• cümə axşamı, 28 mart, 19:40
  • Baku Bakı 13°C

Öz dünyasında yaşayan gözəl

28.02.14 09:17 1551
Öz dünyasında yaşayan gözəl
“Mənim öz dünyam var və mən öz dünyamda yaşayıram. Sizin dünyanızdan xəbərim yoxdur” - bu sözləri Türkiyənin məşhur, sevilən aktrisası Tuğba Büyüküstün deyib. Aktrisa “Kara para”adlanan yeni serial çəkilişlərinə başlayıb. Serialda Engin Akyürekin rəqibi rolunu canlandıran Tuğba əslində heç də işləmək istəmədiyini, ancaq işləmək məcburiyyətində qaldığını deyib.
Türkiyə mətbuatına müsahibə verən aktrisa açıqlamasında özündən danışmağı, hər sözündə “mən-mən” deməyi sevmədiyini bildirib. O, hər kəsin daha çox görünmək, gözə girmək üçün çalışdığı bir zəmanədə “Mənə sizin qanunlarınız keçməz” deyərək etirazını bildirib. Aktrisa məşhur aktyor Onur Saylakla evliliyindən və övladlarından da danışıb.
- Bizə öz həyat hekayənizi danışa bilərsiniz?

- Atam giritli, anam isə krımlıdır. Anam bankların birinin reklam bölümündə işləyirdi. Atam isə elektronika mühəndisidir. Belə olan halda, onlar mənimlə maraqlana bilmirdilər. Məni nənəm böyüdüb. Uşaqlığım təkbaşına keçib. Öz dünyasında xəyallar quran, sakit və dəymədüşər uşaq idim. Tanımadığım və güvənmədiyim insanlarla ünsiyyət qurmazdım. Elə hesab edirdim ki, heç kim məni başa düşmür. İbtidai sinfi Göztepe məktəbində oxudum. Sonra isə Doğuş Liseyində təhsilimi davam etdirdim. Mimar Sinan Universiteti isə həyatımın dönüş nöqtəsi oldu.
- Yəqin ki, məktəbin ən gözəl qızlarından idiniz?

- Heç zaman elə bir problemim olmayıb. Gözəllik mənim üçün o qədər də vacib deyil. Mənim problemim özümü anlamaq, içimdəki suallara cavab tapmaq idi. Hər gün özümə sual verirdim ki, mən kiməm? Həyatdan nə istəyirəm? Məndən nə çıxacaq? Həyat mənim üçün nə deməkdir? Eşq nədir?
- Bu suallara cavab tapa bildinizmi?

- Yavaş-yavaş suallarımı cavablaya bilirəm.
- Özünüzə necə bir gələcək arzulayırdınız?

- Əslində gələcəyə dair heç nə düşünmürdüm. Tomris Giritlioğlu məni reklama çəkdi və o da mənə böyük uğur gətirdi.
- Reklamda oynamağa necə qərar verdiniz?

- Bir gün dostumla Memar Sinanda dərzi salonu axtarırdıq. Bir də gördük ki, şəkil çəkirlər, mənim də şəklə qarşı allergiyam var. Heç zaman şəkil çəkdirməyi sevməmişəm. Bizə yaxınlaşıb, “Sizin də şəklinizi çəkə bilərikmi?” dedilər. Çox xahiş etdilər, onların sözünü yerə sala bilmədim. Sonradan öyrəndim ki, həmin şəkillər bir şirkətə gedib, onlar məni axtarıb tapdılar və beləcə, reklamlarda çəkilməyə başladım. “Molped”-in reklamında Hülya Avşara sual verən qızlardan biri idim.
- Uzun sürən dostluğun eşqlə bitməsi necə bir hissdir?

- Sonradan anlayırsan ki, eşq əslində hər zaman var imiş. Sadəcə, duyğularını dəqiqləşdirə bilmirsən. Onurun gözlərinə baxanda, mənə doğrudan da özümü yaxşı hiss etdirən insan olduğunu anlayıram. Onunla heç nə danışmağıma ehtiyac yoxdur, sadəcə gözlərinə baxmaq mənim üçün yetərlidir. Onun gözlərinə baxanda özümə deyirəm ki, hər şey yolundadır və sən çox gözəlsən.
- Evlilik qərarını necə verdiniz?

- Dörd-beş il idi ki, yaxın dost idik. Sonra sevgili olduq. İki ay onunla eyni evdə qaldım və daha sonra evlənmək qərarına gəldik...
- Bəs, Onur sizi evlənmək üçün necə inandıra bildi?

- Etmədi, əslində hər şey zamanla oldu. Heç vaxt bu qədər uzun müddət sevgili olub da evlənə bilməzdim. O, məni tanıyır. Uzun müddət sevgililik yaşasaydıq, buna alışacaq və evlənmək istəməyəcəkdim. Çünki güvəndiyim insandan başqası ilə ailə həyatı qura bilməzdim. Məndə bu barədə qorxu var idi. Əslində evlilik insanın özü üçün yaşamasından çıxması deməkdir. Özü üçün yaşamaq daha rahat və asandır.
- Evdə iki aktyor olanda nələr baş verir? Bir-birinizi televizorda izləyəndə müzakirələr edirsinizmi?

- Təbii ki, həyat yoldaşımla müzakirə edirik. Ancaq o, aktyor olmasaydı da, müzakirə olacaqdı. Hər kəs etdiyi işlə bağlı həyat yoldaşının münasibətini öyrənmək istəyər.
- Beş il bundan əvvəlki Tuba ilə indiki arasında fərq böyükdürmü?

- Beş il bundan əvvəl həyata, insanlara qarşı qapalı və çəkingən idim. İndi isə tamamilə dəyişmişəm. Yəni cəmiyyətə qarşı çox açıq bir insana çevrilmişəm. Həyat məni çox yumşaltdı. Qızlarımın da artıq iki yaşı var. Onlara baxanda çox təəccüblənirəm, qəribə hislər keçirirəm. Otuz bir yaşındayam, dünya gözəli iki övladım, çox sevdiyim bir həyat yoldaşım və xəyalımda canlandırdığım bir işim var. İnsan üçün bundan gözəl nə ola bilər ki.
- Həyat yoldaşınız Tuba Büyüküstün ilə evli olmaqdan yana çətinliklər çəkirmi?

- Yəqin ki, yox. Onun həyatda çətinlik çəkdiyi tək şey mənim həyata baxışımın fərqli olmasıdır. Hərdən “Allah eşqinə, Tuba, sən həyata haradan baxırsan” deyib məni anlamağa çalışır. Çünki mənim tamamilə bambaşqa bir dünyam var. Mən öz dünyamda yaşayıram.
- Qazandığınız pulları nəyə xərcləyirsiniz?

- Bir ildir ki, mən və ilyarımdır ki, Onur işləmir. Evləndik, ev qurduq, övlad dünyaya gətirdik. Gecə həyatına qatılmırıq. Çox darıxdırıcı bir ailəyik.
- Övladlarınız sizin üçün nə ifadə edir?

- Onlar mənim üçün hər şey deməkdir. Onlara cəmi yeddi ay Onurla birlikdə baxdıq. Heç bir işlə məşğul deyildik, ancaq dördümüz idik. Hər şey mükəmməl idi.
- Dünyaya yeni uşaq gətirəndə ona dayə tutmamışdınız?

- Xeyr! Heç bir yardım almadıq. Bilirəm ki, mənim bu sözüm insanlara çox qəribə gələcək. Amma biz sadəcə özümüz olmaq istədik. Onur, mən və yeni doğulmuş uşaqlarımız. Onları xəstəxanadan çıxardığımız gündən etibarən həyatımız dəyişdi və yeni macəramız başladı. Hər şey bizim üçün bir sınaq oldu. Amma biz sakit bir ata-anayıq və o sınağı da keçdik. Onur da mənə bu işdə çox kömək etdi. Əslində bizə qalsa işləmək istəmirik, qızlarımızla oturub xoşbəxt şəkildə yaşamaq bizim ən böyük arzumuzdu. Ancaq təəssüflər olsun ki, işləmək məcburiyyətindəyik. Biz hər şeyi övladları ilə birlikdə edən valideynlərik. Qızlarımın iki aylığından onları götürüb Parisə getdik. Hər kəs bizə “Siz dəlisiniz” dedi. “Uşaqdılar, evdə qalsınlar” kimi vərdişlərimiz yoxdur. Dostum mənə deyir ki, “kənardan sizi izləyərkən özümü heyvanlar aləminin bir ailəsini izləyirmiş kimi hiss edirəm”. Evdə oturanda uşaqlar başımıza çıxırlar. Biz nə isə edəndə onlar hər zaman yanımızda olurlar. Onlara heç nəyi qadağan etmirik.
- Hərdən işdən bezib “Kaş bu vaxtımı uşaqlarımla keçirəydim” deyirsinizmi?

- Bəli, hərdən olur. Amma analıq məni nə qədər özünə çəkirsə, aktrisalıq da elədir. Sənətimi də, uşaqlarımı da çox sevirəm.
- Sizcə, gözəlliyiniz məşhur olmağınızda önəmli və təməl rol oynayıbmı?

- Gözəl olduğumu bilirəm və bunu inkar etmirəm. Gözəl qadınlar çoxdur və hər şey gözəllik demək deyil. Gözəl olmağın ayrılıqda heç bir dəyəri yoxdur. Qadınlara məsləhət görərdim ki, bunun fərqinə varsınlar. Doğrudan da sadəcə gözəlliyimlə var olsaydım, ağıllı və bacarıqlı olmasaydım, cazibəm ağzımı açdığım an yox olardı.
- Aktrisalıq sizin üçün nə qədər önəmlidir?

- Mən insanın işinin onun özünü əks etdirdiyinə inanıram. Hər bir aktrisa öz roluna sahib çıxmalıdır. Çünki yaratdığı obraz onun özüdür.
- Serial təklifini qəbul edərkən heç tərəddüd etdinizmi?

- Etdim. Əslində seriala çəkilmək istəmirdim. Çünki serial insanın həyatını ondan alan bir şeydir. Ancaq bu layihə məni çox həyəcanlandırdı.
- Aktrisa olduqdan sonra özünüzdə dəyişikliklər hiss etdinizmi?

- Mən heç zaman dəyişmədim. İndi kiməm ki, özümü böyük, yekəxana hiss edim. Beş ildən sonra ola bilər ki, məni heç kim xatırlamasın da… İndi işimi sevərək edirəm, əlimdən gələni etməyə çalışıram ki, insanlar tərəfindən sevilim. Düşünürəm ki, insanlar özlərindən çox da razı olmasalar, daha yaxşı olar. Məşhurluq ömür boyu davam edə biləcək bir şey deyil.
- Beren Saatla aranızda rəqabət varmı?

- Elə bir şey yoxdur. Jurnalistlər haqqımda yazmağa bir şey tapmırlar, bunu şişirtməyə başlayırlar. Amma bu xəbərin içi boşdur.
- Ancaq tez-tez sizi müqayisə edirlər.

- Çəkildiyimiz seriallar nə məndən, nə Berendən ibarət deyil. Orada yüzlərlə aktyor çalışır. Bu onlara qarşı haqsızlıqdır.
- Berenle tanışsınızmı?

- Xeyr! Onunla heç bir yerdə rastlaşmamışam.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər