Yüz minlərlə insana töhfə
İlqar
Məlikov Abşeron rayonu Qobu qəsəbəsinin sakinidir. O, 2010-cu ildə bu qəsəbədə
özünə həyətyanı torpaq sahəsi alıb, özünə fərdi həyət evi tikdirib və həmin
vaxtdan etibarən ailəsi ilə birlikdə burada yaşayır. Torpağın əvvəlki sahibi ilə
notarial qaydada müqavilə bağlayıb alqı-satqı etməsinə, ardınca isə üzərində
tikinti apardığı torpağı öz adına rəsmiləşdirməsinə rəğmən, hüquqi baxımdan bu
günə qədər öz mülkiyyətinin sahibi ola bilməyib. Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin Abşeron rayonu ərazisindəki müvafiq idarəsindən ona
bildiriblər ki, bütövlükdə əmlaka çıxarış və texniki pasport almaq üçün sadəcə
alqı-satqı müqaviləsi, torpağın çıxarış və texniki pasportu yetərli deyil.
Bunun üçün tikilən evin icra hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəsi, icra
hakimiyyəti başçısının imzası ilə tikintinin aparılmasına dair razılıq sənədi,
həmçinin tikinti başa çatandan sonra icra hakimiyyəti tərəfindən verilmiş
istismar aktı da reyestr xidmətinə təqdim olunmalıdır. İ.Məlikov qeyd olunan
sənədləri hazırlamaq üçün rayon icra hakimiyyətinə müraciət edəndə isə buradan
bildiriblər ki, vaxtilə tikinti aparılanda icra hakimiyyəti ilə hər hansı
sənədləşmə işi aparılmadığından, hazırda
yaşadığı ev qanunsuz tikili sayılır. Beləliklə də İ.Məlikov sadə dillə
desək, bir ətək pul verib aldığı evi bu günə qədər öz adına rəsmiləşdirə
bilməyib, mülkiyyətinin tamhüquqlu sahibi olmayıb. Son nəticədə o, məmur
süründürməçiliyindən, lazımsız get-gəllərdən, qanunsuz pul tələblərindən
bezərək, yaşadığı evi öz adına rəsmiləşdirməkdən biryolluq imtina edib, necə olur-olsun
deyərək, hər şeyi zamanın axarına buraxıb.
Təəssüflə
qeyd etmək lazımdır ki, hüquqi bilgilərin olmaması, əvvəlcədən düzgün
sənədləşmə işinin aparılmaması, məmur süründürməçiliyi, bir sıra hallarda isə
bəzi işbazların fırıldaqları nəticəsində İ.Məlikov kimi çoxsaylı vətəndaşlar
eyni problemdən indiyə qədər əziyyət çəkib. Lakin Milli Məclisin ötən cümə
keçirilən plenar iclasında millət vəkillərinin "Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” qanun layihəsini qəbul etməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda
İ.Məlikov kimi vətəndaşlar üzləşdiyi problemi asanlıqla həll edə biləcəklər.
Belə ki, qeyd edilən qanuna edilən dəyişikliklərə əsasən, icarədə və ya
istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış
evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin
istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət
qeydiyyatına alınacaq. Qanuna edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü
ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış
evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində
yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız
torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq.
Sadə dillə desək, 2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi
yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən
sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək.
Mövzu
ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən "Ekonomiks”
Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru,
professor Fikrət Yusifov deyib ki, vətəndaş-məmur münasibətlərində bütün
bürokratik əngəllərin aradan qaldırılmasına dair ölkə başçısı tərəfindən
müəyyən edilmiş kurs bu gün çox uğurla aparılır. Onun fikrincə, bu sahədə həyata
keçirilən tədbirlərin davamı kimi parlament tərəfindən "Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri də
göstərmək olar. İqtisadçı ekspert deyib ki, vətəndaşlar tərəfindən məmnunluqla
qarşılanan bu dəyişiklik 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə
yerləşən və hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı
prosedurunu kifayət qədər sadələşdirməyi nəzərdə tutur: "Dəyişiklikdən sonra
belə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
eyni zamanda yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və
yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə, daşınmaz əmlak üzərində
hüquqlar dövlət qeydiyyatına alınacaq. Əmlakına mülkiyyət hüququnu təsdiq edən
sənəd almaq istəyən insanlar bu qərarın qəbulundan çox məmun qalacaqlar. Son
vaxtlar Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş və ölkə
iqtisadiyyatının sürətli inkişafını nəzərdə tutan qərarlara, qanunlarda edilmiş
dəyişikliklərə bir qədər dərindən nəzər salınarsa, bu addımların hər birində
başlıca hədəflərin iş adamlarının fəaliyyət meydanını daha da
münbitləşdırməkdən və hər hansı bir məsələnin həlli zamanı vətəndaşların
qarşısına çıxan bürokratik əngəlləri aradan qaldırmaqdan ibarət olduğu tam aydın
olar”.
"Əmlak Bazarı İştirakçıları” İctimai
Birliyinin sədri, ekspert Ramil Osmanlı da qəzetimizə
açıqlamasında bildirib ki, qanunvericiliyə edilmiş son dəyişikliklər qüvvəyə
minəndən sonra 2013-cü ilin yanvar ayının 1-ə qədər öz torpağında məlumatlandırma
icraatı qaydasında heç bir razılaşdırma aparmadan, yaxud məlumat verilmədən
fərdi yaşayış evləri tikmiş şəxslərin işləri xeyli asanlaşacaq: "2013-cü ilə
qədər, elə ondan sonra da vətəndaşlar öz torpağında, yəni çıxarış və texniki
pasportu onun adına olan ərazilərdə evlər tikdiriblər. Bu fərdi həyət evlərinin
bəzilərinin müxtəlif səbəblərdən sənədləri tam qaydasında deyil. Ya vətəndaşın
məlumatsızlığından, ya özünün marağının olmamasından, yaxud da əlavə sənəd
düzəldib xərcə düşmək istəməməsindən irəli gələrək belə situasiya yaranıb.
Vətəndaş elə qəbul edib ki, torpağın sənədləri varsa, orada istədiyi tikinti
işini apara bilər və sair. Halbuki bu tikinti üçün layihələndirmə işləri
aparılmalı, orada texniki şərtlər göstərilməli və bunun kimi bir sıra hüquqi
məsələlər həllini tapmalı idi. Bütün bunlar zamanında görülmədiyindən sonradan
vətəndaş tikdiyi daşınmaz əmlakı sənədləşdirmək istəyəndə müəyyən problemlərlə
üzləşirdi. Ən yaxşı halda vətəndaş əvvəlcədən keçməli olduğu prosedurları indi
yenidən keçməli idi. Ancaq parlamentdə qanuna edilən son dəyişiklik qüvvəyə
minəndən sonra vətəndaşın əlində torpağın ona aid olduğunu sübut edən çıxarış
və texniki pasport yetərli olacaq ki, həmin şəxs öz əmlakını sənədləşdirsin,
hüquqi baxımdan bütünlükdə mülkiyyətinin sahibinə çevrilsin”.
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadədə bildirib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna Milli
Məclisdə edilən dəyişiklik yüz minlərlə insana sevinc gətirəcək: "Əgər hansısa
vətəndaş özünə məxsus torpaq sahəsində hər hansı layihə əsasında, müvafiq
sənədləşdirmə işi aparmadan 2013-cü ilə
qədər fərdi həyət evi tikibsə, hazırda da orada yaşayırsa, sözsüz ki, o, bu
vaxta qədər kommunal xərclərə görə ödənişlər edib. Bu baxımdan, evin çıxarışı
yoxdursa, həmin vətəndaş sadəcə özünə məxsus olan torpağın çıxarışını və
kommunal xərclərə görə ödədiyi ödənişlərin qəbzlərini təqdim etməklə evinə
dövlət reyestrindən çıxarış ala biləcək. 2013-cü ilə qədər həmin vətəndaşın su,
işıq, qaz pulu ödədiyi qəbzlər bu mənada sübut sayıla bilər. Amma burada sual
verilə bilər ki, nə üçün məhz 2013-cü ilə qədər tikilən evlərə bu şamil
olunacaq? Məlumat üçün bildirim ki, məhz 2013-cü ildən sonra Şəhərsalma və Tikinti
Məcəlləsi qəbul olunub. Həmin məcəllədə qaydalar dəyişdirilib. Həmin Məcəllədə
şəhərin abadlığı, təhlükəsizliyi və sair tədbirlər nəzərə alınıb. Orada
göstərilənlərə riayət etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Ona görə də
bu Məcəllə qəbul olunandan sonra qanunazidd əməllərə yol verməklə aparılan
tikintilərə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən
dəyişikliklər şamil edilməyəcək. Ancaq Məcəllə qəbul olunana qədər, daha
konkretləşdirsək, 2013-cü ilə qədər olan boşluqda kimlərsə tikinti aparıblarsa,
tikinti aparılan torpaq üzərində vətəndaşın istifadə və icarə hüququ varsa,
həmin evlərin hamısı dövlət reyestrində qeydiyyata alınacaq, onlara çıxarış
veriləcək. Bundan minlərlə, yüz minlərlə insanlar bəhrələnəcəklər. Halbuki
2013-cü ilə qədər bu yolla tikilən evlərin taleyi açıq idi. Prezident İlham
Əliyev də bu məsələyə hələ bir neçə il öncə münasibət bildirmişdi. Bu baxımdan
parlamentin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna etdiyi
dəyişiklik yüz minlərlə insana sevinc gətirəcək”.
Rufik İSMAYILOV