• şənbə, 20 Aprel, 15:58
  • Baku Bakı 23°C

“Yumor menecer üçün çox faydalı alətdir” – Uğur hekayəsi

22.07.16 11:51 4083
“Yumor menecer üçün çox faydalı alətdir” – Uğur hekayəsi
Bir menecer kimi işçilər tərəfindən sevilməyi ən öndə gedən məqsəd saymır. Deyir ki, əgər hər şey işçilər üçün çox yaxşıdırsa, onlar çox rahatdırsa, demək, qurulan sistem bir o qədər də effektiv deyil. Amma heyəti razı salmağın önəmli olduğunu düşünür. Bunun üçün onları anlamaq, ünsiyyət qurmaq, dinləmək, məqsədlərini başa düşmək lazımdır. Müsahibimiz müstəqil konsultant, təlimçi Davud Məmmədovdur.

- Davud bəy, ilk işinizi necə xatırlayırsınız?
- Maliyyə üzrə təhsil alsam da, işə tələbə vaxtı Zamin Bankda təcrübəçi kimi başlamışam və işim İT ilə bağlı olub. O vaxt İT-dən başı çıxanlara çox ehtiyac var idi. Bu sahəni də bizim kimi gənclər tez qavrayırdı. Sonra karyerama indiki Yapı Kredi Bankda yenə də İT sahəsində davam etdim. Sonradan sözügedən bankda həm də mühasibatlıq və bank işinə başladım. 2004-cü ildən etibarən maliyyə işləri, mühasibatlıq sahəsində çalışdım.

- 2004-cü ildən 2015-ci ilə qədər bütün iş yerlərinizdə, vəzifələrinizdə audit sözü var. Audit bir az xırdaçı, diqqət, səbir tələb edən, stresli işdir. 10 ildən çoxdur bu sahədəsiniz. Hərdən olub ki, bezəsiniz?
- Vaxtilə çalışdığım Deloitte şirkəti dünyada bu sahədə fəaliyyət göstərən ən böyük dörd şirkətdən biridir. Orada audit meneceri idim. Ötən ilin ortasından şirkətdən ayrılıb frilanser (sərbəst fəaliyyət) kimi fəaliyyət göstərməyə başladım. Səbəblərdən biri yorulmağım idi. İşin daim eyni formatda görülməsindən adam bir az bezir. Digər tərəfdən, hiss etdim ki, artıq inkişafa meyilli deyiləm. Hər şey sabitdir. Gördüyün işlər, ünsiyyətdə olduğun insanlar sabitdir. Bu zaman adam bir az rahatlaşır və bu rahatlıq şəxsi inkişafa mənfi təsir göstərir. Buna görə də qərar verdim ki, ayrılıb təkbaşına iş görüm. Artıq müəyyən təcrübəm, maliyyə ilə bağlı məhsulları təklif etmək üçün şəbəkəm, tanıdığım insanlar, şirkətlər var idi. Buna görə də riskə getdim və uğurlu alındı.

- Ənənəvi sualımız: uğurunuzun sirri nədədir?
- Səbirli olmaq, çalışmaq, davamlı olmaq. Bir çoxları yenicə başladıqları işdə həmin an nəticə gözləyir, o dəqiqə varlanmaq istəyir. Bu baxış bucağından çəkinmək lazımdır. Gərək nəyəsə nail olmaq istəyəndə davamlı çalışasan.

- Davud bəy, qeyd etdiyimiz kimi, sənətiniz elədir ki, dəqiq olmalı, rəqəmlərlə səliqəli işləməlisiniz. Həyatda da beləsiniz?
- Həyatda tam əksiyəm. Şəxsi həyatda dəqiqlikdən, rəqəmlərin tələb etdiyi səliqə-sahmandan bezirəm. Etiraf edim ki, həyatda çox səliqəsiz insanam və bundan da həzz alıram. İşimdəki dəqiqliyin acığını belə çıxıram (gülür – L.M.).
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər