• cümə axşamı, 18 aprel, 11:30
  • Baku Bakı 12°C

Öz ardıcıllarını yetişdirən ustad

16.03.18 17:27 1240
Öz ardıcıllarını yetişdirən ustad
Azərbaycan milli mədəniyyətinin tərkib hissəsi olan muğamlarımız bu gün dünya musiqisində fərqli, özünəməxsus bu yer tutur. Belə bir əsrarəngiz musiqini isə üçlü ifada-xanəndə, tar və kamança birgə ifaçılığından kənarda görmək mümkün deyil. Bu üçlüyün əsas tərkib hissəsi olan tar ifaçılığının Azərbaycan mədəniyyətində hər zaman özünəməxsus yeri olub. Tarixə nəzər salsaq görərik ki, müxtəlif dövrlərdə ayrı-ayrı mənbələrdə bu musiqi aləti haqqında qeydlər var. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Mirzə Sadıq Əsəd oğlu - Sadıqcannın tarı təkmilləşdirərək, onu virtuoz musiqi alətlərinin səviyyəsinə çatdırması bu musiqi alətini daha da məşhurlaşdırdı. Tar ifaçılığında Qarabağdan başlanan bu yeni yol daha sonra Azərbaycan musiqi mədəniyyətinə neçə-neçə məşhur tarzənlər bəxş etdi. Bu sənətkarlar həm də zaman-zaman öz ardıcıllarını yetişdiriblər. Onlardan biri də korifey sənətkar, Xalq artisti, tarzən Ramiz Quliyevdir. Professor R.Quliyev müxtəlif vaxtlarda öz yurd-yuvalarından didərgin düşən musiqi məktəblərinin müəllimlərinin təcrübələrinin artırılmasında yaxından dəstək olur. Bu günlərdə uşaq musiqi məktəblərinin müəllimləri yenidən tanınmış tarzən R.Quliyevin təcrübə dərslərində olublar. Müəllimlər tədris zamanı qarşılaşdıqları problemlərlə bağlı ustaddan məsləhətlər alıblar. Görüş zamanı Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Amil Məmmədov onlara yaratdığı bu şəraitə görə R.Quliyevə minnətdarlığını bildirib. Daha sonra Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbinin 4-cü sinif şagirdi Əkbər Məmmədovun tarda ifası dinlənilib. Onun müəllimi A.Məmmədovdan öyrəndiyi ifa tərzi R.Quliyev və təcrübə iştirakçıları tərəfindən qiymətləndirilib. Ustad sənətkar tarda öz ifası ilə bərabər, həm də Ə.Məmmədova tövsiyələrini verib. O eyni zamanda istedadlı şagirdlərin uğurlarını dilə gətirib. Onu da qeyd edək ki, professor R.Quliyev məcburi köçkün gəncləri arasında tar ifaçılığının geniş yayılmasında, o cümlədən istedadlı tarzənlərin yetişməsinə xüsusi diqqət və qayğı göstərir.


banner

Oxşar Xəbərlər