AZE | RUS | ENG |

YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilən yallımız

YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilən yallımız
“Mənim babamın, babamın babasının oynadığı yallını ermənilərin öz adlarına çıxarması asandırmı?”

"Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq, onu tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdan ibarətdir. Ermənistanın, Azərbaycanın digər mədəni irs namizədləri ilə olduğu kimi, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılıb və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib. 
YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alıb.  Bununla bərabər "Çövkən - ənənəvi Qarabağ atüstü oyunu” isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır.
 
Bakı Xoreoqrafiya Akademiyasının xarici işlər üzrə prorektoru, Xalq artisti Təranə Muradova bizimlə söhbətində bildirdi ki, bu, çox sevindirici və bir o qədər də dərin bir mövzudur: "Biz də Yallının Naxçıvanın ənənəvi qrup rəqsləri kimi YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsini eşitdik. Bunu çox sevinclə qarşıladıq. Əvvəla onu qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasında milli rəqslərimizi gənclərə tədris edirik. Akademiyamızda təhsil alan hər bir tələbə milli rəqslərimizə dərindən bələddir. Bu, çox vacib bir amildir. Nəinki Yallımız, bizim digər rəqslərimiz dədə-babalarımızdan  bizə bir ərməğan olaraq ötürülüb. Bu ərməğanı qorumaq, ona sahib çıxmaq, düzgün şəkildə gələcək nəslə ötürmək isə bizim özümüzdən asılıdır”.
Xalq artisti qeyd etdi ki, Naxçıvanda 100-dən çox yallı növü var, onların hamısı biri-birindən maraqlıdır və öz tarixləri var: "Nəinki Naxçıvanda, bizim digər bölgələrimizdə - Qarabağda, Lənkəranda yallı növləri çoxdur. Sevindirici haldır ki, gənclərin bu sahədə özlərini inkişaf etdirmələri üçün Kamal Həsənovun, Qəmər Almaszadə kimi dəyərli ziyalılarımızın kitabları mövcuddur ki, onlar bizim stolüstü kitablarımıza çevrilib. Gənclərimiz həmin kitabları oxuyur, maariflənir əyani şəkildə öz milli rəqslərinin tarixi ilə də tanış olurlar. Köçəri, Tənzərə Yallısınının YUNESKO-ya daxil olunmasına isə ancaq sevinmək olar. Biz "Kaspi” qəzeti vasitəsi ilə dövlət başçımıza və onun xanımına bu addımına görə minnətdarlığımızı bildiririk. Biz də öz öhdəmizə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışırıq. Öz tariximizi, rəqsimizi mənfur düşmənlərimizə hədiyyə verə bilmərik. Əlimizdən gəldiyi qədər  tələbələrimizə milli rəqslərimizi daha dərindən öyrətməyə cəhd edirik ki, bu ənənənə davam etsin. Çünki bizdən sonra bu ənənəni bizim gənclər davam etdirməli və rəqslərimizə sahib çıxmalıdırlar”. 
Xalq artisti çıxışında tariximizə boylandıqda, zəngin milli ənənələrimizin, qədim rəqslərimizin mövcudluğuna şahid olacağımızı deyir: "Xalqımızın zəngin musiqisi, adətləri, rəqsləri var. Təəssüflər olsun ki, bizim düşmələrimiz bu gözəllikləri öz adlarına çıxarmaq istəyirlər. Mən heç cür anlaya bilmirəm ki, nə üçün ermənilər bizim rəqslərimizi öz adlarına çıxarmalıdırlar? Bu gün mənfur qonşularımız tariximizi oğurlasalar, sakit durub, onlara heç bir reaksiya verməsək, sabah da başqa şeylərə əl atacaqlar. Ona görə, onları susdurmaq lazımdır. Buna görə də, rəqslərimizin YUNESKO tərəfindən qorunması çox vacib amillərdən biri idi. Bu gün biz xoreoqraflar çox sevinirik ki, beynəlxalq bir təşkilat tərəfindən rəqslərimiz qorunur. Hər zaman tələbələrimizə deyirik ki, milli rəqslərimizi, xoreoqrafiyamızı qoruyun, bu, çox vacibdir. Bu hadisə isə bizi olduqca məmnun etdi”.
 
"Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri, əməkdar artist  Əfsər Novruzov "Kaspi”yə açıqlamasında bildirdi ki, bu, çoxdan gözlənilən, hər kəsə ibrət ola biləcək bir addımdır: "Əslində bu, zamanında və doğru atılmış bir addımdır. Bir sənət adamı olaraq buna görə çox sevinirik. Fürsətdən istifadə edib, Birinci vitse-prezident Mehriban xanıma ansamblımız adından təşəkkürümüzü bildiririk. 20 ildən artıqdır ki, məhz bu işlə məşğulam. Biz "Şərur” Xalq Yallı Ansamblının kollektivini yaratmaq üçün kəndbəkənd, oba-oba gəzib, qədim rəqslərimizi, yallılarımızı toplayıb, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin ahıl çağını yaşayan insanlarda xeyli bilgilər var. Onların köməyi ilə unudulmaqda olan 4-5 yallı bərpa etmişik. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqsimiz özünə yer tutub. Biz Yallının təbliğatçılarından biriyik. Şərurda bir çox mədəniyyət tədbirlərində çıxışlar edirik. Şərur xalq çalğı ansamblının repertuarını hazırlayır, bunu gənclər arasında təbliğ edirəm. Yallımızın 100-dən artıq növü olub. Zaman keçdikcə bu yallılar unudulub. Hazırda isə ifa olunan 40-a yaxın yallımız var”.
Əfsər Novruzov bildirir ki, köçəri yallısının ermənilər tərəfindən mənimsənilməsini qəbul edə bilməyib: "Başa düşə bilmirəm ki, bizim tariximizi, milli musiqilərimizi, rəqslərimizi ermənilər necə mənimsəyə bilər? Bu mövzu mənim yaralı yerimdir. Həmişə demişəm ki, mənim babamın oynadığı Köçəri yallını mənfur qonşular necə mənimsəyə bilər? Onlar olmayan bir şeyə necə sahib çıxa bilərlər? Mənim babamın, babamın babasının belə oynadığı yallını ermənilərin öz adlarına çıxarması asandırmı? Məsələ çox ciddidir. "Bu bizimdir” deməklə də olmur. Bu yallı Şərurda bağça yaşlarından təhsil almağa başlayan hər bir uşağa öyrədilir. Hər kəs Şərur yallısını əzər bilir. Bu yaxınlarda Elmlər Akademiyasının Naxçıvan bölməsində Köçəri yallı haqqında böyük bir kitab nəşr olundu. Bu kitab gənclərə, ziyalı nümayəndələrə təqdim edildi. Təbii ki, bu işdə təbliğatın rolu danılmazdır. Erməni deyir yallı mənimdir. Ancaq YUNESKO-nun mədəni irsinə daxil olunanda, artıq dünya bildi ki, yallı kimindir. Ot öz kökü üstə bitir. Ancaq ermənilərin bu hərisliyinin kökü yoxdur. Kəndlərdə bir çox yallıları təbliğ edirəm və uşaqlara öyrədirəm. 2-3 il bundan əvvəl Köçəri yallısını 500 nəfər kollektivlə yığdıq. Tarixi memarlıq abidəsinin yanında Köçəri yallısını rəqs etdik. Qoy ermənilər də bilsin ki, Azərbaycanda, xüsusən də Şərurda Köçəri yallısı təbliğ olunur və yaşadılır, gələcək nəsillərə də lazımi şəkildə ötürülür. Yallının təbliği üçün çox çalışırıq və çalışacağıq da. Bunun üçün dövlətimiz də beynəlxalq səviyyədə lazımi tədbirləri görür”.
 
Məlumat üçün bildirək ki, Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına 12 qeyri-maddi mədəni irs nümunəsi daxildir. İlk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib, daha sonra isə Azərbaycan aşıq sənəti,  Novruz bayramı, Azərbaycan xalça toxuculuğu, Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, Qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, Lahıc misgərlik sənəti, lavaş, dolma hazırlama və paylaşma ənənəsi, kamança  da bura daxildir. 
 Xəyalə Rəis
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949