• şənbə, 20 Aprel, 15:48
  • Baku Bakı 23°C

“Youtube”la məşhurlaşanlar

27.04.19 09:00 2003
“Youtube”la məşhurlaşanlar
İnternet, sosial şəbəkələr... Bu gün bizi real həyatdan qoparan, öz istəklərimizə bir toxunuşla yaxınlaşdıran bir dünya. Hətta buradakı məşhurluq reytinq cədvəlləri ilə işləyən televiziya kanallarını da üstələyir. Hazırda insanların maraq dairəsinə uyğun olan "Youtube” kanalları televiziyalarla rəqabət mövqeyindədir. Bu proses bütün dünyada gedir. Bu gün Azərbaycanda da "Youtube” kanallarının səsi getdikcə daha bərk gəlir. Bunun mədəniyyətə, şou-biznes sahəsinə təsiri indidən özünü göstərməkdədir.Bəzən bu "Youtube” kanallarının yaxşı və pis tərəflərini də görürük. Mənfi tərəfi insanların daha çox yüngül janrlı, meyxana üslubunda hazırlanan mahnılara nə qədər meyil etməsini görüb məyus olmağımız və bu mahnıların günü-gündən çoxalmasına şahidlik etməyimizdədir. Digər tərəfdən, bu kanallar vasitəsi ilə insanlara faydalı məlumatlar verilir, maraqlı verilişlər hazırlanır. Amma bu maraqlı dediyimiz internet verilişlərinin sayı da barmaqla sayılası qədərdir. Ekspertlərimiz deyir ki, bu kanallarda hər kəs öz istədiyini tapır, hərə öz təfəkkürü və zövqünə uyğun material axtarışına çıxır və tapır da.
"Bazara yeni media qaydaları gətiririk”
Tanınmış aparıcı Murad Arifin "Youtube”da "Popumuz var” verilişi qısa bir zaman kəsiyində böyük maraq kəsb etdi. M.Arif bizimlə söhbətində "Youtube”un insanların azad söz, ifadə platformasına çevrildiyini deyərək, bunu müsbət hal kimi qiymətləndirdi: "Medianın gələcəyi internetdədir. İndi müasir məkanlarda monitorlar "Youtube”a qoşulub. Kim nəyə, harda, necə baxmaq istəyirsə, əllərindəki o kiçik cihazla rahat, sərbəst şəkildə baxmaq imkanına sahibdir. Belə olduğu halda, sosial şəbəkəyə çıxışı olan insanlar istədiklərinə məhz "Youtube” vasitəsi ilə baxırlar. Sosial şəbəkədə fikir, söz azadlığı var. Efirlərdə vəziyyət başqadır, çünki orda müəyyən məhdudiyyətlər, sərhədlər var. Belə olduğu halda, həm tamaşaçılara, həm də yaradıcı adamlara "Youtube” daha əlverişlidir. Bu çox təbiidir. "Youtube”dan bəhrələnən ilk azərbaycanlılardan, aparıcılardan biri də mənəm. Bilirəm ki, məndən sonra "Youtube”dan bəhrələnənlərin sayı çoxalacaq. Bazara yeni media qaydaları gətiririk, media personajları qazandırırıq”.
Aparıcı deyir ki, "Youtube”da böyük izləyici kütləsi toplayan "Popumuz var” layihəsi ilə ölkədə çox istedadlı gəncləri üzə çıxarıb: "Bu veriliş sayəsində ölkədə bir çox hip-hopçular daha çox tanınmağa başladılar. Bu şəbəkədən hərə öz bildiyi kimi istifadə etməyə başladı. Mənim "Youtube” kanalımda hər şey sanballı, səviyyəli və intellektual səviyyədə təqdim olunur. Sabah başqa biri çıxacaq, zövqsüz, savadsız nəsə bir şey edəcək və onun da öz auditoriyası olacaq. Söhbət ondan gedir ki, artıq qalstuklu əmilər deyil, "Youtube”da yaradıcı gənclər öz qaydalarını diktə edir. Nə istəyir oxuyur, necə istəyir geyinir, kimi istəyir qonaq çağırır. Tamaşaçılara da bu maraqlıdır. Sosial aləmdə hərə öz auditoriyasını tapır. Artıq televiziyalar da sosial şəbəkələri nəzərə alır. Əgər hər hansı mahnı, keyfiyyətsiz "mush up”lar internetdə trenddirsə, televiziyalar onu axtarmağa başlayır”.
M.Arif "Youtube”da izləyicilərin real göstərildiyini və belə olduqda, əsl izləyici kütləsinin nə qədər olduğunu aydınlaşdıra bildiyini deyir: "Youtube”da yalan yoxdur. Rəşid Mahmudovun qonaq olduğu "Popumuz var” verilişimə 245 min baxış olub. Ancaq İlqar Xəyalla bağlı olan videoya 14 min nəfər baxıb. Bu, real göstəricidir. Düzdür, indi bizdə bəziləri çalışır ki, baxış saylarına, rəqəmlərə müdaxilə etsinlər. Hər dəfə "Youtube” özünü yeniləyəndə, baxış sayları əsl nəticələrin üzərində dayanır. Ona görə də bu cür əməllər özünü insanlara güldürmək deməkdir. Sən mahnının iki min baxış sayını saxta yolla artırıb iki milyon edirsən. "Youtube” yenilənir, iki milyon dəyişib olur 300 min. Camaatın içində biabır olursan. Misal üçün, "Oppalara” mahnımın hansı radioda, televiziyada nə qədər yayımlanması mənə maraqlı deyil. Ancaq bilirəm ki, bu mahnım "Youtube”da 16 milyon 500 min baxış verib. Bu çox möhtəşəm bir şeydir. Həm özün real baxıcını dəqiqləşdirirsən, həm də bilirsən ki, nə etsən, tutacaq və o istiqamətdə çalışmağa başlayırsan. Mən əslində öz "Youtube” səhifəmi açmaq üçün televiziyadan ayrıldım. Bu zamanın yetişməsini gözləyirdim, çünki ömür boyu çərçivə içində olmuşam. Mən bu çərçivəni nə zamansa sındırmalıydım. Ölkədə "Youtube”un məşhurlaşmağını gözləyirdim. Gördüm ki, artıq "Youtube” mən istədiyim səviyyədədir, ərizəmi yazdım, işdən çıxdım. Heç də peşman deyiləm”.
"Sosial şəbəkələr insanın özünü ifadə etmə platformasıdır”
"AvtoStop” proqramının aparıcısı DJTural Yusifov deyir ki, "Youtube”da açılan kanallarda yerli məzmun istehsalçıları həddən ziyadə zəiflik nümayiş etdirirlər: "Youtube”un trend bölməsinə baxsaq, orada ilk onluğu iki-üç bayağı musiqi və türk seriallarının tutduğunu görəcəyik. "Youtube” bazarımız balacadır, rəqabətlilik azdır, demək olar ki, rəqabət yox səviyyəsindədir. Yaxşı məhsula təbii ki, baxılır. Misal üçün, "Kəllə-kəlləyə”, Taleh Yüzbəyov, Alixan, Murad Arifin "Popumuz var” kimi layihələri göstərir ki, yaxşı məzmun göstərdikdə, qəbul olunur. Azərbaycan reallığında "Youtube”dan pul qazanmaq çətin olduğu üçün "mash up”lar, "vine”lar çəkirlər ki, energetik içkilər onlara sponsorluq etsin. Çünki "Youtube”dan pul qazanmağın ən asan üsulu budur. Televiziyalardan kənar düşmüş tamaşaçı da bunlara baxır. Televiziyalarda fundamental böyük layihələr yoxdur. Əsas layihələr isə bir stol arxasında oturub söhbət etməkdən ibarətdir ki, bu da ən asanıdır. Ancaq "Youtube”da tanınan layihələrin müəllifləri ilk olaraq yaxşı məzmun yaradıblar. Çünki bilirlər ki, yaxşı məzmun özü ilə pul gətirəcək. "Youtube” və sosial şəbəkələr insanın özünü ifadə etmə platformasıdır. Bəzən deyirlər ki, sosial şəbəkələr insanlara pis təsir göstərir. Əksinə, sosial şəbəkədə çıxış edən bəzi insanlar başqalarına pis təsir göstərir. Ağıllı insanlar ağıllı məzmuna baxırlar. Azərbaycanda ciddi, baxılacaq, izləniləcək bir məzmun yoxdur”.
DJ Tural deyir ki, biz bu tendensiyanı asta-asta öyrənərək daha tez qəbul edə bilərik: "Biz bu rəqabətdə öz məhsulumuzu yetişdirə bilmirik. Əgər "Youtube”u baxımlı bir məkana çevirmək istəyiriksə, asta-asta, addım-addım maraqlı məhsullar yaratmalı, tanınan, baxılan layihələr etməliyik. Məşhurluq birdən-birə gəlməyəcək, amma sən tarixdə yaxşı məzmun istehsalçısı kimi qalacaqsan. Bu "mash up”lar, "vine”lar bu gün var, sabah yoxdur. Yaxşı video, reportaj, müsahibə həmişə yadda qalır. Yadda qalan bir şey etmək lazımdır. O da bizim bazar üçün çox çətin məsələdir”.
"Heç bir səs yarışması məni "Youtube” qədər məşhur etmədi”
Bu gün sosial şəbəkələrin, "Youtube” kanallarının məşhurlaşdırdığı gənclər az deyil. İfaçı Çinarə Məlikzadə də onlardandır. Hazırda "Youtube” kanalında 158782izləyicisi olan ifaçı bizimlə söhbətində sosial şəbəkənin həyatında rolunun danılmaz olduğunu və məhz bunun sayəsində qısa zamanda məşhurlaşdığını dilə gətirmişdi: "Mənim həyatımda "Youtube”un, "Facebook”un rolu danılmazdır. Çünki mən məhz sosial şəbəkələr vasitəsilə məşhurlaşdım. Təbii ki, bu işdə mətbuatın da rolu az olmadı. İndiyə qədər bir neçə səs yarışmalarında iştirak etsəm də, onların heç biri sosial şəbəkənin mənə qazandırdığı uğuru verə bilməmişdi. Hər kəsə bəllidir ki, məni məhz sosial şəbəkə məşhurlaşdırdı. Televiziyanın təbii ki, öz yeri var. Bizim çox reytinqli verilişlərimiz var ki, hər bir müğənni üçün bunun yaxşı tərəfləri çoxdur. Ancaq danılmaz faktdır ki, sosial şəbəkələr də böyük meydandır. Sosial şəbəkələrnin öz izləyiciləri var və bu izləyicilərin də gözü tərəzidir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər