• cümə axşamı, 28 mart, 19:46
  • Baku Bakı 13°C

Yüz minlərlə insana töhfə

18.10.16 12:50 4710
Yüz minlərlə insana töhfə
İlqar Məlikov Abşeron rayonu Qobu qəsəbəsinin sakinidir. O, 2010-cu ildə bu qəsəbədə özünə həyətyanı torpaq sahəsi alıb, özünə fərdi həyət evi tikdirib və həmin vaxtdan etibarən ailəsi ilə birlikdə burada yaşayır. Torpağın əvvəlki sahibi ilə notarial qaydada müqavilə bağlayıb alqı-satqı etməsinə, ardınca isə üzərində tikinti apardığı torpağı öz adına rəsmiləşdirməsinə rəğmən, hüquqi baxımdan bu günə qədər öz mülkiyyətinin sahibi ola bilməyib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisindəki müvafiq idarəsindən ona bildiriblər ki, bütövlükdə əmlaka çıxarış və texniki pasport almaq üçün sadəcə alqı-satqı müqaviləsi, torpağın çıxarış və texniki pasportu yetərli deyil. Bunun üçün tikilən evin icra hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəsi, icra hakimiyyəti başçısının imzası ilə tikintinin aparılmasına dair razılıq sənədi, həmçinin tikinti başa çatandan sonra icra hakimiyyəti tərəfindən verilmiş istismar aktı da reyestr xidmətinə təqdim olunmalıdır. İ.Məlikov qeyd olunan sənədləri hazırlamaq üçün rayon icra hakimiyyətinə müraciət edəndə isə buradan bildiriblər ki, vaxtilə tikinti aparılanda icra hakimiyyəti ilə hər hansı sənədləşmə işi aparılmadığından, hazırda yaşadığı ev qanunsuz tikili sayılır. Beləliklə də İ.Məlikov sadə dillə desək, bir ətək pul verib aldığı evi bu günə qədər öz adına rəsmiləşdirə bilməyib, mülkiyyətinin tamhüquqlu sahibi olmayıb. Son nəticədə o, məmur süründürməçiliyindən, lazımsız get-gəllərdən, qanunsuz pul tələblərindən bezərək, yaşadığı evi öz adına rəsmiləşdirməkdən biryolluq imtina edib, necə olur-olsun deyərək, hər şeyi zamanın axarına buraxıb.

Təəssüflə qeyd etmək lazımdır ki, hüquqi bilgilərin olmaması, əvvəlcədən düzgün sənədləşmə işinin aparılmaması, məmur süründürməçiliyi, bir sıra hallarda isə bəzi işbazların fırıldaqları nəticəsində İ.Məlikov kimi çoxsaylı vətəndaşlar eyni problemdən indiyə qədər əziyyət çəkib. Lakin Milli Məclisin ötən cümə keçirilən plenar iclasında millət vəkillərinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsini qəbul etməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda İ.Məlikov kimi vətəndaşlar üzləşdiyi problemi asanlıqla həll edə biləcəklər. Belə ki, qeyd edilən qanuna edilən dəyişikliklərə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq. Qanuna edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq. Sadə dillə desək, 2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, vətəndaş-məmur münasibətlərində bütün bürokratik əngəllərin aradan qaldırılmasına dair ölkə başçısı tərəfindən müəyyən edilmiş kurs bu gün çox uğurla aparılır. Onun fikrincə, bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi parlament tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri də göstərmək olar. İqtisadçı ekspert deyib ki, vətəndaşlar tərəfindən məmnunluqla qarşılanan bu dəyişiklik 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə yerləşən və hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı prosedurunu kifayət qədər sadələşdirməyi nəzərdə tutur: "Dəyişiklikdən sonra belə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, eyni zamanda yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq. Əmlakına mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəyən insanlar bu qərarın qəbulundan çox məmun qalacaqlar. Son vaxtlar Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş və ölkə iqtisadiyyatının sürətli inkişafını nəzərdə tutan qərarlara, qanunlarda edilmiş dəyişikliklərə bir qədər dərindən nəzər salınarsa, bu addımların hər birində başlıca hədəflərin iş adamlarının fəaliyyət meydanını daha da münbitləşdırməkdən və hər hansı bir məsələnin həlli zamanı vətəndaşların qarşısına çıxan bürokratik əngəlləri aradan qaldırmaqdan ibarət olduğu tam aydın olar”.

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri, ekspert Ramil Osmanlı da qəzetimizə açıqlamasında bildirib ki, qanunvericiliyə edilmiş son dəyişikliklər qüvvəyə minəndən sonra 2013-cü ilin yanvar ayının 1-ə qədər öz torpağında məlumatlandırma icraatı qaydasında heç bir razılaşdırma aparmadan, yaxud məlumat verilmədən fərdi yaşayış evləri tikmiş şəxslərin işləri xeyli asanlaşacaq: "2013-cü ilə qədər, elə ondan sonra da vətəndaşlar öz torpağında, yəni çıxarış və texniki pasportu onun adına olan ərazilərdə evlər tikdiriblər. Bu fərdi həyət evlərinin bəzilərinin müxtəlif səbəblərdən sənədləri tam qaydasında deyil. Ya vətəndaşın məlumatsızlığından, ya özünün marağının olmamasından, yaxud da əlavə sənəd düzəldib xərcə düşmək istəməməsindən irəli gələrək belə situasiya yaranıb. Vətəndaş elə qəbul edib ki, torpağın sənədləri varsa, orada istədiyi tikinti işini apara bilər və sair. Halbuki bu tikinti üçün layihələndirmə işləri aparılmalı, orada texniki şərtlər göstərilməli və bunun kimi bir sıra hüquqi məsələlər həllini tapmalı idi. Bütün bunlar zamanında görülmədiyindən sonradan vətəndaş tikdiyi daşınmaz əmlakı sənədləşdirmək istəyəndə müəyyən problemlərlə üzləşirdi. Ən yaxşı halda vətəndaş əvvəlcədən keçməli olduğu prosedurları indi yenidən keçməli idi. Ancaq parlamentdə qanuna edilən son dəyişiklik qüvvəyə minəndən sonra vətəndaşın əlində torpağın ona aid olduğunu sübut edən çıxarış və texniki pasport yetərli olacaq ki, həmin şəxs öz əmlakını sənədləşdirsin, hüquqi baxımdan bütünlükdə mülkiyyətinin sahibinə çevrilsin”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadədə bildirib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna Milli Məclisdə edilən dəyişiklik yüz minlərlə insana sevinc gətirəcək: "Əgər hansısa vətəndaş özünə məxsus torpaq sahəsində hər hansı layihə əsasında, müvafiq sənədləşdirmə işi aparmadan 2013-cü ilə qədər fərdi həyət evi tikibsə, hazırda da orada yaşayırsa, sözsüz ki, o, bu vaxta qədər kommunal xərclərə görə ödənişlər edib. Bu baxımdan, evin çıxarışı yoxdursa, həmin vətəndaş sadəcə özünə məxsus olan torpağın çıxarışını və kommunal xərclərə görə ödədiyi ödənişlərin qəbzlərini təqdim etməklə evinə dövlət reyestrindən çıxarış ala biləcək. 2013-cü ilə qədər həmin vətəndaşın su, işıq, qaz pulu ödədiyi qəbzlər bu mənada sübut sayıla bilər. Amma burada sual verilə bilər ki, nə üçün məhz 2013-cü ilə qədər tikilən evlərə bu şamil olunacaq? Məlumat üçün bildirim ki, məhz 2013-cü ildən sonra Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunub. Həmin məcəllədə qaydalar dəyişdirilib. Həmin Məcəllədə şəhərin abadlığı, təhlükəsizliyi və sair tədbirlər nəzərə alınıb. Orada göstərilənlərə riayət etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Ona görə də bu Məcəllə qəbul olunandan sonra qanunazidd əməllərə yol verməklə aparılan tikintilərə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklər şamil edilməyəcək. Ancaq Məcəllə qəbul olunana qədər, daha konkretləşdirsək, 2013-cü ilə qədər olan boşluqda kimlərsə tikinti aparıblarsa, tikinti aparılan torpaq üzərində vətəndaşın istifadə və icarə hüququ varsa, həmin evlərin hamısı dövlət reyestrində qeydiyyata alınacaq, onlara çıxarış veriləcək. Bundan minlərlə, yüz minlərlə insanlar bəhrələnəcəklər. Halbuki 2013-cü ilə qədər bu yolla tikilən evlərin taleyi açıq idi. Prezident İlham Əliyev də bu məsələyə hələ bir neçə il öncə münasibət bildirmişdi. Bu baxımdan parlamentin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna etdiyi dəyişiklik yüz minlərlə insana sevinc gətirəcək”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər