• çərşənbə axşamı, 16 aprel, 11:44
  • Baku Bakı 14°C

“YUĞ” TEATRI SÖKÜLMƏSİN!

22.01.16 10:31 2402
“YUĞ” TEATRI SÖKÜLMƏSİN!
2008-ci il idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisasına qəbul olmuşdum. Kurs rəhbərim isə sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə idi.
“Yuğ” teatrı ilə tanışlıq
O zaman teatr dedikdə gözümüz önündə yalnız bir məkan canlanırdı – Akademik Milli Dram Teatrı. Kurs rəhbərimizin isə dilindən nə “Yuğ” Teatrı, nə də Vaqif İbrahimoğlu düşmürdü. O, teatrda nümayiş olunan tamaşalardan həvəslə danışırdı. Müəlliməmiz Vaqif İbrahimoğlunun psixosof düşüncələrindən bəhs edib, onun dünyagörüşünü, həyata baxış fərqliliyini bizə anlatmağa çalışırdı. Beləliklə, günlərin birində Məryəm Əlizadə bizi Yuğ teatrına apardı. “Yuğ” teatrı ilə həminki tanışlığımı indi də anbaan xatırlayıram. Həmin gün “Mən Məhəmməd Füzuli” tamaşası nümayiş olunurdu. Teatra daxil olanda bütün xəyallarım alt-üst olmuşdu. Universitetə qəbul olmamışdan öncə Məryəm xanımı televiziyada görmüşdüm. Bilirdim ki, tanınmış insandır. Onun bu köhnə, balaca teatrı tərifləməsi mənə qəribə görünürdü. Teatrın zalı isə kiçik otaqdan ibarət idi. Zala bir stul qoymaqla dönüb olurdun tamaşaçı. Oturduğun yerdən ayağa qalxsan sən artıq iştirakçıya çevrilirsən. Düşünürdüm ki, bu kiçik zal necə həm səhnə, həm də zal ola bilər? Yəni mən səhnədə olanlara toxuna, müdaxilə edə biləcəm?
Tamaşa başlandı... Aktyorlar səhnədə müxtəlif rəngli işıq effektləri altında görünməyə başladılar. İlahi bu nə idi? Sözün əsl mənasında qorxdum. Belə tamaşamı olar, deyə qrup yoldaşları ilə deyindik. Zaldan çıxmaq üçün bir-birimizi dartışdırmağa başladıq. Qəribəsi də orasında idi ki, zaldan çıxa bilmirdik. Məryəm Əlizadə ilə üz-üzə oturmuşduq. Sən demə, o da tamaşanın sehrinə elə qapılmışdı ki, bizim varlığımızı belə unutmuşdu...
Səhəri gün kurs rəhbərimiz izlədiyimiz tamaşa ilə bağlı fikirlərimizi soruşdu. Bizi dinlədikdən sonra belə bir qərar verdi ki, həmin teatrın tamaşalarını tam anlayana qədər biz o teatrın daimi tamaşaçıları olacağıq. Vaqif İbrahimoğludan hətta bizim yerimizə icazə də almışdı. Hərçənd ki, Vaqif müəllim məşq prosesinə heç kimi buraxmırdı. Balaca otaq sanki onun daxili dünyası idi. O, öz daxili dünyasında tələbələri ilə məşq edirdi. Kənar şəxslərin isə içəri girişi qadağan idi. Əslində yad adamlar üçün kobud, bir o qədər də qəddar insana çevrilirdi. Düzdür, mən YUĞ-çu deyiləm. Ancaq demək olar ki, dərslərimiz Vaqif İbrahimoğlunun poetikasına həsr olunurdu. Yuğ teatrı isə teatrsevərlərin məbədinə çevrilmişdi. Elə bir məbəd ki, sözün birbaşa mənasında bu sənətə gələn ilk olaraq yolunu YUĞ teatrından salmalı idi. Bizim YUĞ-la yolumuz təsadüf nəticəsində kəsişmişdi.
YUĞ sevgisi
Sonradan anladım ki, buranı seçənlərin də zövqləri bir başqadır. Çünki hər adam orada nümayiş olunan tamaşaların anlamını çözə bilmir. YUĞ – asan qavranılan bir məna da deyil. Dünyanın mövcud teatr mənzərəsinə diqqət yetirdikdə görürük ki, yaranan hər yeni cərəyan konkret tarixi şəraitin tələblərindən şərtlənərək peyda olur. Hətta özündən əvvəlki üslubu tamamilə rədd edən istənilən yeni cərəyanın yaranmasında belə, rədd olunanın təsiri sezilə bilər. İstənilən tam bitkin nəzəri əsaslara malik poetikanın yaranması mürəkkəb bir prosesdir və çox zaman bu cür proseslərin başlanğıcında son nəticəni proqnozlaşdırmaq da çətin olur. Bu cür mürəkkəb prosesi konkret olaraq Vaqif İbrahimoğlunun yaratdığı psixosof teatr poetikasının timsalında nəzərdən keçirərək sözügedən poetikanın yaranmasına təsir edən əsas metod və üslubların da modifikasiyasını görmüş olarıq.
Sonralar biz müəllim qorxusundan deyil, özümüz mütəmadi olaraq YUĞ-a getdik. Ən çox da bu teatrı ona görə sevirdik ki, Vaqif İbrahimoğlu tamaşa bitdikdən sonra zala toplaşanları ətrafına cəm edib, süfrə ətrafında maraqlı söhbətlər edir, tamaşa haqqında müzakirələri dinləyirdi. Məryəm xanımla Vaqif İbrahimoğlunun söhbətlərindən isə doymaq olmurdu. Xatirələr... Əhvalatlar...Ötən illər...
Sözüm odur ki, sökülməsi əmr edilən bu YUĞ teatrı, dünən tikilən, təməli elə yenicə qoyulan bir məkan deyil. Baxın, bu gün Azərbaycan teatr cameəsində bu teatrın yetişdirdiyi nə qədər görkəmli aktyor və rejissor var. Onlar YUĞ-un bu balaca otağında yetişiblər. Onları Vaqif İbrahimoğlu adlı bir vətən sevgisi ilə yaşayan, tələbələrinə ən azı övladları qədər qayğı göstərən biri tərbiyə edib, yetişdirib. O, tələbələrinə həm ata, həm dost, həm də müəllim olub. Vaqif İbrahimoğlunun dişi, dırnağı ilə qurub yaratdığı bu binanı yıxmaqmı istəyirsiniz? Nə edə bilərik?
Bu gün o kiçik zalda yetişən aktyorlar dünya teatr festivallarında Azərbaycan adını uca tuturlar. Bizi dünyaya tanıdırlar. Rejissorları isə müəllimlərinin yolunun davamçılarıdır. Rusiyada çalışan istedadlı rejissor Mikayıl Mikayılov, Lənkəran Teatrının baş rejissoru Tural Mustafayev, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, Dağıstan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Ər Toğrul, rejissor Günay Səttar - bu gənclər Vaqif İbrahimoğlunun tələbələridir.
Təəssüflər olsun ki, bu gün Azərbaycan teatrı üçün bu qədər işlər görən bir sənətkarın yaratdığı “Yuğ” teatrının qarşısında heykəli qoyulmaqdansa, qurduğu binanın sökülmək qərarı verilir.
Gündəm!
Məlumat üçün bildirim ki, Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir.
Nazirlik qeyd edib ki, teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək.
Teatr binasının başqa bir yerə köçürülməsi başqa bir məsələ, amma tarixi bir binanın sökülməsi nə dərəcədə doğrudur?
İndiki “Yuğ” teatr binasının əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərən bina, hazırda “Yuğ” teatrına ev sahibliyi edir.
Tarixi abidələr siyahısında adı olan binanın kodu 3700-dür.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu var. Bu məsələ Prezident tərəfindən daim diqqətdə saxlanılır.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan dövlət proqramında daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, qoruqların mühafizəsinin müasir səviyyədə təşkili, habelə bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər barədə tədbirlər nəzərdə tutulub.
Bütün bunlara baxmayaraq, binanın sökülməsi məsələsi hələ də gündəmdədir. İstənilən halda bir teatr söküləcəyi xəbəri ilə deyil, repertuarı və tamaşaları ilə gündəmdə qalmalıdır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər