• şənbə, 20 Aprel, 19:54
  • Baku Bakı 24°C

Yunis Hüseynov: ““Qəbələ”, “Neftçi” və “Qarabağ” haqda düşünməyə dəyməz”

01.07.16 20:22 1610
Yunis Hüseynov: ““Qəbələ”, “Neftçi” və “Qarabağ” haqda düşünməyə dəyməz”
""Kəpəz” klubunda dəyişikliklər çox olub, komandaya yeni futbolçular gəlib. Amma buna baxmayaraq, Moldovanın "Daçiya” klubu ilə görüşdə pis təsir bağışlamadılar. Baş məşqçi Şahin Diniyev komandanı yaxşı komplektləşdirmişdi”. Bu fikirləri APA TV-nin "APAsport” layihəsinin qonağı, əməkdar məşqçisi Yunis Hüseynov deyib.

Avrokuboklarda 2016/2017 mövsümünə start verilib. Azərbaycanın ən güclüsü "Qarabağ” Çempionlar Liqasının I mərhələsindən azad olduğundan, II təsnifat mərhələdən yarışa qoşulacaq. "Qarabağ”dan fərqli olaraq, "Kəpəz”, "Qəbələ” və "Neftçi” Avropa Liqasında ilk görüşlərinə çıxıblar. Gəncə təmsilçisi heç-heçə (0:0) etdiyi halda, Qəbələ (5:1) və Bakı (2:0) klubları qələbə qazanıblar.

Klublarımızın ilk oyunlarını, həmçinin mərhələ adlamaq şanslarını dəyərləndirən Azərbaycan millisinin sabiq kapitanı ilk görüşdə qeydə alınan hesabı "Kəpəz” üçün uğurlu nəticə hesab etmir: "Qələbə qazansalar, daha yaxşı olardı. Hesabı açmaq üçün imkanları vardı, lakin bundan istifadə edə bilmədilər. Mövsümdə ilk oyunları olduğundan hansısa mövqenin zəif və ya güclü təsir bağışladığını demək olmaz. Çünki komanda 15 gündür məşq edir və zəif komandalarla yoxlama görüşü keçirmişdilər. Amma inanıram ki, rəqibi yaxşı analiz edib, iyulun 7-də olacaq görüşün nəticəsinə əsasən mərhələ adlaya bilərlər”.

"Kəpəz” ölkə çempionatında ən çox tamaşaçı toplayan komanda olsa da, Avrokubok oyununu demək olar ki, boş tribunlar önündə keçirdi. Buna münasibət bildirən sabiq yarımmüdafiəçi deyib ki, qarşılaşma Gəncədə olsaydı, tam başqa ab-havanın şahidi olardıq: "Mən də futbol oynayanda azarkeş olmayanda özümü bir balaca yaxşı hiss etmirdim. Tamaşaçı çox olduqda futbolçu özünü həddindən artıq məsuliyyətli hiss edir. Amma "Daçiya” ilə görüş Bakıda deyil, Gəncədə keçirilsəydi, 25 minlik stadion dolardı. Gəncədə futbolu həddindən artıq çox sevirlər. Fikrimcə, "Kəpəz” doğma meydanda qalib də gələ bilərdi”.

Komandanın növbəti mərhələ şansını 50/50-yə hesab edən Y. Hüseynov bildirib ki, potensial rəqiblər, həm "Admira” (Avstriya), həm də "Spartak” M (Slovakiya) Moldova təmsilçisi ilə müqayisədə çox güclüdür.

"Kəpəz”dən fərqli, digər 2 komandamız mövsümə qələbə ilə başladı. Bakıda doğma azarkeşləri önündə oynayan "Qəbələ” "Samtredia”nı (Gürcüstan) 5:1 hesabı ilə darmadağın etdi. Veteran futbolçu bildirib ki, hesabın belə alınacağını gözləmirmiş: "Komandanın qalib gələcəyinə inanırdım. Amma rəqib yoxlama oyununda yaxşı nəticə göstərdiyindən hesabın belə olacağını düşünmürdüm. "Qələbə”nin yeni transferləri, xüsusilə də Teo Uiks pis təsir bağışlamadı. "Samtredia” ilə oyun onun günü idi. Amma 1 oyunla super futbolçu olduğunu deməyək. Bunu gələcək göstərəcək. Komandaya gəldikdə, fiziki cəhətdən axsamadı. 5:1 hesabı ilə qalib gəldiyi üçün ötən il qrupa düşən heyətdən güclü olduğunu da demək mümkün deyil. Çünki onların rəqibinin gücünə də baxmaq lazımdır. Amma bu hesab onların indidən növbəti mərhələdə olduğu deməkdir”.

İndiki Avropa Liqası UEFA kuboku adlanan zaman mərhələni adlayan ilk azərbaycanlı məşqçi bildirib ki, "Qəbələ”nin potensial rəqibləri - "Aktobe” (Qazaxıstan) və MTK (Macarıstan) klublarından II təsnifat mərhələsində Asiya təmsilçisi daha münasibdir.

Digər 2 komandandan fərqli, səfərdə oynayan "Neftçi” də azarkeşlərini sevindirdi. Ötən ilki uğursuzluqdan sonra "ağ-qaralar”ın uğurlu startından danışan Y. Hüseynovun sözlərinə görə, komanda Bakıda da rəqibinə asanlıqla qalib gələcək: "Püşk atılandan sonra "Kəpəz üçün bir qədər çətin olacağını demişdim. Amma "Qəbələ”, "Neftçi” və "Qarabağ” haqda heç fikirləşməyə dəyməz. Bilirəm ki, bunlar mərhələni adlayacaqlar. "Neftçi”nin oyununa gəldikdə, açığı, 1 hissəsinə baxdım. Sonra "Qəbələ”nin görüşünü izlədim. İlk 45 dəqiqədə Malta təmsilçisi demək olar ki, "Neftçi”nin qapısı tərəfə getmədi. Həddindən artıq zəif komanda idi. Belə kluba qalib gəlməsəydilər, gərək günahı özlərində axtaraydılar. Səfərdə yaxşı nəticə əldə etdilər. Bu səbəbdən də indidən deyə bilərəm ki, mərhələni keçiblər”.

"Neftçi”nin potensial rəqibləri olan "Şkendiya” (Makedoniya) və "Krakoviya” (Polşa) barədə də fikirlərini açıqlayan əməkdar məşqçi bildirib ki, "ağ-qaralar”ın III təsnifat mərhələsinə yüksəlmək şansı "Qəbələ” ilə müqayisədə çoxdur.

Y. Hüseynov Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”ın Lüksemburq təmsilçisi "Düdelanj”ı asanlıqla keçəcəyini vurğulayıb. Onun sözlərinə görə, Qurban Qurbanovun komandası həm səfər, həm də ev oyununda heç bir əziyyət çəkməyəcək.

Mütəxəssis hazırda Fransada davam edən Avropa çempionatı ilə də bağlı fikirlərini açıqlayıb. O, əsas mükafat uğrunda mübarizənin 3 yığma arasında gedəcəyini deyib: "Favoritimi demək istəməzdim. Ona görə ki, o komanda artıq yoxdur. İspaniyanı güclü hesab edirdim. Əfsuslar olsun ki, İtaliya millisinə uduzdu. Amma apenninlilər həqiqətən də layiqli qələbə qazandılar. Final üçün 3 komanda - Almaniya, Belçika və Portuqaliyanın adını çəkəcəyəm. 1982-ci ildə İtaliya 3 heç-heçə ilə mərhələ adlayıb, dünya çempionu olmuşdu. İndi də hiss edirəm ki, Portuqaliya bu yolla gedir. Fikrimcə, adını çəkdiyim 3 komandadan biri çempion olacaq”.
banner

Oxşar Xəbərlər