• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Yüksək əqidə insanı

11.05.16 11:13 4707
Yüksək əqidə insanı
Uzaq 1933-cü ilin 14 yanvarında Ordubadda məşhur bəy nəsli Abutalıbovların nümayəndəsi olan Məşədi Həmzə ağanın ailəsində bir qız dünyaya gəlir. Adını ərəbcə "varlı, zəngin qadın” mənası daşıyan Səriyyə qoyurlar. Həyatı boyu elə bir xüsusi maddi sərvət toplaya bilməməsinə baxmayaraq, Səriyyə xanımın taleyi müxtəlif hadisələrlə, xeyirxah işlər və nəcib əməllərlə həqiqətən zəngin olmuşdur...

Səriyyə ailənin sonbeşiyi, onuncu uşağı idi. Anadangəlmə qürurlu xarakteri və kübar ədaları ona genetik olaraq atası Məşədi Həmzə ağa Abutalıbovdan və seyid nəslindən olan anası Rübabə xanımdan keçmişdir. Rübabə xanımın atası Mirsaleh Seyidov birbaşa Məhəmməd peyğəmbərin nəslinin nümayəndəsi idi.
Həmzə bəyin atası – Kərbəlayi Həmzə ağa iri mülkiyyətçi idi, onun "Şah bağları” adlanan geniş sahələri, barama qurdu istehsalı üzrə təsərrüfatı, həmçinin Ordubadda malikanələri olub. Təəssüf ki, babam dünyadan erkən köçdü, deyə oçerkin qəhrəmanı xatırlayır, naməlum insanlar zəvvar sifətilə ondan gecələməyə izin istəyiblər. Həmzə bəy gecə yarısı qarət edilib, sonra isə xaincəsinə öldürülüb. Məşədi Həmzənin anası da lap gənc ikən, 18 yaşında vəfat etmişdir.

...Südəmər çağında yetim qalmış oğlan uşağını dayısı Hacı Heydər Abutalıbov böyüdüb boya-başa çatdırmışdır. O, körpənin nazını çox çəkir, hətta uşaqlarından artıq sevirdi, belə ki, Həmzə (ona bu adı atasının şərəfinə vermişdilər) bacısının yeganə yadigarı idi.

Heydər bəy erudisiyalı adam, Çar Dumasının üzvü idi. 1905-ci il erməni-müsəlman qırğını zamanı keçirilmiş danışıqlarda Azərbaycan tərəfinin nümayəndə heyətinin tərkibində iştirak etmişdi. ADR dövrünün fəal xadimlərindən idi. Məhz onun təkidi ilə Məşədi Həmzə Qori müəllimlər seminariyasına daxil olur və oranı əla qiymətlərlə bitirir. Gənc Həmzə Gürcüstanda rus dilini, eləcə də ərəb və farscanı öyrənmişdi.

Abutalıbov nəslinin bütün torpaqlarını əllərindən alan, hətta ailə cəvahiratını müsadirə edən bolşeviklərin gəlişiylə yaşamaq çətinləşir. Lakin Həmzə kişi heç vaxt şikayətlənmir. Bir də, yeni hakimiyyət Abutalıbovlar nəslindən barama qurdu istehsalını almır, belə ki, bu, Naxçıvan muxtariyyatı üçün mühüm gəlir mənbəyi idi.

Həmzə kişi mavi gözlü, sarışın Ordubad gözəli Rübabə xanımı sevib evlənir və onların çoxlu uşağı olur.

Nisbətən firavan, sabit həyatları atasının Stalin müstəbidlərinin əliylə həbs edilməsindən sonra dəyişir. NKVD "üçlüyünün” 1937-ci il 26 noyabr qərarı ilə Məşədi Həmzə ağa antisovet təbliğatı aparmaqda günahkar bilindikdə və 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldıqda Səriyyənin cəmi 4 yaşı vardı. Az qala Məşədi Həmzənin ailəsini belə sürgünə göndərmək istəyirlər. Hündürboy, paqonlu bir adamın onu və qardaşını maşından çıxarıb: "Bu körpələr yolda ölər, onları evlərinə göndərin” deməsini Səriyyə xanım dumanlı xatırlayır. Sonralar böyük bacıları danışmışlar ki, onları ölümün pəncəsindən qurtaran adamın adı Həmid Əhmədov idi. Qəbri nurla dolsun!

Səriyyə xanımın atasının tərcümeyi-halı, təəssüf ki, o dəhşətli zaman üçün kifayət qədər tipik idi. İnsanların taleyi bir andaca, göz açıb-yumunca həll olunurdu, ailələr dağılır, adamlar məhv olurdu. Özü də Stalin repressiyalarının tiyəsi altına bir qayda olaraq totalitar rejimə daha təhlükəli görünən millətin ən istedadlı və enerjili nümayəndələri düşürdü. Xalqın genofondu belə amansızlıqla məhv edilirdi...

...Həmzə bəy repressiya olunduqdan sonra körpələri böyük bacı Tutubəyim saxlamağa başladı. O, artıq atasının dayısı oğlu Mircəfərlə ailə qurmuşdu və kiçik bacı-qardaşlarını öz övladlarından ayırmadan böyüdürdü. Səriyyə xanım ona analıq etmiş böyük bacısını həmişə gözü yaşlı xatırlayır. Yeri gəlmişkən, bu, unikal bir qadındır – hələ o zaman Məkkədə olmuşdu, Quranı əzbər bilirdi. Eyni zamanda, uşaqları elmə yiyələnməyə yönəldir, onlarda oxumaq həvəsi yaradırdı.

Atası həbsdən 1945-ci ildə qayıtdı. Təəssüf ki, öz həyat yoldaşını artıq görə bilmədi – arvadı gənc yaşda, müharibənin lap əvvəlində vəfat etmişdi... Ailənin sevinci hədsiz idi. Səriyyə xanım bütün Ordubadın atasını qarşılamağa çıxdığını xatırlayır. Səriyyə böyük bacısının qızıyla yaşıd idi. Onları hətta eyni cür geyindirirdilər. Bircə, bacısı qızının saçları zil qara, balaca Səriyyəninki isə açıq rəngdə idi. Atası vaqondan düşdü, əyildi və torpağı öpdü. İki qız uşağını yanına gətirib soruşdular: qızın hansıdır? Məşədi Həmzə ikisini də qucaqladı, Səriyyənin isə başını sığallayıb dedi: "bunun gözləri Rübabəninki kimidir”. Səriyyə xanım deyir, məni elə gözlərimdən tanıdı.
Sibirdəki həyatın iztirab və məşəqqətləri Məşədi Həmzə ağanın səhhətini korlamışdı, orda gözləri demək olar ki, tutulmuşdu. Uşaqlarına danışırdı ki, onları Sibirə heyvan daşıyan vaqonlarda aparıblar, bir vaqonda 72 adam olub. Məşədi Həmzəni savadlı olması və üç dil – rus, ərəb, fars – bilməsi xilas edib. O, uzun qış gecələri kiçik lampa işığında məhbusların xahişi ilə onların doğmalarına məktublar yazar, sonra isə evlərindən gələn cavabları oxuyarmış. Yəqin o ağır illərdə elə o adamların göstərdiyi hörmət və minnətdarlıq onu xilas etmişdi.
Arayış:
Abutalıbov Məşədi Həmzə Kərbəlayi Həmzə oğlu 1875-ci ildə anadan olmuşdur. 1937-ci il 10 noyabrda həbs edilmişdir. NKVD "üçlüyünün” 1937-ci il 26 noyabr qərarı ilə antisovet təbliğatı aparmaqda günahkar bilinmiş və 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.
1989-cu ilin 24 oktyabrında Respublika prokurorluğunun qərarı ilə Abutalıbov Məşədi Həmzə Kərbəlayi Həmzə oğlu bəraət qazanmışdır.
Arayış AR MTN tərəfindən 10.05.1993-cü ildə verilmişdir.
Sibirdən qayıtdıqdan sonra 8 il sonra Məşədi Həmzə Abutalıbov vəfat etmişdir...

Gənclik illəri

Həmzə bəy uşaqlarına həyat üçün lazım olan biliklərə, peşəyə yiyələnməyi ciddi-cəhdlə tövsiyə edirdi. Səriyyə xanım öz qonşusu Məhəmmədhüseyn Əbilhəsənova ərə gedərkən atası gələcək kürəkəninin dilindən söz almışdı ki, o, arvadının ali təhsil almasına mane olmayacaq. Məhəmmədhüseyn öz qayınatasına söz vermiş və sözünün üstündə durmuşdu.

Qəribədir ki, repressiyaya uğramış ailələrin övladları, bir qayda olaraq, həyatın kandarında qalmırdılar, onlar yaxşı təhsil alır, institut bitirir, seçdikləri elm sahələrində məşhur simalar olurdular. Bu da sovet hökumətinin paradokslarından biri idi. Məşədi Həmzənin nəslində bütün Azərbaycanda məşhur olar çoxlu insanlar var: uzun illər YUNESKO-da çalışmış diplomat Ramiz Abutalıbov, akademik Müzəffər Abutalıbov, illərdir ki Bakının meri olan Hacıbala Abutalıbov və vətənə ləyaqətli xidməti ilə həmvətənlərinin hörmətini qazanmış bir çox digər şəxslər... Rübabə xanımın nəslində məşhur alimlər az deyil, bütün Sovet elminin fəxri Yusif Məmmədəliyevin, Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü olmuş professor-geoloq Adil Seyidovun, yaxud məşhur dilçi-alim Mir Yəhya Seyidovun adlarını çəkmək kifayət edər. Bu möhtəşəm sülalə içərisində Səriyyə Əbilhəsənovanın da öz yeri var...

O, 1949-cu ildə Kirov adına Ordubad Pedaqoji məktəbinə daxil olmuş və oranı "ibtidai sinif müəllimi” ixtisası üzrə bitirmişdir. Səriyyə xanım 1953-cü ildə öz təhsilini K.Marks adına Xalq Təsərrüfatı İnstitutunda (hazırda İqtisad Universiteti) Sənaye iqtisadiyyatı ixtisası üzrə davam etdirmişdir. Birinci ali təhsildən əlavə, artıq gənc yaşlarında ictimai fəallığı, danılmaz təşkilatçılıq bacarıqları ilə seçilən Səriyyə xanım Bakı Ali Partiya Məktəbini də bitirmişdir (1965-1967-ci illərdə).

O, əmək fəaliyyətinə Naxçıvanda maliyyə-bank sistemində başlamışdır. Sonralar ona bir sıra məsul vəzifələr həvalə edilmişdir: Naxçıvan MR Statistika Komitəsinin sədri və eyni zamanda NMR Qadınlar Şurasının sədri, Bakıda 26 Bakı komissarı rayonunun həmkarlar ittifaqının rayon komitəsi sədri və Respublika filatelistlər cəmiyyəti idarə heyətinin sədr müavini.

O, partiya xətti üzrə çox irəli gedə bilərdi, xüsusən ona görə ki, Ali Partiya Məktəbini bitirdikdən sonra ona göz yetirmişdilər və fəal surətdə irəli çəkirdilər. Lakin, Səriyyə xanım onun həddən artıq işlə yüklənməsinin əleyhinə olan ərinin sözündən çıxmamağı üstün tutdu. Bu vaxtacan o, artıq iki uşaq anası olmuşdu (oğlu Arzu və qızı Sevinc).

Bir sözlə, Səriyyə xanım partiya-ictimai fəaliyyəti və ailə arasında ikincini seçmişdi. 1976-cı ildə Nəsimi rayonunun 13 №-li Mənzil İstismar Sahəsinə işə gələrək, tezliklə bu müəssisənin müdiri təyin edilmiş və artıq heç vaxt daha yüksək vəzifə iddiasında olmamışdır. Baxmayaraq ki, sonralar da qibtə ediləcək təkliflər almışdır, məsələn, ona böyük hörmət bəsləyən Afiyəddin Cəlilovdan. Lakin Səriyyə xanım hər dəfə imtina etmişdir.

Səriyyə xanımın həyatdan vaxtsız getmiş əri Məhəmmədhüseyn Əbilhəsənov Azərbaycanın məşhur virusoloqu olmuş və bütün ömrünü sevdiyi elmə həsr etmişdir. O, dərin təhsilə malik adam idi, Moskvada Ət-süd Sənayesi İnstitutunu, sonra elə orada aspiranturanı bitirmişdi, Kənd Təsərrüfatı Nazirliyində işləyirdi, Abşeronda Sovxozlar Birliyinin sədri, elmi-tədqiqat institutunda virusologiyanın laboratoriya müdiri olmuş, bir müddət hətta xaricdə işləmiş, Əlcəzairdə virusoloqlar qrupuna rəhbərlik etmişdir. O, 1991-ci ilin 26 dekabrında 62 yaşında vəfat etmişdir.

Səriyyə xanım ərinin uzaqgörənliyi haqda məşhur bir epizodu xatırlayır. 1982-ci ilin noyabrında televiziya ilə məlumat verirlər ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Siyasi Büroya üzv seçilmişdir və o, Moskvaya yüksək vəzifəyə keçirilir. Sanki, sevinmək lazımdır. Məhəmmədhüseyn müəllim isə tutulmuş, qaşı çatılmışdı. Arvadı onun yanına gəlib sorğu-suala tutanda deyir: "Sən başa düşmürsən. Onu Moskvaya aparırlar ki, sonra məhv eləsinlər. Nəriman Nərimanovun taleyini yadına sal. İnan ki, bu təyinat yaxşı qurtarmayacaq...”

O vaxt Səriyyə xanım həyat yoldaşına inanmamışdı, amma beş il keçmiş, 1987-ci ildə Məhəmmədhüseynin dedikləri düz çıxır. Onlar üstünə Qorbaçov əlaltılarının bir dəstə muzdlu qarayaxan qısqırtdığı çox sevdikləri Heydər Əliyevin istefasından həyəcan keçirirdilər. Tezliklə isə onların respublikalarının da başı üstünü qara buludlar alır...

Kamillik

… Sovet zamanında, nə gizlədim, insanlar ticarət adamlarına, xidmət sferasına o qədər də hörmət etmirdilər, Səriyyə xanımın demək olar ki, bütün ömrü boyu çalışdığı sahə barədə isə onlarda ümumiyyətlə dəyişməz və əsasən neqativ stereotiplər formalaşmışdı. Lakin Səriyyə Əbilhəsənova mənzil kommunal sferasındakı fəaliyyəti və şəxsi nümunəsiylə sübut etdi ki, əgər müdir düzgün, səylə çalışırsa, əgər insanlara qayğı və diqqətlə yanaşırsa, onda o, çox şey edə bilər. O cümlədən, ətrafdakıların hörmətini də qazanar...

Səriyyə xanımın atası 1918-1920-ci illərdə Qərbi Azərbaycanda dədə-baba yurdlarından qovulmuş azərbaycanlı ailələrinə sahib çıxır, onlar üçün əlindən gələni edirdi. Qocalar indiyəcən onu xoş sözlərlə yad edirlər. XX əsrin sonunda elə həmin missiyanı taleyin hökmüylə onun qızı Səriyyə Əbilhəsənova öz üzərinə götürdü. O, onlarla, bəlkə də yüzlərlə qaçqın ailəsinə gəldikləri təzə yerdə ev-eşik qurmağa kömək etmiş, onlar üçün geyim və ərzaq, dava-dərman və zəruri əşyalar toplamışdır. Onları maddi cəhətdən dəstəkləmişdir. Xocalıdan və digər yerlərdən olan neçə-neçə qaçqın ailəsini öz Nəsimi rayonunun boş qalmış mənzillərinə yerləşdirmişdir! Rayonun heç bir icra hakimiyyəti başçısı bu qadına etiraz edə bilmirdi – o, belə böyük nüfuza və hörmətə malik idi.
Yeri gəlmişkən, Xalq Cəbhəsinin hakimiyyətə gəlişiylə Səriyyə xanım müvəqqəti olaraq, 17 il daşıdığı vəzifədən getməyə məcbur olmuşdu. Əllərində silah saqqallı dəstələri hay-küylə onun kabinetinə soxularkən o, onlarla nə mübahisə etmiş, nə də söz-söhbət çürütməmişdir. Sadəcə, açarlarla möhürü onlara vermiş və öz iş yerini qürurla tərk etmişdir. Ərizəsindəysə yazıb: "Tutduğum vəzifədən məni azad etmənizi xahiş edirəm, belə ki, diletantlarla işləyə bilmirəm” (söz düşmüşkən vəzifəsinə bərpa edilən zaman onun ərizəsi bu şəkildə olub: "Diletantlar hakimiyyətdən getdiyi üçün məni vəzifəmə qaytarmanızı xahiş edirəm”).

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə rayon sakinlərinin çoxsaylı xahişi nəzərə alınaraq Səriyyə xanım Əbilhəsənova 1995-ci ildə əvvəlki 13 №-li MİS rəisi vəzifəsinə qaytarıldı.

Ağır sınaq illəri

…Bəlkə də iş yoldaşları, ailəsi və dostları əhatəsində sakit, rahat həyat son günlərinədək davam edərdi, Qarabağ hadisələri olmasaydı. Bu hadisələr minlərlə azərbaycanlı ailəsinin həyatını "buna qədər” və "sonrakı” mərhələyə parçalayaraq milli vətənpərvər hisslərin güclü detonatoru oldu. Səriyyə Əbilhəsənovanın da həyatı kəskin surətdə dəyişdi. 1990-cı ilin faciəvi 20 yanvar günündə o, qəti etiraz əlaməti kimi öz partiya biletlərini Azadlıq meydanında yandıran ilk kommunistlər arasında idi...

Hədsiz hörmət bəslədiyi Heydər Əliyevin vətənə qayıtdığından xəbər tutan Səriyyə xanım onunla blokada şəraitində olan Naxçıvanda görüşmək qərarına gəldi. Azərbaycanın gələcək ümummilli lideri ilə bu görüş onun üçün yaddaşdan silinməz oldu. Öz 70 illiyi ərəfəsində Səriyyə Əbilhəsənova bu görüşün təfərrüatları barədə "Səs” qəzetinə müsahibəsində belə danışmışdı: "1992-ci ilin fevralında biz, bir qrup qadın sərhədləri uzun zaman bizim üçün bağlı olan Türkiyəyə səfər etməyi qərara aldıq. Əlbəttə, biz qardaş xalqla görüşəcəyimizə çox sevinirdik, baxmayaraq ki, Türkiyə sərhədlərinəcən yol kifayət qədər çətin idi, Gürcüstanda isə bizi rekertlər sözün tam mənasında qarət etdilər. Bir də az sonra biz Xocalıda baş vermiş dəhşətli hadisələrdən xəbər tutduq. Axşamları narahatlıq və həyəcan içərisində televizor qarşısında keçirirdik. Deməliyəm ki, Türkiyə televiziyası bu faciəni geniş işıqlandırırdı. Səfər zamanı biz çoxlu müzakirələr edirdik və bütün qadınların fikri birmənalı idi: Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa Azərbaycan tikə-parça ediləcək. Və onda mən təklif etdim: gəlin Türkiyədən birbaş Naxçıvana yollanaq, Heydər Əliyevlə görüşək. Gəlin ondan Azərbaycanı məhv olmaqdan qurtarmaq üçün Bakıya qayıtmasını tələb edək. Təklifim qrup üzvləri tərəfindən anlayışla qarşılandı, biz isə 80 nəfərə yaxın idik... Naxçıvana necə və hansı çətinliklərlə çatmağımız bir başqa söhbətdir. Yaxşı ki yardım haqda müraciət etdiyim Süleyman Dəmirəlin şəxsi tapşırığı ilə bizim kapotlarına matəm lentləri sarınmış üç avtobusumuz yanacaq və ərzaqla təchiz olunmuşdu. Türkiyənin baş naziri bizi hər şeylə təmin etmişdi. Beləliklə, Naxçıvanla sərhəddə çatdıq və orada bizi qarşıladılar, mehmanxanaya yerləşdirdilər, hətta qərənfil dəstələri təqdim etdilər... Sabahı 8 mart günü idi. Son dərəcə məşğul olmasına baxmayaraq, Heydər Əliyev hamımızı bir yerdə qəbul etdi. Ali Məclisin zalında toplaşdıq. Qrupumuzun təkidilə bu görüşdə mən çıxış etdim, Azərbaycanın hansı bəla və müsibətlərlə rastlaşdığından danışdım, yalnız onun, Heydər Əliyevin respublikanı bu fəlakətdən çıxarmağa qüvvəsinin yetəcəyinə əminlik ifadə etdim. Özümdən biixtiyar dərin ruhi sarsıntı içərisində danışırdım. Çıxışı bitirdikdə isə qrup üzvlərimin gözlərində yaş gördüm. Fərsiz rəhbərlərin ucbatından Azərbaycanın düşdüyü vəziyyətin ağrısı Heydər Əliyevin də üzündə əks olunurdu... O, bir müddət susdu, sonra mənə kövrələrək cavab verdi: "Mən qayıdacağam... Əgər xalq məni çağırsa, mütləq qayıdacağam... Siz isə Səriyyə xanım, Bakıya gedin və ətrafınıza daha çox elə özünüz kimi gözəl, qeyrətli qadınları toplayın...”.
Blokada şəraitində olan muxtariyyatın ağır vəziyyətinə baxmayaraq, Heydər Əliyev qadınlar üçün təyyarə ilə xüsusi reyslər ayırmışdı.

YAP-ın qadın təşkilatına rəhbərlik

Qadınların NMR parlament rəhbəriylə görüşü haqda reportajını Azərbaycan televiziyası göstərdi. Və Bakıya gəldikdən sonra Səriyyə xanıma qarşı təzyiqlər başladı: onu rayonun icra hakimiyyətinə, hətta prokurorluğa çağırmışdılar. Onun rəhbərlik etdiyi 13 №-li MİS-ə ard-arda yoxlamalar gəlməyə başladı.
Bütün təqiblərə baxmayaraq, bu cəsarətli qadını ruhdan salmaq mümkün olmadı. Səriyyə xanım yorulmadan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması ideyasının təbliğinə başladı. Sonra isə qadınlar arasında birincilərdən olaraq Yeni Azərbaycan Partiyasının yaradılması uğrunda mübarizəyə başladı, partiyanın yaradılması üçün imza toplamaq kampaniyasında fəal iştirak etdi. Əlbəttə, anlaşılmazlıqlarla, özünü demokratik adlandıran hakimiyyət tərəfdən aşkar təhdidlərlə də rastlaşmalı olurdu. Lakin dəmir iradəyə malik və vətənə tükənməz sevgisi olan bu qadını sındırmaq o qədər də asan deyildi. Səriyyə Əbilhəsənova kimilər qısa müddət ərzində ölkənin ən kütləvi təşkilatı olan YAP-ın qızıl genofondunu təşkil etdi.

MİS-dən çıxarılmış Səriyyə xanıma işə düzəldiyi "XX əsr” firmasında bir otaq verildi. Bu otaq daim adamla dolu olardı. "Biz siyahılar tutur, üzvlük haqqı toplayırdıq, sonra isə mən bu pulları yenidən yaradılan partiyanın təşkilatı işlərinə verirdim”. Səriyyə xanım belə çətin zamanda 7 min 500 manat toplamış və hamısını YAP qərargahına vermişdi.

O vaxt axı partiyanın özünün heç nəyi yox idi... Və Səriyyə xanım öz sadiq köməkçisi, qızı Sevinclə qərargaha evdən stullar, televizor, pərdələr daşıyıb, gələcək təşkilatın qərargahını sahmana salırdı.

Səriyyə xanım 1992-ci ildən YAP-ın Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvüdür. 1994-cü ilin 10 avqustunda YAP-ın Qadın Şurasının yaradılması üzrə Təşkilat Komitəsinin ilk iclası keçirildi. Məhz Səriyyə Əbilhəsənovanın gələcək qurumun Təşkilat Komitəsinə rəhbərlik etməsi təbii idi. Bir illik gərgin iş ərzində o, demək olar ki, bütün respublikanı dolaşdı, partiya fəallarının özəyini ətrafına topladı. 1995-ci ilin 3 iyununda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təsis konfransında Səriyyə xanım yekdilliklə onun sədri seçildi. Bundan əlavə, partiyanın İkinci qurultayında o, YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyası İdarə Heyətinin üzvü seçilmişdi.

Səriyyə Əbilhəsənovanın ictimai-siyasi fəaliyyətinin daha məhsuldar və yaddaqalan mərhələsi belə başlamışdır. Onun insanları bir araya cəm etmək və onları nəcib məqsədlər naminə ardınca apara bilmək kimi böyük təşkilatçılıq bacarıqları məhz bu dövrdə bütün parlaqlığı ilə üzə çıxdı.

Həmsöhbətlərimin hamısı bu qadının qəlbinin nəcibliyini, müdrikliyini, onun işə məsuliyyətli münasibətini, tükənməz zəhmətsevərliyini qeyd edirlər. Xırda, lakin çox xarakterik detal: onun MİS-dəki kabinetinin qapısı bütün 40 il ərzində taybatay açıq olub. Və yardım istəyiylə gələn insanların axını heç vaxt seyrəlməyib. Bu qapıdan yüzlərlə, minlərlə insan keçib. Və Səriyyə xanım onların hər birini hövsələylə dinləmiş və hər kəsə öz imkanı daxilində kömək etməyə çalışmışdır.
Səriyyə Əbilhəsənova ölkə həyatının müxtəlif aktual problemlərinə aid respublikanın dövri mətbuat səhifələrində tez-tez çıxış edərək, hakimiyyətin başlıca nailiyyətini – ictimai-siyasi stabilliyi, millətlərarası birlik və xalqın prezidentlə həmrəyliyini pozmağa çalışan müxalifət qüvvələrinə həmişə inamlı, sanballı cavab vermişdir. Onun respublikanın müxtəlif şəhər və rayonlarında etdiyi ehtiraslı çıxışları, partiyanın fəal qadınlarıyla görüş və söhbətləri təşkilatın nüfuzunu qaldırır, YAP sıralarına yeni enerjili kadrların axınına səbəb olurdu.

1994-cü ilin oktyabrında Səriyyə xanım Cavadov qardaşlarını vəziyyəti gərginləşdirməməyə və silahı yerə qoymağa inandırmaq üçün öz təşəbbüsü ilə OMON-un "8-ci kilometr”də yerləşən bazasına yollanmış ictimaiyyət nümayəndələrinin arasında idi...

Səriyyə xanım Şərqiyyə Nəcəfova, Svetlana Bayramova və Sevinc Əbilhəsənovayla birlikdə OMON-un qərargahına gəlib onları Mahir Cavadovun yanına aparmağı xahiş etmişdir. O onun özünü də, atasını da yaxşı tanıyırdı. Mahir qadın nümayəndə heyətini qəbul edib onları dinləmişdi. Səriyyə xanım Mahirlə analar adından danışaraq, onu ağlın səsini eşitməyə çağırmışdır: "Prezident sizi yanına çağırır, gedin onun yanına, razılığa gəlmək lazımdır. Sizi anlayan, dinləyən yalnız Heydər Əliyev olacaq...”. Bu, sadə olmayan gərgin bir görüş idi. Səriyyə xanım Mahirin əlaltılarından birinin güllə darağını az qala onlara boşaldacağını indiyəcən xatırlayır, çünki çılğın təbiətli, sözü üzə deyən Svetlana Bayramova (şair Tofiq Bayramın bacısı) onlarla kifayət qədər sərt danışmışdı, yəni, bu nədir, özünüzü qəhrəman sayırsınız?! Sizdən də betər qəhrəmanlar olub bu torpaqda, hanı indi onlar? Bu sözlər özünü cilovlaya bilməyən prokuroru son dərəcə acıqlandırmışdı. Yalnız Səriyyə xanımın nüfuzu və müdrikliyi vəziyyəti yoluna qoyur...

Onlar evə çatmağa macal tapmamış Heydər Əliyevin çağırışını eşidiblər – kim Azərbaycan dövlətçiliyinin taleyinə biganə deyilsə, təcili Prezident Sarayının qarşısına toplaşsın. Təbii ki, Səriyyə xanımla qızı Sevinc ora ilk gələnlərdən olublar. Hətta, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının rəhbəri tribunada alovlu nitqlə çıxış edərək xalqı Heydər Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır. Ondan sonra dərhal Prezidentin özü çıxış edir.

Səriyyə xanım heç vaxt ümummilli liderlə əlaqələri kəsmirdi – onlar partiya forumlarında tez-tez görüşürdülər. O, Qadınlar Şurası İdarə Heyətinin üzvləriylə Prezidenti 75 yaşı münasibətilə təbrik etməyə gəlmişdi. Heydər Əliyev xəstələndiyi və ABŞ-da müalicə olunduğu vaxtlarda isə Səriyyə Əbilhəsənova öz adından və Qadınlar Şurası adından həmişə ona tezliklə sağalması diləkləriylə böyük teleqramlar göndərirdi. Əlbəttə, öz hesabına göndərdiyi bu çoxsaylı teleqramların qəbzlərini Səriyyə xanım qayğı ilə şəxsi arxivində saxlayır...

Səriyyə xanım 1999-cu ildən "əmək veteranı”dır. Və o, bu fəxri ada tamamilə layiqdir, belə ki, onun ümumi əmək stajı 70 il (!) təşkil edir.

2003-cü ildə YAP-ın qərarı ilə Səriyyə xanımın 70 illik yubileyi ölkə miqyasında təntənəli surətdə qeyd edilmiş, 2008-ci ilin 17 iyununda isə Azərbaycanın mədəni və ictimai həyatında böyük xidmətlərinə görə Səriyyə Əbilhəsənovaya ömürlük Prezident təqaüdü təyin edilmişdir.

Səriyyə xanımın özünün dediyi kimi, əgər o vaxtlar onun kimilər siyasi fəallıq göstərərək Heydər Əliyevin ideyalarını həyata keçirmək uğrunda mübarizə aparmasaydı, bu gün nə Azərbaycan adında ölkə, nə də bu ölkənin azad vətəndaşları olardı. "Yeni Azərbaycan Partiyasının fəal qadını olaraq müstəqil dövlətimizin yaradılması və yeniləşməsi prosesində iştirak etməyim mənim üçün böyük şərəfdir”, – deyə Səriyyə xanım vurğulayır.
Yaxından tanıyanlar iddia edirlər ki, o, gücsüz, köməyə möhtac insanlara qarşı son dərəcə rəhmdil və şəfqətli, tabeliyində olanlar, həmkarları ilə tələbkar, prinsipial, hətta bəzən sərt ola bilir. Təbiətcə xeyirxah və həlim qadın olan Səriyyə xanım Ümummilli liderin ideya və ideallarını amansız sərtlik və güzəştsizliklə müdafiə edir. O, Heydər Əliyevə qeyd-şərtsiz inanırdı və onun arxasınca sonacan getməyə hazır idi. Bu gün isə onun layiqli varisi – Prezident İlham Əliyevə elə o cür intəhasız inanır.

Artıq 80-nin kəndarını adlamış, lakin zəka aydınlığını və əqidə möhkəmliyini hifz etmiş bu bənzərsiz qadına mən həqiqətən heyranam. Və hamımıza bir şeyi – unutqan olmamağı arzulamaq istəyirəm. Nə yalan söyləyim: adam vəzifədən gedir və onu unutmağa başlayırlar. Təntənəli tədbirlərə dəvət etmirlər, mükafatlandırılanların siyahısı tərtib olunan zaman "unudurlar” (çox variant var, mahiyyətsə eynidir). Bu düzgün deyil, belə olmamalıdır. Axı Səriyyə Əbilhəsənova kimi şəxsiyyətlər elə mənəvi oriyentirlərdir ki, insanlara həyatda qalmağa, bədbinliyə qapanmamağa kömək edir, müstəqilliyin əldə edilməsinin ən çətin illərində onlarda sabaha ümid oyadır, xalqa öz liderinə, ölkənin gələcəyinə inamı gücləndirirdi...

Bəli, bu insanlar öz əqidələrində təmənna güdməmişlər. Məhz buna görə onların bizim minnətdarlığımıza haqqı çatır. Mən öz oçerkimdə bu minnətdarlığın az bir hissəsini ifadə etməyə çalışmışam. Uzun ömür yaşayın, hörmətli Səriyyə xanım!





Elmira Axundova
Azərbaycanın əməkdar jurnalisti

banner

Oxşar Xəbərlər