• çərşənbə axşamı, 19 mart, 14:18
  • Baku Bakı 8°C

Öyrədən və ilham verən layihə - Fotolar

16.10.18 11:30 1985
Öyrədən və ilham verən layihə - Fotolar
"İçinizdəki kiçik qığılcımı böyük alova çevirmək sizin əlinizdədir”. Bu fikri dünən bir tədbirdə eşitdim. Açığı, hələ heç bir fikir mənə bu qədər təsir etməmişdi. Ən maraqlısı isə bu cümləni quran, 10-cu sinif də oxuyan bir qız idi. Yaşı az olsa da, o, "Mentor Talks” tədbirində böyük auditoriya qarşısında çıxış imkanı qazanan insanların sırasında idi. Bu qız, "Reynerci” startapının təsisçisi Reyhan Camalova idi. Artıq ikinci dəfə keçirilən "Mentor Talks” dünən, çox gəncin düşüncəsində, motivasiyasında böyük rol oynadı. Düzünü deyim, bu tədbirə dəvət alanda nə ilə qarşılaşacağımı, tədbirdə məni nə gözlədiyini bilmirdim. Düşünürdüm ki, günümüzdə keçirilən adi yığıncaqlardan biri olacaq. Amma fikrimdə yanıldım. Tədbir məni də həyatımda müəyyən addımlar atmağa motivasiya etdi.

14 oktyabrda "Park İnn” hoteldə keçirilən "Mentor Talks” tədbirinin budəfəki mövzusu "Biznes və Təşəbbüskarlıq”, şüarı isə "Daxili potensialını kəşf et” idi. 7 spikerin yer aldığı bu tədbir, sözün həqiqi mənasında insanı daxili potensialını kəşf etməyə, gələcək haqqında düşünməyə vadar etdi. Çünki çıxışları dinləyərkən insanın, istəyərsə, bütün nailiyyətlərə nail ola biləcəyini anlayırsan.
Spikerlərlə tanışlıq

Spikerlərə gəlincə, hər biri öz işində kifayət qədər uğur qazanmış, həmin sahədə müəyyən qədər yol qət etmiş insanlar idi. Çıxışçılardan Zeynep Dereli Türkiyədən dəvət edilib və hazırda ölkəsində bir sıra sosial layihələrə rəhbərlik edir. Zeynep Dereli Türkiyədə yeni, beynəlxalq standartlara uyğun tədris proqramını həyata keçirən "Texnologiya və İnsan” kolleclərinin təsisçisidir. Digər spiker isə ADA Universitetində Marketinq Menecmenti və EMBA qruplarına Beynəlxalq Marketinq sahəsini tədris edən, Qafqaz Universitetini bitirdikdən sonra ABŞ-da, Troy Universitetində MBA təhsili alıb ölkəmizə qayıdan Əfsun Qurbanov idi. Spikerlərdən Tural Bədirxanlı ABŞ-dan canlı yayım vasitəsilə tədbirə qoşularaq, çıxış etdi. Tural Bədirxanlı hazırda "Tvitter”də çalışır. Masaçusets Texnologiya İnstitutunun məzunudur. 2012-ci ilin əvvəlində "Google”dan ayrılan Tural Bədirxanlı, Silikon Vadisinin imkanlarından istifadə etmək qərarına gəlir. ABŞ-da olan digər 2 həmkarı ilə birlikdə "Namo Media” interaktiv reklam proqramını yaradıb və onu yüksək məbləğdə "Tvitter”ə satıb. Növbəti spiker ADA universitetinin müəllimi Sərvər Qurbanov oldu. Çıxışçılar arasında ADNSU-nun müəllimi, "Destec” Groupun təsisçisi Sakit Səmədov, "Cinemaplus”un idarə heyətinin üzvü Zaur Darabzadə və "Rainergy” nin yaradıçısı Reyhan Camalova da var idi.

Təşkilatçılarla söhbət

Tədbir başlamazdan əvvəl təşkilatçılarla - Abid Səmədov, Mojqan Vəlizadə, Sərxan Rüstəmov və Kəmalə Rövşən ilə həmsöhbət olduq. Təşkilatçılar bildirdilər ki, "Mentor talks” öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq, onları davamlı inkişafa sövq etməkdir. Abid Səmədov qeyd etdi ki, tədbirin sosial məqsədi şirkətlərin və fərdlərin autizmə diqqətini artırmaq, sosial məsuliyyət zehniyyətli bizneslərin qurulması və artmasına diqqət çəkməkdir. Daha sonra Sərxan Rüstəmov tədbir iştirakçıların nə əldə edəcəklərindən danışdı: "İştirakçılar tədbirdə, texnologiya, təhsil, marketinq və biznesin digər sahələrində təşəbbüskarlığı olan xarici və yerli spikerlərdən mövzu ilə bağlı qloballaşan dünyanın və yerli bazarın tələblərinə uyğun məlumatlar, davamlı inkişafa meyilli insanlarla "networking” və ianəli bilet alaraq, tədbirin sosial tərəfi olan autizm sindromundan əziyyət çəkən uşaqların ailələrinə dəstək olma imkanı əldə edəcəklər”.

Mojqan Vəlizadədən isə biletlərin qiymətini xəbər aldıq: "Tədbirdə iştirak üçün biletlər 3 növ idi. Erkən rezervasiya edənlər üçün qiymət 29, standart biletlər isə 35 manatdır. İanəli biletlər üçün isə 45 manat öpdəmək lazımdır. İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin biletin məbləğinin 10 manatı autizm sindromundan əziyyət çəkən uşaqlara yönəldiləcək”.
Tədbirdən yadda qalanlar

Əslində bütün çıxışlar maraqlı idi və hər birindən insan faydalı məlumat əldə edə bilərdi. Açığı, bilmirəm hansı çıxışdan daha geniş danışım. Zeynep Derelinin 10 il sonra texnika və texnologiyanın necə inkişaf edəcəyindən, hansı sahələrdə insan əməyinin kompüterlə əvəz olunacağından danışmasından, ya səhnəyə çıxaraq Gülnazını axtaran Sərvər müəllimin intellektual qəhrəmanından, hələ evlənmək fikri olmayanlar üçün el dilində istifadə edilən o məşhur "sən nə vaxt tərpənirsən” sualını biznes sualına çevirməyin yollarından danışım? Və ya Zaur bəyin "Biznesin pərdə arxası”ndan danışarkən, təsadüfən, özü də bilmədən bütün tədbir iştirakçılarına kinoya bilet söz verməsinimi deyim? Yeri gəlmişkən,gənc olmasına baxmayaraq ADA universitetində müəllim kimi çalışan Əfsun Qurbanovun uğurun sirlərindən danışmasını, tədbirin sonuna doğru çıxışı ilə zala çökən sakitliyi pozan Sakit bəyin yumorlu fikirləri də yaddaşlara yazıldı. Əminəm ki, aramızda hələ də, Tural Bədirxanlının layihəsini "Tvitter”ə neçəyə satdığını düşünənlər var.
İştirakçılar nə düşünür?

