• cümə, 19 Aprel, 09:04
  • Baku Bakı 13°C

Yuxuma girən lalə talası

15.05.19 11:30 1074
Yuxuma girən lalə talası
Elə bu günlər idi. Bir neçə yoldaş istirahət və bayram günlərində harasa getmək fikrinə düşdük. Seçim müxtəlif idi. Birimiz Dərbəndə, o birimiz Təbrizə, digərimiz Tiflisə, başqa birimiz isə yaxına - Lahıca getmək istədiyini söylədi. Həmrəylik üçün demokratik seçim elədik və məlum oldu ki, yolumuz qədim Tiflisədir. Gürcülərin sözü ilə desək, Tbilisiyə.
Daha kimsənin "mıkk" eyləyəcək fürsəti qalmadı.
Cibimizi qurdaladıq, hərə imkanı olanını qoydu ortaya. Əlinin nuh əyyamından qalan "Mersedes"ni "kirayə" elədik. Onu da deyim ki, avtomobil barədə söhbət düşəndə o, deyir ki, dünyada ikicə maşın var, biri "Mersedes"dir, o biri də yerdə qalanlar.
Xatirələrə bulaşmış narın yağış yağırdı...
Bakıdan gecəyarı yola çıxdıq. Narın yağış yağırdı. Şəhərin küçə işıqları isə elə bil mürgü vururdular. Arabir yanımızdan ötüb keçən avtomobillərin təkərləri şırıltıya bənzər xoş bir səs çıxarır, arxa işıqları hərəkət edən lalələrə bənzəyirdilər. Gündüzü arı pətəyinə bənzər bu şəhərin gecələri mənim çox xoşuma gəlir. Yeniyetməliyimi və gəncliyimi yaşadığım Bakının təqribən qırx illik görüntüləri ürəyimdə əski kino lenti kimi yaşayır. Bu barədə mən saatlarla danışar, hər hansı məhəllənin bir vaxtlar necə olduğunu təsvir edə bilərəm. Bakı paytaxtımız olmaqdan başqa, mənim tale şəhərimdi...
Birdən Əli dedi:
- Nə olub, gəmilərin batıb, belə birtəhərsən ey...
Mən həmişəki əda ilə:
- Yaxşı, yenə başlama, - dedim.
Loğman arxadan əlavə etdi:
- Sən canın, onunla işin olmasın, qoy sakit otursun...
Yağış bərkimişdi. Maşının siləcəkləri şüşəyə düşən çoxsaylı damcıları sıyırıb kənarlara atırdı. Ancaq az keçmirdi ki, yenə damcılar o yerləri isladırdı... Pəncərədən alaqaranlıqda gördüklərim məni daha uzaqlara çəkib aparırdı. Yadıma səfər yoldaşım Loğmanın yağış şeiri düşdü. Nədənsə mən hər dəfə o şeiri oxuyanda elə bilirəm ki, Loğmanla eyni kənddə, eyni məhəllədə böyümüşük, qonşu kəndə məktəbə birgə getmişik, özü adından da gözəl müəllimənin şagirdi olmuşuq, geniş Küdrü düzündə payız-yaz yağışlarında bu yerdə dəfələrlə o yan-bu yana ayaqyalın qaçmışıq, yaşıdlarımızla çilingağac, dirədöymə, qayışgötürdü oynamışıq. Amma belə deyil. Loğman Füzuli rayonunda doğulub, Quruçayın ətraflarında boya-başa çatıb. O Quruçay ki, bəzən aylarla quruyur, deyirsən ki, daha bir də bu yataqla su gəlməz. Amma yazağzı çay yatağına sığmır, böyük-böyük ağacları ağzına alıb üzü aşağılara aparır. Bizim kəndin yaxınlığından ötən Cəngi çayı kimi....
"Yağış” şeirinin sonu belədir:
Belə ki başlayıb bu gurşad yağış,
İlıq təsəllilər soyuyacaqdır.
Dərdini-odunu unudub birdən,
Hardasa gözünü yollara dikən,
Ümidli bir xəstə uyuyacaqdır.
Belə ki başlayıb bu gurşad yağış,
Kəndin ayaqyalın uşaqları tək
Baş alıb sinəmdən qaçacaq ürək.
Yolların üstünə səriləcəkdir,
Yağışın altında bir əlçim qar tək
əriyəcəkdir.
Belə ki başlayıb bu gurşad yağış,
Çətin ki uyuyam, çətin ki yatam...
Loğman Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra öz kəndlərində müəllim işləyib, ailə qurub, öz əlləri ilə Quruçayın daşları ilə ikimərtəbəli ev tikib, gözəl bağ salıb. Həyətində hər cür rahatlıq yaradıb. Lakin...
O çağlar haqqında danışanda Loğman kimi mən də heç vaxt görmədiyim o həyət-baca, o bağ üçün çox vaysınıram...
Lalə dənizində qəhvəaltı
Səhər yeməyi üçün şirniyyat, pendir, yağ və sair almışdıq. İki termos da dolu idi. Əvvəlcə istədik Gəncədə çayxanada oturub qəhvəaltı edək. Sonra bu istəkdən vaz keçdik. Sübh çağı Gəncəçayın sahilindəki yeni bazara girdik, qəttəzə Gəncə qaymağı, isti təndir çörəyi alıb yola düzəldik. Hava buludlu olsa da xoş idi. Ötən gecə buralara yağış düşməmişdi. Xeyli getmişdik ki, yolun kənarında qıpqırmızı lalə talası gördük. Allah, necə də gözəl mənzərə idi! Günəş gülümsəsəydi, yəqin ki, daha gözəl görünərdi. Dayandıq. Yeyib-içəcəklərimizi götürüb girdik lalə dənizinə. Məni bağışlayın, o gözəlliyi təsvir eləmək həddim deyil... Gərəkdir ki öz gözlərinizlə görəsiniz. O anlarda ürəyimdən keçdi ki, qayıdanda bir neçə saatlığa Gəncəni gəzib-dolaşmaq yaxşı olar. Qohumlara, dostlara salam verər, Xan bağında bir çay içərik...
Lalə dənizindən ayrılmaq bizim üçün asan olmadı. Axırda Əziz dedi ki, çıxın, bizi Tiflis gözləyir...
O lalə talası indi də ürəyimdə bir təbiətin şah əsəri kimi yaşayır. Harda lalə gülü və Lalə adlı qız görsəm, o çiçək dənizini xatırlayıram. Rəhmətlik şair, filosof Aslan Aslanov yəqin ki, haçansa bu yerdən keçəndən sonra belə yazıb:
Yazın ortasında Gəncə çölündə,
Çıxıblar dərəyə, düzə lalələr...
Bostanşəhər indi Rustavidir
Hələ də tipik sovet şəhərinə bənzəyən, Gürcüstanın iri ağır sənaye mərkəzi sayılan və bir vaxtlar Daşkəsənin dəmir filizi emal olunan Rustavinin çala-çuxur küçələri yağış suları ilə gölməçəyə dönmüşdü. Adını unutduğum mehmanxanada sakitlik vardı. Birinci mərtəbədə oturub müştəriləri qeydə alan gürcü xanımları Bakıdan gəldiyimizi eşidəndə gülümsədilər. Mənə elə gəldi ki, bu təbəssümün arxasında nəsə var. Ancaq onlar gürcü dilində danışdıqlarından bir şey anlamadım. Səliqə-səhman baxımından daha çox əyalət mehmanxanalarına oxşayan binanın yuxarı mərtəbəsində məskunlaşmağımız ürəyimcə idi. Buradan baxanda şəhərin çox yeri aydın görünürdü. O qədər də uca olmayan dağların əhatə etdiyi Rustavinin dükan-bazarı, marketləri də o qədər böyük və zəngin deyildi. Sumqayıtla müqayisə etsək, başımın üstündə Allah var, Rustavidə səliqə-sahman, yeni tikililər, abadlıq işləri də ürəkaçan deyil.
Məlumata görə, Rustavi Gürcüstannın Aşağı Kartli diyarının (tarixi adı Borçalı mahalıdır) mərkəzi şəhəridir. Bu yerin adı 1948-ci ilə kimi Bostanşəhər olub. Şəhər Qarayazı düzündə, Kür çayının sahilində, paytaxt Tiflisdən 25 kilometr aralı yerləşir.
Nahara münasib yer axtardıq. Tez olsun deyə, yaxınlıqdakı restorana girdik. Qiymətlər münasib idi.
Gürcülər xəngəli çox sevirlər. Xəngəl evlərinə nə vaxt getsən bu xəmir xörəyi yeyə bilərsən. Onlar hətta gecələr də xəngəl yeyirlər. Biz isə kabab xəstəsiyik. Buna görə də restorana girən kimi bizə müxtəlif kabablar təklif olundu...
Yağmurdan çıxdıq, leysana düşdük
Qoca Tiflis bizi leysanla qarşıladı. Özünəməxsus arxitekturası olan bu şəhərdə köhnəliklə müasirliyin qovuşması tam aydınlığı ilə hiss olunur. Şəhərin Rustaveli prospektini gəzdikcə avanqard gürcü memarlığının da şahidi olduq. Burada göydələn binalar Bakı ilə müqayisədə çox azdı və bir qədər mərkəzdən aralıdır. Rustaveli prospekti Tiflisin mərkəzi və ən uzun yoludur. Azadlıq meydanı, Parlament binası, Gürcüstan Elmlər Akademiyası, Akademik Milli Dram Teatrı və digər mühüm ünvanlar burada yerləşir. Kür çayı üzərindəki şüşə və metal konstruksiyadan qurulmuş orijinal formalı Dostluq körpüsü də müasir memarlıq nümunəsidir.
Yağış olsa da şəhərdə turist dəstələrinə tez-tez rast gəlirdik. Gürcülər qonağa öz tarixləri və mədəniyyətləri barədə həvəslə danışmağı xoşlayırlar. Çox çılğındırlar, toplantı, mitinqi çox sevirlər.
Maşından düşən kimi cülümbür olurduq. Yaxşı ki, dəyişiyə paltar götürmüşdük... Leysana görə Tiflisi Kür çayı boyu maşınla gəzməli olduq. Əli yol hərəkəti qaydalarına o qədər də əməl etmirdi, ancaq, nədənsə, bizi saxlayıb cərimələyən olmadı. Diqqətimi bir də o cəlb elədi ki, deyəsən Tiflisdə tıxac olmur.
Tiflisin mərkəzi meydanından kanat yolun uzandığı Dağüstü parka baxanda yaşıllıqlar qoynunda diqqəti daha çox çariça Tamaranın çağırış səpgili əzəmətli heykəli çəkir. O dağın müxtəlif yerlərində inşa edilmiş uca kilsələrin üstündəki xaçlı qüllələri adama elə bil nəyisə çatdırmaq istəyir.
Tiflis təzadlar şəhəridir
Bu fikrin təsdiqini Tiflisdə görüb bir az əvvəl sizlərə söylədiklərimiz və müxtəlif mənbələrdən oxuduqlarımız da sübut edir. Özü də bu təzadlıq təkcə şəhərin rəngarəng küçə vitrinləri, çoxbiçimli binalar, ötən əsrləri andıran qala divarları, heykəllər deyil. Buraya gürcülərin çoxunun dindar, eyni zamanda müasir olmaları, öz mənəvi dəyərlərinə, belə demək olarsa, ikiəlli sahib çıxmaları və sair də aiddir.
Danışırlar ki, Tiflisin yaranması gürcü çarı İ Vaxtanq Qorqasalın adı ilə bağlıdır. VI əsrdə gürcü çarlığının paytaxtı Kartli olub. VII əsrin ortalarında ərəblər, XIV əsrdə Əmir Teymurun ordusu, XV-XVII əsrlərdə Osmanlı və Səfəvi qoşunları bu şəhərə yürüşlər edib, xeyli hissəsini dağıdıblar. I Şah Abbasın Tiflisə hücumu isə daha dağıdıcı olub. 1801-ci ildə Gürcüstanın şərq hissəsi ruslar tərəfindən işğal olunduqdan sonra Tiflis Gürcüstan quberniyasının inzibatı mərkəzi olub.
"İsti bulaqlar” mənasını verən Tbilisi ( "tbili" gürcücə "isti" deməkdir) 1936-cı ilə qədər Tiflis adlanıb. Yazılanlara görə, bu şəhərdə soydaşlarımızın məskunlaşması V-VII əsrlərə təsadüf edir. Şəhərdə bir vaxtlar geniş istifadə olunan bir çox yer adları "gürcü"ləşdirilsə də, xalq arasında elə əvvəlki adı ilə çağırılır.
Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra bölgəni idarə edən Qafqaz canişinliyinin Tiflisdə yerləşdirilməsi bu şəhərin inkişafına, genişlənməsinə və ictimai-siyasi, mədəni mühitin canlanmasına xeyli təkan verib, bölgədə bir mədəniyyət mərkəzinə çevrilib. Şəhərdə çoxlu tarixi binalar, müxtəlif səpgili muzeylər var.
Azərbaycanın görkəmli ziyalılarının böyük bir dəstəsi Tiflisdə doğulub, orada yaşayıb, yaradıb. Bu gün də Tiflis arxivlərində həmin ziyalıların fəaliyyətləri ilə bağlı çoxlu araşdırılmamış sənədlər yatır...
Bu barədə sizlərə yeni nəsə söyləyə bilməyəcəyimizə görə uzunçuluq etmək istəmirik.
Mən yarımçıq səfərdən məmnun idim
Tiflisdə olduğumuz ikinci gün də yağış ara vermədi. Loğmanla marketdən mehmanxanaya dönəndə tamam islanmışdıq. Çaydan başqa elə bir şey də almamışdıq. Axşamdan qərarlaşdıq ki, əgər sabah hava günəşli olmasa, daha Tiflisə getməyək və Bakıya qayıdaq.
Səhər tezdən aldığımız məlumat bizi lap dilxor elədi. Dağlardan baş alıb gələn sel suları Kür çayını daşırmış, Tiflisin küçələrini palçığa, lillə bulamışdı...
Yığışdıq. Tiflisi gözdolusu görə bilməməyimiz hər birimizdə təəssüf hissi oyatdı. Lakin mən bu yarımçıq səfərdən məmnun idim. Çünki bu iki-üç gündə biz bir-birimizə bir qədər də yaxından bələd olduq, yol boyu çox şey gördük, bəzi mətləblərdən agah olduq, fikir və düşüncələrimiz qara-quradan təmizləndi. Yaddaşıma hopanlardan biri lalə talası oldu. O lalə dənizi bütün fəsillərdə ürəyimdə olduğu kimi yaşayır.
Bir məktub və sualdan gözləri dolan qız
Lahıca gedərkən yolun üstündəki kənddən sumax, dağ nanəsi və meyvə almaq istədim. Həyət qapılarının qarşısındakı yekə çay daşlarının üstünə yığdığı məhsulları satan on-onbir yaşlı qız uşağı bizimlə bacarıqla alış-veriş elədi. Qızın çöhrəsində xoş bir təbəssüm vardı. Yanaqları elə bil dağ laləsindən rəng almışdı. Nəsə almaq istəyən qadınlardan biri soruşdu ki, qızım, böyüklərin hardadır, niyə sənə kömək eləmilər? Qız o xanımın sualına cavab vermək istəmədi və nədənsə gözləri doldu. Hannan-hana dedi ki, xala, mən nənəmlə yaşayıram... Nəyə görəsə o dəqiqələrdə yadıma bir qızın "Tumurcuq" qəzetinə yazdığı məktubu xatırladım. Qız yazırdı ki, atam bizi atıb gedib, neçə ildir qayıtmır. İndi də harada olduğunu bilmirik. Mən atamı çox istəyirəm. Həmişə Allaha dua edirəm ki, atam evimizə qayıtsın. Onun evimizdə bir cüt ayaqqabısı qalıb. Tez-tez o ayaqqabıları silib qapımızın ağzına qoyuram ki, rəfiqələrim, qonşular elə bilsinlər ki, atam qayıdıb...
Mən o məktubun ağrısını aylarla yaşadım və indi də harada fikirli bir qız uşağı görürəmsə, o məktubu xatırlayıram. Hərdən mənə elə gəlir ki, xatırlatdığım o məktubu da bizə ünvanlayan Lahıc yolunda bir sualdan gözləri dolan, yanaqları dağ laləsinə bənzəyən həmin o qız idi.
Ömrü boyu al geyinən, bağrı qara olan lalə...
Tələbəlik illərimin dostu, şair İslam Türkay bu yaxınlarda bir şeirini oxucularına təqdim etmişdi:
Dözəmmirsən sən hicrana,
Ay vədəsiz solan lalə.
Bir qırmızı fəryad olub ,
Saçlarını yolan lalə.
Kim çəkibdir səni dara,
Nədir köksündəki yara?!
Obaşdan baxıb yollara,
Ay gözləri dolan lalə.
Dərdimiz bir: nə sən, nə mən-
Sıxır səni bu cöl-çəmən.
Ömrü boyu al geyinən,
Bağrı qara olan lalə.
Şeiri oxuduqca Tiflisə səfər zamanı Gəncədən bir az o yana gördüyüm lalə talası yenə yadıma düşdü. O laləlikdən çəkilmiş fotolara bir də baxdım və gözüm, könlüm sevindi. Bu yazını da arabir yuxuma girən o lalə talasına ithaf kimi yazdım.
Səməd Məlikzadə
banner

Oxşar Xəbərlər