• şənbə, 20 Aprel, 05:18
  • Baku Bakı 15°C

Yusif Yusibov: Terror hadisəsi Gəncədə xaos yaratmağa hesablanıb

10.07.18 16:08 2241
Yusif Yusibov: Terror hadisəsi Gəncədə xaos yaratmağa hesablanıb
Son illər ərzində ölkə Başçısı cənab İlham Əliyevin respublikanın bütün regionlarına olduğu kimi Gəncəyə də göstərdiyi diqqət və qayğı nəticəsində şəhərin görkəmi tamamilə dəyişib, bu qədim diyarın tarixi memarlıq ənənələri qorunmaqla Nizami yurduna müasir görkəm verilib.
Bu illər ərzində Gəncədə aparılan abadlıq və quruculuq işləri həm miqyasına görə, həm də müasir şəhərsalma prinsiplərinin hərtərəfliliyi baxımından diqqəti cəlb edib.
Son 7 ildə Gəncə şəhərində aparılmış infrastruktur yenilənmələri, eləcə də yeni salınan geniş parklar, yaradılan zəngin muzeylər, siyasi, elmi-mədəni, kütləvi tədbirlər üçün yaradılan mərkəzlər Gəncəni yalnız respublikamızın deyil, həm də Cənubi Qafqazın və MDB-nin ən gözəl şəhərlərindən birinə çevirib.
Tarixi mədəni irsimizə, dini dəyərlərimizə və zəngin mədəniyyətimizə böyük bir sevginin nümunələri kimi yaradılan Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, "İmamzadə” Dini Ziyarətgah Kompleksi, ərazisinin böyüklüyünə görə dünyanın 5 parkından biri olan Heydər Əliyev Park Kompleksi, əzəmətli Heydər Əliyev Mərkəzi, Zəfər tağı, Müasir İncəsənət Mərkəzi, Mirzə Şəfi Vazeh Muzeyi, Xəmsə Parkı, Gənclər Evi, Gəncəçay Park-Bulvar Kompleksi, "Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” parkı, Bayraq Meydanı, Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası, Əziz Əliyev parkı,”Xəmsə” parkı, şəhərin girişində yaradılmış "Xəmsə” daş kitabələr abidəsi, başdan-başa yenilənmiş Cavadxan küçəsi, Hacıkənd qəsəbəsində açıq havada salınmış "Nizami Gəncəvi: Sələflər və Xələflər” parkı dahi Nizami yurdunda görülmüş işlərə əyani sübutdur.
Gəncə şəhərində də qazanılmış bu uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çağdaş dövrün çağırışlarına uyğun həyata keçirilən islahatların nəticələri və bəhrələridir. Qısa zamanda əldə edilən bu nailiyyətlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yorulmaz fəaliyyəti, əməyi danılmazdır. Azərbaycanın, o cümlədən, Gəncənin inkişafını, tərəqqisini gözü göturməyən düşmən qüvvələr tərəfindən 3 iyul 2018- ci il tarixdə Gəncə şəhərində dəhşətli və faciəli hadisə törədərək Elmar Vəliyevə qarşı sui-qəsd təşkil etdilər. Baş Prokurorluğun, DİN-nin və DTX-nın mətbuat xidmətinin ictimayyətə açıqlamasından məlum olur ki, bu sui-qəsd Azərbaycana düşmən olan müəyyən qüvvələr və mərkəzlər tərəfindən əvvəlcədən planlaşdırılmış, ciddi cəhdlə hazırlanmış bir terror aktıdır. Bu terror aktının məhz Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında, şəhərin mərkəzində nümayişkəranə şəkildə həyata keçirilməsinə göstərilən cəhd Gəncədə xaos, anarxiya, itaətsizlik, o cümlədən, insanlar arasında vahimə, qorxu yaratmağa,sabitliyi pozmağa hesablanmışdır.
Lakin bu terroru təşkil edən qüvvələr unudurlar ki, Azərbaycan dövləti 90-cı illərin əvvəllərində olduğu kimi deyildir. Azərbaycan indi iqtisadi, hərbi, siyasi cəhətdən Cənubi Qafqazın ən inkişaf etmiş, ən qüdrətli dövlətidir və bütün dünyada söz sahibidir.
Məlumdur ki, terror hər bir zaman, tarix boyu bəşəriyyətə fəlakət, faciə dağıntı və ölüm gətirir. Terrorçunun vətəni və milliyəti olmaz deyirlər. Terrorçu hətta öz vətəninə, xalqına qarşı da cinayətkar əməllər törətməyə həmişə hazırdır.
Mən bir Azərbaycan vətəndaşı, ziyalı kimi bu hadisəni, ümumiyyətlə terroru qətiyyətlə pisləyirəm, lənətləyirəm və hamılıqla terrorla fəal mübarizəyə çağırıram. Bir ziyalı kimi Dövlətimizin gücünə, Dövlət Başçımızın sarsılmaz iradəsinə, qətiyyətinə və Dövlətçilik təcrübəsinə arxalanaraq bu cinayətin günahkarlarının ədalət məhkəməsi qarşısında dayanacaqlarına əminəm.
Yusif Yusibov,
Gəncə Dövlət Universitetinin rektoru,professor
banner

Oxşar Xəbərlər