AZE | RUS | ENG |

Yollara həsrət qalan qatarım

Yollara həsrət qalan qatarım
 "...Beşikdə açdığı gözü qəbirdə bağlayan Günəş, kaş ki, bir torpağın, bir yurdun qismətinə düşən bu qədər nisgili, ağrını, yurd həsrətini yandırıb yox edə biləydin!...”   ...Həyatda olubmu heç haqqında yalnız anons verilən, təkcə üz qabığını gördüyünüz bir kitab ruhunuzda, hisslərinizdə təbəddüllat yaratsın?! "Gözünə gün düşür” kitabı mənə bunları yaşadıb... Azərbaycan Yazıçılar Birliyinin "Natavan” klubunda "Gözünə gün düşür” hekayələr kitabının təqdimatı günündə qəribə aura, maraqlı nüanslar var idi. Həyəcanla, sevinclə dolu idi.
 
...Otuz üç ildən sonra illərin o tayında qoyub gəldiyim gənc, hündürboylu, qıvraq, itibaxışlı, gəncliyinə rəğmən ciddi, adətən az danışan tələbə yoldaşım - hazırda isə çağdaş ədəbiyyatımızın öncül yazarlarından olan, tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli daha cüssəli, enlikürək, dən düşmüş saçlarla, yarıciddi, yarıtəbəssümlü, parlaq və ümid dolu baxışlarla, müdrikliyə işarə edən geniş alnı və nurlu siması ilə qarşımda dayanmışdı...
...Otuz üç il! Bir igidin ömrü... Otuz üç il ona görə deyirəm ki, Elçin üçüncü kursu bitirəndən sonra Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə getdi və bizim üzümüzü orda da ağartdı, təhsilini əla qiymətlərlə başa vurdu...
 
On romanın, iyirmi dörd pyesin, yüzdən artıq hekayənin, bir o qədər də publisistik yazıların müəllifi. Əsərləri dünyanın aparıcı dillərinə tərcümə olunub nəşr edilib. Dram əsərləri müxtəlif ölkələrdə səhnəyə qoyulub... Ötən illərdə qazanılan uğurlar, nailiyyətlər...
Və nəhayət, uzun ayrılıqdan sonra görüş və ovqatımı ağlagəlməz dərəcədə dəyişən, ürəyimi titrədən, təsirindən çıxa bilmədiyim yeni bir əsər - Elçin Hüseynbəylinin "Gözünə gün düşür” hekayələr kitabı...
 
Qarabağ, Yurd həsrəti, Torpaq yanğısı... Görəsən, dünyanın başqa millətləri də bu həsrəti, yanğını bizim kimi çəkir?! Görəsən, bu acıların, iztirabların da milliyyəti, irqi, dini var?! Bilmirəm...
Açın bu kitabı, vərəqləyin, oxuyun. Görün harda var əcələ can verməyib ölümlə mücadilə edərək torpağına, yurd yerinə sürünən, ölümü ilə də dünyaya "Müharibələrə, münaqişələr son!” mesajını verən, həsrətin çəkdiyi ellərə, sönmüş ocağına qovuşmaq üçün doğulduğu, ata-babasının uyuduğu torpaqda öz əli ilə özünə qəbir qazan yurd təşnəsi!
 
Əsər boyu qulaqlarımızdan getməyən bir haray var – sahibsiz, xaraba qalmış, talanmış, boş yurdlara layla, ağı deyən dərdli ana harayı. On illərdi Qarabağın bir rəngi var – kol-kos basmış çöllərin, yol-izlərin, qurumuş meşələrin, çayların boz rəngi. O yerlərin bir havası var - göydən asılıb qalmış qara buludlar, dumanlı-tüstülü, sönmüş ocaqların kül ətrini verən nəmli hava, gecə kimi qara və soyuq hava...
Qulaqbatıran sükut, nəfəskəsən kimsəsizlik, günəşin üzünü örtən qara buludlar, xarabalığa çevrilmiş məzarlarda yalquzaq kimi ulayan küləklər... Yağı tapdağında qalan Qarabağın nisgilli portreti...
 
"Gözünə gün düşür” kitabının hər sətrindən düşüb, süzülüb ağır-ağır, lal sükutla ruhumuza, şüurumuza, əzalarımıza hopan duyğular...
Müəllif uğuru o zaman qazanır ki, oxucusu onun qələmindən çıxanı hər dəfə oxuduqda yeni təsirə, cazibəyə düşür, təzə məna əldə edir. Yorulmur, əsəri su kimi içir, ağrını, əzabı, xoşbəxtliyi, sevinci ruhuna çəkir. Çünki bu onundur – onun qədərinə düşən paydır, qismətdir. Elçin Hüseynbəylinin yazdıqları kimi... Oxucunun bu cür cəzb etmək, ələ almaq yazarın mənəviyyatının gücü, vətənə bağlılığın yüksək həddi, həsrət yanğısının pik nöqtəsidir. Bal şanıdan süzülən kimi, bu əsər, hadisələr də onun göynəyən qəlbindən süzülüb gəlib. Ürək yanmasa gözdən yaş çıxmaz. Ancaq Qarabağı xırda daşından tutmuş, səmasına qədər vurğunluqla sevən qəlb, qələm bu cür hisslər aşılaya bilər.
 
Bu kitabla həmdərd olan hər bir kəs anlayır ki, Arazın o tayından xaraba qalmış kəndinin, evinin qarşısındakı armud ağacının həsrətini çəkə-çəkə Arazın sularında boğulan Qoca da, iki-üç tüfənglə, əliyalın yurdunun keşiyini çəkən Fazillər də, qaçaqaçda anasız çayda boğulan Umud da, əsir düşmüş oğlunu azad etmək üçün çıxılmaz vəziyyətdə qalan Professor da, bir kəndi parıldayan, ancaq açılmayan - atmayan – bir tapançanın ümidinə saxlayan Ağsaqqal da, müharibənin nə olduğunu anlamayan, səngərdə bir atəşin qurbanı olan 15-16 yaşlı Sənan da, getməyə yeri-yurdu olmayan küləkli çöllərdə kimsəsiz, təslim və ümidsiz halda oturmuş yorğun Qoca da, mövqeyə bir günlük gələn, nə güllə atan, nə güllə səsi eşidən, düşmən tələsinə düşən Yeniyetmə də, murdar ermənilərin boğaz (yelinli) ağ inəyi kəsəndə əlacsız, çarəsiz vəziyyətə düşən, siçan dərmanı qatdığı çaxırı içirib düşməndən son qisasını alan Qoca da, "Qaraca”nı - qara quzunu Qarabağa qurban deyən, ancaq arzusuna çatmayan, qaçqın düşəndən qibləsini itirən-qibləsiz ölən Şahnisə nənənin Nəvəsi də, yurdsuzluğa dözə bilməyib gecənin birində gizlin qatarla talan olunmuş el-obasına doğma ocağına qayıdan "Yaşasın , Araz!” , "Hamı Vətənə!”, "Hamı Yurda!” – deyən Məhəmməd də, Yusif də elə müəllifin özüdür.
Elçin Hüseynbəyli başdan-ayağa böyük Qarabağdır. Yeriyən, göynəyən, buxovlanan, azadlığı tilsimə düşən Qarabağın özüdür. Onu məktəb-məktəb, el-el, ölkə-ölkə daşıyır. Qara buludların arxasından sıyrılıb çıxan və Qarabağı şəfəqə bürüyən Günəşin qızmar istisini duyur, oxucularını da açılacaq al səhərə inandırır! O yerlərdə parlaq Günəş buxovları əridəcək!   Nuridə Ələkbərova 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775