• cümə, 19 Aprel, 04:05
  • Baku Bakı 18°C

Yollar yağışa dözmədi Araşdırma

25.09.13 09:03 4128
Yollar yağışa dözmədi Araşdırma
Sentyabrın 23-dən 24-ə keçən gecə Bakıya bir neçə saatlıq leysan yağış yağdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, əsasən 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil edib ki, bu da aylıq normanın 174-192 faizidir. Çoxillik meteoroloji məlumatlara əsasən, Bakı şəhərində sentyabr ayı üçün yağıntının sutkalıq rekord göstəricisi 1980-ci ildə qeydə alınıb və 12 saat ərzində düşən yağışın miqdarı 46 mm olub.
Bakı sakinləri bu yağışda romantika axtarıb bunu facebook statuslarına daşısalar da, səhər durub dərsə, işə, bazara gedəndə yollardakı vəziyyət romantikanı param-parça elədi. Bir sözlə, yağış həmişəki kimi bu dəfə də piyadaların və sürücülərin işini çətinə saldı.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, leysan nəticəsində Ziya Bünyadov prospekti, metronun “Koroğlu” stansiyasından şəhər istiqamətinə, Babək prospekti şəhər və əks istiqamətdə, Afiyyəddin Cəlilov küçəsi, Təbriz küçəsindən Nərimanov metro stansiyası istiqamətində və əks istiqamət tıxac müşahidə olunub.
Səhər açılandan sonra da sürücülərə paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şossesindən (şəhər istiqaməti) mümkün qədər az istifadə etmələri tövsiyə olunub.
“Facebook” və digər sosial şəbəkələrdə Bakı sakinlərinin çəkib yaydığı fotolar göstərdi ki, yollarımız bu payız da yağışa hazırlıqlı deyil. Hətta gecədən yağan yağış səbəbindən paytaxtın küçələri günorta belə tıxacdan qurtulmamışdı...
Bu faktorlar nəzərə alınsa...
Nəqliyyat və yol təhlükəsizliyi, yolların infrastrukturunun qurulması ilə bağlı Amerikada internatura təhsili alan Ilqar Hüseynov bildirdi ki, yağışdan sonra yaranan vəziyyət yol infrastrukturunun yaxşı vəziyyətdə olmasından xəbər verir: “Yol tikintisi ilə məşğul olan şirkətlər yolların inşası zamanı sovet dönəmindən qalma kanalizasiya qapaqlarını dəyişdirib daha müasirini qoyur, ya da bu qapaqlar asfalt örtüyünün altında qoyurlar ki, şəhərin görkəmini itirir. Müasir kanalizasiya qapaqları isə Bakı şəhəri üçün standartlara cavab vermir. Nəticədə şəhərə yağan yağıntı və suyun miqdarını ötürmə imkanı kifayət qədər azalmış olur. Amma bu faktorlar yolların tikintisindən əvvəl nəzərə alınsa, yollarda problem yaşanmaz”.
Yol infrastrukturuna dırnaqarası baxılmamalıdır
İ.Hüseynov son illər Bakı şəhərinin kifayət qədər böyüyüdüyünü, çoxsaylı binaların tikildiyini xatırladaraq bildirdi ki, hazırkı kanalizasiya xətləri əhalisi artan Bakını təmin etmir: “15-20 il əvvəl də gur yağışdan sonra yollarda su qalırdı, ancaq, çox az müddətdən sonra çəkilib gedirdi. Indi isə yağış suyu saatlarla, günlərlə yollarda gediş-gəlişi iflic vəziyyətinə qoyur. Çünki əvvəllər kanalizasiya quyularının qapaqları elə qoyulurdu ki, suyu axıtmaq gücünə malik idi. Yeni qoyulan qapaqlar kifayət qədər suötürmə qabiliyyətinə malik deyil”.
Müsahibimizin fikrincə, kosmetik təmirlə yolları əhalinin istifadəsinə vermək işin bitməsi demək deyil.
Günah yağışdadır?
Qeyd edək ki, respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etmək, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaq “Azərsu” Açıq tipli Səhmdar Cəmiyyətinin (ASC) əsas funksiyalarından biridir. “Azərsu” ASC-nin nizamnaməsində belə yazılıb. Bu da o deməkdir ki, yollarda yağışdan sonra yaranan problemlərə məsul “Azərsu” ASC-dir.
“Azərsu”" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı küçələrində leysandan sonra yaranan problemlərin böyük əksəriyyəti infrastrukturun hazır olmaması ilə deyil, yağıntıların həcminin həddindən artıq çox olması ilə bağlıdır: “Azərsu"nun mütəxəssisləri yağışın fəsadlarını aradan qaldırmaq məqsədilə bütün gecəni işləyiblər. Hazırda işlər Ziya Bünyadov, Babək prospektlərində və şəhərin digər rayonlarında davam etdirilir. Həmçinin gecə yağan leysandan hələ də kanalizasiya sistemi olmayan şəhərətrafı qəsəbələrdə şəxsi evlərə də ziyan dəyib”.
“Akkord”: “Sel sularının kənarlaşdırması zamanı tunellərə heç bir ziyan dəyməyib”
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC də Bakıya yağan güclü yağıntı və bunun nəticəsində şirkətin inşa etdiyi tunel və yol qovşaqlarını su basması, bunun nəticəsində yaranan vəziyyətlə bağlı açıqlama yayıb. ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva “Qafqazinfo”ya açıqlamasında sentyabrın 23-də Bakı şəhərində yağan güclü yağış nəticəsində şəhər infrastrukturunda bəzi problemlərin yarandığını deyib: “Məlumata görə, 7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə “Gənclik” metrostansiyası istiqamətinə axıb. Elə bu səbəbdən də “Gənclik” metrostansiyası ətrafında yeni inşa edilən “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı”nda su yığını əmələ gəlib.
Tunelə yığıla biləcək yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan 1 saylı nasos stansiyasının gücü sellə yığılan su yığıntısını tam olaraq kənarlaşdıra bilmədiyi üçün operativ olaraq fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə salınıb və sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb. Sel sularının yığılması və kənarlaşdırması zamanı tunellərə heç bir ziyan dəyməyib, hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur”.
“Yağışın günahı yoxdur”
Müstəqil Memralar Assosiasiyasının rəhbəri Zemfira Budaqova qəzetimizə açıqlamasında yolun salınma qaydalarının olduğunu dedi: “Bakıda asfaltlama uzununa da, eninə də düzgün aparılmır. Yalnız Sovet dövründən qalma yollarda bu sistem saxlanılıb. Ikincisi, yol ayrıclarında kanalizasiya xətləri olmalıdır. Ancaq bizdə Sovet İttifaqı dağılandan sonra yağışa görə yollarda qurulan kanalizasiya xəttinə məişət axıntıları da buraxıldı. Nəticədə yollarda iydən beyin çatladığından həmin kanalizasiyaların qapaqlarını yerli-dibli bağladılar. Əslində isə məişət axıntıları və yağış üçün kanalizasiya xətləri ayrı-ayrı çəkilməlidir”.
Z.Budaqova hələ ötən əsrin ortalarında Bakıda intensv şəkildə yağışların yağdığını xatırlatdı: “Bəzən yağış bir neçə gün davam edirdi, amma dayanan kimi yollarda bir damcı da su qalmırdı. Çünki o zaman yollar çəkilərkən kanalizasiya sistemi qurulurdu. Indi isə Sovet dövründən qalanları da ləğv ediblər. Sonra da suyun yığılıb qalmasını yağışın normadan çox yağmasının üstünə yıxırlar”.
Tıxacların səbəbi
Bakı Şəhər Yol Polisi İdrəsinin (BŞYPİ) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yağışdan sonra paytaxtda saatlarla davam edən tıxacın səbəbləri barədə movqe.az-a danışıb. Bildirib ki, yağış yağarkən küçə və prospektlərdə tıxacların daha çox müşahidə olunması yollarda avtomobillərin ötürücülük qabiliyyətinin aşağı olması ilə əlaqədardır: “Bəllidir ki, yollarda avtomobillərin ötürücülük qabiliyyəti yolların şəraiti ilə sıx bağlıdır. Əgər yolları su basırsa, hərəkət çətinləşirsə, belə olan halda yollarda avtomobillərin ötürücülük qabiliyyəti aşağı düşür”.
Odur ki, V. Əsədov yollarda tıxacın yaranmaması üçün məsələyə kompleks yanaşma olmasının vacibliyini vurğuladı.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər