• cümə axşamı, 18 aprel, 20:24
  • Baku Bakı 21°C

“Yol hərəkəti haqqında” qanunda nə dəyişdi?

04.02.15 08:10 1322
“Yol hərəkəti haqqında” qanunda nə dəyişdi?
Parlamentin yaz sessiyasının ilk günündə “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edildi. Qanunun 84-cü maddəsinin 3-cü bəndinə edilən dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılır. Yeni dəyişikliyə görə, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.
Daha bir dəyişikliyə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda həmin sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilməyəcək.
Milli Məclis tərəfindən həmçinin qanunun 85-1-ci (Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası) maddəsinin adı və mətninin ümumiyyətlə ləğv edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən sonra 85-1-ci maddə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” adlanacaq. Yeni redaksiyada veriləcək maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan xətalar haqqında işlər üzrə icraat İXM ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Qanuna edilmiş bu və digər dəyişikliklərlə bağlı yaranmış sualları yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavablandırıb. Qanun qəbul olunmamışdan əvvəl əlavə və dəyişikliklər haqqında layihəni diqqətlə təhlil etdiyini deyən ekspertin sözlərinə görə, bu düzəliş sırf texniki xarakter daşıyır. “Bu düzəliş 2 may 2014-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş müddəaların “Yol hərəkəti haqqında” qanuna gətirilməsindən ibarətdir. Həmin müddəalar yol hərəkəti qaydalarını pozan sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinin elektron formada sənədləşdirilməsini təsbit edir. May ayında edilmiş və artıq qüvvəyə minmiş həmin yeniliklər sürücülərin törətdiyi və xüsusi texniki vasitələrlə qeydə alınan qayda pozuntularının elektron protokolla rəsmiləşdirilməsini nəzərdə tutur, belə xətalara görə sürücüləri DYP orqanlarına çağırmağı qadağan edir. Bundan başqa, DYP əməkdaşlarının qaydanın pozulduğu yerdə sürücünü saxlayaraq sənədləşmə aparmasında da bəzi yeniliklər edilib. Həmin yeniliklərə görə, DYP əməkdaşı yerində protokol tərtib edərkən həmin protokolu da patrul avtomobilindəki bort-kompüter vasitəsilə tərtib etməli və dərhal bu barədə məlumatı DYP-nin Mərkəzi Məlumat Sisteminə yerləşdirməlidir. Sürücüyə isə protokolun sürəti verilməlidir. Bu halda da sürücünün DYP orqanına çağırılması qadağan edilir”.
Milli Məclisdə qanun edilən dəyişikliklərdən biri də “Yol hərəkəti haqqında” qanunun 85-1-ci maddəsinin əvvəlki redaksiyasının ləğv edilməsidir. Ə.Hüseynovun sözlərinə görə, həmin maddə bütövlükdə İnzibati Xətalar Məcəlləsinin müəyyən müddəalarını təkrarlayırdı: “Buna görə də çoxdan ləğv edilməli idi. Lakin həmin maddədə olan və avtobus sürücülərinin məsuliyyətə cəlb edilməsinin xüsusi qaydasını nəzərdə tutan bir müddəa ləğv edilməyib. Həmin müddəa qüvvədə saxlanılması üçün qanunun 85-ci maddəsinə əlavə edilib. Bu müddəada deyilir ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər. Əslində əyişiklik edilən 84-cü və 85-ci maddələr qanundan çıxarılmalıdır. Həmin maddələrdə sürücülərin qayda pozuntularına görə məsuliyyətə cəlb edilməsinin müəyyən prosedurlarından danışılır. Həmin prosedurlar isə bu qanunun tənzimləmə predmeti deyil. Həmin prosedurlar İnzibati Xətalar Məcəlləsində, qismən də “Polis haqqında” qanunda nəzərdə tutulub. Onların “Yol hərəkəti haqqında” qanunda təkrarlanması lüzumsuzdur və təcrübədə problemlər yaradır”.
Dəyişikliklərlə bağlı maraqlı məqama toxunan ekspert bildirir ki, sürücülərin törətdikləri qayda pozuntularının elektron formada rəsmiləşdirilməsi qaydaları ötən il mayın 27-dən qüvvəyə minib: “Lakin həmin dəyişikliklər indiyədək tətbiq edilmir. Bunun səbəbləri isə bəlli deyil”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər