonlarında 12 ailə təsərrüfatına monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Hazırda "ABAD”a müraciət etmiş digər ailə bizneslərinə müvafiq dəstək göstərilməsi istiqamətində işlər davam edir. Bu dəstəyin nəticəsi olaraq, Masallı rayonu Təklə kənd sakini Səmədağa Həmidov "ABAD” layihəsinə qoşularaq "Təklə” bal brendini, Astara rayonunun Miki kəndinin sakinləri olan Nəzirovlar "Şanlı” təbii bal brendini yaradıblar.
400 nəfərə yaxın işsiz və işaxtaran sahibkara çevrilib
"ABAD” həm də sağlamlıq imkanı məhdud insanlara dəstək göstərməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən nazir Səlim Müslümov bildirib ki, ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərin bir istiqaməti də ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəstəklənməsi, ailə biznesinin inkişafına geniş şərait yaradılmasıdır: "Dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması və 23 sentyabr 2016-cı il tarixli Fərmanla "ASAN xidmət” tabeliyində "ABAD” publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasını şərtləndirib. Özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları cari ilin fevral ayının ortalarında başa çatdırılaraq, onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatına başlanıb. Aprelin 1-nə qədər artıq 25 rayon üzrə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaları üçün aktivlərlə təmin olunub”.

Bu baxımdan demək olar ki, ailə təsərrüfatlarının inkişafı Azərbaycanda daha çox məşğulluğu artıracaq, büdcə daxilolmalarını diversifikasiya edərək yüksəldəcək. Bu da öz növbəsində əhalinin gəlirlərini artıracaq, ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayacaq. Ailə biznesinin inkişafını təmin edən əsas faktor sürətlilikdir. Ona görə də tələb olunan prosedurların ASAN-laşdırılması və "ASAN Xidmət” Mərkəzlərinin özünü yüksək səviyyədə doğrultması, insanların bu mərkəzlərə yüksək inamı, başlanğıcın uğurlu olmasını şərtləndirir.
Gülşən Raufqızı

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

banner

Oxşar Xəbərlər