Yol terroru

Yol terroru

Təfsilat
09 Aprel 2013, 17:02 1227
“Bəzi istisnalar olmaq şərtilə bu gün ölkəmizdə yol hərəkəti haqqında qanunlar mükəmməldir. Ancaq həmin qanunların tətbiqinə gələndə, eyni sözü demək mümkün deyil. Bizim ölkədə piyadalar da, sürücülər də, yol polisləri də, Nəqliyyat Nazirliyinin əməkdaşları da ancaq özləri üçün işləyib yaşayır, bir-birilərini düşünmürlər”.

Bu sözləri dünən “Ria-Novosti”nin ofisində keçirdiyi mətbuat konfransında “Sürücülərin Maariflənməsinə Yardım” ictimai təşkilatının rəhbəri Fazil Məmmədov bildirdi. O, daim sürücülər arasında təbliğat işləri apardıqlarını dedi.

Kimin kefi harda istəyir, orda saxlayır

F.Məmmədovun fikrincə, bu gün yolda gündəlik rastlaşdıqları problemlərlə bağlı həm sürücülər, həm sərnişinlər, həm də piyadalar çox aqressivdilər: “Bir tərəfdən maşınların saxlaması üçün yeni dayanacaqlar tikilir, yolllar düzəlir, amma yenə də dayanacaqlarda vəziyyət yaxşı deyil. Sürücülər yolboyu maşınlarını 2, bəzən 3 sırada saxlayırlar. Buna görə də həmin yolla getməli olan sürücülər məcbur qalıb qarşı yola çıxır, nəticədə qəzalar baş verir. Hansı sürücünün kefi harda istəyir, maşınını orada saxlayır. Təəssüflər olsun ki, sürücülər düşünürlər ki, min dəfə qanunu poza bilərlər, yalnız birində yol polisləri tərəfindən saxlanılacaqlar”.

Digər tərəfdən, sərnişin nəqliyyatı yaxşı işləmədiyindən insanlar məcbur olub şəxsi maşın alırlar: “Hətta elə ailələr var ki, 2-3 maşını var. Onlar işə də öz şəxsi maşınlarıyla gedirlər. Ən pisi də odur ki, işdə olduqları 8 saat müddətində maşınlarını şəhərin hansısa mərkəzi küçəsində saxlayırlar. Bu da təbii ki, tıxaclar, qəza vəziyyətləri yaradır. Təsəvvür edin, bəzən normalda 4 maşının yanbayan keçə biləcəyi yoldan 1 maşın güclə keçə bilir”.

Sürücü ilə piyadaya fərq qoyulur

F.Məmmədov sürücülər və piyadalar arasında fərq qoyulmasından da narazılığını bildirdi. Dedi ki, yol hərəkəti qaydalarını pozaraq, yaxınlıqda piyada keçidi ola-ola avtomobil yolundan istifadə edən sərnişinlər 20 manat, maşınını dayanacaqdan kənarda saxlayan sürücü isə 60 manat cərimə ödəyir və 4 ballıq cərimə ilə üz-üzə qalır. F.Məmmədov avtobusların dayanacaqlardan kənarda saxlayaraq qəza vəziyyəti yaratmasından da gileyləndi: “Yol polisləri, Nəqliyyat Nazirliyinin əməkdaşları işlərini elə görməlidirlər ki, biz özümüzü normal, təhlükəsiz yolda hiss edək”.

Sərxoş sürücülər üçün azadlıqdan məhrumetmə cəzalarının artırılmasına da münasibətini bildirən F.Məmmədovun fikrincə, cərimələrin və cəzaların artması problemdən çıxış yolu deyil: “Təsəvvür edin, sürücü normal sürətlə və qaydalara uyğun olaraq maşını idarə edir, ancaq piyadanın qaydaları pozaraq qəflətən yola çıxması nəticəsində ölüm hadisəsi baş verir. Bu halda necə olmalıdır? Niyə sürücü cəzalandırılmalıdır?”

İçməmişdən əvvəl sürücülər fikirləşməli olacaqlar

Qeyd edək ki, “Cinayət Məcəlləsi”nə edilən dəyişikliyə görə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər yol hərəkəti qaydalarını pozarsa, yaxud sərxoş ikən bu hallara yol verərsə, onda həmin pozuntuya görə sanksiyalar da gücləndirilir. Belə ki, bir şəxsin ölümü ilə nəticələnən qəzalar zamanı 8 ilədək, 2 və ya daha çox şəxsin ölümü halında 12 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Milli Məclisin ötən həftə keçirilən iclasında iştirak edən Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynov bildirib ki, 2012-ci ildə sərxoş sürücülər tərəfindən törədilmiş 96 hadisə nəticəsində 42 nəfər həlak olub, 105 nəfər yaralanıb: “2011-ci ildə isə 88 belə hadisə baş verib. Yol polisi əməkdaşları tərəfindən yollarda 17-18 mindən artıq sərxoş sürücü saxlanılır».

Parlamentin iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev sərxoşluğa görə daha ciddi cəza nəzərdə tutulmasını istəyib. Millət vəkili Zahid Oruc da yol qəzalarının azalması üçün cəzaların sərtləşdirilməsini vacib sayıb. Millət vəkili Sahib Alıyev isə deyib ki, dəyişikliklər şəffaflığın artmasına kömək edəcək: “Daha ciddi addımların atılması lazımdır. Bu gün bir həftə ərzində yol qəzaları zamanı həyatını itirənlərin statistikasına baxsaq, görərik ki, Dağlıq Qarabağ savaşı zamanı bir həftə ərzində həyatını itirənlərin sayı ilə eynidir. Bu, əslində yol terrorudur”.

Lalə