• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

Yolların yora bilmədiyi sürücü – Sadə peşə adamı

15.05.17 12:45 3569
Yolların yora bilmədiyi sürücü – Sadə peşə adamı

Bu peşə adamları mənzil başına çatmağımızda bizə kömək edirlər. Əgər şəxsi avtomobiliniz yoxdursa, onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Onların "çörək ağacı” avtobuslardır. Hər gün hava işıqlanmamış işə çıxır, yüzlərlə insanı mənzil başına çatdırır və evlərinə yollanırlar. Bəzən əsəbiləşir, bəzən də əsəbiləşdirirlər. Söhbət avtobus sürücülərindən gedir. Kiməsə bu sənət asan gələ bilər. Lakin digər peşələrdə olduğu kimi, sürücülük, xüsusilə avtobus sürücülüyü ağır məsuliyyət və zəhmət tələb edən peşələrdəndir. Müsahibimiz "BakuBus”ın sürücüsü Novruz Əliyevdir.

Onu da qeyd edək ki, son zamanlar fəaliyyətə başlamasına baxmayaraq, "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nəqliyyat sektorunda xüsusi yer tutur. Dünya standartlarına cavab verən avtobuslar və qayda-qanuna riayət, bu qurumu daha da fərqləndirir.
"BakuBus”dakı nizam-intizam diqqətimi çəkdi”
Novruz uzun müddət müxtəlif təşkilatlarda avtobus sürücüsü kimi çalışsa da, 2 ilə yaxındır, fəaliyyətini "BakuBus”da davam etdirir. Deyir ki, məhz bu avtobuslardakı qayda-qanun, nizam-intizam onun diqqətini çəkib və sənədlərini burada işləmək üçün göndərib: "Hərbi xidmətdə sürücü kimi fəaliyyət göstərirdim. Hərbi xidməti başa vurduqdan sonra da, sənətimi davam etdirməyi qarşıma məqsəd qoydum. Bir müddət özəl avtobuslarda çalışdım. Sonra "BakuBus”da işləmək üçün müraciət etdim. "BakuBus”da nizam-intizam güclüdür. Xüsusilə də, kart sisteminin olması həm sərnişinlər, həm də sürücülər üçün rahatdır. Avtobusun ancaq dayanacaqdan-dayanacağa saxlanılması, sürücülər tərəfindən qayda-qanunlara riayət olunması "BakuBus”ı digər təşkilatlardan fərqləndirir”.

Müsahibimiz deyir ki, "BakuBus” fəaliyyətə başlayanda sərnişinlərə yeni üsulları izah etmək çox çətin olub: "Bizim sərnişinlərin əksəriyyəti dayanacağa qədər səbir edə bilmirdilər. Biz sürücülər sərnişinlərə qarşı nəzakətlə davranmağa çalışırıq. Onlara yeni qaydaları izah edirik. Biz də insanıq, sürücü kimi bu hallara əsəbiləşirdik, amma səbirli olmağa məcbur idik. Hələ də belə hallarla rastlaşırıq. İşıqforda, dayanacaq olmayan yerlərdə saxlamağımızı tələb edən sərnişinlər yenə də var”.
Nə qədər ağır peşə olsa da...
Həmsöhbətimiz deyir ki, avtobus sürücülüyü nə qədər ağır peşə olsa da, həmişə işindən zövq alıb. Onun sözlərinə görə, bu peşədə onu cəzb edən müxtəlif tipli insanları tanımaq və onlarla ünsiyyətdə olmaqdır: "Əksər oğlan uşaqlarında olduğu kimi, məndə də uşaqlıqdan sürücülüyə və maşınlara maraq olub. Həmişə deyərdim ki, böyüyəndə sürücü olacağam. Elə də oldu. Bu sənətin sirlərini öyrəndim və orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getdim. Orada da sürücü kimi fəaliyyət göstərirdim. Ümumiyyətlə, nə iş olursa olsun, insan onu sevərək edirsə, heç vaxt yorulmur. İşimdən zövq almasaydım, maşınların və naşı sürücülərin bu qədər çox olduğu vaxtda bu işi görə bilməzdim. Sükan arxasında çalışıb pul qazanmağı o qədər sevirəm ki, özümü bu peşədən başqa heç bir sənətdə görə bilmirəm”.
"Yollar məni yormur”
Həmsöhbətimiz deyir ki, dəfələrlə eyni yolu gedib gəlsə də, bu hal onu yormur: "Mənim üçün işim çox maraqlıdır. İşimi sevirəm. Yollar məni yormur. Hər gün eyni saatda işlədiyim üçün demək olar ki, kim hansı dayanacaqda gözləyir, hamısını bilirəm. Hər gün eyni yolu gedən sərnişinlər də bir-biriləri ilə ünsiyyət qururlar. Həm də digər avtobus sürücülərindən fərqli olaraq, "BakuBus”da bir sürücü həmişə eyni xətlə hərəkət etmir. Hansı xəttə təyin olunursa, o xətdə avtobusu idarə edir. Yəni işə gələn sürücü daimi olaraq, bir nömrə altında hərəkət edən avtobus sürmür, lazım gəlirsə, digər xətlərə də çıxır”.
Tıxacın təqsirini avtobus sürücülərində görənlər var...
Sərnişinlərin sürücüyə olan münasibətlərinə gəldikdə, müsahibimiz deyir ki, sürücü səbirli olmasa, işləyə bilməz: "Əsas narazılıq sürücünün dayanacaqdan kənarda saxlamamağı səbəbindən yaranır. Dayanacaqdan kənarda saxlamayanda, bəzi sərnişinlər narazılıq edir. Bəzən sürücü ilə elə rəftar edirlər ki, elə bil hər şey sürücünün təqsiri ucbatından yaşanır. Tıxac varsa, günah sürücüdədir, yolda qəza olub, yol bağlıdırsa, yenə də günahkar sürücüdədir. Buna görə də, hər sərnişinlə dil tapmağı bacarmalı və səbirli olmalısan. Səbirsiz olsan, çalışa bilməzsən. Bunu da qeyd etmək istəyirəm ki, biz dayanacaqdan kənarda saxlamadığımız üçün kimsə etiraz edəndə, bəzən sərnişinlər həmin insanın cavabını verirlər. Sürücü birinci növbədə səbirli, diqqətcil və nəzakətli olmalıdır. Həm avtobusu, həm salonda olan sərnişinləri idarə etməlidir. Salonda sakitlik və sabitliyə də nəzarət etməlidir”.
"Ana uşağını avtobusda unudub”
İş başında qarşılaşdığı maraqlı hadisəyə gəldikdə isə müsahibimiz deyir ki, bir dəfə valideyn öz övladını avtobusda unudub: "Bir dəfə ana uşağını avtobusda unudub getmişdi. Sonuncu dayanacaqda dayananda mütləq avtobusu yoxlayırıq. Avtobusu yoxladıqda gördüm ki, balaca uşaq yatıb. Sonra anası da qaça-qaça dayanacağa gəlmişdi. Evə gedəndən sonra yadına düşüb ki, uşaq avtobusda qalıb”.
"Qadın sərnişinlər daha həssas olur”
Yaxşı sürücünün xüsusiyyətlərindən danışan gənc sürücü deyir ki, yaxşı sürücünün ilk vəzifəsi səbirli olmaqdır: "Sürücü işləməyin çətinliyi çoxdur. Gərək sərnişinlərlə işləyə, dil tapa biləsən. Hər cür sərnişinlə rastlaşırıq. Sürücü olmaq o demək deyil ki, maşını idarə etdimsə, mənə zaval yoxdur. Maşını idarə etməklə yanaşı, salonu da idarə etməlisən. Bir dəfə psixi problemləri olan bir qadın sərnişin əlində qazan avtobusa mindi. Qarşısındakı qadına ilişdi ki, mənə niyə baxırsan? Qadın cavab verdi ki, mən sizə baxmıram. Sualı ikinci dəfə verəndə qazanı qadının başına çırpdı. Gəlib bunları ayırdım. Məni söyməyə başladı. Sakitcə avtobusdan uzaqlaşdırdıq. Xüsusilə, qadın sərnişinlər daha həssas olur. Bəziləri tıxacın nə olduğunu anlamaq istəmirlər. Bir dəfə bir xanıma deyirəm ki, yol bağlıdır, nə edə bilərəm? Deyir, sən bilə-bilə edirsən, bir dənə mikrofonun var, bilmirsən, nə edəsən”.

Gülməli hadisələrə gəldikdə isə həmsöhbətimiz deyir ki, avtobus kart sisteminə keçəndə ilk günlər gülməli hadisələr çox olub: "Kartla bağlı ilk günlər çox hadisələr olurdu. Kartı bizə göstərib keçirdilər. İzah edirdik ki, bizə göstərməyin, aparata yaxınlaşdırın. Bəzən də kimsə kiməsə keçməsi üçün kartını verəndə həmin adam kartı götürüb özü ilə aparır, sahibinə qaytarmırdı. Biz izah edirdik ki, əgər keçidinizsə, kartı qaytarmaq lazımdır. Təbii ki, gündəlik iş şəraitində sürücülərin də müəyyən nöqsanları ola bilər. Ancaq "BakuBus”da bizimlə aparılan maarifləndirmə işləri və cəlb olunduğumuz kurslar peşəkarlığımızı daha da artırır. Bizim qarşımıza qoyulan əsas tələb sərnişinlər üçün təhlükəsiz və rahat xidməti təmin etməkdir. Bunun üçün əlimizdən gələni edir, daim öz üzərimizdə işləyirik. Bundan sonra da hər zaman keyfiyyətli xidmətimizlə fərqlənməyə çalışacağıq”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər