• şənbə, 20 Aprel, 15:04
  • Baku Bakı 23°C

Yığışdılar, danışdılar, dağılışdılar

26.08.19 15:51 5454
Yığışdılar, danışdılar, dağılışdılar
Dünyanın aparıcı dövlətlərinin rəhbərli qlobal problemlərin həlli üçün müxtəlif adlar altında görüşərək onların həlli üçün fikir mübadiləsi aparırlar. Fransanın kurort şəhəri Biarritzdə dünya güclərinin platforması olan "böyük yeddilik" ölkələrinin sammiti baş tutub. Bu sammitdə bir sıra maraqlı məqamlar diqqət mərkəzində olub. Belə ki, Rusiya bu sammitdən kənarda saxlansa da, onun masa ətrafına qaytarılması müzakirə predmeti olub. Eyni zamanda İranın xarici işlər naziri Cavad Zərifin sammitdə "peyda” olması ABŞ nümayəndə heyəti üçün gözlənilməz olub. Dünya liderləri sammitin məhsuldar keçdiyini vurğulayır. Bəs görəsən bu sammit dünyanın problemlərinin həlli istiqamətində hansısa töhfələr verə bilərmi?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, bütövlükdə son illər ərzində keçirilən sammitlərin ab-havası dəyişib: "Yəni, 15-20 il bundan əvvəl lider dövlətlərin rəhbərlərinin görüşlərində ən azından bütün iştirakçıların hamısında bir qayə var idi ki, bir konsensus əldə olunsun. Söhbət dünyanın qlobal siyasətinin gündəliyində duran məsələlərdən gedir. Fransada keçirilən G7 sammitinin də gedişatı onu göstərdi ki, liderlərin arasında nəinki birlik yoxdur, hətta onlar bir-birinin ziddinə hərəkət edirlər. Əlbəttə ki, burada ticari, geosiyasi maraqlar hər şeyi üstələyir. Məsəl üçün, Donald Tramp ABŞ-a düşmən dövlətlərlə bağlı barışmaz mövqe tutsa da, Rusiyanın bu sammitə qayıdışı və səkkizliyin bərpa olunması məsələsini aktuallaşdırdı. Yaponiya və İtaliya bu təşəbbüsü dəstəkləsələr də, digər ölkələr bunu qəbul etmədilər ki, hələlik Rusiyanın bu sammitdə yeri yoxdur. Söhbət İranın nüvə proqramından, ticari müharibələrin səngiməsindən gedirsə, bu mövzularda da heç kəs öz mövqeyini zəiflətmək istəmir. Əksinə, bütün dövlət rəhbərləri hücum mövqeyindədirlər”.

T.Abbasov vurğuladı ki, dünya liderləri ən azından iki dünya müharibələrinin tarixini yaddan çıxarmamalıdırlar: "Həmin o müharibələrə səbəb təsir dairələrinin bölünməsi, müxtəlif qitələrdə ayrı-ayrı güc sahiblərinin mövqelərinin güclənməsi, onların bir-birinə etinasız yanaşması və ondan irəli gələn münaqişəli vəziyyətlərin kəskin surətdə dərinləşməsi oldu. İndinin özündə də görürük ki, dünyada xeyli sayda lokal hərbi-siyasi münaqişələr mövcuddur və bunların əsasında yenidən böyük qlobal müharibə başlaya bilər. Ən təhlükəli məqam da ondan ibarətdir ki, dövlətlərin nüvə potensialı var və o işə düşərsə planetimiz böyük fəlakətlə üz-üzə qalacaq. Hesab edirəm ki, hazırda dünya liderləri problemlərin həllindən daha çox öz mövqelərinin möhkəmlənməsi haqqında düşünürlər ki, bu da bəşəriyyət üçün ciddi təhlükədir”.


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, G-7 və G-20 kimi sammitlər dünyadakı qlobal problemləri həll etməsə də, böyük dövlətlərin indiki halda münaqişələrə, bütövlükdə problemlərə yanaşmasını göstərmiş olur: "Fransada keçirilən G-7 sammiti də çox maraqlı oldu. Bildiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron tərəfindən Rusiyanın bu formata qaytarılması və əvvəlki kimi G-8-ə keçirilməsi istənilib. Az sonra Makronun Avropa İttifaqının baş katibi və eyni zamanda Avropadakı həmkarları ilə görüşərək fikrində dəyişiklik edib. Bunun əksinə olaraq ABŞ prezidenti Tramp Rusiyanın formata qayıtmasının arzuolunan olduğunu bildirib. O fikrini bununla əsaslandırıb ki, İran, Suriya, Şimali Koreya kimi məsələləri Rusiyanın iştirakı olmadan müzakirə edə bilmirlər. Təbii ki, İtaliya baş nazirindən başqa, Böyük Britaniya, Almaniya, Fransa və Avropa İttifaqı Trampın bu fikirlərinə soyuq yanaşılıb. Onlar Ukrayna məsələsində hansısa addım atılmayacağı halda Rusiyanın G-8-ə qayıdışını məqbul hesab etmədiklərini bildiriblər”.

Z.Məmmədov qeyd etdi ki, G-7 sammitində İranla bağlı da fikir ayrılığı olub: "Bildiyiniz kimi, Avropa İranla danışıqların davam etdirilməsinin tərəfdarı olsa da, ABŞ prezidenti Tramp əks fikirdədir. İran xarici işlər naziri Cavad Zərifin də sammitə gələrək nazirlərlə görüşü də olub. Hətta bəzi mənbələrin yaydığı məlumata görə, Tramp görüş üçün Zərifi çağırsa da, sonradan onunla görüşmək istəməyib. Ümumilikdə götürsək, G-7 toplantısı onu göstərdi ki, ABŞ prezidenti Tramp ilə onun Avropadakı bütün həmkarları arasında fikir ayrılığı var. Bu, demək olar ki, bütün məsələlərlə bağlıdır. Amma bu sammit eyni zamanda göstərdi ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edilsə də, Moskvanın təcrid edildiyi siyasi platformalara qayıdışı qəbulolunandır. Sadəcə olaraq, ayrı-ayrı məsələlərdə imiclərinə xələl gəlməməsi və Ukraynanın da maraqları nəzərə alınaraq belə bir addım atılmır. Amma ümumilikdə Rusiyaya qarşı yumşalmanın şahidiyik”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər