• cümə axşamı, 28 mart, 15:20
  • Baku Bakı 16°C

Yoluxucu xəstəliklərlə mübarizədə ictimai nəzarət mexanizmlərinin rolu

04.08.20 13:50 1013
Yoluxucu xəstəliklərlə mübarizədə ictimai nəzarət mexanizmlərinin rolu
"İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi "İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” adlı layihəyə start verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan layihə 4 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.
Bu barədə ictimai birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva məlumat verib.

"İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri bildirib ki, layihə bir neçə komponentdən ibarət olub təhlükəli yoluxucu xəstəliklərlə mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması, pandemiya dövründə COVİD-19 infeksiyasının profilaktikası və xəstəliyin menecmentinə dair metodiki göstərişlərin yerlərdə icrası ilə bağlı ictimai müşahidələrin keçirilməsi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri əhatə edir.
Layihənin maarifləndirmə komponenti üzrə əsasən əhalinin həssas təbəqələrini cəlb etməklə viruslu hepatit xəstəlikləri və COVİD-19-dan qorunma qaydaları barədə məlumatlandırıcı vebinarın keçirilməsi, uyğun mövzuda çap materiallarının hazırlanması və ÜST-ün hepatit viruslarına həsr olunmuş animasiya çarxının Azərbaycan dilində tərtibatı nəzərdə tutulub.
Layihənin digər komponenti çərçivəsində isə tibb müəssisələrində aparılmış ictimai monitorinqin nəticələrinə əsasən tövsiyələr hazırlanıb müvafiq dövlət orqanlarına göndəriləcək.
Bununla yanaşı, ictimai monitorinq keçirilən tibb müəssisələrinə və əhalinin həssas təbəqəsindən olan vebinar iştirakçılarına maarifləndirici çap materialları və COVİD-19 xəstəliyinin profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr çatdırılacaq.
Təşkilat sədri vurğulayıb ki, Prezident İlham Əliyev daim öz çıxışlarında ictimai nəzarətin gücləndirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması barədə mesajlar verir. Bəli, hazırkı həssas dönəmdə ictimai iştirakçılığın effektiv təsir imkanlarının artırılmasına böyük ehtiyac var. Bunun üçün hüquqi baza 2014-cü ildə qəbul olunmuş "İctimai iştirakçılıq haqqında” qanundur. İllərin təcrübəsi qanunun daha mükəmməl və işlək olması üçün onun təkmilləşdirilməsinin zəruri olduğunu göstərir.
Ölkə rəhbərinin çağırışına dəstək olaraq layihənin sonuncu komponenti çərçivəsində müvafiq qanunvericilik bazasının gücləndirilməsi məqsədilə "İnkişafa Doğru Qadın Təşəbbüsü” İB tərəfindən təkliflər hazırlanıb ictimai müzakirəyə çıxarılacaq. Layihənin sonunda təkliflər sənədi Milli Məclisə təqdim olunacaq.
Ziba Nəbiyevanın sözlərinə görə, layihəyə töhfə olaraq COVİD-19 pandemiyası dövründə ictimai monitorinq, maarifləndirmə və digər dəstəkləyici fəaliyyətlər təşkilat üzvləri tərəfindən könüllü olaraq həyata keçirilib.
banner

Oxşar Xəbərlər