• cümə axşamı, 28 mart, 18:45
  • Baku Bakı 13°C

Yüksək əmək haqqı axtarışında...

26.07.16 11:20 4444
Yüksək əmək haqqı axtarışında...
"Asiya İnkişaf Bankı (ADB) "Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır. 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min ABŞ dolları əmək haqqı alacaq”.
Yüksək səviyyəli kadrlar üçün elan edilmiş işlə bağlı mediada yer alan xəbəri çoxları həvəslə oxusa da, ürəyindən həmin mütəxəssis kimi çalışmaq, vəd edilən yüksək əmək haqqını almaq keçsə də, qarşıda duran maneələri aşmaqda çətinlik çəkirlər. Hərçənd ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərdə, beynəlxalq müəssisələrdə və qurumlarda yüksək əmək haqqına işləyən vətəndaşlarımız çoxdur. Bəzən isə bu cür şirkətlərə vakansiya elan olunanda, yüksək əmək haqqı muqabilində işçi axtaranda kadr tapılmasında çətinliklər də üzə çıxır. Əlbəttə, seçimdə obyektiv və subyektiv səbəblərin rolu şəksizdir. İxtisaslı kadrlar və ya yüksək əmək haqqı almaq və nüfuzlu qurumlarda işləmək arzusunda olanlar: "Bu yerlər uğrunda necə mübarizə aparmaq olar?” sualına cavab tapmağa çalışırlar.
Mütəxəssislər hesab edirlər ki, yüksək əmək haqqı yüksək texnoloji biliklər, dil bilgiləri ilə yanaşı, ixtisası mükəmməl bilməkdən asılıdır. Yəni bu meyarlar varsa, istənilən müsabiqədə nəinki iştirak etmək, hətta uğur qazanmaq şansı var.
Təhsil və təcrübə
Adətən beynəlxalq maliyyə qurumları tərəfindən yüksək ödənişli iş yerləri təklif olunduğunu bildirən iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə əsas məqsəd daha keyfiyyətli hesabatların hazırlanmasından ibarətdir: "Beynəlxalq maliyyə qurumlarının hazırladıqları hesabatların keyfiyyəti çox önəmlidir. Bu qurumlarda və beynəlxalq şirkətlərdə belə bir yanaşma var: keyfiyyətli iş üçün yüksək ödənişin həyata keçirilməsinə ehtiyac var. Yəni yüksək əmək haqqı müqabilində iş daha keyfiyyətli olur. Həmin qurumların yüksək keyfiyyət standartları müəyyənləşir”. Ekspertin fikrincə, bu cür qurumlarla işləyə bilən kadrlarımız da var: «Belə iş yerlərinə yerli vətəndaşlar müraciət edirlər və işlə təmin olunurlar. Belə iş yerlərinin olması digər tərəfdən daha yüksək reytinq yaranmasına şərait yaradır. Həmçinin ixtisaslı vətəndaşların daha gəlirli işlə təmin olunmasına imkan verir». Hazırda beynəlxalq maliyyə qurumları ilə ekspert qismində əməkdaşlıq etdiyini söyləyən V.Bayramovun sözlərinə görə, təklif edilən vakansiyalarda əcnəbi rəqiblər də yer alır: «Düşünürəm ki, bir sıra hallarda Azərbaycan vətəndaşları xarici ekspertlərlə rəqabət aparmaq gücünə malikdirlər”. Ekspert hər bir vətəndaşın yüksək ixtisaslı kadr kimi yetişməsində təhsilin çox önəmli olduğunu bildirir: "Daha çox o insanlar yüksək əmək haqqına malik işlə təmin olunur ki, onların təhsili və təcrübəsi yüksək olur”.
Əmək göstəriciləri yüksək olanda
Müxtəlif maliyyə institutlarının vakant yerlərə yüksək əmək haqqı ilə bağlı təkliflərinin olduğunu qeyd edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, bu tip şirkətlərdə işə qəbul bir qədər çətindir. Belə ki, təkcə bilik və ya təcrübə deyil, çoxlu seçim şərtləri də rol oynayır: "Əlbəttə, bütün bu prosedurları keçib işə düzəlmək olar. İndi bizdə maliyyə işini bilən, xarici dil bacarığı olan, kompyuter proqramlarından yüksək səviyyədə istifadə etməyi bacaran yeni nəsil var. Gənclər var ki, dünyanın məşhur universitetlərini bitirib Azərbaycana qayıdıblar. Onlar bu cür qurumlarda müraciət edib işə düzələ bilirlər”. Ümumiyyətlə, beynəlxalq təşkilatlarda azərbaycanlıların sayının az olduğunu bildirən ekspertin sözlərinə görə, həmçinin ATƏT, BMT, AŞ kimi siyasi qurumlarda da azərbaycanlılar ya yoxdur, ya da barmaqla sayılacaq qədər azdır: "Dünyanın iri maliyyə banklarında azərbaycanlıların olduğunu bilmirəm. Ancaq azərbaycanlılar da o cür qurumların vakansiyalarında iştirak etsələr, yaxşıdır”. Ölkəmizdəki bəzi təşkilatlarda əcnəbilərə üstünlük verilməsinə gəlincə, ekspert hesab edir ki, bu, onların əmək göstəricilərinin daha yüksək olması ilə bağlıdır: "Əgər onun keçmişi və təcrübəsi daha yaxşı olarsa, ona üstünlük verirlər. Bunlar obyektiv kriteriyalardır. Təəssüf ki, bəzən subyektiv kriteriyalar da olur. Bəzi transmilli korporasiyalar fəaliyyət göstərir ki, onlarda işləmək üçün bəzən xarici ölkələrdən mütəxəssislər dəvət edirlər. Azərbaycana ayrılan kreditlərə görə də bəzən xarici işçilər cəlb edirlər. O krediti biz qaytarmalı olsaq da, bəzən bunu kredit şərtlərinə daxil edirlər. Yaxşı olar ki, bu məsələdə elə yerli kadrlardan istifadə etsinlər. Kadr olmadığı halda, kənardan dəvət edə bilərlər. Bəzən bu qaydaları pozurlar”.
Təhsil müəssisələrinin kadr hazırlığı
Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, kadrın hər hansı bir peşəyə yiyələnməsi zamanı hansı universitetin məzunu olması hər hansı üstünlük təşkil etmir. Bununla belə, bu gün ölkənin əmək bazarında yüksək əmək haqqı olan şirkətlərə iddialı məzunlar və ya kadrlar daha çox Bakı Dövlət Universiteti, keçmiş Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və İqtisad Universitetinin məzunlarıdır: "Təəssüf ki, digər universitetlərin, o cümlədən özəl ali məktəblərin, həmçinin regionlarda fəaliyyət göstərən universitetlərin məzunlarını yüksək əmək haqqı verən şirkətlərdə görə bilmirik”. Ekspertin fikrincə, ali təhsil müəssisələrinin kadrları necə hazırlaması əsas faktordur. Ona görə də yüksək əmək haqqı olan işlərdə çox vaxt xaricdən olan kadrlara üstünlük verilir. Çünki onlar daha çox təcrübəni bilirlər və dil bilgisinə malikdirlər: "Məsələn, Azərbaycanda abituriyent xarici dil bilməsə, hər hansı ali məktəbə daxil ola bilər. Xaricdə isə tələbə xarici dil bilməsə, onun təhsil alması mümkünsüzdür. Bu baxımdan, məsələn Kembric və ya Oksford universitetlərinin tələbələrini qəbul edib onlara yüksək əmək haqqı olan yerlərdə iş təklif edirlər. Ancaq öz ölkəmizdə biz bunu öz vətəndaşlarımıza qarşı həmişə tətbiq edə bilmirik”. Ekspertin sözlərinə görə, hazırda ADA Universiteti və Ali Neft Məktəbi tədrisi ingilis dilində apararaq məzunların beynəlxalq təcrübədən yararlanmasına şərait və imkan yaradır: "Bu gün yüksək əmək haqqına malik şirkətlər özləri üçün yüksək ixtisaslı kadrlar verə biləcək müəssisə tapa bilmirlər. Ona görə ki, həmin mütəxəssisləri hazırlayan konkret institut yoxdur. Azərbaycan ali təhsil müəssisələrinin məzunları ümumilikdə beynəlxalq təşkilatların standartlarına cavab vermir. Çünki onlar daha çox lorkal xarakterli problemləri araşdıra bilirlər. Beynəlxalq səviyyəli təcrübəyə malik deyillər. Burada da problemin kökü ölkəmizdəki ali məktəblərin öz məzunlarına təcrübəni yox, daha çox nəzəriyyəni öyrətməsi ilə bağlıdır. Tutaq ki, amerikaşünas, türkşünas və s. ixtisaslarını bitirənlər öz praktikasını elə universitetdə, parta arxasında keçirirlər. Halbuki universitetlərin marağı olmalıdır ki, tələbə hansı sahə üzrə mütəxəssis kimi yetişirsə, o sahə üzrə xarici ölkədə təcrübə qazansın. O, artıq hazır kadr ola bilər. Təəssüf ki, ali təhsil müəssisələri praktikaya sadəcə olaraq normativ sənədin yerinə yetirilməsi kimi baxırlar və nəticədə istədiyimiz kadrlar əmək bazarına gəlmir”. Ekspert hesab edir ki, hər bir tədris müəssisəsi öz fəaliyyətində peşəkar səviyyədə kadr yetişdirilməsi ilə məşğul ola bilər. Belə ki, buna qanunvericilik də, ölkənin maddi vəziyyəti də imkan verir: "Məsələn, bu gün Təhsil Nazirliyi ali məktəblərdə peşəkar kadrlar yetişdirməkdən ötrü «Sabah» qrupları yaradıb. Onlar daha çox pedaqoji ixtisaslar üçün kadr hazırlayırlar. Ancaq istehsalatda kadr hazırlanmasına ehtiyac var. Çünki şirkətlər yüksək əmək haqqı muqabilində işçi axtarırlar, amma təəssüf ki, elə bir kadrı tapmaqda çətinlik çəkirlər”.
Ekspertlərin fikirləri bəzən ziddiyyət təşkil etsə də, əslində əmək bazarının real durumuna güzgü tutur. Yəni bu bazarda şirkətlərin parametrlərinə tam cavab verən işçilərlə yanaşı, hansısa çatışmazlıqları ilə meyarlara uygun gəlməyənlər də var. Kadrların daha ixtisaslı yetişməsi üçünsə təhsillə yanaşı, əmək bazarının müxtəlif profillər üzrə formalaşmasına da ehtiyac var ki, hər kəs öz bilik və bacarıqlarına uyğun iş tapa bilsin. Kadrların təkmilləşdirilməsi üçünsə real mühit olsun. Onda beynəlxalq şirkətlərdə və maliyyə qurumlarında çalışmaq üçün əcnəbi axtarışına yer də qalmaz.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər