AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yunanıstanın qaçqınlarla bağlı təklifi son dərəcə yanlış addımdır”

“Yunanıstanın qaçqınlarla bağlı təklifi son dərəcə yanlış addımdır”

Təfsilat
04 Aprel 2020, 09:37 322
"Bütün dünyanın gözü önündə Yunanıstan sərhədinə pənah aparan qaçqınlara qeyri-insani davranış hələ də yaddaşlarda olduğu halda, bu ölkənin indi də qaçqınların sayına görə Türkiyəyə maddi dəstək təklif etməsi son dərəcə yanlış bir addımdır”.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoyun açıqlamasında belə deyilib.
Hami Aksoy bildirib ki, Türkiyənin indiyədək 4 milyon qaçqına sığınacaq verməsi sırf humanist prinsiplərə söykəndiyi halda, Yunanıstan tərəfindən belə bir təklifin irəli sürülməsi qəbuledilməzdir: "Yurdlarından didərgin düşüb ölkəmizdən sığınacaq alan bu insanlara indiyədək Türkiyə 40 milyard dollar xərcləyib. Avropa İttifaqı isə suriyalılara dəstək üçün Türkiyəyə vəd etdiyi 6 milyard avronun yalnız 2,7 milyardını göndərib. Yunanıstan isə ölkəsindəki 100 min qaçqınla əlaqədar 3 milyard avroya yaxın dəstək verib. Ona görə də biz öncədən irəli sürdüyümüz təklifin üzərində qalırıq. Ölkəmizdəki qaçqınları Yunanıstan öz ölkəsinə götürsün. Avropa İttifaqı da həmin didərginlər üçün maddi dəstəyi Yunanıstana verə bilər. Biz də qonşuluq prinsipinə uyğun olaraq Yunanıstana dəstək verərik”.
Qeyd edək ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakis Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelə məktub göndərərək Avropaya qaçqın axınını dayandıracağı halda Türkiyəyə maddi dəstək verilməsini təklif edib.
Xatırladaq ki, ötən gün NATO-ya üzv ölkələrin Xarici işlər nazirlərinin toplantısı keçirilib. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu  toplantıdan sonra açıqlama verərək bildirib ki, qaçqınlar problemi ilə bağlı Türkiyəyə dəstək verilməsini ABŞ, İngiltərə,  Almaniya, Kanada, Albaniya, Macarıstan, Hollandiya və bir çox NATO-dakı müttəfiq ölkələr təqdir etsələr də, Yunanıstan və bəzi digər ölkələr bunun əleyhinə olub.