• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Yüksək qiymətləndirilən əməkdaşlıq

15.05.20 18:18 1903
Yüksək qiymətləndirilən əməkdaşlıq
Millət vəkillərinin fikrincə, ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf edən dinamikaya sahibdir

Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq yüksək səviyyədə olub. Ölkəmizin beynəlxalq təhlükəsizliyə önəm verməsi, o cümlədən qlobal enerji layihələrini davamlı və məqsədli həyata keçirməsi ABŞ-ın diqqətindən kənarda qalmayıb. Çünki Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri birmənalı olaraq ABŞ-ın müttəfiqi olan Şimali Atlantika İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin edir.
Bütün bunların nəticəsidir ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubunda öz xoşməramlı niyyətini açıq ifadə edib. Məktubda vurğulanır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir: "Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.
ABŞ Prezidenti Donald Tramp, həmçinin məktubunda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub: "Biz Minsk qrupunun həmsədrlərindən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
Ağ Ev rəhbərinin məktubundan görünür ki, ABŞ Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğu kimi, həm də bunu yüksək qiymətləndirir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov bildirdi ki, ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən qlobal layihələr, istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli layihələrdir: "Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji, o cümlədən hərbi-siyasi istiqamətlər üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. Bunlarla bərabər, ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərini qarşılıqlı maraqlar kontekstində olduqca strateji edir”.

H.Məmmədov bildirdi ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq yeri və rolu kimi qiymətləndirilməlidir: "Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamının yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf edən dinamikaya sahib olacaq”.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda bir neçə istiqamətdə ABŞ-Azərbaycan əməkdaşlığı vurğulanıb: "ABŞ Azərbaycanın müstəqilliyini, eləcə də ölkəmizin həyata keçirdiyi strateji layihələri dəstəkləyir. Əlbəttə ki, burada söhbət enerji, nəqliyyat layihələrindən gedir. Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin edən strateji sistem formalaşıb. Bununla yanaşı, ABŞ Cənubi Qafqaz bölgəsində Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da məktubda qeyd edib. İlk növbədə ATƏT-in Minsk qrupunun həmsədri kimi bu istiqamətdə öz səylərini gücləndirməyə işarə edib”.

A.Mollazadə qeyd etdi ki, bu qarşılıqlı maraqlar ABŞ-la Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirə bilər: "Mənə elə gəlir ki, Amerika prezidentinin təbriki və orada qeyd edilən məqamlar ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçündür və bir potensialın mövcudluğunu ifadə edir. Onu da qeyd edim ki, məktubda Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunulması, ən azından, ABŞ-ın bu münaqişənin həllində marağının olmasının ifadəsidir. ABŞ bildirir ki, münaqişə mütləq həll edilməlidir ki, bölgədə sabitlik və əməkdaşlıq üçün şərait olsun”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər