• çərşənbə axşamı, 23 aprel, 17:41
  • Baku Bakı 24°C

Yol - iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir

01.11.19 19:50 2716
Yol - iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir
Ekspertlər deyir ki, Bakı kəndlərində və qəsəbədaxili yolların abadlaşdırılması ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək

Bu günlərdə Prezident İlham Əliyev paytaxtın Yasamal rayonunda, Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Prezident bildirib ki, Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir:
"Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır. Ona görə harada ki problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır”.
Görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədriSaleh Məmmədov bildirib: "Sizin göstərişinizlə elə də olacaq. Qəbulunuzda olarkən verdiyiniz tapşırığa əsasən, biz bəzi qəsəbələrdə yolların torpaq əsaslarının tikintisinə başlamışıq. Xəzər rayonunda Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə biz yolların hamısını bərpa edəcəyik. Bütün torpaq yolların hamısını mərhələlərlə asfaltlayacağıq”.

Mövzu ilə bağlı iqtisadçı millət vəkili Azər Badamov söylədi ki, yol infrastrukturunun yaxşılaşdırılması iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək: "Yol - iqtisadiyyat, inkişaf, mədəniyyət deməkdir. Bu gün Azərbaycanda yol infrastrukturunun yenidən qurulma prosesi daha da sürətləndirilir. Ucqar dağ kəndlərinə belə, asfalt yollar çəkilir. Qlobal rəqabətlilik əmsalı üzrə hesabatda Azərbaycan yol infrastrukturuna görə 27-ci yerdə qərarlaşıb. Təbii ki, bu istiqamətdə görülən işlər hələ də davam edir və etməlidir. Yol infrastrukturunun yaxşılaşdırılması iqtisadiyyatın ümumi dinamikasının gücünü artırır. Əgər ucqar dağ kəndlərində yollar asfaltlanırsa, Bakı şəhərinin qəsəbədaxili yolları da abadlaşdırılmalıdır. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət çəkib. Bakı kəndlərində və qəsəbələrdə yolların vəziyyəti bugünkü inkişafa uyğun deyil. Bu gün Bakı ətrafındakı ərazilərdə yeni sənaye parkları salınıb, istehsal müəssisələri yaradılır. Şübhəsiz ki, Bakı kəndlərində yolların abadlaşdırılması iqtisadiyyatın bu istiqamətinə də öz töhfəsini verəcək. Digər tərəfdən, qəsəbə və kənd sakinləri üçün hərəkət daha da asanlaşar. Dövlət başçısı sözügedən məsələ ilə bağlı aidiyyəti qurumlara öz tapşırıqlarını verib. Əhalinin daha rahat hərəkətinin təmin olunması üçün Bakıətrafı ərazilərdəki yollar tezliklə təmir ediləcək. Ümumilikdə götürdükdə, yol infrastrukturu ilə bağlı həyata keçirilən layihələr və görülən işlər bugünkü Azərbaycanın inkişafını daha da sürətləndirəcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, yol infrastrukturunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın təməl faktorlarından biri hesab olunur: "Əsas məqsəd əhalinin rifahının yüksəldilməsidir. Həmçinin məqsəd infrastrukturun müasir tələblərə uyğunlaşdırılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır. Qəsəbədaxili yolların təmir olunması insanların rahatlığı üçün çox mühümdür. Təəssüflər olsun ki, bu günə qədər yol infrastrukturuna edilən yatırımlar əlavə dəyərin yaradılmasına yönəldilməyib. Ümid edirəm ki, bundan sonra yanaşma dəyişəcək. İqtisadiyyata xərclənən investisiyanın əhəmiyyətli hissəsi yol infrastrukturunun inkişafına xərclənib. Artıq müəyyən inkişaf hiss olunur. Bundan sonra sözügedən istiqamətdə kompleks tədbirlər görüləcək. Regional idarəetmələr qarşısında belə tələblər qoyulub. Müasir idarəetmədə əsas prinsiplər investisiyanın cəlb edilməsi və sahibkarlıq mühitinin inkişaf etdirilməsidir. Yəqin ki, bu məqamlar növbəti dövrlərdə prioritet hədəflər arasında yer alacaq. Bu da öz növbəsində Bakı kəndləri və qəsəbədaxili yolların inkişafına yönələr layihələrin effektivliyinə müsbət təsir göstərəcək. Son 25 ildə urbanizasiya prosesi sürətlə gedib. Bakı şəhəri ətrafında məskunlaşma sürətlə artıb. Prosesin sürətlənməsi infrastrukturun inkişafı üçün əlavə çağırış formalaşdırır. Ona görə də qeyd olunan istiqamətdə təcili işlər görülməlidir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər