• cümə axşamı, 28 mart, 12:17
  • Baku Bakı 16°C

Yoxlamalar sistemləşdirilir

04.07.13 09:06 2304
Yoxlamalar sistemləşdirilir
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Milli Məclisdə müzakirə edilən qanun layihəsi qəbul olunduqdan sonra hər kəs öz işini biləcək. Ortada qanun olanda bilinəcək ki, aidiyyatı hökumət strukturları hansı səlahiyyətlər çərçivəsində sahibkarlarının işinə müdaxilə edə bilər”. Bu sözləri bizimlə söhbətində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsini şərh edən iqtisadçı Pərviz Heydərov bildirdi
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən qanun layihəsi parlamentin son iclasında müzakirə edilib.
Ildə, 2 ildə, 3 ildə bir dəfə yoxlanacaq subyektlər
Layihə barədə qəzetimizə məlumat verən millət vəkili Əli Məsimli bildirdi ki, sözügedən qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir: “Yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarların fəaliyyəti ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda üç ildə bir dəfədən çox olmayaraq aidiyyatı təşkilatlar tərəfindən yoxlanılacaq. Amma yeyinti məhsulları ilə bağlı fəaliyyət göstərən sahibkarların fəaliyyətinin yoxlanılmasında rəqəm iki dəfə azalacaq. Yəni yüksək risk qrupuna aid olanlar altı ayda bir, orta risk qrupuna aid olanlar bir ildə bir, digər qrup isə 1.5 ildə bir dəfə yoxlanılacaq”. Ə.Məsimlinin fikrincə, bundan başqa, plandan kənar yoxlamalar da həyata keçiriləcək: “Əgər hansısa anonim olmayan vətəndaş müraciətləri olsa, yaxud hansısa sahibkarlıq fəaliyyəti barəsində mətbuatda müvafiq-neqativ siqnallar verilsə, bunlar əsas götürülərək plandan kənar yoxlamalar həyata keçiriləcək”.
Yoxlamalar sahibkarların vaxtını almamalıdır
Millət vəkilinin sözlərinə görə, qanun layihəsində ikinci vacib şərt eyni məzmunlu yoxlamanı artıq bir neçə təşkilatın həyata keçirə bilməyəcəyidir: “Sahibkarlıq subyektlərində hansısa bir nüansın bir neçə təşkilat tərəfindən yoxlanılması qanunla qadağan olunacaq. Bu, hesab edirəm ki, müsbət haldır, çünki normal ölkələrdə 2-3 yoxlayıcı orqan olur. Amma bizdə yoxlayıcı orqanların sayı çox olduğundan yoxlamalar çox vaxt aparır. Bu, həm də zaman etibarı ilə sahibkarın vaxtının daha çox alınması deməkdir ki, bu baxımdan sahibkar üçün ciddi problem yaradır. Beynəlxalq araşdırmalar göstərir ki, hansı ölkədə məmurla sahibkar arasında olan münasibətdə sahibkar öz vaxtının az hissəsini məmurla mübahisələrə sərf edirsə, orada sahibkarlıq daha sürətlə inkişaf edir. Buna görə də yoxlamaların sahibkarlıq subyektlərinin fəaliyyətinə zərbə vurmaması da qanun layihəsində nəzərə alınıb. Layihədə sahibkarlara maksimum şərait yaradılması məsələsinə önəm verilir. Belə ki, yeni hüquqi bazaya görə, yoxlamalar iri obyektlərdə 10 gün müddətinə, orta və kiçik obyektlərdə isə 5 gün müddətinə иaşa çatmalıdır. Plandankənar yoxlama isə iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır”.
Hər kəs öz işini biləcək
Iqtisadçı Pərviz Heydərov da sözügedən hüquqi bazanın qəbul olunmasını vacib saydığını dedi: “Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin bütün rüblük iclaslarında dövlət başçısı sahibkarlarla bağlı məsələyə toxunub. O, iclaslarda dəfələrlə qeyd edib ki, sahibkarların qeyri-qanuni yolla, lazımsız şəraitdə yoxlanılması, onların işlərinə müdaxilə edilməsi yolverilməzdir. Sonuncu dəfə bu məsələ fevralda “Regionların inkişafı ilə bağlı Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilən iclasda da qeyd edildi. Amma təcrübə göstərir ki, bütün bunlara baxmayaraq, yenə də nöqsanlar qalır. Çünki bunun müvafiq mexanizmi yoxdur. Yəni bu sahədə müvafiq mexanizm, yaradılmalıdır. Mexanizmin yaradılması üçün isə ilkin şərt müvafiq hüquqi, normativ aktın olmasıdır. Bu mənada sözügedən qanun layihəsinin qəbulu ölkəmizin iqtisadi inkişafı baxlmlndan böyük uğur gətirə bilər. Bu qanuna ehtiyac var. Həmin akta əsasən, ayrı-ayrı orqanlar artıq öz funksiyalarını, səlahiyyətlərini biləcək ki, hansı şəraitdə, hansı tələblər çərçivəsində sahibkarlarla münasibət qurmalıdırlar, onların fəaliyyətini yoxlamalıdırlar, işlərinə müdaxilə etməlidirlər”.
P.Heydərov sözügedən qanunun qəbulundan sonra hansı dövlət orqanlarına sahibkarın işinə müdaxilə edə biləcəyinin də aydınlaşacağını bildirdi: “Ortada qanun olsa bilinəcək ki, hansı müvafiq hökumət strukturu hansı səlahiyyətlər çərçivəsində sahibkarın işinə müdaxilə edə bilər. Amma hazırda bunun heç bir çərçivəsi məlum deyil. Yəni, bilinmir ki, Hesablama Palatası, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək Müfəttişliyi, Səhiyyə Nazirliyi və digər orqanlar hansı şəraitdə və hansı halda sahibkarların işinə müdaxilə edə, nəyisə tələb edə bilər. Yəni ortada müvafiq mexanizm yoxdur. Buna görə də sözügedən qanun layihəsi qəbul ediləcəyi təqdirdə hər kəs öz işini biləcək”.
Qeyd edək ki, Milli Məclisdən KİV-ə verilən məlumata görə, hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur. Həmin orqanlar tərəfindən aparılan yoxlamaların qaydaları bir çox hallarda Nazirlər Kabineti tərəfindən, digər hallarda özləri tərəfindən müəyyən edilir. Bəzi hallarda isə bü cür qaydalar ümumiyyətlə mövcud deyil.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər