• şənbə, 20 Aprel, 06:49
  • Baku Bakı 14°C

Yıldız Kenter: “Teatr insanı insanlara yaxınlaşdırır”

23.05.16 11:23 2040
Yıldız Kenter: “Teatr insanı insanlara yaxınlaşdırır”

Teatrın işığı ilə hər yeri işıqlandıran ulduzu Yıldız Kenter ömrünün 86-cı ilində Türkiyə mətbuatına müsahibə verib. Müsahibəsində deyib ki, "Teatr insanı insanlara yaxınlaşdırır. Bu sənət ən çox da insanları bir-birlərinə sevdirmək üçün gərəklidir. Oxuculara səslənərək bildirib ki, teatr tamaşaçısız teatr deyil: "Ey insanlar, Teatrlarınıza sahib çıxın!”.

- Yıldız xanım, sizcə insanların teatra nə üçün ehtiyacı var?

- Teatr insanın beynini açmaq, fikirlərini dağıtmaq üçün ən ideal vasitədir. İnsana dünyanı göstərmək, fərqli insanların dünyasına qonaq etmək, onların nə düşündüklərini, nə hiss etdiklərini, necə davrandıqlarını göstərməkdə teatrın rolu əvəzsizdir. Teatr insanları bir-birlərinə yaxınlaşdırır. Ən çox da insanları bir-birlərinə sevdirmək üçün çox gərəklidir. Bu baxımdan teatr möhtəşəm bir mədəniyyət ocağıdır. Öyrədici, bəsləyici və sevgini öyrədən bir məbəddir. Əgər öz adıma demək lazım olarsa, teatr mənim hər zaman insan kimi yaşamağımı təmin etdi. Elə bir ailədə böyümüşdüm ki, onsuz da başqa cür ola bilməzdim. Teatr məni tamamilə dəyişdi, içimi sevgi ilə doldurdu. Məni xoşbəxt bir insana çevirdi.
- Dikmen Gürünün qələmə aldığı "Teatr mənim həyatımdır” həyat hekayənizi oxudum. Ali Poyrazoğluna "Doğru işlərlə məşğulsan, amma yanlış bir ölkədə” demisiniz. Nə üçün yanlış bir ölkə?

- Əslində hər ölkə teatr üçün bir az yanlışdır. Çünki teatr sayəsində özünü təkrar görürsən, özünü tanımağa başlayırsan. Özünün nə möhtəşəm, nə də ki, əxlaqsız ola biləcəyini daha aydın görə bilirsən. Səhnədəki insanlar vasitəsilə özünü görmək başqa bir aləmdir.

- Dövlətin sənətə verdiyi dəstəkdən razısınızmı?

-Dövlətin teatra baxa biləcək halı qalıbmı? Bir möcüzə baş verər məscid yerinə bir az da teatr açsalar. Uşaqlar maraqlı tamaşalar hazırlayıb, beyinlərini, içlərini, ürəklərini orada boşaldaldılar. Teatr bir müalicədir. İnsanlar oraya özlərini müalicə etməyə gəlirlər.

-Bu günün gəncləri siz Kenter Teatrını yaratdığınız kimi mübarizə apararaq tamaşalar hazırlayırlar. Bilyard salonlarında, yeməkxanalarda tamaşalar oynayırlar. Onlara baxanda insan qürur duyur...

-Mən həmin gənclərin teatrı əllərində deyil, ürəklərində daşıdıqlarını görəndə daha da xoşbəxt oluram. Türkiyədə teatr aktyorluğu sənəti həddindən ziyadə inkişaf edib. Kifayət qədər istedadlı gənclərimiz var. Onlara geniş meydanlar verilməlidir. Ancaq təəssüflər olsun ki, onlara heç bir şərait yaradılmır. Gənclər, yeniyetmələr o qədər yenilikçi işlər görürlər ki... Amma təssüf hissi ilə qeyd edim ki, onların hazırladıqları tamaşaları nümayiş etdirməyə yerləri olmur. Bizim də İngiltərədəki mədəniyyət ocaqlarındakı kimi tamaşaçıları rahat-rahat oturda biləcəyimiz, içində kitabxanaları, mədəni məkanları olan gözəl binalarımız olsa hər şey çox gözəl olardı. Dövlətimiz özəl teatrları öz ixtiyarlarına buraxmasa, bu teatrları dəstəkləsə, onlara maddi və mənəvi dəstək olsa, tamaşaçıları az yaşından yetişdirməli olduğumuzu anlasa, bu gün qarşılaşdığımız problemlərin çox olmazdı.

- Ancaq bu da danılamz faktdır ki, sənətin, sənətçinin qiymətini dərk edən çox sayda insanlar var...

- Bəli. Biz hələ də sənətçilərin qədrini bilməyə öyrəşə bilmədik. Öz adıma bizim qiymətimizi bilmədilər deyə bilmərəm. Türkiyə, Müşfike (Kenter), mənə və bizim kimi sənətini peşəkarca yerinə yetirənlərə kifayət qədər qiymət verib.

-Kenter Teatrının kifayət qədər borcu var. Sponsor tapmaqda çətinlik çəkirsiniz. Ötən ay siz Kenter teatrını gələcəkdə düşünmək belə istəmədiyiniz bir gələcəyin gözlədiyini demişdiniz...

-Hesab edirəm ki, bu təkcə Kenter Teatrının problemi deyil. Teatrlara hər kəsdən əvvəl tamaşaçılar sahib çıxmalıdırlar. Gəlsinlər tamaşalarımızı izləsinlər. Teatrı sevməyən sevməyə, sevən də başqalarına bunu sevdiməyə çalışsa, bu sahədə çox irəliləyişlər olar. Teatra əvvəlcə tamaşaçı lazımdır. Mən də dəstəyi tamaşaçılardan gözləyirəm. Teatra tamaşaçılar sahib çıxmalıdırlar. Teatr tamaşaçı ilə birlikdə yaşayan kollektiv bir sənətdir. Bundan əlavə hər zaman demişəm və yenə də deyirəm teatral tamaşaçını uşaqlıqdan yetişdirmək lazımdır. Valideyinlər övladlarını teatra aparmalı, onları teatrda böyütməlidirlər. Bu da nəsildən-nəsilə ötürülməlidir.

- Teatr səhnəsində və eləcə də film sahəsində neçə-neçə tanınmış aktyorların müəllimisiniz. Onlara baxanda qürur duyursunuzmu?

– Həm də necə. "Canikolarım” dediyim tələbələrimdən çox şey öyrəndim. Onlar mənim dünyaya gətirmədiyim, doğmadığım övladlarımdır. Beynəlxalq teatr günündə mənə "Müəllimə! Sizi çox sevirik” yazılmış böyük bir plakat gətirdilər. Onu görəndə çox duyğulandım. Hər zaman sevdiyim işləri gördüm. Həyatda nə etdimsə, onun içinə sevgimi qatdım. İnandığım hər şey üçün mübarizə apardım. Hər zaman maddi-mənəvi çətinliklərlə üzləşdim. Ancaq çörək pulum hər zaman oldu. Sevgi ilə gördüyün işdən yediyin çörəyin dadı tamam başqa olur. İnsana "necə də ləzzətli çörəkdir” dedirdir.

-Əslində dörd tərəfimizi terror, ölüm əhatələyib. Bu qaranlıq tablo sizə nə hiss etdirir?

-Doğurdan da dünya çox pis vəziyyətdədir. Amma bütün bunlara baxmayaraq aydınlığa olan inancımızdan iki əlli yapışmışıq. Biz bu inancdan bərk yapışmalıyıq. Hər zaman içimizdə gözəl dünyanın ümidi ilə yaşamalıyıq. Atatürkün "dünyada barış” deyə bir şüarı vardır. Necə də doğru şüardır. Birlikdə gözəl yaşamaq varkən nə üçün düşmənçilik edək, insanları öldürək, döyüşək? Əslində paylaşmağı bilsək dünya hamımıza yetər. Uşaqlar ölür, analar fəryad edir. Ancaq o körpələrin həyatları hər şeydən önəmlidir. Bu dünyadakı ən önəmli şey uşaqlardır.

-Yıldız xanım, aktrisa olmağınıza ananızın qarşı çıxdığını eşitdik. Siz inad göstəridiyniz üçün atanız ananızdan gizlin sizin sənədlərinizi konservatoriyaya verib...

-Uşaqlıqdan bu sənətə böyük həvəsim olub. Aktrisalıq mənim uşaqlıq sevgim idi. Atam çox intellektual bir insan idi. Anam isə bir qədər savadsız idi. Bizim dövrümüzdə konservatoriyada oxuyanlar - qızlı-oğlanlı hamı bir məktəbdə qalırdı. Anam eşitmişdi ki, Konservatoriyada qalan qızlar çox əxlaqsızdırlar. Bacım da Konservatoriyada təhsil almaq istəyirdi. Anam da "Qızlara əxlaqsızdırlar dedirtməyəcəm” deyə özünə söz vermişdi.

- Çox ağır ifadədi...

- Çox ağırdır. Qorunmağa möhtac olduğunuz bir ölkədə yaşamaq. Xüsusilə də kişilərdən. Ən çox da sevməmiz lazım olan insanlar olacaq onlar, gələcəkdə uşaqlarımızın atası olacaqlar.

- Kaş ki, kişilər də qadınlar üçün gələcəkdə "Ən çox da sevməyimizin vacib olduğu insan” deyə bilsələr. Hər gün təcavüz, şiddət, kimi xəbərləri eşidirik.

-Kaş ki… Hesab edirəm ki, oğlan uşaqları vaxtından əvvəl böyüməlidirlər. İndi oğlan uşaqları bir qədər gec böyüyürlər və çox xamdırlar. Əslində isə onlar ruhlarını zənginləşdirərək böyüməlidirlər.

- Buradan gələcəyin teatr qurucularına hansı mesajı vermək istəyirsiniz?

-İşlərinə sevərək başlasınlar. Əgər bir insan işini sevgi ilə edirsə, onun uğursuz olmasına heç bir şans yoxdur. Təbiidir ki, bu gün işlərini sadəcə olaraq məcbur olduqları üçün görənlər də çoxdur. Buna iş gözü ilə baxırlar. Təəssüflər olsun ki, bu günün tanınmış sözü ilə sənətçi kəlməsi arasında dağlar qədər fərq var. Nə iş gördüklərini özləri belə anlamayan, ancaq bütün Türkiyənin tanıdığı kifayət qədər tanınmışlar var… Sən demə biabırçılıq edərək də tanınmaq olurmuş. Mütəmadi şəkildə dövrü mətbuatı izləyirəm. Bəzən heç bir sənəti olmayan insanlar haqqında "tanınmış”, "usta sənətçi” kimi qeyd edirlər. Düşünürəm ki, görəsən bu insan nə zamandan ustad oldu. Bizim ömrümüz isə fəhlə kimi işləməklə keçir.

-86 yaşınız var... İnsan yaşlaşdıqca sanki uşaqlaşır, elə sizin kimi...

- Ah canım... Əslində heç kim uşaqlığını itirməməlidir. İçimizdəki uşaq məsumiyyətini, saflığını qoruyan sanki başqa bir insan var. Uşaqlığını itirməmək özü bir gözəllikdir.

Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər