• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

“Yuyunmayan” dahilər - FOTOREPORTAJ

14.08.21 11:00 1253
“Yuyunmayan” dahilər - FOTOREPORTAJ
Və ya Cəfər Cabbarlı adına göyərçin ferması
28 May metrostansiyasının qarşısındayıq. Şəhərin ən qaynar nöqtələrindən biridir. Telefon zəngi eşidilir.
-Alo, heykəlin yanında gözləyirəm. Metrodan çıxan kimi heykəl var e, orada... Yaxınlaşıb kimin heykəli olduğunu soruşuram. Cavab təəssüfləndiricidir.
- Xanım, dəqiq bilmirəm, yəqin ki, üzərində yazılıb, yaxınlaşıb oxuyun...
Heykəlin adını belə bilmir. Eləcə, Heykəl...

Quşlarla mübarizədə aciz qalan sənətkar...
Azərbaycanın görkəmli dramaturqu, yazıçı-şair Cəfər Cabbarlının abidəsinin önünə gəlirəm. Əlini qoynuna qoyub, təmizlənəcəyi günü gözləyir. Cəmi 37 illik ömründə millətini zülmətdən qurtarmaq istəyi ilə çırpınmışdı. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna rolu olan dahimizin heykəli bu gün göyərçin yuvasına çevrilib. Bəlkə də dili olsa idi, onun narazılığı qarşısında lal olardıq. Heykəl bütünlüklə quş nəcisi içindədir. Göyərçinlərin suyu, yeməkləri heykəlin ətrafında düzülüb. Antisanitariya vəziyyəti hökm sürür. Quşların istirahət məkanları isə Cəfər Cabbarlının qoynu, qolu, çiyinləridir. Hiss olunur ki, heykəl uzun müddətdir ki, təmizlənmir. Heykəlin başından axan quş nəcisi çiyinlərinə tökülüb. "Cahanda yox elə bir qüvvə, baş əyim ona mən” söyləyən Cabbarlı, quşlarla səssiz mübarizədə aciz qalıb.

Göyərçinəmi müraciət edək?
Bizim göyərçinlərlə "düşmənçiliyimiz” yoxdur. O, quşdur, qidalanır, ətrafa pozitivlik yayır. Hər bir heyvana qayğı göstərmək mənəvi borcumuzdur. Amma aidiyyəti qurumlar bilirsə ki, orada göyərçinlər olur... Nə üçün təmizlik işlərini mütəmadi aparmırlar? Biz göyərçinəmi deməliyik ki, heykəli kirlətmə?

Təmizlənmir ki, təmizlənmir...
Bəstəkar Üzeyir Hacıbəyovun Musiqi Akademiyasının qarşısında qoyulmuş 61 yaşlı abidəsinin önünə gəlirik. Yaradıcılığı ilə dünyaya səs salan dahimiz əzəmətli baxışları ilə ətrafı seyr edir. O heykəl də təmizlənəcəyi günü gözləyir. Cəfər Cabbarlının heykəlindən tək fərqi odur ki, burada quşlar yuva salmayıb, ziyarət edib, gedirlər. Amma "işlərini” də görürlər. Vaxtlı-vaxtında təmizlənmir ki, təmizlənmir...

Heykəli təmiz saxlanılan dahi
Üz tuturuq Bülbülün heykəlinə... Tər-təmizdir. Ya buranı göyərçinlər ziyarət etmir, ya da vaxtlı-vaxtında təmizlənir. Bülbüllə Üzeyir Hacıbəyovun heykəlləri arasındakı məsafə o qədər də çox deyil. Deməli, heykəli təmiz saxlamaq olarmış. Bəs nə üçün heykəlin biri təmizlənir, digərinə tərk edilən abidə kimi yanaşılır?

Əlini qoynuna qoymaz, göyə qaldırardı...
"Ayrılarmı könül candan, Azərbaycan” deyən Səməd Vurğun ürəyini tutub dayanıb. Amma Cəfər Cabbarlının heykəlini görmək imkanı olsaydı, bəlkə də, vəziyyətinə şükür edərdi. Əlini qoynuna qoymaz, göyə qaldırardı...

Cahana sığmayan Nəsimi də quşların istilasına məruz qalıb. Əmmaməsindən çiyninə axan quş nəcisi günəş işığında parıldayır. Budurmu bizim mədəniyyətimizə, ədəbiyyatımıza, ziyalılarımıza olan hörmətimiz? Dahilərin heykəlləri nə üçün vaxtında təmizlənmir?

"Təəssüf edirəm”
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı heykəllərin belə vəziyyətdə olmasından dərin təəssüf hissi keçirdiyini bildirdi "Kaspi”yə: "Dahi mütəfəkkirlərin abidələrinin bu vəziyyəti onlara edilən ən böyük hörmətsizlikdir. Aidiyyəti qurumlar bunu nəzarətdə saxlamalı, heykəllərin təmizliyi ilə mütəmadi məşğul olmalıdır”.

Şair heykəllərinin boynu bükülü...
Millət vəkili heykəllərlə bağlı yazdığı şerindən sitat gətirdi: "Bakı meydanlarında, Şair heykəllərinin boynu bükülüdür”. Bu, çox acınacaqlı haldır. Paytaxtda ucaldılan heykəllər baxımsız vəziyyətdədir. Dəyərli şəxsiyyətlərin özləri haqq dünyasına qovuşsalar da, heykəllərinin diqqət və qayğımıza daim ehtiyacı var. Onlar Azərbaycan mədəniyyətinə, tarixinə iz atan şəxsiyyətlərdir. Nə üçün gənc nəslin yaddaşına çirkli abidələr kimi həkk olunmalıdırlar? Bu heykəllər yuxarıdan aşağı baxa bilsələr, yəqin ki, üst-başlarının çirkindən utanardılar. Görkəmli şəxsiyyətlərin abidələrinə hörmət edilməli, daim təmiz saxlanılmalıdır”.

Nazirlik "bizlik deyil” deyir
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, heykəllərin təmizlənməsi, yuyulması yerli icra hakimiyyətlərinin nəzdində Mənzil Kommunal Təsərrüfat birliyinin fəaliyyət sahəsinə aiddir.

"Heykəllər hava şəraitinə uyğun təmizlənir”
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Baş mühəndis Füzuli Məmmədov deyir ki, heykəllər hava şəraitinə uyğun olaraq təmizlənir: "Hava çox küləkli və yağışlıdırsa, təbii ki, tez-tez yuyulur. Amma yağış yağmır, külək çox deyilsə, ayda bir dəfə yuyulur”.

"Heykəl təmizdir”
Cəfər Cabbarlının heykəlinin təmizlənməsinə məsul olan 17 saylı Mənzil-Kommunal İstismar Sahəsindən isə bildirdilər ki, heykəl qısa müddət öncə təmizlənib: "Biz heykəlləri ayda bir dəfə təmizləyirik. Cəfər Cabbarlının heykəli isə yeni təmizlənib. Amma quş nəcisi turşu kimi olduğu üçün ləkə salır və "yandırır”. Əslində heykəl təmizdir, sadəcə, ləkələr elə göstərir”.

Kimdir müqəssir? Təbii ki, "göyərçinlər”... Tez-tez təmizlənən heykəlləri "utanmadan” batırırlar... Yəqin ki, adına heykəl qoyulan, əbədiləşdirilən dahilərimiz sağ olsaydılar, mütləq bununla bağlı əsər ərsəyə gətirərdilər.
Aygün ƏZİZ
FOTO: Firudin Səlimov / Global Media Group

banner

Oxşar Xəbərlər