• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

Yüksək təfəkkürlü alim, həssas yazıçı

01.04.19 13:30 1111
Yüksək təfəkkürlü alim, həssas yazıçı
Akif İmanlı dedikdə göz önündə dinli-imanlı, vicdanlı, təfəkkür və nitq mədəniyyətli yüksək, sadə və təvazökarlığı ilə seçilən böyük alim, insanlığın uca zirvəsində duran mələk kimi bir adam dayanır. Elə bilirəm ki, dilimizdə Akif müəllimi olduğu kimi təyin edə biləcək sözlər yoxdur və mələklər təkcə göy aləmində olmur. Yer üzündə də Tanrının yaratdığı mələklər var ki, Akif müəllim onlardan biridir.
Akif müəllim o qədər gözəl insandır ki, onun haqqında nə deyilirsə, səmimi deyilir, içdən, ürəkdən gəlir. O, mənim üçün böyük və əvəzedilməz bir məktəbdir. Akif müəllimin simasında bir neçə məktəb formalaşıb və çox adam və mənim özüm də bu məktəblərdən xeyli faydalanmışıq. Onlardan biri elm məktəbi, ikincisi tərbiyə məktəbi, üçüncüsü səliqə-sahman məktəbi, dördüncüsü natiqlik məktəbi, beşincisi insanlıq məktəbi, altıncısı pedaqoji məktəbdir və s.
Mənim elmi yazılarımın bir çoxunun ilk oxucusu Akif müəllimdir. Onun fikirlərinə ehtiramım hədsizdir və o, mənim yazılarım haqqında danışanda həmişə rahatlıq, məmnunluq və sevinc hissləri keçirmişəm. Akif müəllimin dediklərinə çox inanıram. Bu inamı yaradan onun düzgünlük və dürüstlüyüdür. Akif müəllim ləyaqətli alimdir. O, həmişə doğru danışır və cəmiyyət və insanlara real münasibəti ilə seçilir, kiminsə xatirinə kompliment deməkdən çox-çox uzaqdır. O, komplimenti yalnız tənqid məqsədi ilə yumoristik üslubda deyə bilər. O, mənim yazılarımı bəyənəndə də, tənqid edəndə də xoşuma gəlib. Onun fikirlərini əziz bir böyüyümün, ustad müəllimimin dəyərli düşüncələrinin məhsulu kimi qəbul etmişəm. Akif müəllimin gözəl məsləhətlərini sevə-sevə qarşılamışam.
Mən Akif müəllim adlı tərbiyə məktəbindən də keçmişəm. Onun səbrindən, sözü asta və usta demək bacarığından faydalanmışam. Onun sakit və mənalı tövsiyələri mənim bəzi hadisələrdən doğan çılğınlığımın azalmasına səbəb olub. Hərdən fikirləşirəm ki, kaş mən də Akif müəllim kimi reallıqlara sakitcə yanaşıb, gerçəklikləri qəbul edərək onlara düzgün və səbirli münasibət göstərə biləydim. Bəzən böyük və təlatüm yarada biləcək bir şey haqqında eşidəndə mən coşub-daşıram və çılğınlıqla münasibət göstərirəm və tək mən yox, çoxları belə edir. Olub ki, Akif müəllim belə zamanlarda bir qədər sakitcə baxıb və ya gözlərini bir nöqtəyə dikərək fikirləşib yumoristik bir cavabla həm öz fikrini bildirib, həm qarşısındakını sakitləşdirib, həm də ağıllı sözləri və məntiqi ilə hamını heyrətdə qoyub.
Akif müəllimin yumor-satira çalarlı söhbətləri o qədər şirindir ki, insanın qəlbinə işləyir və onu düşünməyə sövq edir. O, hara gedirsə, orada müsbət bir əhval, xoş bir ovqat yaranır. Akif müəllimin cəmiyyətə, dünyaya, həyata münasibəti onun bədii yaradıcılığında da açıq-aydın görünür. O, az yazır, lakin mənalı, məntiqli yazır. Bəzən elə məsələlərə toxunur və mövzulara elə diqqətlə yanaşır ki, bəlkə də, bu, heç bir yazıçı və tarixçinin ağlına gəlməz.
Akif müəllim çox səliqəli adamdır. Bu səliqə birtərəfli deyil. Onun qeydləri, kitabları, qəzetləri, əlindəki bloknotu kimi geyimi də həmişə səliqə-sahmanlı olub. Onun geyim və davranış mədəniyyəti nitq mədəniyyətini tamamlayır.
Akif müəllimin mənəviyyatı ən böyük insanlıq örnəyidir. İndiyə qədər ondan kiminsə inciməyi ağıla gəlmir. Bir dəfə dayaz adamlardan biri onunla yaxşı davranmamış, yəni mədəniyyətsizlik edərək sözlərinə sərhəd qoymamışdır. Həmin anda çox adam və mən də özümdən çıxardım. Ancaq Akif müəllim sakitcə və təbiətinə məxsus müdrikliklə cavab verərək asta-asta uzaqlaşmışdır. Sonralar həmin adamın işdən azad edildiyini eşidənlərin çoxu sevindiyi halda, Akif müəllim "nə deyim, o da insandır da”, – deyə gözləri dolmuşdur.
Layiqli, tərbiyəli adamların həyatında bir boşluq görəndə bu gözəl insan –Akif müəllim narahat olar, hamının qayğısına qalar, insanların xoşbəxtliyinə, bəlkə də onların özündən, yaxın adamlarından daha çox sevinər. Akif müəllim xeyir-şər adamlarındandır, əl tutan, dərdə, sevincə şərik olan insandır, Onun haqqında şeirlər yazılıb, hələ cavanlığından ürəklərdə xarakterinə xas olan məsumluğu ifadə edən heykəli yaranıb.
Akif müəllim 70 yaşına qədəm qoyur. Tam səmimiyyətlə deyirəm ki, onun nə görkəmi, nə də sağlam ruhu bu rəqəmi göstərmir. Yerişi, duruşu, gözəl qəlbi, insanlarla şux rəftarı onun ruhunun yüksəkliyini, mənəviyyatının ucalığını, həyat eşqinin bolluğunu ifadə edir. Və nə xoş ki, bu, belədir.
Akif müəllim seçkin müəllimlərdəndir. O, müəllimlik adına şərəf gətirən, bu şərəfi həyatı boyu qoruyan, qarşısındakı tələbələri övladı gözündə görən, ağıllı nəsihətləri ilə onlara düzgün istiqamət verən, doğru yol göstərən əsl pedaqoqdur. Akif müəllim tədris etdiyi fənləri sevə-sevə sevdirən müəllimdir. Onun məsləhətləri ilə tərbiyələnən nə qədər tələbə həyatda xoşbəxtliyə qovuşmuşdur.
Akif müəllimin alimliyi də fərqlidir. Onun üslubu müəllifinin xaslığını ifadə edir. O bir alim kimi qələmini Azərbaycan dilçiliyinin gənc və az işlənən sahələrindən biri olan onomastika elmində yorub. Bu sahədəki araşdırmaları bir tərəfdən Azərbaycan və türk dilçiliyi arasında möhkəm bir körpünün yaranmasına səbəb olub, bir tərəfdən onomastika sahəsindəki boşluqların doldurulmasına kömək edib, digər tərəfdən tədqiq etdiyi oykonimlərin etimoloji təhlilləri ilə əzəli və əbədi torpaqlarımıza göz dikən xainlərə tutarlı bir cavab verir. Akif müəllimin elmi güclü bir məntiqə, maraqlı qarşılaşdırma və tutuşdurmalara, nəzəri mülahizələrlə faktik dil materiallarının vəhdətinə əsaslanır.
Mən 70 yaşı Akif müəllimin ömür yaşı kimi qəbul edə bilmirəm, bu, onun müdriklik yaşıdır. Və qəribədir ki, hər hansı bir adam haqqında 70 yaş dedikdə "qocalıq” sözü yada düşdüyü halda, Akif müəllim haqqında 70 sayını işlətdikdə belə bir düşüncədən uzaq olursan. Mənə elə gəlir ki, Akif müəllimin ürəyi dərs dediyi tələbələrin yaşı qədər cavandır və bu, ona nəhayətsiz bir gənclik eşqi verir ki, bunun izləri onun çöhrəsinə və qələminə çöküb. Arzum budur ki, insanlıq mücəssəməsi olan bu mələk xislətli alim-müəllimin həyat eşqi həmişə yüksək olsun! Kaş həyatda, cəmiyyətimizdə Akif müəllim kimi adamların sayı çox olaydı!

Sədaqət Həsənova
Filologiya üzrə elmlər doktoru, professor
banner

Oxşar Xəbərlər