Yol kənarına tullantı atanlarla bağlı polisə müraciət olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, Z.Bünyadov
küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun kənarında tullantıların
qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən
yerində araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Binəqədi
rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol
tərəfində Eldar Babayev küçəsi 13 saylı evin yaxınlığında qarışıq istehsalat
tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum
olub.
Ərazinin tullantılardan təmizlənməsi üçün Binəqədi Rayon Mənzil
Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədova icrası məcburi olan
müddətli "məcburi göstəriş” verilib. Ərazinin əvvəlki vəziyyətə gətirilməsi
məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə, qeyri-qanuni tullantı atan
şəxsləri müəyyən etmək üçün isə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.