• çərşənbə axşamı, 19 mart, 10:39
  • Baku Bakı 8°C

YUĞ Teatrın həmişə var olsun!

19.10.18 09:22 1391
YUĞ Teatrın həmişə var olsun!
Bu gün Azərbaycan teatrının böyük simalarından biri, YUĞ Teatrının yaradıcısı rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Kaspi qəzetinin teatr əlavəsinin bütün əməkdaşları adından müəllimlərin müəllimi Vaqif İbrahimoğlunun xatirəsini ehtiramla yad edir və ustad sənətkarımıza tanrıdan rəhmət diləyirik. Vaqif müəllimin tələbəsi olmuş Türkiyə vətəndaşı rejissor Rasim Aşının ustadı ilə bağlı bir xatirəsini paylaşmaq istərdik.
Vaqif İbrahimoğlu mənim həm taleyimdə, həm də həyatımda var, hər zaman da var olacaq!
1998-ci ilin dekabrında Bakıda təhsil aldığım dönəmdə üzləşdiyim problemlərdən dolayı Türkiyəyə qayıtmağa qərar verdim. Elə qərar verdiyim gündəcə müəllimlərimdən birinin tövsiyəsilə Yuğ teatrının "Modus vivendi” tamaşasını izləməyə getdim. Tamaşa məni o qədər təsirləndirmişdi ki, seyrçilər zaldan çıxdıqları halda mən oturduğum yerdəcə fikrə getmişdim. Dünyasını dəyimiş doğmalarımla, əzizlərimlə söhbətə dalmışdım. Heyrət içində idim, Azərbaycan teatrında daha öncə belə bir tamaşa izləməmişdim. Dörd gündən sonra Türkiyəyə qayıdacaqdım, təyyarə biletimi də almışdım.
Tamaşanın təsirindən oturduğum yerdən hələ də qalxmamışdım. Teatrın aktyorlarından biri yaxınlaşıb mənə tamaşanın bitdiyini və gedə biləcəyimi dedi. Mənsə heyrətlər içində tamaşanın yaradıcı heyəti ilə tanış olmaq və söhbət etmək istədiyimi bildirdim. Məni Vaqif müəllimin otağına apardılar. Otaqda qələbəlik vardı. Vaqif müəllim bir kənarda əyləşməyimə işarə elədi. Hamı gedəndən sonra mənə ilk sualı belə oldu: "Türkmüsən, kürdmüsən?”. Mən də "Bir fərqi varmı?”- deyə suala sualla cavab verincə - "Sənin üçün yoxdursa, mənim üçün heç yoxdur” – deyə söhbətinə davam elədi. "Tamaşada ilgini çəkən nə oldu?” – sualına "Ölmüş nənəmi yadıma saldı, tamaşa boyu sanki onunla söhbət eləmişəm kimi hiss etdim” – deyə cavab verdim. Vaqif müəllim təəccübləndi və ətrafındakılara "Aha, bizim daha bir yuğçumuz peyda oldu. Bizi duya bilən biri öz ayaqları ilə gəlib bizi tapdı”- deyib məni qucaqladı. Bundan sonra nə zaman istəsəm, Yuğ teatrına gələ biləcəyimi bildirdi, saatlarla Yuğ teatrının poetikasından, fəlsəfəsindən söhbət açdı. O gecə metronun sonuncu qatarının gəlişinəcən Azərbaycan və Türkiyə teatr düşüncəsinin özəlliyindən, fərqlərindən doyunca danışdıq.
Ertəsi gün ilk işim təyyarə biletimi geri qaytarmaq və Azərbaycanda təhsilə davam etmək odu. Vaqif müəllim mənim uşaq teatrı sahəsində peşəkar təhsil almaq və araşdırmalar aparmaq istədiyimi bildiyindən Yuğ teatrında mənə uşaq teatrı araşdırmaları üçün şərait yaratdı. Beş il bu sahədə bir sıra işlər gördük, ciddi araşdırmalar apardıq.
O gün, bu gündür, Vaqif İbrahimoğlu mənim həm həyatıma, həm də taleyimə qızıl hərflərlə yazıldı. Nə yaxşı ki, yazıldı… Vaqif müəllim teatr yaradıcılığımda hər zaman mənə yol göstərdi, məsləhətlər verdi, yaradıcı mesenantlıq elədi. Dünyasını dəyişdikdən sonra belə ruhu ilə həmişə mənə doğru yol göstərməkdədir. Cismi bu dünyadan getsə də, ruhu ile hikmətini tələbələrindən əsirgəmir.
Ruhun şad olsun, Vaqif müəllim.
Allah səndən razı olsun. YUĞ Teatrın həmişə var olsun!
Rasim Aşın
banner

Oxşar Xəbərlər