• cümə, 19 Aprel, 15:39
  • Baku Bakı 25°C

Yol üstündə tikinti - Fotofakt

28.07.17 10:30 1289
Yol üstündə tikinti - Fotofakt
Bu günlərdə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivindəki 12-ci binanın sakinlərinin istifadə etdiyi yolun hasara alınması haqlı narazılığa səbəb olub. İşin qəribə tərəfi isə budur ki, hasara alınan ərazidə hansı şirkətin iş aparacağı, hansı obyektin tikiləcəyinə dair heç bir göstəriş qeyd edilməyib. Belə demək olarsa, yolun nə məqsədlə, kim tərəfindən, hansı sifariş əsasında hasara alındığı haqda sakinlərə heç bir məlumat verilmir. Biz də məsələnin ciddiyyətini və sakinlərin narazılığını nəzərə alaraq mövzunu araşdırmaq qərarına gəldik.

Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynovla əlaqə saxladıq. O, hələlik hasara alınan ərazidə tikinti işinə start verilmədiyini bildirdi: "Sözügedən ərazidə hələ ki, heç bir tikinti işi aparılmır. Tikintinin aparılması üçün sənədlər tam olaraq hazırdır. Lakin camaatın etirazı ilə əlaqədar bəzi suallar yaranıb deyə, iş aparılmır. Tikinti şirkəti bu ərazinin yaşıllıq ərazisinə düşmədiyini qeyd etsə də, sakinlər əksini deyir. Biz hələlik məsələ ilə bağlı layihələndirmə və şəhərsalma əsaslandırılmasına baxırıq. Amma layihədən belə görünür ki, tikinti yaşıllıq ərazisinə düşür. Məhz buna görə də hələlik orda iş aparılmır. Ölçü-biçi iş aparıldıqdan sonra yekun qərar veriləcək. Qeyd edim ki, tikinti İBİMM inşaat şirkəti tərəfindən həyata keçirilməlidir. Amma ümumilikdə Bakı şəhərində çoxmərtəbəli binaların tikintisinə BŞİH sərəncam verir. Ona görə də biz sadəcə olaraq bu tikintinin yaşıllıq ərazisinə düşüb düşmədiyin araşdırırıq. Onu da qeyd edim ki, şirkətin tikinti sərəncamı var və şəhərsalma əsaslandırılmasını işləyiblər. Sənədlər tam qaydasındadır”.

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənovbildirdi ki, bu, əslində çox ciddi bir məsələdir: "İstənilən ərazidə tikinti aparılan zaman orada bir sıra təhlükəsizlik, xüsusilə də əhalinin təhlükəsiz hərəkəti məsələsinə mütləq nəzər yetirilməlidir. Dəfələrlə şahidi olmuşuq ki, bəzi tikinti şirkətləri hansısa ərazidə tikinti işləri aparan zaman yolları kəsib tikinti meydançasını bir növ həmin yolların üzərində aparılır. Nəticə etibarilə bu da piyadaların hərəkətinə xeyli maneə törədir. Lakin istənilən halda piyadalar öz yoluna davam etməlidir. Tikinti şirkəti piyadanın təhlükəsizliyini təmin etməyə borcludurlar. Amma indi şirkət hasarlanmanı yolun üzərində aparır. Təəssüflər olsun ki, qeyd olunan məsələlər üzərində müvafiq qurumların nəzarəti zəifdir. Sakinlər belə məqamda müvafiq qaydada aidiyyəti qurumlara müraciət etməlidirlər. İlk növbədə şirkətlə əlaqə saxlamalıdırlar. Şirkətin adı qeyd olunmayıbsa, vətəndaşlar tikinti işlərinə cavabdeh olan hansısa quruma, yaxud yerli icra orqanlarına müraciət edə bilərlər. Əgər yerli icra orqanlarının da məsələdən xəbəri yoxdursa, bilavasitə digər icra qurumlarını bu prosesə cəlb etmək olar. Təhlükəni yaradan və səbəb olanların kimliyi bəlli olmalıdır. Müvafiq qurumlar bu məsələni çox tez bir zamanda yoluna qoya bilərlər”.

Mütəxəssis Cahangir Qocayev qeyd etdi ki, vəziyyətdən çıxış üçün sakinlər ilk növbədə bələdiyyə və yerli icra qurumuna müraciət etməlidirlər: "Çünki həmin tikintiyə ərazinin ayrılması haqqında yəqin ki, adını çəkdiyim qurumlar qərar qəbul ediblər. Sakinlər bələdiyyəyə müraciət edərək yolun bağlı olduğunu bildirməlidirlər. Bələdiyyə də sakinlərə həmin ərazidə nəyin tikiləcəyi, tikintinin hansı şəxs və ya şirkət tərəfindən həyata keçirildiyinə dair məlumat verməyə borcludur. Bələdiyyədə bu haqda məlumat yoxdursa, onlar bu haqda İcra Hakimiyyətinə sorğu göndərməlidir. Belə hallar ümumilikdə qanun pozuntusu hesab olunur. Tikintinin hansı layihə əsasında həyata keçirildiyinə dair məlumat verilməlidir. Əgər belə məlumat yoxdursa, bu, birbaşa qanun pozuntusudur. Amma bu kimi neqativ halların qarşısını almaq üçün bələdiyyə əvvəlcədən bu məsələni özü tənzimləməlidir və sakinlər bu haqda əvvəlcədən məlumatlandırmalıdır. Çünki bu, onların işdir. Təəssüf ki, bəzən kimlərinsə məsuliyyətsizliyinə görə belə neqativ hallara rast gəlinir”.

Sonda onu da qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, iş gününün sonunadək zənglərimizə cavab ala bilmədik.

Adıçəkilən şirkətin isə heç bir əlaqə vasitəsini tapa bilmədik.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər