• cümə, 19 Aprel, 16:20
  • Baku Bakı 25°C

Yol qaydalarını pozanlar cərimələnir, dil qaydalarını pozanlar yox?

19.07.18 16:28 736
Yol qaydalarını pozanlar cərimələnir, dil qaydalarını pozanlar yox?
"Yol hərəkəti qaydalarını pozanlara cərimə tətbiq olunur və bu, normal qarşılanır. Amma nədənsə dil qaydalarını pozanların cərimələnməsi məsələsi birmənalı qarşılanmır”. Bu fikir "Dilimiz – qürurumuz” internet televiziya verilişində səslənib. AMEA Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva qeyd edib ki, monitorinqlərin nəticəsinə görə, son dövrlər TV dilində yaxşılığa doğru irəliləyiş olub. Amma məsələnin kökündən həll olunması üçün cəzaların tətbiqi də nəzərdən keçirilə bilər.

"Qlobal münasibətlər inkişaf etdikcə, biz də dilimizə dünya arenasından müxtəlif dillərdən söz alıb-verə bilərik. Bu, normal haldır. Amma həmin alınma sözlərə münasibət, onların yerli-yersiz istifadəsinə yol verilməməlidi. Əgər bu sözlərin Azərbaycan dilində qarşılığı varsa, bilərəkdən lazımsız yerə istifadə olunmamalıdır”.

"Jurnalist Ekspert” Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu qeyd edib ki, dil qaydalarının pozulmasında media nümayəndələrinin də rolu var. Operativlik uğrunda çalışmaq dilin korlanması səbəblərindən biridir: «Xəbəri tələsik yazırıq ki, hamıdan tez verək, oxucu birinci bizi oxusun. Düzdür, jurnalistikada bu, vacib məqamdır. Lakin peşəkarlıq o deməkdir ki, operativliklə yanaşı, dolğunluq və düzgünlük də eyni səviyyədə təqdim olunsun”.
Azərbaycan dilinin tarixi və inkişafı, müasir dövrdə dilin qorunmasına həsr olunan proqramın digər iştirakçısı, yazıçı-kulturoloq Aydınxan Əbilov deyib ki, - dildə islahatlara yer verilə bilər: "Mən kulturoloq kimi dilin bir qədər sərbəst buraxılmasının tərəfdarıyam. Dili sərbəst buraxanda, o, inkişaf edir. Əsas odur ki, zəngin dil olsun". Ekspert qeyd edib ki, müasir zəmanədə dillər internetdə, sosial şəbəkələrdə daha çox inkişaf etdirilir. Bu, artıq qarşısıalınmaz bir prosesə çevrilib.
Qonaqlar xaricdə təhsil almağa gedən gənclərin dərhal həmin ölkənin ləhcəsində danışmağa başladıqlarını, dilimizin qaydaların tez unutduqlarını da deyiblər. Verilişdə ortaq türk dilinin yaranmasına münasibətlərini açıqlayıblar.

Müzakirələrdə "SƏS” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin üzvü, filologiya üzrə fəlsəfə doktoru dosent Rasim Heydərov, Dövlət Reklam Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri də iştirak ediblər.

Dilimizin saflığının qorunmasına həsr olunmuş bu proqram İnkişafa Doğru İnteqrasiya İB tərəfindən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb. "Azərbaycan dilinin qorunması, inkişafı, dilimizdən düzgün istifadəyə dair internet verilişlərinin hazırlanması” layihəsi çərçivəsində altı internet proqramının hazırlanacağı və yayılacağı planlaşdırılır. Verilişlərdə dilimizin zənginliyi, dil qaydalarının pozulması, mediada Azərbaycan dilindən düzgün istifadə və digər mövzularda diskussiyalar aparılacaq.









banner

Oxşar Xəbərlər