• cümə, 19 Aprel, 09:46
  • Baku Bakı 13°C

Yüksəklikləri fəth edən səyyah - Səyyah

08.06.18 11:30 2275
Yüksəklikləri fəth edən səyyah - Səyyah
33 yaşı var və 29 yaşına qədər xarici pasportu olmayıb. Düşünür ki, heç vaxt heç nə üçün gec deyil, yetər ki, insan istədiyinə nail olmaq üçün məqsədli şəkildə çalışsın. Xarici pasportunu aldıqdan sonra 21 ölkənin qonağı olub. Bir müddət səfər etdikdən sonra getdiyi ölkələrin zirvələrini də fəth etmək eşqinə düşüb. Və indi səyahət etməkdə əsas məqsədi başqa ölkələrin yüksəkliklərinə çıxmaqdır. Rubrikamızın bu dəfə ki, qonağı Rasim Ağazadədir.
R.Ağazadə 1985-ci ildə anadan olub. Binəqədi rayonundakı 283 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Hazırda özəl sektorda çalışır. Eyni zamanda səyahətlə bağlı da bəzi işləri var. Belə ki, vizam.az şirkətində səyahət koordinatoru, "Traveler’s Nirvana”da turların təşkili və yönləndirilməsi işlərinə baxır.
- Bəzilər deyir ki, səyahət etmək, yeni ölkələr görmək, insanlar tanımaq uşaqlıq arzumdur. Bəs, sizdə səyahət etmək istəyi necə yarandı?
- Əslində, bu, qeyri-adi şəkildə yarandı. 29 yaşıma kimi Azərbaycandan kənara çıxmamışdım. Hətta, xarici pasportum belə yox idi. Və bir dəfə qardaşım İngiltərəyə gedəcəkdi, mənə də təklif etdi. "Mançester Yunayted” komandasına olan sevgim, o stadionda olmaq istəyim məni səyahətə çıxmağa sövq etdi. Beləcə, ilk vizamı, xarici pasportumu aldım. Səyahət zamanı içimdə bir hiss yarandı. Mənə elə gəldi ki, bu yaşıma qədər heç nə yaşamamışam. Qərara gəldim ki, bunu davam etdirim. Həm maddi, həm də vaxt baxımından imkan tapan kimi səyahətə çıxıram.

- Hansı ölkələrdə olubsunuz?
- Konkret desək, 2015-ci ildən səyahətə başlamışam və artıq 21 ölkədə olmuşam. İndi 21 ölkənin hamısının adını xatırlamıram. Amma mənim üçün ən yadda qalanları Tanzaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Belçika, Uels, Polşa, Almaniya, Karib ölkələridir.
- Əlçatmaz, görmək arzusu ilə yaşadığınız, sizin üçün ora getməyin çətin olduğunu düşündüyünüz ölkə varmı?
- Xeyr, ümumiyyətlə, mənim üçün əlçatmaz deyilən bir düşüncə yoxdur. Ən çətini ilk addımı atmaq idi və mən də bunu etdim. Düşünmürəm ki, bundan sonra hansısa ölkəyə getməkdə çətinlik çəkim. Görmək istədiyim, ən çox sevdiyim ölkə isə Braziliyadır.
- Nə əcəb bu günə qədər Braziliya həmin 21 ölkələrin sırasına daxil olmayıb?
- Çünki mənim səyahətlərim elə də uzun müddətli olmur. Son dövrlər işlərimin çoxluğundan və əsas səyahət obyektlərim də dağlar, yüksəkliklər olduğundan, getdiyim ölkələrdə çox qala bilmirəm. Braziliya səfərimi də 3-5 günlə yola verməyi düşünmürəm. Normal bir vaxt ayırıb, oranı rahat gəzmək, tanımaq istəyirəm.

- Yüksəkliklərə, dağlara olan maraq necə yarandı?
- Səhv etmirəmsə, 2016-cı il idi. Qardaşım bir səyahət layihəsi təşkil etmişdi və orada Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da iştirak edirdi. O, fəth etdiyi dağlardan, xüsusilə də Everest yüksəkliyindən elə maraqla danışırdı ki, istər-istəməz insan həmin yerləri gedib görmək istəyir. Düşünün, necə həvəs yarandısa, layihə yanvar ayında idi, fevralda artıq biz Afrikanın ən yüksək zirvəsi olan Kilimancaroda idik (gülür). Və beləcə, qardaşımla qərara gəldik ki, səyahətlərimizi yüksəkliklərlə davam etdirək. Hansısa ölkəyə gedəndə, çalışırıq ki, mütləq dağlarını da görək.
- Qardaşınızla səyahət etdiyinizi deyirsiniz. Səyahət etmək tək maraqlıdır, yoxsa qrup şəklində?
- Əslində, kollektivə görə dəyişir. Baxır necə insanlarla, hara səyahət edirsən. Hazırda ən yaxın dostum, sirdaşım qardaşımdır və onunla səyahət etmək mənə xoşdur. Amma başqa tanımadığım hər hansısa bir qrupla səyahət mənim üçün elə də maraqlı deyil. Düzdür, Karib adalarına komanda şəklində getmişdik, pis də olmadı. Ancaq seçim etmək şansım olsa, tək və ya qardaşımla səyahəti seçərəm. Çünki belə daha rahatdır, qrup olanda istəklər, seçimlər üst-üstə düşməyə bilir. Bu məqamda da komandanı tərk edib gedə bilmirsən. Kollektiv hara gedirsə, məcbur olaraq sən də ora getməlisən.

- "Facebook” profilinizdə bir şəklinizi paylaşıb, "gəzəyən olmağın üstünlükləri” yazmışdınız. Maraqlıdır, gəzəyən olmağın hansı üstünlükləri var?
- (Gülür) "Facebook”da "Gəzəyənlər” səhifəsi var, onu nəzərdə tutmuşdum. O qrupa üzv olmaqla ölkələr, ümumiyyətlə, səyahət haqqında çox şey öyrənirəm. Həmçinin, o səhifə sayəsində yeni tanışlıqlarım, əlaqələrim yaranıb. Və həmin o şəkli də səhifədən tanığım bir dostum çəkib. Yəni, üstünlük deyərkən bunları düşünmüşdüm.
- Yeni Zelandiyada yüksəkliklərdən tullanma videolarınızı izlədim. Videoları izləyərkən həyəcanlanmamaq mümkünsüz. Deyəsən, həyəcanı sevirsiniz.
- Əslində, yüksəkliklərdən qorxan biriyəm. Amma bu, istədiklərindən uzaq durmaq, etməmək mənasına gəlmir. Nə qədər yüksəklik fobiyam olsa da, bunun üstünə gedib, onu aşmağa çalışıram. Həmin yüksəklikdən aşağı baxan zaman yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Bir ara fikrimi dəyişdim, amma tullanmaqdan vaz keçib arxaya baxanda hamının "tullan, tullan” qışqırdığını gördüm. O an anladım ki, bunun geri dönüşü yoxdur və gözümü yumub tullandım. Həyəcanı sevən biriyəm. Hazırda isə təyyarədən tullanmağı planlaşdırıram. Sadəcə, bir az büdcə baxımından çətinlik çəkirəm. Çünki təyyarədən tullanmaq bahalıdır.

- Sizi qısqanan, yerinizdə olmaq istəyənlər çoxdur.
- Əlbəttə, yerimdə olmaq istəyən insanlar çoxdur. Bunu da normal sayıram. Amma bir məsələ var ki, həmin insanlar istəməklə kifayətlənirlər. Onlar bu yerdə olmaq üçün mənim atdığım addımları atmırlar. Bəlkə də onların əksəriyyəti maddi cəhətdən məndən çox qazanırlar. Amma qarşılarına məqsəd qoyub bunun üçün bir planlama etmirlər. Ürəklərində arzu olaraq qalır.
- Maddi üstünlük demişkən, xərclərinizi necə qarşılayırsınız, çətinliyiniz olmur ki?
- Səyahət etmək üçün ən əsas nüans maddi cəhətdən buna hazır olmaqdır. Mən də bunun üçün il ərzində çox işləyirəm. Hətta əsas işimdən başqa, bacardığım qədər əlavə işlər də götürürəm. Tutaq ki, harasa getməyi planlayıramsa, il ərzində ona uyğun pul yığmağa başlayıram.
- Təqribi nə qədər olur xərcləriniz, hansı ölkədə xərciniz daha çox çıxdı?
- Bu, ölkədən ölkəyə dəyişir. Hər ölkənin öz xərci olur. Ən çox xərcim Avstraliya və Yeni Zelandiyaya çıxdı. Təqribi 5-6 min dollar tutur. Ora çox bahalı ölkədir. Düşünün, oteldə yox, milli parklarda çadırda qalırdım və yenə də mənim xərcim çox idi. Əslində, çadırda qalmağı özüm də istəyirdim. Getsəm, yenə də çadırda yataram. Çünki çadırda qalmaq həm də günə 150 dollar qənaət etmək deməkdir. Elə otelləri var ki, çox bahadır, eləsi də var heç yer tapmaq olmur.

- Ölkələri sizin üçün maraqlı edən nədir? Getdiyiniz yeri əvvəlcədən araşdırırsınızmı?
- Əlbəttə, araşdırıram. Ölkənin mədəniyyəti, insanları, yeməkləri haqqında məlumat toplayıram. Əvvəllər daha çox sivilizasiyanın olduğu, Avropanın ən inkişaf etmiş ölkələrinə getmək maraqlı gəlirdi, amma indi isə Afrika mənə daha cəzbedici gəlir. Həyat səviyyəsi aşağı olsa da, gəzmək üçün maraqlı ölkələrdir.
- Səfər zamanı dil və ya yemək problemi yaşayırsınız?
- Deyə bilmərəm ki, xarici dil biliyim çox yüksək səviyyədədir. İngilis dilində az-maz danışmağı bacarıram. Ən azında qarşımdakı insana nə istədiyimi başa sala bilirəm. Dil baxımdan elə də ciddi problem yaşamıram. Mətbəxə gəlincə isə yeməyi sevən insanam. Səyahət etdiyim müddətdə isə demək olar ki, bir çox ölkənin mətbəxinin dadına baxmışam. Amma çox xoşuma gələn, yadımda qalan təam olmayıb. "Birdə getsəydim, bir də dadardım” deyə biləcəyim yeməyə hələ rast gəlməmişəm.
- Səyahət edən zaman tanış olduğunuz insanlarla əlaqəniz sonra da davam edir?
- Əlbəttə, xüsusilə də Karib adalarına gedərkən yolda tanış olduqlarımın bir çoxu ilə əlaqəmiz var. Hətta, arada planlaşdırırıq ki, yenə yığışaq hansısa ölkəyə birlikdə səfər edək. Həmçinin, Afrikada olarkən mənə bələdçilik edən oğlanla "facebook”da arada söhbət edirik. O, mənə maraqlı şəkillər atır.
- Səyahət etmək istəyən gənclərə məsləhətiniz?
- Mənim səyahət paylaşımlarım bir çoxlarına motivasiya olur. Düşünürəm ki, həyatda qeyri-mümkün, istəyib də əldə edə bilməyəcəyimiz şey yoxdur. İnsan hər şeyi bacara bilər, sadəcə, qarşısına məqsəd qoymalı və ona çatmaq üçün çalışmalıdır. Əgər hansısa ölkəyə gəzməyə getmək istəyirsənizsə, məqsədli olmalısınız. Pulunuzu boş yerlərə xərcləməməlisiniz. Pula qənaət etməklə, istəklərinə çata bilərlər. Məcbur deyil ki, ən bahalı ölkəyə getsinlər. Kiçik bir məbləğlə də həyat səviyyəsi ucuz olan ölkəyə getmək olar.
Günel Azadə




banner

Oxşar Xəbərlər