Yol polisi ilə sürücülər arasında videoqeydiyyat müzakirəsi
Bu
günlərdə Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol
polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu
çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib. Belə ki,
idarədən bildirilib ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən
saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər
göstərərək tabesizlik nümayiş etdirirlər: "Onlar bu cür vəziyyətləri
avtomobildə quraşdırılmış videoqeydiyyat cihazı vasistəsilə qeydə alaraq,
sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə
həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan
yola davam etməsini "qəhrəmanlıq” kimi qələmə verməyə çalışırlar. Lakin
unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sağ-salamat evlərinə
qayıtması üçün xidmət aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir
sürücü yol-patrul xidməti əməkdaşının "saxla” işarəsinə tabe olmalı, müvafiq
qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə
avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət
nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən,
müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq
tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə
tutulur. Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət
nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu
ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə
qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və
ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu
tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs
tətbiq olunur. Xahiş edir ki təhlükəsizliyiniz naminə qaydalara riayət
edəsiniz".
DYP
xatırladır ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə
nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə
hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni
tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci
polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında
toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin
qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən 15 gün
müddətinə inzibati qaydada həbs edilib.
Belə
videoların çəkilişi hüquqi cəhətdən nə dərəcədə doğrudur? Doğrudursa, yol
polisinin belə çəkilişlərə qadağa tətbiq etməsi düzgündürmü?
Avtosfer.az saytının
baş redaktoru, nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi
ki, videolardan şantaj məqsədilə istifadə etmək olmaz: "Əvvəllər sürücülərin öz
hüquqlarını müdafiə etmək üçün sübutları olmurdu. Məsələ, çəkişmə predmetinə
çevrildikdə videogörüntülər fakt sayılır. Bəzən yol patrul xidməti əməkdaşları
çəkiliş apara bilmirlər. Məsələn, motosikletlərlə xidmət aparan əməkdaşlarda
kamera olmur. Qanuna görə, yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılarkən,
sürücü avtomobilin qarşısında dayanmalıdır ki, patrul maşınındakı kamera onu
tam şəkildə çəkə bilsin. Bəzən əməkdaş maşını qabaqda saxlayır və sürücü ora
gedir. Bu baxımdan, sürücünün prosesi çəkməsini heç kim qadağa edə bilməz. Amma
burada söhbət həmin videonun hansı məqsədlə çəkilməsindən gedir. Yayılan xəbərdarlıqda
bu məsələ xüsusi vurğulanır ki, çəkiliş aparmaq qadağan deyil. Sadəcə olaraq,
bəzi sürücülər həmin videolardan yol polisinə təzyiq və şantaj vasitəsi kimi
istifadə edirlər. Qaydanı pozmasına baxmayaraq, polisi videoları paylaşmaqla
hədələyirlər. Bəzən inspektorlar hazırlıqsız olduğuna görə, vahiməyə düşərək
sürücünün getməsinə icazə verir. Əslində, o sürücüyə cərimə yazılmalıdır. Yaxud
da, polis əməkdaşı fikirləşir ki, olay uzun çək-çevir prosesindən keçəcək. Həmin
sürücü isə videonu sosial şəbəkələrdə paylaşaraq polisi necə əldə salmağı və
qorxutmağı ilə fəxr edir. Belə videolar mənim də qarşıma dəfələrlə çıxıb və
iradımı bildirmişəm. Qeyd edilən açıqlamanın mahiyyəti ondan ibarətdir ki,
burada söhbət polisə tabesizlikdən gedir. Sürücü qanunun tələbini yerinə
yetirmir. «Yol hərəkəti haqqında qanun»un 37-ci maddəsinə qeyd olunur ki, hər
bir sürücünün üzərində tələb olunan sənədlər olmalıdır. Qanun tələb edir ki,
yol-patrul xidməti əməkdaşı maşını saxlatdıran zaman qayda pozuntusunu izah
edərək sənədlərini tələb etsin. Sürücü də həmin sənədləri təqdim etməyə
borcludur. Amma bəzi sürücülər cərimə yazılmamasından ötrü müxtəlif yollara əl
atır və videolar çəkərək sosial mediada paylaşırlar. Bəzən hətta sürücü polisə
deyir ki, mən sizə sənədlərimi təqdim etməli deyiləm, sizin buna ixtiyarınız
yoxdur. Əgər sürücü yol polisinə tabesizlik göstərir və sənəd təqdim etmirsə,
dərhal raport yazılmalı və yaxınlıqdakı polis məntəqəsinə aparılmalıdır.
Sənədləşdirmə və protokol tərtibindən sonra İnzibati Xətalar Məcəlləsinin
535-ci maddəsinə əsasən 200 manat cərimə yaxud bir aya qədər inzibati həbs
nəzərdə tutulur”.
Hüquqşünas,
nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovbildirdi ki, burada qanuna zidd məqam yoxdur:
"Yayılan bəyanat bəzi media qurumlarında və sosial şəbəkələrdə bir qədər kontekstdən
çıxarılaraq şərh edildi. Dövlət yol polisi əməkdaşının xidmət vaxtı videosunun
çəkilməsində heç bir problem yoxdur. Burada qanuna zidd heç bir məqam yoxdur. Onlar
özləri qeyd ediblər ki, bu videolar xidmətdə şəffaflığın və ictimai nəzarətin
təmin olunma vasitələrindən biridir. Sürücülər bu görüntüləri qeydə ala
bilərlər. Amma bu yalnız xidmət vaxtı ola bilər. Belə videoların çəkilişi
zamanı yol polisi əməkdaşları peşəkar şəkildə davranmalıdırlar. Qanundan kənar
davranışa yol verilməməlidir. Əgər hər şey qanun çərçivəsindədirsə, belə
videolardan şantaj məqsədi ilə istifadə etmək mümkün deyil. Sürücülər də
qanunun bütün tələblərinə riayət etməlidirlər”.
Şəbnəm Mehdizadə