• cümə, 29 Mart, 16:38
  • Baku Bakı 14°C

“Yuxu kimi həyat”...

09.08.14 10:16 2363
“Yuxu kimi həyat”...
İqor Krutoy – Rusiya şou-biznesinin ən parlaq nümayəndəsi bu günlərdə ölkə başçısı Vladimir Putinin sərəncamı ilə “Vətənə xidmət” ordeni ilə təltif edilib. Onunla Mayamidəki malikanəsində görüşməyə müvəffəq olan “Komsomolka”nın müxbiri maraqlı nüanslarla qarşılaşıb.
- İqor Yakovleviç, siz çox az sayda bəxti gətirən sənət adamlarındansınız. Şəxsi həyatda xoşbəxtsiniz, peşənizdə uğur qazanmısınız, biznesiniz günü-gündən inkişaf edir. Bütün bunlara necə nail olursunuz?
- Bu suala cavab vermək üçün lətifə deyəcəm: “Vətəndaş İvanova, siz - iki uşaq anası, orta məktəbi qızıl medalla, institutu qırmızı diplomla bitirdiyiniz halda, necə oldu ki, pul qazanan fahişəyə çevrildiniz? Qadın sakitcə cavab verdi: sadəcə bəxtim gətirdi”. Özüm haqqında suala da eyni ilə cavab verərdim. Əgər daha dolğun cavab versəm… Məncə, arzuları düzgün qurmaq lazımdır – lap uşaqlıqdan. Yadımdadır, atam Kalininqrad vilayətində ev tikirdi. Evin damını örtəndə biz həyətdə yatırdıq. Mən ulduzlu göylərə baxıb xəyallar qururdum. Mənimçün hardasa başqa bir dünya vardı. O dünyanı görmək arzusu məni Nikolayevə gətirdi. Mən orda oxuyur, axşamlar isə şəhərin mərkəzi restoranında işləyirdim. Dostum Saşa da mənimlə idi. Mən mahnı yazır, o oxuyurdu. Gecəyarısı işimizi qurtarandan sonra biz küçələrdə veyillənir, skamyalarda oturur, səhərə qədər “necə edək ki, Moskvaya gedək, böyük konsert meydanlarında çıxış edək” - deyə düşünürdük. Başa düşürdük ki, bu, mümkün deyil, amma… Sonradan bu xalq məsəlinə daha çox inandım: “Arzulamaq ziyan deyil, arzulamamaq ziyandır”. Əgər arzularının istiqamətini düzgün seçirsənsə, onda məqsədə çatmaq asan olur.
- Futbolla maraqlanan uşağı musiqi aləminə yönəltməyə valideynləri necə nail oldu?
- Yəqin ona görə ki, mən özüm uşaqlıqdan musiqi ilə məşğul olurdum. Bizim evdə qırılmış simləri olan bayan vardı. Atam radiozavodda işləyirdi. Tez-tez ezamiyyətdə olduğundan mənim və bacımın tərbiyəsi ilə anam məşğul olurdu. Baxmayaraq ki o özü də işləyirdi, amma bizə daha çox vaxt ayırmağa çalışırdı. Ona minnətdaram ki, həvəsimi görüb məni musiqi məktəbinə apardı. Artıq 11 yaşında mən yerli rəqs ansamblının tərkibində çıxış edirdim. 8-ci sinfi bitirəndə demək olar ki, anam məni rayon mərkəzindəki musiqi məktəbinə zorla dartıb apardı. Mənə qulaq asandan sonra “məktəbə daxil olmaq üçün pianoda çalmağı öyrənməlisən” dedilər. Bizdə isə piano yox idi. Anam pul tapdı və piano aldı. Bu o zaman üçün fantastika idi. Mən hazırlaşıb musiqi nəzəriyyəsi fakültəsinə daxil oldum və oranı qırmızı diplomla bitirdim. Musiqi olimpinə yolum o qədər də asan olmadı. Kiyev Konservatoriyasına qəbul ola bilmədim. Bir il sonra Nikolayevdə Pedaqoji İnstitutun xor dirijorluğu fakültəsinə, daha sonra Saratov Konservatoriyasına daxil oldum.
O zaman estradaya daxil olmaq indikindən daha çətin idi. İndi “raskrutka” üçün nə lazımdır? Pul və yaxşı mahnı. Mahnı bəstələyir, vəsait tapır, oxuyur, kompyuterdə səsi düzəldirlər. Amma bizim vaxtımızda bədii şura vardı. Televiziya, radio və “Melodiya” firmasının süzgəcindən keçməli idin. Yalnız həmin bəstəkar və ifaçılar musiqi aləminə gələ bilərdilər. Bu təşkilatların da hər birinin musiqi metrlərindən ibarət öz bədii şuraları vardı. Onlar isə hər adamı bəyənmirdilər.
Necə oldusa, Larisa Dolina mahnımı plastinkada yazdırmağa razılıq verdi. “Melodiya”nın bədii şurasına da ikimiz gəldik. O mənim üç mahnımı oxudu və mən müşayiət elədim. Mahnını qurtaranda bəstəkarlar “Ən yaxşısı, biz özümüz sənin üçün yazarıq” dedilər. Biz restorana gəldik və öz məğlubiyyətimizi təəssüflə qeyd elədik. Aleksandr Serovun mənim “Madonna” mahnımla beynəlxalq müsabiqədə qalib gəlməsinə qədər uğursuzluq məni izlədi. Mən onda “Melodiya” firmasında müşayiətçi-aranjemançı işləyirdim. Firmanın baş redaktoru Vladimir Rıjikovla tanışlıqdan sonra isə yolumdakı maneələr götürüldü. O, sovet estradasının padşahı idi. Bədii şuranı məhz o formalaşdırır, mahnıların taleyini o müəyyən edirdi. Bizim münasibətimiz zamanla yaxşılaşdı.
- Alla Puqaçova ilə tanışlığınız necə yarandı?
- İrina Alleqrova mahnımı oxuyandan sonra mənə dedilər ki, Alla Borisovna sənin mahnılarına qulaq asmaq istəyir. Bizim üçün görüş təyin edildi. Allanın evində görüşməli idik. “Meqaulduza nə apara bilərəm?” - deyə baş sındırdım. Nəhayət, bir buket gül aldım. Amma nədənsə özümlə bir butulka araq da götürdüm. İşə yaradı. Mən düşünmədən gül dəstəsini ona təqdim etdim. Və araq şüşəsini stolun üstünə qoydum. O mənə səhər yeməyini birlikdə yeməyi təklif etdi. Sevinclə razılaşdım, baxmayaraq ki, ac deyildim. Yemək zamanı “Düşünürsən ki, mənimçün mahnı yazmaq asandır? Mənimlə dağlara qalxmaq lazımdır” - dedi. Mən özümü alpinist hesab eləmirdim, amma həqiqətən ulduzla yaxın ünsiyyətdə idim. Bu, mənim belə səviyyədə sənətkarla ilk ünsiyyətim idi. Söhbət zamanı özümüz də hiss eləmədən butulkanı boşaltdıq. Yalnız bundan sonra ona mahnılarımı göstərdim. Nəticədə mənim Alla Borisovna ilə çoxlu birgə layihələrim yarandı və mən onun musiqiyə münasibətindən ləzzət aldım. Ən gözəl təəssürat isə “Yuxuya bənzər sevgi” layihəsi ilə bağlı oldu. O bu mahnını mənim yubiley konsertimə - 40 illiyimə yazdı. O vaxtdan bəri bu mahnı bütün radiostansiyalarda səslənir.
- Sizin yaradıcılıq tandeminiz çox müğənnilərlə olub. Amma şəxsi həyatda adınız heç vaxt İrina Alleqrova ilə hallanmayıb.

- Bizim aramızda heç vaxt macəra yaşanmayıb. Sadəcə bəstəkar-müğənni münasibəti olub. Biz onunla birlikdə ansamblda işləmişik. O, hələ tanınmayan vaxtlarda “Sonsuz macəra” adlı proqramla demək olar ki, bir il ərzində qastrola çıxmışdıq. Mən ona həmişə xoş münasibət bəsləmişəm və İranın bütün ərləri ilə ünsiyyətdə olmuşam.
- Siz iki dəfə ailəli olmusunuz.
- Mən ilk dəfə 25 yaşım olanda evləndim. Bu, çox tez başagələn bir nigah oldu. Piterə qastrola gələndə, basgitaraçımız bizi leninqradlı rəfiqəsi Lenanın evinə qonaq apardı. Ondan xoşum gəldi. İki-üç dəfə görüşəndən sonra evləndik. İşimlə əlaqədar Leninqrada köçə bilmirdim. Mən onda Moskva orkestri ilə əməkdaşlıq edirdim. Lena özünün ikiotaqlı mənzilini Moskvada birotaqlı mənzilə dəyişdi və biz paytaxta köçdük. 1981-ci ildə bizim oğlumuz doğuldu. Ancaq ailə həyatımız o qədər xoşbəxt deyildi. Arvadım məni uğursuz hesab edirdi. Ona görə də düz üzümə: “Sən heç vaxt öz ayağın üstündə dura bilməyəcəksən və heç nə əldə edə bilməyəcəksən” - dedi və başqası ilə çıxıb getdi. Mən nə qədər çalışdım, onu gələcəyə inandıra bilmədim. Çox sarsıldım, ancaq tədricən hər şey yoluna düşdü. Əvvəlcə oğlumu mənə göstərmirdilər. Sonra bu münasibətlər da düzəldi. İndi biz Kolya ilə daim əlaqə saxlayırıq. Ancaq məni bir hiss hələ də tərk etmir: mən onu zamanında istədiyim kimi sevə bilmədim. O, musiqiyə bağlana, bu istiqamətdə gedə bilərdi. Mən ona kömək edərdim. Amma hər şey başqa cür oldu. Oğlum biznes sahəsi üzrə təhsil aldı, indi neft kompaniyasında menecer işləyir. Həyat hər şeyi öz yoluna qoyur. Əgər o zaman Lena məni tərk etməsəydi, bəlkə də məndə özümü təsdiq etmək cəhdi yaranmazdı. Olqa ilə evliliyimizdən isə qızım Nataşa doğuldu. Onda mənim 49 yaşım vardı və oğlumun olmasını istəyirdim. Ancaq Nataşa mənə yeni bir həyat bağışladı, yeni hisslər yaşatdı. O, bəzən mənimlə telefonla danışanda deyir: “Telefon dəstəyindən sənin səsini eşidəndə dəstəyi öpürəm”. Mənimçün qiymətli olan odur ki, o, təkcə mənə yox, həm də atama oxşayır. Axı atam həyatdan çox tez getdi - 53 yaşında. O, xərçəng xəstəsi idi. Nə mənim mahnılarımı eşitdi, nə uğurlarımı gördü, nə də nəvələrini oxşaya bildi. Mən atamın yoxluğunu həmişə hiss edirəm.
- Siz ayrılandan dərhal sonra ikinci nigaha girdiniz?
- 13 ildən sonra. 41 yaşım vardı. Sözsüz ki, qadınlarla görüşürdüm. Bunlar qısamüddətli görüşlər idi. Ancaq mən onların heç birini öz həyat yoldaşım və övladımın anası kimi görmürdüm. 1995-ci ildə Amerikada olarkən gecələrin birində Olya ilə rastlaşdım. Məlim oldu ki, o, Leninqradda institutu qurtarandan sonra Amerikaya işləməyə gəlib və müəyyən uğurlar qazanıb. Onda Olya rəsmən ərdə idi, ancaq onlar boşanma ərəfəsində idilər. Onunla söhbətdən sonra içimdə nəsə tərpəndi. Mən tezliklə - onunla heç bir şəxsi görüşüm olmadan ona ailə qurmağı təklif etdim, o da razılaşdı. Ancaq dediyim kimi vəziyyət bizim nigahımızın ziddinə idi. Olqa Amerikada, mən Rusiyada yaşayırdım. Həmin vaxt mənim ciddi maliyyə problemlərim vardi. Mən ona dedim: “Əgər imkanın iki ölkə arasında hərəkət etməyə imkan versə, biz iki ölkədə yaşayırıq. Əgər alınmasa, sən Moskvaya köçməlisən. Əvvəlcə qızı Vika məni qəbil etmirdi. Sonra o məni doğma atası kimi istədi, hətta soyadımı götürməyə razı oldu. O mənə doğma qızım kimi idi. Onun bir xüsusiyyəti xoşuma gəlirdi: problemlərini özü həll etməyə çalışırdı. Nyu-York Universitetinə daxil oldu. Özünü musiqidə sınadı. Amerikada albomunu çıxardı. Bilmirəm, necə olacaq, amma mən istəyirəm ki onun stabil peşəsi olsun. Əlbəttə, əsas odur ki, şəxsi həyatda xoşbəxt olsun. Hazırda isə o, sevdiyi oğlana ərə getməyə hazırlaşır.
- Hazırkı ailə həyatınız münaqişəsiz ötüşür?
- Biz normal insanlarıq. Olur ki, mübahisə edirik, amma bu, uzun çəkmir. Şükür ki, bütün mübahisələri boş verməyi bacarırıq. Demək olar ki, çox az hallarda biz ayrı yaşamışıq - mən Rusiyada, o, Amerikada. Bir-birimizi uzun müddət görməyəndə darıxırıq. İlin yarısını Nyu-Yorkda və Mayamidə, yayda isə Monte-Karloda yaşayırıq.
- Demək, həyatınızda hər şey yağ içində böyrək kimidir. Adətən sizin kimi adamlara həsəd aparırlar. Bəs siz kiməsə həsəd aparırsınız?
- Mənim həyatımda çox ağır anlar olub. Biznesimdə və yaradıcılığımda problemlər olanda az qala üstümdən xətt çəkmişdilər. Amerikada mədəaltı vəzidən əməliyyat olunanda Moskvada məni artıq basdırmışdılar. Sonradan dostlarım dedi ki, mənim ölümümə sevinən nə qədər adamlar varmış. Ona görə də mən yalnız özümə həsəd aparıram. Mənim qeyri-adi xoşbəxt tərcümeyi-halım var. Ən gülməli uşaqlıq və gənclik arzularım reallığa çevrildi. Təsəvvür edə bilərdimmi, mənim konsertlərim dünyanın ən nüfuzlu konsert salonlarında keçəcək? Məsələn, mən Nyu-Yorkun 18 min tamaşaçısı olan “Medison-Skver-Qarden” salonunda anşlaqla çıxış edəcəyəm? Planetin ən maraqlı və istedadlı insanları, dövlət başçıları ilə, dünya miqyaslı yaradıcı insanlarla şəxsən tanış olacağam? Mənim mahnılarımı ölkənin ən yaxşı ifaçıları oxuyacaq? Lara Fabian kimi parlaq ulduzla layihə reallaşdıracam? Nəhayət, Nyu-Yorka, Mayamiyə, Monakoya - öz evimə uçacağam? Hə, mənim həyatda bəxtim doğrudan da gətirib. Lap mahnımdakı kimi – “Yuxu kimi həyat”.
“Komsomolskaya pravda”dan tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər