• cümə axşamı, 25 aprel, 21:32
  • Baku Bakı 21°C

Yükünüzün etibarlı daşınmasını istəyirsinizsə...

14.07.16 12:43 1458
Yükünüzün etibarlı daşınmasını istəyirsinizsə...
İstənilən yükün daşınması zamanı itkilərin olmasından heç kəs sığortalanmayıb. Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq, partlayış, yanğın, yol-nəqliyyat hadisəsi, təbii və digər fəlakətlər üzündən yüklərin itmə, oğurlanma, xarab olma, zədələnmə və ya məhv olma ehtimalı var. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür. Yük daşımaları zamanı yükün mülkiyyətçisi və ya alıcı daşıma boyu malik olduğu əmtəədən xəbərsiz və narahat bir formada gözləyir. Bəzi hallarda yük daşımalarını həyata keçirərkən, məsələn, vətəndaş bir mənzildən digər mənzilə köçərkən və ya hər hansı yeni bir əşyanı alıb evinə gətizdirərkən həmin əşyaların zədələnməsi, ogurlanması və s. hallarla qarşılaşırlar. Sığortalı olmayacağı təqdirdə daşıyanla mal sahibi arasındakı mübahisələr bəzən məhkəmələrə qədər gedib çıxır. Məsuliyyət sığortaları kateqoriyasına aid olan yükdaşımaları sığortasının olmaması isə insanları problemlərlə qarşılaşdırır.
Düzdür, ölkədə bu cür xidmətləri həyata keçirən şirkətlər özlərini sığortalayaraq peşəkar xidmət göstərdiklərini iddia edirlər. Məsələn, 166 yük taksisi xidməti müştərilərə peşəkar xidmət göstərdiyini bildirir. Xidmətin əməkdaşı Nigar xanım bizimlə söhbətində müştərilərə tam sığortalı şəkildə xidmət göstərdiklərini desə də, bəzən sığortasız müştərilərin də yükünü daşıdıqlarını etiraf edir: «Sifariş qəbul olunur. Sınan əşyalar öncədən qablaşdırılır. Əgər əşyalar hər hansı bir zədə alırsa, həmin müştəri yenidən xidmətə müraciət edir və zədələnən əşyaya görə aktı imzalamır. Xidmət özü dəyən zərəri ödəyir».
Ölkə daxilində kiçik yükdaşımaları işçilərin peşə məsuliyyəti kateqoriyasına aid edən «Rəvan» Sığorta Şirkətinin satış-marketinq departamentinin müdiri Mail Nuriyev sorgumuza cavab olaraq bildirdi ki, yük sığortası dedikdə söhbət əsasən ölkəyə kənardan gətirilən və aparılan yüklərdən gedir: "İşçilərin peşə məsuliyyətinin sığortası zamanı əgər hər hansı işçinin məsuliyyətsizliyi üzündən yüklər zədələnibsə, o zaman sığorta şirkəti malın üzərindən ödəniş etməlidir. Əgər ölkədaxili yüklərin sığortasından söhbət gedirsə, o zaman yüklər avtomobillərə yığılanda onların mütləq şəkildə siyahısı tutulur və qiymətləndirilir. Yalnız o zaman onlar yük sığortasına şamil oluna bilir”. Şirkət təmsilçisinin sözlərinə görə, şəhərdaxili kiçik daşımalar adətən yük sığortasına cəlb olunmur: "Tutaq ki, Bakıdan hansısa rayonların birinə böyük məbləğli yük aparılırsa, sənədlə yükün növü və təminatı rəsmiləşdirilir. Yəni yükdaşıma zamanı hər hansı təbiət hadisəsi baş verə və ya mal həmin nöqtəyə aparılıb çıxarılana qədər təbii aşınmalardan xarab ola bilər. Bütün bunlarla bağlı əvvəlcədən sığorta şirkətinə müraciət olunur və qurum ona uyğun tarifləri qarşı tərəfə təqdim edir. Hər iki tərəf razılaşandan sonra yükdaşıma sığortası həyata keçirilir. Vətəndaş yük daşıyan şirkətin nümayəndəsi ilə yüklərini maşına yığmamışdan əvvəl təhvil-təslim aktı imzalayır. Avtomobildə həmin malların hər hansı biri zədələnərsə, həmin akta və şirkətlə bağlanan müqaviləyə görə bu hadisə mülki məsələ kimi tənzimlənir. Tənzimlənmə müqavilə ilə mümkün ola bilər. İstənilən halda vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Ancaq sığorta tərəfi olmadığından fikir söyləmək bir qədər çətindir”. M.Nuriyev bildirir ki, yük sığorta olunan zaman dəyən zərərə görə yük sığortasının müəyyən azadolma məbləği tətbiq olunur. Məsələn, bir sığorta hadisəsinə görə 300 manat azadolma məbləği varsa, bu zaman sığorta hadisəsi baş verdikdə və 5000 manat ziyan dəydikdə sığorta şirkəti həmin 300 manatı çıxır, qalan 4700 manatı sığortalıya ödəyir: "Həmin azadolma məbləği müqavilədə mütləq şəkildə tənzimlənməlidir. Bu müqavilə hər iki tərəfin razılığı ilə həyata keçirilən prosesdir».
Hüquqşünas Ceyhun Cəfərli hesab edir ki, yük daşıtdıran vətəndaşın əmlakına görə sığortası olmasa belə, o, bütün hallarda dəymiş ziyana görə iddia qaldıra bilər: "Əgər daşıyıcı təşkilatın 3-cü şəxslər qarşısında məsuliyyəti icbari qaydada sığorta olunmayıbsa, o halda sifariş verən tərəf daşıyıcıya qarşı vurulan zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Sığorta zərər vuran şəxsin ödəmə qabiliyyətindən asılılıq yaratmamaq üçün əlavə təminat vasitəsidir. Belə ki, sığorta mala, mülkə və həyata görə yaranan risklərin azaldılmasıdır. Yəni ortada «imkanım yoxdur, olanda verəcəyəm» kimi xoşagəlməz vəziyyət yaranmasın. Vətəndaşın əmlakına qarşı hər hansı zərər olarsa, həmin zərəri tez bir zaman çərçivəsində ödəmək təminatı yaradılsın”. Hüquqşünas bildirir ki, hər hansı bir fəaliyyətdən yaranan riskin sığortalanmaması zərər vurana qarşı iddia qaldırmağı əngəlləyə bilməz. Sadəcə, bu, zərərçəkən üçün münasib olmayan bir vəziyyət yaradır: "Vətəndaşı get-gələ salır. Sığorta şirkəti isə həmişə pulu olduğu üçün dəyən zərəri qısa bir zamanda ödəyə bilir».
Ekspertlər hesab edirlər ki, bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır. Yəni çətin vəziyyətə düşəndə get-gələ düşməmək, kiminsə məsuliyyətdən boyun qaçırması ilə üzləşməmək, maddi ziyandan daha betər – mənəvi ziyanla üzləşməmək üçün sığortalı xidmətə üstünlük vermək lazımdır. Əlbəttə, əgər bu xidmət özü də şirkətlər tərəfindən mükəmməl təşkil olunubsa...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər