• çərşənbə axşamı, 16 aprel, 18:03
  • Baku Bakı 18°C

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni layihəyə start verildi

19.05.16 21:02 914
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni layihəyə start verildi





Azərbaycanda «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» adlı layihəyə start verilib. Layihə «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir. Bu barədə məlumat verən təşkilat sədri Elməddin Muradlı bildirib ki, layihənin məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində əsas problemlərin müəyyənləşdirilməsi, nəticələrin ictimai müzakirəsinin təşkili və təhlil edilməsi, eləcə də bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimai təşəbbüslərin gücləndirilməsidir: «Bütün dünyada olduğu kimi, Azərbaycanda da «təkərlər üzərində ölüm» halları aktual problemlərdən biri olaraq qalır. Yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi sahəsində zəif potensial, bəzi yolların pis vəziyyətdə olması, sürücülərin sərbəst davranışı, nəqliyyatın qeyri-qənaətbəxş texniki vəziyyəti və yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinin pərakəndə şəkildə tətbiq edilməsi, üstəlik, nəqliyyat vasitəsinin sayının həndəsi silsilə ilə artması yol qəzaları nəticəsində yetirilən xəsarətlərin və bədbəxt hadisələrin sayının sürətlə artmasının əsasını təşkil edir. Son illərin statistikası göstərir ki, bu gün yol qəzalarında ölənlərin və xəsarət alanların sayı çoxdur».
E.Muradlı bildirib ki, qanunların sərtləşdirilməsi və cəzaların daha da artmasına baxmayaraq, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında problemlər mövcuddur: «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi hesab edir ki, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində zərərin azaldılması və təhlükəsizliyin təmin edilməsinin təşkilində yeni metodların və təşəbbüslərin axtarılıb tapılmasına ehtiyac var. «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi mövcud problemləri yaradan əsas səbəblərin öyrənilməsini və nəticələrin müzakirəsini, təhlil edilməsini aktual hesab edir. Bu məqsədlə «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» layihənin icrasını həyata keçirmək vacibdir.
Layihə çərçivəsində sürücüləri avtomobillərdə olan odsöndürən balonlardan, dərman qutusundakı dərman və digər vasitələrdən istifadə qaydaları ilə tanış etmək, məlumatlandırmaq və bu məlumatların Şuranın dəstəyi ilə 2014-cü ildə yaradılmış Avtosfer.az saytında yayılmasını təmin etmək də nəzərdə tutulur. Bundan əlavə, məlum olduğu kimi, 2016-cı ilin iyununda Bakıda «Formula-1» yarışı keçiridəcək. Təşkilat olaraq bu yarışın keçirilməsinə və yüksək səviyyədə baş tutmasına ictimai dəstək göstərməyi nəzərdə tuturuq.
İlk növbədə yarış barədə məlumatların mütəmadi yayılmasını təmin edib bu yarışla bağlı təbliğat işini gücləndirmək nəzərdə tutulur. Yarış müddətində Bakıda yollarda hərəkət istiqaməti dəyişdiriləcək və bu da digər sürücülər üçün problem yarada bilər. Odur ki, yarış müddətində istiqaməti dəyişdirilən yollar barədə mütəmadi olaraq məlumatların verilməsi, bu məlumatlarda bağlı yolların xəritələrinin sürücülərə çatdırılması vacibdir».
Məqsədə çatmaq üçün qarşıya qoyulan vəzifələr yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında tədqiqat yolu ilə mövcud vəziyyətin və problemlərin öyrənilməsi, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi və təbliği, küçə və yollarda əhalinin yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməsi məqsədilə ictimai-profilaktiki və təsirli tərbiyəvi təbliğat metodlarının müəyyənləşdirilməsi və yol mədəniyyətinin təbliğidir. Layihə 4 ay müddətində Bakı, Şamaxı, Qəbələ, Naftalan və Göygöl şəhərlərində icra olunacaq.
banner

Oxşar Xəbərlər