• çərşənbə axşamı, 19 mart, 11:40
  • Baku Bakı 8°C

Yüksək intellekt, polad siyasi iradə və hakimiyyətlə xalqın birliyi

15.10.18 18:26 1290
Yüksək intellekt, polad siyasi iradə və hakimiyyətlə xalqın birliyi
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənov "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsi yerli media ilə yanaşı, xarici KİV-lərdə də geniş maraq doğurub. "Rossiya-Onlayn” internet saytı və "Rossiya segodnya” Beynəlxalq İnformasiya Agentliyinin "Rossiya dlya vsex” şəbəkə nəşri, İordaniyanın tanınmış "orobanews” nəşri, Misirin nüfuzlu "AsiyaalYoum” qəzeti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 ildə bütün sahələrdə qazandığı möhtəşəm uğurlar haqqında yazıblar. Sözügedən məqalədə qeyd olunub ki, İlham Əliyev prezidentliyinin 15 ili ərzində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vətəndaş həmrəyliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Müəllif bildirib ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır.

Prezident İlham Əliyevin 15 illik prezidentlik dövrünü şərh edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver qeyd edib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi biri-birini tam şəkildə bağlayan mühüm siyasi hadisələrdir. AXC-nin məqsədinin müstəqillik, inkişaf və tərəqqi olduğunu diqqətə çatdıran A.Suver deyib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyev qısa zaman kəsiyində Cümhuriyyət hökumətinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində böyük nailiyyətlər qazanıb. Onun sözlərinə görə, bu uğurların əsasında dərin zəka, yüksək intellekt, polad siyasi iradə, ən əsası isə hakimiyyətlə xalqın birliyi dayanır. A.Suver bildirib ki, bütün bu məqamlar barədə professor Ə.Həsənovun məqaləsində ətraflı bəhs olunub: ""On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqalədə Azərbaycanın son 15 ildə qazandığı bütün uğurlar əsaslı şəkildə təhlil olunub. Bu elmi yanaşma Azərbaycanın uğurları ilə ətraflı tanış olmayan şəxslərdə belə, ölkənin həqiqətləri barədə əyani fikir formalaşdırır. Əminliklə deyə bilərəm ki, gələcəkdə bu məqalədən Prezident İlham Əliyevin 15 illik siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin araşdırılması üçün dəyərli mənbə kimi istifadə olunacaq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da qeyd edib ki, Azərbaycanın son 15 il ərzində keçdiyi inkişaf yolu hamımızın gözü qarşısında olub. Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurları geniş oxucu auditoriyasına yaxşı məlumdur: "Cənab İlham Əliyev Prezident seçilən gün andiçmə mərasimində dedi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam. Bunun özü cəmiyyətə bir mesaj idi. O, dediyi sözü həyata keçirdi, əməlləri ilə hər bir azərbaycanlının prezidenti olduğunu nümayiş etdirdi. 2003-cü ildən bu günə qədər ötən dövrə nəzər salsaq görərik ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, elmdə, təhsildə, idmanda böyük inkişaf baş verib. Xüsusilə siyasətdə, eləcə də xarici siyasətdə, diplomatiyada, görülən işlər onu deməyə əsas verir ki, cənab Prezident 2003-cü ildə içdiyi anda, dediyi sözə sadiq qaldı. Bu gün müstəqil Azərbaycan kosmos dövlətidir. Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasındadır. Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünyada tolerant, multikultural bir dövlət kimi tanınır. Dövlət başçısı vaxtilə elə bir inkişaf proqramı reallaşdırdı ki, bunun sayəsində Azərbaycan təkcə neft-qaz amilindən asılı vəziyyətdə qalmadı, şaxələnmiş iqtisadiyyat yarandı, qeyri-neft sektoru da inkişaf etdi. Hazırda bu siyasət uğurlu nəticələrini göstərir. Prezidentimizin apardığı çox uğurlu daxili və xarici nəticəsində bu gün Azərbaycan dünyada aparıcı dövlətlər sırasına qalxıb. İndi dünyada deməyə sözümüz var, səsimizi eşidir, bizimlə hesablaşırlar. Bütün bu uğurlar, ötən 15 ildə əldə edilən nailiyyətlər barəsində hörmətli professorumuz Əli Həsənovun məqaləsində də geniş bəhs olunub. Hesab edirəm ki, həmin məqalə ilə tanış olan hər bir kəs Azərbaycan reallıqlarını olduğu kimi görə bilər”.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşərkən, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunda lider dövlət olmasına diqqət çəkib. Bildirib ki, ölkəmiz ərazisi, əhalisinin sayı, iqtisadi, sosial inkişafı ilə bu liderliyi əldə edib. Onun fikrincə, Azərbaycanın qlobal səviyyədə oynadığı rol, onu müqayisə olunmaq üçün regional müstəvidən çıxarıb, qlobal müstəviyə keçirib. Müsahibimizin sözlərinə görə, Professor Ə.Həsənovun bütün bu sadalanan faktları əhatə edən geniş məqaləsini oxuyarkən aydın olur ki, atılan addımlarda təsadüfilik yoxdur. M.Ələsgərli deyib ki, Prezidentin ölkənin sosial-iqtisadi imkanlarının artırılması, siyasi, demokratik inkişafın təmin edilməsi, müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi üçün sistemli bir proqramı var və bu proqram çox uğurla icra edilir: "İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas faktorlardan biridir. Azərbaycan qlobal nəqliyyat dəhlizlərinin kəsişdiyi məkandır. Şimal- Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanda kəsişir. Ölkəmiz bu statusu təkcə yerləşdiyi coğrafi məkanın üstünlüyü ilə əldə etməyib, bu status iqtisadi inkişaf, siyasi sabitlik, dünyanın aparıcı dövlətlərinin maraqlarını uzlaşdıra bilmək bacarığı ilə əldə edilib ki, bütün bunlar məhz Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətin nəticəsində baş verib. Azərbaycan öz imkanlarına adekvat olan ölkələr sırasında yeganədir ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlər arasından sədrlik statusu qazanıb. 2011-ci ildə bu statusu qazanmaq üçün Azərbaycan 155 dövlətin səsini alıb. Bu da ölkəmizin bütün dünyada tanınıb qəbul edilməsinin daha bir göstəricisidir. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə də sədrlik edib. Bu statusları qazanmaq asan olmayıb və asan deyil. Bakı qlobal humanitar və siyasi proseslər sahəsində müzakirələr aparılan, qərarlar verilən mərkəzlərdən birinə çevrilib. Azərbaycanın bu cür qlobal müstəviyə çıxarılması və hesablaşılan bir dövlətə çevrilməsi Prezident İlham Əliyevin səylərinin nəticəsidir”.

Əməkdar jurnalist Azər Həsrət bildirib ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Professor Ə.Həsənov hələ uzun illər öncə ulu öndər Heydər Əliyevin siyasi dünyabaxışını dərindən mənimsəmiş, özünü onun məktəbində ən yüksək səviyyədə yetişdirmiş bir dövlət adamıdır. Onun sözlərinə görə, bu baxımdan Ə.Həsənovun Prezident İlham Əliyevin 15 illik fəaliyyəti ilə bağlı dəyərləndirməsi ən tutarlı və obyektiv gerçəkliyi əks etdirən dərin təhlildir: "Əli Həsənov sadəcə ötən 15 ili təhlil edib dəyərləndirmir, həm də şahidi və birbaşa iştirakçısı olduğu bu dönəmə daxildən nəzər yetirir. Bu isə Prezident İlham Əliyevin milli dövlətçiliyin möhkəmləndirilməsi yönündə ulu öndərin başlatdığı yolu uğurla və layiqincə davam etdirməsi, Azərbaycanı dünyanın ən sayılıb-seçilən dövlətlərindən biri kimi tanıtması, milli maraq və mənafe məsələsində heç bir qlobal gücə güzəştə getməməsini daha yaxşı anlamaq üçün önəmlidir. Düşünürəm ki, cənab prezidentin artıq arxada qalmış bu fəaliyyət dönəminin elmi cəhətdən araşdırılması üçün Əli Həsənovun dəyərləndirməsi uzun illər mayak rolunu oynayacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər