Yumşaq fəlakət

Yumşaq fəlakət

İqtisadiyyat
21 Noyabr 2012, 12:30 2954
Hələ 10-15 il bundan əvvəl birdəfəlik plastik qablar və polimer torbalar bizim üçün qəribə maraq doğururdu. Ərzaq mağazalarında müxtəlif ərzaqların – kolbasa, pendir, yağ və s. örtüklərinin zaman-zaman polimerlərlə əvəzlənməsini əslində yenilik kimi qarşıladıq. Plastik qablar və polietilen ərzaq torbaları həyatımıza o qədər yaxından daxil oldu ki, «onlar sağlamlığımız üçün təhlükəlidirmi?» sualını da yaddan çıxardıq.

Amma dünya alimlərinin həm plastik qablar, həm də polietilen torbaların həyat üçün təhlükəli olduğu barədə tədqiqatları, bir sıra ölkələrin həmin məhsullardan istifadəyə qadağa qoymaları bizi də artıq səhhətimiz haqqında düşünməyə məcbur edir. Təbii ki, yenə də 10-15 ildən sonra...

Gecpartlayan mina

Alimlərin araşdırmaları üzə çıxardı ki, plastik özündə toksidləri birləşdirərək insan orqanizmi üçün ziyan yaradır. Onlar əmindirlər: insan orqanizmində 80 faiz «plastik» birləşmə aşkar edilib. Bunlar insan orqanizminə plastik pəncərələr, mebellər və ən əsası, ərzaq qabları vasitəsilə keçib.

Məsələn, ABŞ alimləri siçanlar üzərində apardıqları təcrübəyə əsasən bildirirlər ki, kişilərdə prostat vəzidə və qadınlarda döş xərçənginin yaranmasında, o cümlədən beyində dəyişiklikdə plastik qablardan istifadənin təsiri var. Onlar bu əlaqənin hələ tam təsdiq olunmadığını bildirsələr də, sağlamlıq üçün yaratdığı təhlükənin həqiqiliyini şübhə altına almırlar.

Kanada alimləri də amerikalı həmkarlarının ardınca gedərək plastikdə toplanan kimyəvi maddələrin, həmçinin butulkaların, DVD və SD disklərin istehsalında istifadə edildiyini və insan sağlamlığı üçün zərərli olduğunu qeyd ediblər. Kanadanın səhiyyə naziri Toni Klementa bildirib ki, kimyəvi maddələr uşaqları, yeni doğulan körpələri və hətta ətraf aləmi təhlükə ilə hədələyir. Belə ki, plastikdə toplanan kimyəvi maddə – Bisfenol-A insan sağlamlığı üçün böyük təhlükədir. Əgər plastikdən həmçinin diş blombları, uşaq yemək butulkaları, eynəklər və s. çox istifadə etdiyimiz əşyaların hazırlanmasında da istifadə olunduğunu nəzərə alsaq, onda gecpartlayan minanın bir addımlığımızda olduğunu təsəvvür eləmək çətin deyil.

Bundan əlavə, Almaniyanın Heidelberg Universitetində aparılan tədqiqatlarla plastik qablarda saxlanılan içməli suyun tərkibində insan səhhətinə mənfi təsir göstərən arseniumun olduğu sübuta yetirilib. Götürülən nümunələrdə arseniumun miqdarı içməli sudakı yol verilən qatışıqlara dair mövcud Avropa standartları çərçivəsində olsa da, hər halda şüşə qablarda saxlanılan içməli suyun tərkibindəki eyni maddənin plastik qablardakından 30 dəfə az olduğu ortaya çıxıb. Belə ki, arsenium, qabların hazırlandığı plastikin istehsalında istifadə olunur.
Frankfurt-Mayn şəhərindəki Goete Universitetinin mütəxəssislərinin apardıqları araşdırmalar da maraq doğurur. Belə ki, alimlər - Martin Vaqner və Yorq Ollman Almaniyada 20 adda istehsal olunan mineral sularından nümunələr götürərək tədqiq ediblər. Həmin sulardan doqquzu polietilen tereftalat, doqquzu şüşə, yerdə qalan ikisi də qarışıq kağız-plastik qablarda satılır. Məlum olub ki, plastik qablarda satılan sular səhhət üçün zərərli ola bilər. Belə ki, plastikdən suyun tərkibinə estrogen - qadın hormonuna bənzər maddələr keçə bilər ki, bu da insanın endokrin sistemini zəiflədir. Qeyd edək ki, polietilen torba və qabların hazırlandığı plastik 200 ilə parçalanıb yox olur, yəni zibil poliqonunda basdırılan belə məmulatlar ətraf mühiti kirlətməkdə davam edir. Üstəlik, həmin plastik yandırılanda əmələ gələn qaz xərçəng xəstəliyinə səbəb olur. Ekspertlərin fikrincə, ən dözülməz məqamlardan biri plastik qabların təkrar istifadə edilməsidir.

Bizim yeganə sevincimiz

Qeyd edək ki, Ukrayna hökuməti pərakəndə ticarətdə polietilen qabların istifadəsinə tam qadağa qoyan yeni qanun layihəsi hazırlayıb. Həmin sənədə əsasən, polimer qab istehsalçılarına ətraf mühitə nisbətən az zərər yetirən məhsul istehsalına keçmək üçün üç illik keçid dövrü nəzərdə tutulur.

Artıq bir çox ölkədə, o cümlədən Birləşmiş Ştatlarda plastik qablardan istifadə yasaqdır. Bu qablar təhlükəli olduğundan onlar karton və kağızla əvəzlənib. O cümlədən, Latviyada plastik torbaların istifadəsi və satışı qanunla qadağan olunub. Bunun əvəzində kağız sellofanlardan istifadə olunur. Qonşu Rusiyada da pivələrin plastik qablara doldurulması yasaq edilib, həmçinin ölkədə yaxın vaxtlarda suyun da plastik qablarda satışının yasaqlanacağı elan olunub.

Bizdə isə hələlik bu sahədə yeganə sevindirici hal kimi yalnız Xırdalandakı kiçik çörək müəssisəsinin öz məhsulunu polietilen yox, kağız paketlərdə satışa çıxarması misal gətirilə bilər... Qeyd edək ki, ölkəmizin yeni dövlət standartındakı çörəyin ayrıca paketlərdə satılması tələbi istehsalçıları bəri başdan narahat etməyə başlayıb. Onlar bunun çörəyin maya dəyərini artıracağından əndişələniblər. Amma təəssüf ki, standartda həmin paketlərin hansı materialdan hazırlanacağı qeyd olunmayıb.

Şirkətlərin nüfuzu

Göründüyü kimi, bizdə real mənzərə ürəkaçan deyil. Bu gün, demək olar ki, bütün ticarət obyektlərində mallar polimer torbalara, plastik qablara qablaşdırılır. Bütün ərzaq məhsullarını polietilen torbalarda daşımaq, istifadə etdiyimiz əksər ərzaqları plastik qablarda almaq bizim üçün artıq vərdişə çevrilib. Ətrafa göz gəzdirəndə isə, ilk növbədə hər yeri bürüyən, qalaq-qalaq tökülən polimer torba və plastik qabları görürük. Havada az qala qanad açıb “uçan”, yelin sovurduğu rəngbərəng plastik torbalar ağac budaqlarında da ilişib qalır. Hələ də zibil yeşiklərində eşələnərək plastik qablar toplayıb təkrar istifadəsi üçün satan, aldıqları qəpik-quruşla yaşayışlarını təmin edən insanlara rast gəlinir.

Təəssüf ki, artıq dünya ölkələri plastik qablara və polimer torbalara müharibə elan etsə də, bizdə rəsmi qadağa yoxdur. Heç onların istifadəsinin ziyanlı olması ilə bağlı rəsmi açıqlamalar almaq da həmişə asan deyil. Demək olar ki, ölkəmizdə plastik qablara və polimer torbalara qarşı dövlət səviyyəsində heç bir tədbir görülmür. Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiya siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə “polimer torbalardan istifadə etməmək məsləhətdir. Havada uçduqlarına görə yox, tərkibindəki polimer çox gec parçalanır, yananda isə əmələ gətirdiyi kanserogen maddələr torpaqda qalır” - deyə bildirib. Nazirlik rəsmisinin sözlərinə inansaq, Bakı yaxınlığında yeni tikilən məişət tullantılarının emalı zavodunda plastik məmulatlar yandırılarkən kanserogen maddələr havaya buraxılmır. R.Səttarzadə qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər hələlik Ekologiya və Təbii Sərvətlər Nazirliyilə hökumət arasında plastik torbaların istifadəsinə məhdudiyyət gətirmək barədə müzakirələrdən ibarətdir. Plastik qabların özündən isə söhbət belə getmir, çünki belə qablarda müxtəlif içkilər satan şirkətlərin nüfuz çəkisi hamıya bəllidir.

Problemə vətəndaş cəmiyyətinin münasibəti ilə nazirliyin rəsmi fikirləri demək olar ki, üst-üstə düşür. Belə ki, Ekoloji Proqnoz Mərkəzi adlı ictimai təşkilatın prezidenti Telman Zeynalov hesab edir ki, plastik qabların istehsalını və istifadəsini qadağan etmək barədə dövlətin qərarı çıxmasa, bu sahədə müsbət irəliləyiş olmayacaq: “Dövlət heç olmasa bu plastik məmulatlar ətrafımızı kirlətməsin deyə, plastik qabları istehsalçılara toplatsaydı, yaxşı olardı...”

Ekspertlər bizdə plastik qablardan və polietilen torbalardan normalara uyğun istifadə edilmədiyi qənaətindədirlər.

Göründüyü kimi, Azərbaycanda ətraf mühiti plastik fəlakətindən, həyatımızı real təhlükədən qorumaq üçün hələ xeyli iş görülməlidir. Hələlik isə... meydan ətraf mühitin aramsız kirlənməsində yaxından rol oynayan və məhsullarını plastik qablarda təqdim edən istehsalçılara verilib. Onlar böyük gəlir əldə etmək üçün hansı vasitələrdən istəyirlərsə istifadə edirlər. Qazanc maraqları hər şeyi üstələyən polietilen və plastik istehsalçıları hamımızın yaşadığı ətraf mühitə nə qədər ziyan vurduqlarının fərqində deyillər.

Yenə təkrar edirik, qazanc maraqları insanların səhhəti ilə bağlı narahatlıqları kölgədə qoyub. İnsan rifahını üstün tutan ölkələr kimi bizim də nə vaxt polimer fəlakətinə əlvida deyib səhhətimiz haqqında düşünəcəyimiz isə təbii ki, təkcə sıravi adamlardan asılı deyil...

Təranə Məhərrəmova
Vidadi Sadıqov