• cümə, 29 Mart, 01:27
  • Baku Bakı 7°C

Yol qəzaları ilə bağlı cəzalar sərtləşdirilə bilər

15.11.13 12:37 1228
Yol qəzaları ilə bağlı cəzalar sərtləşdirilə bilər
“Azərbaycanda nəqliyyat vasitələrinin sayı artıb, bu da bir sıra xoşagəlməz hallara səbəb olur”

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin Plenumunda çıxışı zamanı məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifov deyib.
Ş. Yusifov 2012-ci ildə baş vermiş yol qəzaları nəticəsində 996 şəxsin həlak olduğunu deyib: “Nəticədə məhkumların sayı da artıb. Yol qəzaları ilə bağlı cinayət işləri araşdırılarkən sürücünün narkotik vasitə istifadəçisi olub-olmaması əksər hallarda yoxlanılmayıb. Sərnişin daşınmada da müəyyən problemlər var. Sürücülərə yol vərəqələri verilmir, sürücülərin psixoloji vəziyyəti öyrənilmir. Araşdırmalar zamanı bu cür cinayət işlərində zəruri istintaq tədbirlərinin həyata keçirilmədiyi, sürücülük vəsiqələrinin, etibarnamələrin cinayət işinin materiallarına əlavə edilmədiyi müəyyən edilib. Əksər hallarda məhkəmələr bu cür cinayət işlərinin ictimai təhlükəsizlik dərəcələrini düzgün qiymətləndirməyiblər və yekunda yüngül cəzalar təyin ediblər. Buna görə hesab edirəm ki, Cinayət Məcəlləsinə dəyişiklik edilməli və cəzalar sərtləşdirilməlidir”.
Daha sonra Ş. Yusifov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılan yol qəzası ilə bağlı cinayət işində təqsirləndirilən şəxsə yüngül cəza verilib: “Əhməd Quliyevin sədrlik etdiyi, Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət tərkibdə iki nəfərin ölümü ilə nəticələnən yol qəzasına səbəb olmuş şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu da çox yüngül cəza hesab olunur”.
Plenuma sədrlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev isə həmin məsələ ilə bağlı hakim Eynulla Vəliyevi tribunaya dəvət edib və bu məsələ haqqında məlumat verməyi xahiş edib. Hakim Eynulla Vəliyev həmin cinayət işinə onun icraatında baxılmadığını bildirib və tərəflər barışdığı üçün yüngül cəza verildiyini deyib.
Ramiz Rzayev isə hakimə irad tutaraq bu cür halların vətəndaşları narazı saldığını deyib: “Necə yəni sizin icraatınızda olmayıb? Sizin tərkibdə o işə baxılıb və yüngül cəza təyin edilib. Bununla insanları narazı salırsınız. Belə etmək olmaz ”.
banner

Oxşar Xəbərlər