• cümə, 19 Aprel, 17:06
  • Baku Bakı 25°C

Yunanıstanın simvolu - Reportaj, Fotolar

23.06.16 11:54 6247
Yunanıstanın simvolu - Reportaj, Fotolar
"Yunanıstanın hər tərəfində tarix var. Hansı şəhərə, hansı məhəlləyə getsəniz, orda tarixlə üz-üzə qalacaqsınız”. Yunan müdriklərindən birinin nə vaxtsa söylədiyi bu fikirləri qədim Ellada torpağına ayaq basan hər kəs təsdiq edər. İlin bütün fəsillərində turistlərin üz tutduğu bu yerlər avqust ayının 45 dərəcə istisində, qışın az qala adamı kəsən şaxtasında da ziyarət edilir: "Burada hər tərəf təmiz dənizdir. Dadlı balıq, ət və təbii meyvələr yemək mümkündür. Brend mağazalar çoxdur. Hər addımbaşı suvenir dükanlarıdır. Yunan kürkləri dünyada məşhurdur. ABŞ-dan, Rusiyadan və digər ölkələrdən bura məhz kürk almağa gələnlər var. Tarix də öz yerində”- deyə "Renti Tur”un əməkdaşı İoannis Barzalis bildirir. 2011-ci ildən ölkəni cənginə alan iqtisadi böhran paytaxt Afinadan da yan keçməyib. Tez-tez müxtəlif siyasi və iqtisadi etiraz aksiyalarının mərkəzinə çevrilsə də, dünya turistlərinin bu ölkəyə olan sonsuz marağı dəyişmir.

Afinanın vizit kartı

Tarixi məkanları gəzmək istəyən turistlər isə heç şübhəsiz, Akropolu görməyə tələsirlər. Bütün dünyada incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirlik arasında körpüdür. Ellinlilər deyirlər ki, dünyanın bütün insanları ömürlərinə bircə gün qalsa belə Akropolu görmədən ölə biməzlər. Qədim Yunanıstanın hər tininin Akropolu var, ancaq onların heç biri öz miqyasına görə Afinadakını əvəz edə bilməz. Paytaxtı bu məkansız təsəvvür etmək mümkün deyil. Akropol Afinanın vizit kartı, Yunanıstanın simvoludur. Şəhərin mərkəzində, hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşən, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında olan Akropol 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngindir və sanki muzeyi xatırladır. Bura açıq səma altında muzey də deyirlər. E.ə.V-IV əsrlərdə Yunanıstanda yüksək inkişaf səviyyəsinə çatan memarlıq, heykəltəraşlıq və rəssamlığın nadir nümunələrinə məhz bu məkanda rast gəlmək mümkündür. Qədim Afinanın həm dövlət, həm də dini mərkəzi sayılan Akropolun qorunmasına afinalılar bütün dövrlərdə xüsusi fikir veriblər. Onların ən mükəmməl memarlıq əsəri Afina Akropolunun başında tikilmiş ilahə Afinanın məbədi Parfenondur. Afina Propileyası adlı Akropola gedən böyük yol və əfsanəvi Afina padşahı Erextey və Hefestə həsr olunmuş məbədlər yunan memarlıq sənətinin nadir inciləri sayılır. Heykəltəraş Fidi Parfenonda Marafon vuruşmasında qənimət kimi əldə edilmiş qızıl və fil sümüyündən ilahənin heykəlini 12 m hündürlükdə qoymuşdu. Parfenon qarşısında qurbanlar kəsilirdi, heykəllərlə bəzədilən xəzinə saxlanılırdı. Hətta Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılıb, tikintiyə minlərlə insan cəlb edilib. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunub. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də var ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatıb. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir. Akropol mərmər sütunlardan ibarət portiklərlə əhatə olunmuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədənini hərəkət vəziyyətində də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə «Diskatan» heykəlini yaratmışdı. Allahların, qəhrəmanların və başqalarının heykəlləri düzəldilirdi. Akropolda ucaldılan binalar və heykəllər e.ə. V əsrdə yunan incəsənətinin zirvəsi sayılırdı.
Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora (bazar meydanı) yer alıb. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçiblər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür.

Hər gün 25 min turist
Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir. Hazırda məbəddə bərpa işləri davam etdirilsə də, bu, turistlərin axınına mane olmur.
Yunancadan "yuxarı şəhər” anlamını verən məbəd bu gün də turistlərin heç olmasa ömürlərində bircə dəfə ziyarət etmək arzusunda olduğu yerdir. Hündürlüyə çatan kimi qarşında 2500 il tarixi olan memarlıq abidələri ilə zəngin muzey açılır. YUNESKO-nun siyahısına daxil olan tarixi əraziyə hər gün 20-25 min turist ziyarətə gəlir. Akropol öz möhtəşəmliyi ilə onu ziyarətə gələn hər bir turistin qəlbində silinməz hisslər yaradır.
Əraziyə giriş üçün 20 avro ödəmək lazımdır. Məbədi ziyarət etməyə gələn insan axınını görüncə heyrət etməyə bilmirsən. Qocalar, əlilliyi olan insanlar, uşaqlar 35-40 dərəcə istidə hündürdə yerləşən məbədə dogru irəliləyirlər. Məbədə daxil olmaq üçün uzun-uzadı bilet növbəsində durmaq lazım gəlir. Bələdçilər məlumat vermək üçün öz köməklərini təklif edirlər.
Məbədin yaxınlığında yerləşən Dionis Teatrı da turistlərə Elladanın qədim mədəniyyətindən danışır. Böyük faciə ustası Esxilin əsərləri ilk dəfə məhz bu teatrın səhnəsində oynanıb. Həmçinin Sofokl və Evripidin faciələri, Aristofanın, Menondranın komediyalarını bu səhnədə 17 min tamaşaçı izləyib. Açıq səma altında antik teatrın eramızdan əvvəl 5-ci əsrə aid olduğu bildirilir.
Məbədin cənub hissəsində, "Makriyannis” rayonunda yerləşən "Yeni Akropol” muzeyini də ziyarət etmək xoş təəssüratlar yaradır. Muzeyi yaratmaqda məqsəd qayalıqda və düzənlikdə aparılan qazıntılar zamanı əldə edilən tapıntıları sərgiləməkdir. Arxitektor Bernars Çum və Mixalis Fotiadisin layihələndirdiyi muzey 2009-cu ilin yayında qapılarını ziyarətçilərin üzünə açıb. Muzey işçilərinin dediyinə görə, hər il dünyanın müxtəlif ölkələrindən 1 milyona yaxın insan muzeyi ziyarət edir.
Muzey tamaşaçıların Akropol abidələri ilə əlaqəsini təmin edir. Belə ki, abidələrin maketləri ilə yaxından tanış olmaq və haqqında ətraflı məlumat almaq mümkündür. "Parfenon zalı”ndakı abidə Parfenonun bütün möhtəşəmliyini təkrarlayır. Zaldakı sütunlar insanı sanki qədim dövrlə görüşdürür.
"Arxaik dövr zalı”nda tanrıların heykəlləri, həmçinin at üzərində olan kişi heykəlləri, mərmər barelyeflər nümayiş etdirilir. Muzeydə 12 tanrı heykəli, o cmlədən Zevsin başı yer alıb. Arxitektorla söhbətimdə öyrənirəm ki, hələ də tanrıların axtarışı davam etdirilir. "Hazırda muzeydə bir-biri ilə qohum olan tanrılardır. Daha çox qadın ilahələr muzeydə yer alıb. Biz onları axtarıb tapır, bərpa edirik. Bərpa zamanı onlar çox dəqiqliklə işlənilir”- deyə muzeyin arxeoloqu məlumat verir. Klassik dövrün bütün əzəmətini zalda seyr etmək mümkündür. Həmçinin muzeyin girişində və həyətində şüşə döşəmənin altında qədim Afinanın arxeoloji qazıntılarını görmək olar.
Qədim Afina ilə tanışlıq üçün muzeylər ən gözəl vasitə sayılır. Ən müasur standartlara cavab verən muzey bayramlardan başqa hər gün işləyir. Qiyməti 5 avro olan biletlərin satışında müəyyən təbəqələr, o cümlədən jurnalistlər üçün güzəştlər tətbiq edilir. Muzeyi ziyarətdən sonra 1-ci mərtəbədəki mağazada qədim Elladanın tarix və mədəniyyətindən bəhs edən kitablar və müxtəlif suvenirlər əldə etmək mümkündür. Açıq havadakı kafe isə yunan qəhvəsi içməklə paytaxtın qədim simasını seyr etmək imkanı verir. Fiziki hərəkəti məhdud olan insanlara pulsuz əlil arabası təklif olunur və onların muzeydə hərəkəti üçün hər cür şərait yaradılıb. Həmçinin körpələr üçün də qarderobda arabalar təklif olunur. İkinci mərtəbədə yerləşən oxu zalında ziyarətçilər qədim Yunanıstan və klassik mədəniyyət haqqında yazılan kitablar oxuya, şəkillərlə tanış ola bilərlər. Kitablar və broşürlər bir neçə dildə təqdim olunur. Yaxalarında aidiyyatı nişan olan muzeyin arxeoloqları isə gün boyu eksponatlarla bağlı ziyarətçilərə məlumat vermək üçün zallarda gəzişirlər. Muzeyin saytına daxil olmaqla və ya telefon açmaqla məktəblilər və tələbələr qrup şəklində ekskursiyalar sifariş edirlər. Muzey məktəblilər və müəllimlər üçün tədris proqramı da hazırlayır.
Yunanlar tarixləri və mədəniyyətləri ilə tanış olmağa gələnlərə Herodotun bir fikrini təkrarlamağı xoşlayırlar: "Yunanıstanın qonaqpərvərliyini hiss etmək üçün sizə bir-iki ay, bütün Yunanıstanı gəzmək üçünsə bir ömür bəs etməz...”. Elə Akropol muzeyinin nadir eksponatları da bu fikri diqtə edir.






Təranə Məhərrəmova
Afina

banner

Oxşar Xəbərlər