Fasilə zamanı tədbir iştirakçıları ilə də həmsöhbət olduq. Eldar Həsənli deyir ki, tədbir haqqında sosial mediadan xəbər tutub: "Mən artıq ikinci dəfədir ki, bu tədbirdə iştirak edirəm. Keçənilki tədbir də çox xoşuma gəldiyi üçün, sosial mediada elanı görəndə, qərara gəldim ki, bu il də iştirak edim. İştirakda əsas məqsədim ilk olaraq əhatə dairəmi, dostluq əlaqələrimi daha da gücləndirməkdir. Düşünürəm ki, insan hansı sahədə çalışırsa çalışsın, daim bu kimi tədbirlərdə iştirak edib nələrisə öyrənməyə meyilli olmalıdır. Çıxışlarda deyilən hər bir sözdən nəticə çıxardıb, nə isə öyrənmək olar”. Digər iştirakçı Rasim Əbdürrəhmanov düşünür ki, belə tədbirlər gənclərin öz potensialını kəşf etməsinə, onları, atacaqları addımda motivasiya etməyə çox yardımçı olur: "Bu tədbirdə çıxış edən mentorların hər biri öz sahəsinin biliciləridir. Düşürəm ki, burada səslənən hər bir fikir gənclərin inkişafı yolunda işıq olacaq. Mən özüm də hazırda kiçik sahibkar sayılıram. Ona görə, bu gün spikerlərin çıxışlarından mən də nələrisə öyrənəcəyimə ümid edirəm. Bir cümlə belə, hansısa addımı atmağa, beynimizdə qurduğumuz, amma hələ də cəhd edib, həyata keçirmədiyimiz işləri görməyə sövq edəcək”.
Tədbirin dəstəkçiləri
Əlbəttə, hər kəsdən, hər nüansdan danışıb, tədbirin ərsəyə gəlməsində hərtərəfli dəstəyini göstərən dostları unutmaq olmaz. Həmin dostlardan biri də "Markaman” brendinq şirkətinin nümayəndəsi Rəşad Baxışovdur. Rəşad bəy deyir ki, gənclər üçün belə faydalı tədbirlərə həmişə dəstək göstərməyə hazırdırlar: "Əlbəttə, keçirilən tədbirin məqsədi çox böyük önəm daşıyır. Biz, gənclər üçün faydalı olacaq bir çox bu kimi tədbirlərin təşkilində dostlarımıza dəstək olmuşuq və həmişə olmağa çalışacağıq. Yaxşı iş görməyə çalışan hər kəsə dəstək olmaq lazımdır. Biz, dostlarla universitet vaxtından tanışıq. Həmin dövrdən gənclər üçün faydalı olan tədbirlər keçirməyə marağımız olub. Nəhayət ki, bunu reallaşdıra bildik”.
Bütün spikerlər bəyənilə bilməz
Tədbirin moderatoru Hüseyn Həsənovun deyir ki, ilk moderatorluq təcrübəsi olmasa da, bu tipli bir layihədə ilk dəfədir iştirak edir: "Belə faydalı işlərin bir parçası olmaq, kimlərəsə dəstək olmaq həyat prinsiplərimdən biridir. Moderatorluq təklifi gələndə düşündüm ki, niyə də yox? Düşünürəm ki, motivasiyaedici tədbirlər bununla kifayətlənməməli, daha geniş səpkili işlər görülməlidir. Ola bilər, tədbirimiz kimlərinsə xoşuna gələr bilər, kimlərsə bəyənməyə bilər. Bu, təbii haldır. Hər kəs bütün spikerlərimizin çıxışını bəyənmək məcburiyyətində deyil. Bu kimi tədbirlərə gedərkən insanlar həyatlarının bir anda dəyişəcəyini düşünməməlidirlər. Yəni mentorların əsas işi balıq vermək deyil, balıq tutmağı öyrətməkdir. Bizim də bu tədbiri keçirməkdə əsas qayəmiz, elə bu idi. Ümumilikdə isə məncə, hər şey yaxşı oldu”.
Daha möhtəşəm layihələr və tədbirlər olacaq
Bilirəm, yazını bura qədər oxuyanlar, bəs, bu layihənin rəhbəri, ideya müəllifi, lap bir az da yumor qatıb desək, "layihənin atası kimdir” sualını verəcək. Onu axıra saxlamışam. Əslində, öz günahıdır, başı tədbirə o qədər qarışmışdı, o qədər həyəcan keçirirdi ki, vaxt edib mənimlə danışa bilmirdi. Yəqin ki, hər birimiz bu cür layihənin həyata keçirilməsinin necə məsuliyyətli və həyəcanlı olduğunu başa düşürük. "Mentor Talks” tədbirinin rəhbəri Şamil Bağmanovdur. Tədbirin sonunda axır ki, Şamil bəylə həmsöhbət ola bilirik: "Budəfəki tədbirimizə gözlədiyimizdən daha çox maraq var idi və əvvəlkinə nisbətən daha çox iştirakçı gəlmişdi. Tədbirin adından da göründüyü kimi, biznes və təşəbbüskarlığın çətin və ilhamverici tərəflərini göstərmək istəyirdik. Mövzular və spikerlər buna uyğun seçilmişdi. Ümumi olaraq deyə bilərəm ki, tədbirimiz bəyənilib. Çünki hələ tədbir yekunlaşmamış, müsbət rəylər alırdım, iştirakçıları yola salarkən də hamısı tədbirin yaxşı keçdiyini dedilər. Bilirəm ki, bizim komandadan gözləntilər daha çoxdur. Növbəti dəfə daha möhtəşəm layihələr və tədbirlərlə çıxış edəcəyik”.
Günel Azadə

banner

Oxşar Xəbərlər