AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Öz evində maska tikib təmənnasız paylayan kitabxanaçı - Örnək

Öz evində maska tikib təmənnasız paylayan kitabxanaçı - Örnək

Gənclik qəzeti
10 Aprel 2020, 12:00 1147

Sevil Mikayılova: "Bu bəla ilə mübarizədə yumruq kimi birləşməli və vətəndaş kimi səfərbər olmalıyıq”
 
Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusdan qorunmaq üçün ən çox tələb olunan vasitələrdən biri tibbi maskalardır. Bu günlərdə apteklərdə maska qıtlığı artıq hər kəsə məlumdur. Apteklər maskaların məhdud sayda gəldiyini və qısa müddətdə satıldığını deyirlər. Vəziyyəti düzəltmək, maskaya olan tələbatı qarşılamaq üçün dövlətin konkret planları olsa da, bəzi Azərbaycan qadınları ağır günlərdə ölkəyə, xalqına dəstək olmaq üçün təmənnasız işləyirlər. Karantin qaydalarına riayət edərək evdə qaldıqları müddətdə tibbi maskalar tikərək əhaliyə paylayırlar. O zəhmətkeş Azərbaycan qadınlarından biri də həmsöhbətimiz Sevil Mikayılovadır. O, pandemiyanın ilk günlərindən öz zəhməti ilə yaşadığı kəndin əhalisini maska ilə təmin edib. 

"Yumruq kimi birləşməliyik”
 
Müsahibimiz 1971-ci ildə İsmayıllı rayonunun İstisu kəndində anadan olub. Orta məktəbi bitirib, ailə qurub, lakin 3 ildən sonra yoldaşı rəhmətə gedib. Gənc yaşından dərziliklə iki uşağını böyütməyə çalışan həmsöhbətimiz Göyçay İdarəetmə Texnologiya kollecində ibtidai sinif müəllimliyini oxuyub. Dərziliklə yanaşı, 5 il laborant işlədikdən sonra 16 ildir ki, İstisu məktəbində kitabxanada işləyir. Ölkənin çətin günlərində də xalqına, millətinə dəstək olmaq üçün qollarını çırmalayıb və işə başlayıb: "Pandemiya ilə əlaqədar olaraq, dünya həyəcan siqnalı verir, vətəndaşlar maskasız gəzirdi. Bu bəla ilə mübarizədə yumruq kimi birləşməli və vətəndaş kimi səfərbər olmalıyıq. Hər kəs öz imkanları və bacarıqları ilə bu mübarizəyə qoşulmalıdır. Mənim də əlimdən maska tikmək gəlirdi”.

"O gündən təmənnasız maska paylayıram”

Həmsöhbətimiz kitabxana işi ilə bağlı kənddən rayon mərkəzinə tez-tez gedir. Deyir ki, rayonda maska çatışmazlığı, insanların maska tapa bilməmələri onu narahat edib: "Kənddə yaşasam da rayonla əlaqəmiz çox olur. Kitabxanaçılıq işi elədir ki, rayona tez-tez gedirik. Hər dəfə rayona gedəndə görürdüm ki, bəzi yerlərə insanları maskasız buraxmırlar. Məsələn, kənddən rayona banka gedirdik maskasız banka daxil olmağa icazə vermirdilər. Kənddən gedən kəndli də aptekdə maska olmadığı üçün ala bilmir, əsəbiləşirdi. Mən o gündən təmənnasız maska tikib paylayıram”.
 
 

"Kənd əhalisini 150 maska ilə təmin etdim”

Sevil xalanın tək problemi xammal problemidir. Parça satılan mağazalar bağlı olduğu üçün parça almaq çətindir. Parçanı, maska üçün lazım olan rezinləri özü alıb təmənnasız tikib paylayan həmsöhbətimiz deyir ki, kimin evində parça, rezin varsa, karantin müddəti bitənə qədər onlardan qaytarmaq şərtilə alır: "Karantin qaydalarına əsasən, mağazalar bağlandığı üçün parça tapmaqda çətinlik çəkirdim. Hər yerdə olduğu kimi təkcə ərzaq dükanları və apteklər açıqdır. Parça dükanında tanıdığım tanış adam var idi, ona zəng edib xahiş etdim ki, maska tikmək üçün mənə parça satsın. Ondan nə lazımdırsa, götürdüm və maskalar tikdim. Maskalarımı "whatsapp”da statusa qoydum ki, kimə lazımdırsa, götürsünlər. Hazırda kənd əhalisinə 150 maska ilə təmin etmişəm, indi əlimdə də 60 maska var, onun üçün də yazıblar. Kimin ehtiyac varsa, gəlib aparacaq”.

"Hər şeyi dövlətdən gözləmək olmaz”

Sevil xanım deyir ki, kitabxanaçı işləsə də, hələ də əvvəlki sənəti olan dərziliklə məşğul olur. Hazırda məhz maska tikmək üçün öz işlərini kənara qoyub, əməyini dövlətə yararlı olmaq üçün sərf edir. Heç bir qazancı yoxdur, üstəlik parça, rezin və digər ləvazimatları almaq üçün pul da xərcləyir: "Mən sənətimi sevir və işimi zövqlə edirəm. Bu xəstəlik yayılandan öz işlərimi kənara qoyub maska tikirəm. Yorulmuram, usanmıram. Çünki indiyə qədər məni dolandıran kənd camaatı olub. Onlar sifariş verib, mən tikib pul qazanmışam. Bu gün dünya xəstədir, xalqım çətin dövrdən keçir. Onlar vaxtında mənə pul qazandırıb, ruzi verib, indi mən də dövlətimə dəstək olmaq üçün əlimdən gələni edirəm. Bu mübarizədə hamımız həmrəy olmalı, xəstəliyin öhdəsindən gəlməliyik. Biz birlikdə güclüyük. Birlik olub kimin əlindən nə gəlirsə etməli, vəziyyətdən çıxmalıyıq. Dövlətimizin yanında olmağa borcluyuq. İndi elə bir dövrdür ki, hər şeyi dövlətdən gözləmək olmaz. Sosial məsuliyyət də olmalıdır. Kimin əlindən nə gəlirsə etməlidir. Sən birini verərsən, Allah sənə beşini yetirər. Bizim kənddə tək dərzi mənəm. Buna görə də əlimdən gələni etməyə hazıram. İndi 2 saatlıq getməyə icazəmiz var o da mənim rayona gedib gəlməyimə çatmaz. Rayona gedənlərdən xahiş etmişəm ki, ərzaq dükanlarına baxsınlar və mənə rezin alsınlar. Özüm də kənd əhalisindən xahiş edirəm ki, kimdə rezin varsa, mənə versin, mağazalar açılanda qaytaracağam. Sağ olsunlar hamı da dəstək olur”.

Həmsöhbətimiz deyir ki, hər bir yaradıcı insan koronavirusla mübarizəyə öz töhfəsini verə bilər: "Biz birlikdə güclüyük. "Evdə qal, sağlam qal” şüarı ilə sosial şəbəkədə maraqlı və yararlı paylaşımlar edirlər. Bunu hər birimiz edib, ətrafımızdakı insanları maarifləndirməliyik. Hər bir insan əgər istəsə, koronavirusla mübarizəyə öz töhfəsini verə bilər. Mən dərziyəm, əlimdən maska tikmək gəlir, sənin əlindən yardım etmək, maarifləndirmək yaxud evdə qalıb yoluxdurmamaq gələ bilər. Hər birimiz vəzifəmizi icra etməli, bu mübarizədə dövlətimizin yanında olmalıyıq”.
 


"Biz müharibə görmüş insanlarıq, bir olub, həmrəy olsaq...”

Həmsöhbətimiz deyir ki, bir olub, həmrəy olsaq, bu virus bizə heç nə edə bilməz: "Bəli, biz çox çətin vaxtlardan keçmişik. 1991-ci ildə təzə ailə qurmuşdum. Çox çətin vəziyyət idi. Müharibə, aclıq bizi sınayırdı. Onda da bütün xalq səfaləti gördü, müharibəni də, aclığı da. Amma birliyimiz, həmrəyliyimiz sayəsində hər şeyin öhdəsindən gəlmişik. Keçən əsrin 90-cı illərinin əvvəllərində də xəstəliklər yaranmışdı. Xəstəliklə yanaşı, aclıq və səfalətlə də mübarizə aparırdıq. Elə olurdu, günlərlə işıqsız, susuz qalırdıq. Evləri qızdırmaqda çətinlik çəkirdik. Bilmirdik ki, xəstəliklə mübarizə aparaq, yoxsa bu çətinliklərlə. Amma indi vəziyyətimiz başqadır. Yəni hər cür şəraiti olan  isti evimiz, ocağımız var. Ona görə də bütün insanlara, gənclərə səslənirəm ki, evdə qalaq. Bu da bir müharibədir. Düşmənimiz isə gözəgörünməz viruslardır. Onunla mübarizə aparmaq üçün həmrəy olmalı, tapşırıqlara əməl etməliyik”. 

Ev şəraitinə maska

Həmsöhbətimiz deyir ki, hər kəs ev şəraitində tibbi maska hazırlaya bilər: "Apteklərdə satılan tibbi maskalardan fərqli olaraq ev şəraitində düzəldilən tibbi maskalardan daha çox və davamlı istifadə etmək mümkündür. Ev şəraitində tibbi maska hazırlamaq üçün tənzif, steril digər parçanı bir neçə qat edərək üz quruluşuna uyğun və kip olmaq şərtilə tikmək mümkündür. Tənzif  həm nəfəs almaq üçün daha rahat, həm də Böyük Vətən Müharibəsi zamanı sınanmış vasitədir. Tənzifdən hazırlanan tibbi maskanı yumaq və bir neçə dəfə təkrar istifadə etmək mümkündür. Ev şəraitində hazırlanan tibbi maskanı adi qaynar su ilə yuyandan sonra da təkrar istifadə etmək olar. Eyni zamanda ev şəraitində satılanlardan fərqli olaraq üz quruluşunuza daha rahat olan tibbi maska hazırlaya bilərsiniz”.

"Hər gün 120 min tibbi maska istehsal edilir”

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və maskanın ciddi qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalı da satmaqdan imtina edirlər. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub. Artıq ölkəmizdə tibbi maska istehsalı müəssisəsinin təşkili işləri başa çatdırılıb və müəssisə fəaliyyətə başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb və ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. İstehsal prosesi 3 növbəlidir və İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir. Qeyd edək ki, istehsal olunan tibbi maskalar gələn həftə satışa çıxarılacaq.

Aygün ƏZİZ