• cümə axşamı, 25 aprel, 19:17
  • Baku Bakı 21°C

Yüksək zövqlərə xitab edən adam

08.08.16 11:15 3100
Yüksək zövqlərə xitab edən adam
Tanınmış televiziya aparıcısı, diktor, rejissor, ssenarist və esseist Rafiq Həşimovun bugünlərdə - avqustun 11-də 50 yaşı tamam olacaq. Uzun zamandan bəri fəal çalışdığı televiziya sahəsində və bütövlükdə çağdaş ədəbi-mədəni mühitimizdə Rafiq Həşimovun özünəməxsus yeri, sayılıb-seçilən mövqeyi var. Həyat və fəaliyyət yoluna nəzər salanda tam dəqiqliyi ilə aydın olur ki, bu mövqeyə o, özünün parlaq istedadı və digər üstün şəxsi keyfiyyətləri, xüsusən də, bir neçə onillik boyu aramsız davam edən gərgin yaradıcı zəhməti hesabına yüksəlib.
Rafiq Məhəmməd oğlu Həşimov 1966-cı ildə anadan olub. 1985-ci ildə Bakı Rabitə-Elektro Texnikumunun "Televiziya və radio texnikası” fakültəsini bitirib. 1985-87-ci illərdə hərbi xidmətdə olub. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi fəaliyyətə başlayıb. Sonradan videooperator, montajçı kimi çalışıb. 1997-ci ildə Baki Dövlət Universitetinin "Jurnalistika” fakültəsini bitirib. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Bu illər ərzində "Xəbərlər”in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr” müəllif proqramının, "Səhər” proqramının aparıcısı olub. Nitq mədəniyyəti ilə bağlı "Space”,"Lider”və"Xəzər” telekanallarında aparıcılara və müxbirlərə məşğələlər keçib, "Xəzər” Universitetində dərs deyib. Ssenariləri əsasında bir çox ekran əsəri ("Səyyahın gündəliyi”, "Günəş və bulud”, "İki əsrin fenomeni”, "Gözümün işığı”, "Diktor”, "Odlar torpağının suyu”...) yaradılmış R.Həşimov 2011-ci ildə,Mədəniyyət və Turizm Nazirliyininsifarişi ilə, şəhid Fuad Əsədov haqqında "Yarımçıq gündəlik” bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı” sənədli filmini çəkib. "XX əsr” adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlayıb.Ümummilli LiderHeydər Əliyevin4 noyabr 1998-ci il tarixli fərmanı iləAzərbaycan Respublikasının Əməkdar Artistifəxri adına layiq görülüb.
Ədəbi fəaliyyətilə də seçilən Rafiq Həşimovun hekayələri ("Yuva”, "Bir saat”, "Allahdan qorxurdu”, "Körpü”, "Qaraböcək”...), esseləri ("Kitab”, "Söz”, "Tarix”, "Uşaqlar”, "Zəhra ilə söhbət”...), eləcə də Herman Hesse, Xorxe Luis Borxes, Çeslav Miloş və digər ədiblərdən tərcümələri nüfuzlu dərgilərdə, qəzetlərdə çap olunub.O, 2008-ci ildənAzərbaycan Yazıçılar Birliyininüzvü, 2014-cü ildən AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavinidir. Bu günlərdə 50 yaşı olan Rafiq Həşimov barədə söz və sənət adamlarının fikirlərini təqdim edirik:
Fuad Poladov
Xalq artisti
Mən Rafiqi yalan olmasın, keçən əsrdən tanıyıram. Təxminən 25-30 ildi. Bizim tanışlığımızın səbəbkarı bizim bir ümumi dostumuz vardı, Niyazi Aslanov, indi dünyasını dəyişib, o olub. Ona qədər biz bir-birimizi tanıyırdıq, bir-birimizə münasibətimiz yaxşı idi, amma əsas dostluğumuz o vaxtdan başlayıb. Onda olan alicənablıq, ziyalılıq, mərdlik, təmkin həmişə bu illər ərzində məni özünə cəlb eləyib. Hər bir insanın çətin məqamları olur, Rafiqin də həyatda çox çətin məqamları olub. Mən hələ bir dəfə onun səsinin qalxdığını, ucadan nəsə danışmağını görməmişəm. Hətta o kritik məqamlarda belə o, öz təmkinini, öz ağayanalığını saxlayan oğlandır. Qibtə olunası cəhətdir. Rafiqin bu keyfiyyəti çox xoşa gələndi. Az adamlarda olan keyfiyyətlərdəndi bu. Əsl kişiyə mənsub olan keyfiyyətlərdəndi.
Rafiq Azərbaycan televiziyasının diktor məktəbinin ən ləyaqətli nümayəndələrindən biridir. Düzdü, hər bir diktorun öz yeri var, amma mən deyərdim, Rafiq Hüseynovdan sonra, Azərbaycan teatrında necə deyirlər, müqəddəs yer boş qalmır, o yeri tutanlardan biri, davamçılardan biri Rafiq məhz Həşimovdu. Bir dəfə bizim tanışlarımızdan biri yaxşı bir söz dedi ki, Rafiq, sən televizora tez-tez çıx. Çünki dediklərin bəzən düz çıxmasa da, adamlar sənə inanır. Onun üzündə etimad olunacaq bir insanın siması var. Rafiqi görəndə nurlu simalar yadıma düşür, necə ki, indi baxırıq o şəkillərə, görürük hamımın üzündən nur yağır, bax Rafiq də həmin adamlardandı. Elə bil ki, bu dövrün adamı deyil. Və mənə elə gəlir ki, Rafiq Həşimovu bizim tamaşaçılarımız hələ yaxından tanımırlar. Onun çox gözəl keyfiyyətləri var ki, mən arzu eləyirəm ki, 50 yaşdan sonra, yarım əsr bu dünyada yaşayandan sonra da Rafiq bu həyatda öz yolunu necə tutub, elə həmin ləyaqətlə də davam elətdirsin.
Səlim Babullaoğlu
Şair
Rafiq Həşimovun usta ssenarist və esseist, rejissor, istedadlı tərcüməçi, dərin və maraqlı şeirlər müəllifi olduğunu bilənlərin sayı, onu görkəmli telejurnalist, diktor, aparıcı kimi tanıyanların sayından, təəssüf ki, qat-qat azdır. Bunun əsas səbəbi isə, Rafiqin, bir insan kimi, əvəzolunmaz keyfiyyətlərindən olan təvazökarlığıdır. Mənim təəssüf hissim Rafiqin təvazökarlığına görə deyil və bu da, yəqin, anlaşılandır. Rafiq yaxşı oğul, yaxşı qardaş, yaxşı ata, yaxşı dost, yaxşı vətəndaşdır. Ömrünün yarısı qədər onunla dostluq edən bir insan olaraq, mən bu sadaladıqlarımı onda hər bir məqamda yaxından müşahidə eləmişəm. Ürəklə deyə biləcəyim bir şey də var: Rafiq cəmiyyətdəki, dünyadakı elə insanlardandır ki, ona baxıb doğru səmtə, dürüst yönə düzlənmək olar.
Allah ona insanlarda dərin etimad oyadan işıqlı sima və qəlblərə sirayət edən səs verib. Və nə yaxşı ki, öz işinin həqiqi, böyük peşəkarı kimi, Rafiq, Allahın ona verdiyi bu keyfiyyətlərdən sui-istifadə eləməyə çalışmayıb...
Bir dəfə bir yazıçıyla söhbətləşirdik. Əsərlərini yarıkönül və perpendikulyar oxumuşdum... Birdən dostum elə onun yanındaca kitabını ixtiyari bir yerdən açdı, gözəl, səlis nitqiylə oxumağa başladı. Mənə elə gəldi ki, kimsə Folknerin mətnlərini oxuyur və mən dinləyirəm. Sonra bu hadisə haqqında çox fikirləşdim... Bu sevginin işartısıydı. Yox, mən səsə aldanmamışdım, səslə işləyən adam kimi bu yanlışdan uzaqdım, amma mən heç kimdə nə o vaxta qədər, nə də sonra adi, gündəlik sözə bu qədər məsuliyyətlə, sevgi ilə yanaşan ikinci adam görməmişdim. Onun nitqi lüğətlərə, lüğətlərdəki ən azişlək sözlərə bəraət qazandıracaq qədər dürüstdür, dolu və dərindir.
Sözləri düzgün oxumaq ahəng qanunlarına, vurğulara doğru-dürüst riayət eləmək deyil yalnız. Sözləri düzgün oxumaq onları anlamaq, bu anlayışları sanki xeyirin və şərin o biri üzündən başa düşərək qəlbə endirməkdir. Yalnız bu halda mətn düzgün oxunur. Rafiq Azərbaycan televiziya tarixində bunu bacaran, hər halda, mənim tanıdığım yeganə insandır.
Mən indiyəqədərki ömrünün tən yarısı mənim ömrümün isə yarıdan çoxu qədər dostluq etdiyim əziz dostumu 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy, uzun və məsud yaşasın!
Ceyhun Əli
"Axşamınız xeyir, hörmətli tamaşaçılar, xanımlar və cənablar, analar və atalar, bacılar və qardaşlar..." Bu salamlaşma və xitabdan sonra adətən cavab gözləyirik. Hətta etdiyimiz müraciətin fərqinə varmadığımız məqamlar da olur. Çünki, çatdırmaq istədiyimiz məlumat, fikir və nəsə bizim üçün daha çox önəm və məna daşıyır, nəinki xitabımız. Amma sözü kəlam səviyyəsinə yüksəltməyi bacaran və qüdrətdən düşməyə qoymayan insanlar sözdən əvvəl musiqinin yarandığını dərk edənlərdir... Bizi "baba müəllim" deyə xitab etdiyimiz televiziyanın klassiki Rafiq Hüseynli tanış etmişdi. Telefon vasitəsi ilə. İlk tanışlığımız çox kiçik, fəqət kitablar və çəkiliş kasetləri ilə dolu bir otaqda baş tutdu. Tələbələrini də bu otaqda qəbul edərdi. Mən hansısa bir mətni oxumalı və onun qiymətləndirməsini gözləməli idim. O, təxminən mənim indiki yaşımda idi. Diqqətlə dinlədi və "hələ bir-neçə ay nitqin qoxusunu və ətrini hiss edəcəksiniz", söylədi... Tələbə kimi qarşısında dayandığımız dövr onun iztirab çəkdiyi bir dönəmə təsadüf etmişdi. Bu barədə heç vaxt danışmır, biz sadəcə bunu hiss edirdik... Rafiq Həşimov haqqında danışmaq çox çətindir. Çünki, onu hər zaman insanın ruhi halı və daxili dərəcəsi düşündürüb...Və O, belə yaşayır. Dünyada ən sürətli məfhumun fikir olduğunu özünə isbat etmək iztirabsız mümkün deyil. - Baba, sən niyə kədərlisən? - Bəlkə də ona görə ki, sən güləsən, bala... O, həm də dialoqlarla və dialoqlarda yaşayır. Nitqin səslənən tərəfini yazıya köçürdükdə eyni şəkildə dəyərdə qala bilməsi üçün. Çünki, həyatın "söz deyiləndə yaşayır, yazılanda ölür" mərhələsini adlayıb artıq... Cürətimə görə, məni bağışlamasını rica edirəm, amma teleməkanda artıq onu soyadını səsləndirmədən belə çağıra bilirik. Vaqifin cazı, Alimin ifası kimi, Rafiqin səsi, nitqi və dəst-xətti ifadəsi yaşamaqdadır. Peşəkar aparıcı və jurnalist olmaqla yanaşı, bu imza rejissoru olduğu filmlərdə də həyat tapıb... Özü ustalıqla yazdığı ssenarilərindən, filmlərindən bəhs etmir. Çünki, rejissor insanlarla ekranlaşdırdığı filmlərin dili ilə danışırsa, demək susqunluğu da ünsiyyətdir... Sözün əvvəlinə və sonuna təsvir yaradan kəlmələri yaşamadan əlavə etmək mümkün deyil. Rafiq Həşimov həyatını televiziyanın özü kimi söz, təsvir və musiqinin vəhdətini axtarmağa həsr edib... Bir əsrin yarısında özü ilə bərabər övladları da onun haqqında danışır. Bu, onun 20 ildən artıq yaşayan proqramları, hekayələri, filmləridir... Sizə təşəkkür edirəm. Sözü təsvir dərəcəsində səsləndirdiyiniz üçün... Dostluğu incəsənət səviyyəsinə yüksəltdiyiniz üçün... Kitablara sığınıb, özünüzü qoruduğunuz üçün...
Fərid Hüseyn
Doğma insanlara bizdə "yaddaşsızlıq yaradır”: harda tanıyırsan, necə tanıyırsan əksərən bunlar xatirindən silinir, yaxud detallı qalmır. Çünki nə zaman doğmalaşmağın "qəfil tarix”dir və həmən tarix məlum günləri ikinci plana keçirir. Hər şey o doğmalaşdığın tarixdən hesablanır, fəqət ruh, bağlandığı günün tarixçəsini "qeyd eləmir”. Ömrüm az olduğuna görə Rafiq Həşimovu çoxdan tanımıram, amma yaxın 5-6 il içərisində onu ürəyim çox istəyib…
Rafiq Həşimov tərcüməçi kimi seçdiyi mətnlərlə, naşir kimi layihə rəhbəri olduğu "Xalq əmanəti” seriyası ilə, sevdiyi müəlliflə - Herman Hesseylə, çəkdiyi filmlərlə, aparıcılıq fəaliyyəti ilə heç də "rəngarəng deyil”, çünki o, əslində bir iş görür: Yüksək zövqlərə xitab edir. Bundan sonrakı ömründə də onu həmin xitabət kürsüsündə görmək diləyi ilə...
banner

Oxşar Xəbərlər