• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

“Yox”u necə deyək ki, nə şiş yansın, nə kabab? - Gənclərə məsləhət

24.11.18 11:00 2070
“Yox”u necə deyək ki, nə şiş yansın, nə kabab? - Gənclərə məsləhət
İşgüzar münasibətləri elə qurmaq lazımdır ki, sonra hansısa problemin olanda əlaqələrin işə yarasın. Amma heç də həmişə hamının işinə yaramaq mümkün olmur. Bir çox insan isə "mən "yox” deyə bilmirəm” deyir. Amma başqalarının işinə həddindən artıq vaxt sərf edəndə, özünə, işinə ayıracağın zamandan kəsməli olursan. Ona görə də, bəzən "yox” demək lazımdır. Amma bunun da öz qaydası var. Bəs "yox”u necə deməliyik ki, nə şiş yansın, nə kabab?

Bu mövzuda həmsöhbətimiz "Code Academy”nin karyera mərkəzinin direktoru, insan resursları mütəxəssisi, kouç Leyla Surxayzadə oldu. L.Surxayzadə deyir ki, insanların işləri, məsuliyyətləri artdıqca "yox” deməyi avtomatik öyrənirlər: "Amma onu öyrənənə qədər bir çox insan artıq yorulmuş, bezmiş və özündən ayrı düşmüş olur. Əgər "yox” deyə bilmirsinizsə, ya sizin öz işləriniz azdır, ya da özünüzə dəyər vermirsiniz. Hər iki halda, oturub düşünməli və özünüzə sual verməlisiniz ki, hazırda başqaları üçün gördüyüm işlər mənə nə kimi xeyir gətirir? Məni ya maddi, ya da mənəvi inkişaf etdirirmi? Əgər heç nə vermirsə, bunun əvəzində sizə bunları verən işlərə və insanlara "hə” deməlisiniz. İkinci məsələ, "yox” deyə bilmək üçün özünə dəyər verməkdir. Özünə dəyər isə öz vaxtının qədrini bilmək, öz istirahətini və əyləncəni təmin edə bilməkdir. Əgər siz kiməsə "yox” demirsinizsə, həmin vaxtı ya istirahətinizdən, ya əyləncənizdən, ya da dəyərli vaxtınızdan (o vaxtda ki, ya pul qazanırsınız, ya da öz işlərinizi görürsünüz) kəsmiş olursunuz. Bunlar da dolayı yolla özünüzə verdiyiniz dəyərdən almış olur”.


L.Surxayzadənin sözlərinə görə, "yox” deyə bilmək də digər işlərdə olduğu kimi, çoxlu təcrübə və təkrarlıq tələb edir. Nə qədər çox deyə bilirsinizsə, o qədər rahat deməyə alışırsınız. Ancaq bir çox halda, yox deyə bilmirsinizsə, kömək etmək istədiyiniz adamı başqa güvəndiyiniz şəxsə yönəldə, yaxud da sizin vaxtınızdan almayacaq alternativlər təklif edə bilərsiniz: "Bunlar da mümkün deyilsə, sadəcə, səmimi olub qarşınızdakı insana hazırda bu təkliflə maraqlanmadığınızı, sizin üçün prioritet işlər üzərində çalışdığınızı vurğulaya bilərsiniz. Əgər yox deməyiniz sizə edilən təklifin pulsuz olması ilə bağlıdırsa, yenə də özünüzün və vaxtınızın dəyərini özünüzə bir daha xatırladaraq, qarşı tərəfə artıq bu işləri ödənişsiz etmədiyinizi bildirə bilərsiniz. "Yox” deməyə meyilli olan peşəkar adamlar isə artıq bunu necə deməyi öyrəniblər. Bunu elə bir incəliklə deyirlər ki, "yox” "hə” kimi görünür. Ancaq qarşı tərəfi heç də çaşdırmır, sadəcə, qarşı tərəf özünü "yox” cavabı almış kimi hiss etmir, əksinə yönləndirdiyi müraciətin cavabının qarşı tərəfdə olmadığını, ya da yanlış ünvanda olduğunu anlayır. Bu mənada heç vaxt "yox” deməkdən çəkinməyin, amma "yox” deməyə də tələsməyin. Ola bilsin ki, qarşı tərəflə hər hansı bir əməkdaşlıq qura bilərsiniz. Ya da qarşı tərəfin istəyini başqa birinə yönəldərək, həm kömək etmiş, həm də münasibətlərinizi saxlamış olarsınız”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər